“İranlı generalın ölümünə Azərbaycan türkünün həssas yanaşmasına anlam verə bilmirəm” - Ekspert

7-01-2020, 17:21           
“İranlı generalın ölümünə Azərbaycan türkünün həssas yanaşmasına anlam verə bilmirəm” - Ekspert
Yanvarın 3-də amerikalılar tərəfindən İraqda qətlə yetirilən iranlı general Qasım Süleymani bu gün doğulduğu Kirman vilayətində dəfn olunub. Generalın dəfnində milyonlarla insan iştirak edib, insan izdihamı nəticəsində onlarla şəxs ayaqlar altında qalaraq həlak olub, bir o qədəri də xəsarət alıb.

Ümumiyyətlə, Süleymaninin ölümü regionda və dünyada ajiotaja səbəb olub. Baş verən hadisə ABŞ-la İran arasında yaşanan qarşıdurmanı daha da şiddətləndirib. Hər şeydən əlavə, bu hadisə Azərbaycan cəmiyyətində ciddi fikir ayrılıqları, ziddiyyətli mövqelər meydana çıxarıb.

AYNA əməkdaşı mövzu ətrafında Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu ilə həmsöhbət olub.

- Vüqar bəy, Süleymani hadisəsindən dolayı yaşanan qarşıdurma hansı nəticələrə gətirib çıxara bilər?

- Hazırda proseslər elə bir məcrada və elə bir sürətlə davam edir ki, bu hadisənin nəticəsini proqnozlaşdırmaq bir qədər çətindir. Amma indiki məqamda kəskin diplomatik atışmaların şahidi olsaq da, tərəflərin heç biri birbaşa müharibə variantına əl atmaq istəmir. Çünki ABŞ-İran müharibəsi təkcə iki ölkə arasında fəsadlara səbəb olmayacaq, bunun miqyası daha geniş olacaq. Lakin həm İran, həm də ABŞ tərəfi diplomatik kəskinliyi nə qədər artırsa da, paralel olaraq başqa açıqlamaların da şahidi oluruq. Bu da ondan xəbər verir ki, əslində onlar bu müharibənin baş verməsini istəmirlər.

Bir şeyi də qeyd edim ki, həm ABŞ-da, həm də İranda kifayət qədər radikal qüvvələr var ki, onların hansı addımları atacağını proqnozlaşdırmaq çətindir. Bu baxımdan hamı üçün arzuolunan odur ki, iki ölkə arasında toqquşma baş verməsin. Qasım Süleymani sıradan bir hərbçi, general deyildi. O, ən azı son 7 ildə İranın Yaxın Şərq siyasətinin əsas siması idi. Qasım Süleymani İrana bağlı olan leqal və qeyri-leqal qruplaşmaların tənzimlənməsindən tutmuş, hücrələrin hərəkətə gəlmə mexanizminin işlənib hazırlanmasına qədər cavabdeh olan şəxs idi. İraqda, Suriyada, Livanda, Fələstində, hətta, Əfqanıstan və Bəhreyndə belə, Qasım Süleymaniyə bağlı olan kifayət qədər qüvvələr var idi. Yəni bu adam böyük funksiyalar icra edirdi. Ona görə də Süleymaninin öldürülməsi, sözün həqiqi mənasında İranın beyin mərkəzinin iflic olması kimi qiymətləndirilir. İran, şübhəsiz ki, bunu bağışlamayacaq.

Lakin İran Süleymaninin ölümü üzərindən çox ciddi kampaniya aparır. Bu PR kampaniyasında vurğu, birmənalı olaraq intiqam üzərində işarələnib. Nəzərə alsaq ki, qarşıdan İranda seçkilər gəlir, ona görə də İran cavab addımı atmaq məcburiyyətindədir. Amma bu addım hansı istiqamətdə olacaq, hələlik bunu söyləmək çox çətindir. Lakin Suriya, İraq hətta, bir sıra ərəb ölkələrinin belə, addımlar atmasını gözləyə bilərik. Çünki faktiki olaraq Qətər İranın mövqeyinə şərik çıxdı. Bəhreyndə isə şiələrin nüfuzu var və İran istənilən vaxt bu nüfuzdan istifadə də bilər. Amma cavab zərbəsi haradan gələcək, bunu demək çətindir. İstənilən halda İran müəyyən addımlar atacaq. Amma bu addımların birbaşa İran-ABŞ müharibəsinə gətirib çıxaracağı çox qorxulu ssenaridir.

- İranın açıq müharibə səviyyəsində riskə gedəcəyinə ehtimal verirsiniz?

- İranın Yaxın Şərqdəki potensialı, əsasən də, nəzarəti altında saxladığı və müəyyən mənada nüfuz edə bildiyi nöqtələrdə ABŞ-a cavab vermək potensialını görürük. Yəni İranın belə bir potensialı var. Lakin İran Amerika ilə birbaşa müharibəyə getməyəcək. Çünki Amerika ilə müharibəyə getmək İran üçün də, ABŞ üçün də çox ciddi fəsadlara gəririb çıxara bilər. Amma Amerika özü də gözləyir ki, İran nəzarətdə saxladığı nöqtələrin hansısa birindən həmlələr etsin. Fikir verin, son iki gündə ABŞ hərbi kontingentin artırılması ilə bağlı bölgədə addımlar atmağa başladı. Eyni zamanda Tramp müttəfiqlərinə çağırış etdi. NATO isə məsələni artıq müzakirə masasına çıxarıb. Avrop İttifaqı ölkələri məsələ ilə bağlı müzaikələrə başlayıb.

Bu gün İran öz ətrafında faktiki olaraq “şiə hilalı” strategiyası formalaşdıra bilib. Yeri gəlmişkən, onu da qeyd edim ki, “şiə hilalı” strategiyasının ən kilid ismi, məhz Qasım Süleymani idi. O, Suriya, İraq və Livanda İran üçün “şiə hilalı”nı formalaşdıra bilmişdi. Maraqlısı odur ki, son bir ildə müəyyən mənada sözügedən strategiyanın zəifləməsinin şahidi oluruq. Məsələn, İraqda seçkilər keçirildi. Baxmayaraq ki, İrana yaxın bir şəxs seçkilərdə qalib gəldi, amma İraqda son 4 ayda İran əleyhinə kütləvi aksiyalar keçirilir və İrana qarşı təzyiq mexanizmləri işə salınır, effekt də verir. Eyni zamanda, Suriyada İran iqtisadi böhran baxımından müəyən mənada mövqelərini yumşaltmaq və zəiflətmək məcburiyyətində qalıb. Məsələn, bu gün Suriyada Rusiyanın və Türkiyənin mövqeyi daha aydın və qabarıq özünü göstərir, nəinki İranın. Amma Süleymaninin öldürülməsi vəziyyəti tamamilə İranın leyhinə dəyişdi. İraqda və Suriyada İrana qarşı olan qüvvələr belə, bu gün artıq İranı müəyyən mənada dəstəkləyirlər. Düşünürəm ki, İran mövqelərini gücləndirmək üçün bu potensialdan istifadə etməyə çalışacaq.

- Bu hadisədən sonra belə bir məsələ gündəmə gəldi ki, əslində Süleymaninin ölümü İrana da sərf edirdi. Çünki Süleymani İranda Xameneyidən sonra ikinci əsas nüfuz sahibi idi və Prezidentin əsas rəqibi idi. Bu, nə dərəcdə inandırıcıdır?

- Qasım Süleymani Xameneyinin mənəvi övladı hesab olunurdu. Mühafizəkar düşərgə onu islahatçılara alternativ qüvvə kimi yetişidirmişdilər. Süleymaninin ölümü müəyyən mənada İranın daxilində mühafizəkar və islahatçılarla bağlı məsələlərə də öz təsirini göstərəcək. Yəni mühəfizkar kəsim son dərəcə ciddi bir simanı itirdi.

- Belə olan halda, islahatçıları və Həsən Ruhanini hansısa təhlükə gözləyir?

- İranda qarşıdan seçkilər gəlir. Mühafizəkar qüvvə bu itkidən birmənalı şəkildə islahtaçıları gözdən salmaq üçün istifadə edəcək. Çünki 2015-ci ildə “Vyana razılaşması” imzalanmışdı. “Vyana razılaşması”nın memarı isə təkcə Obama administarsiyası deyildi. Bunun memarı, eyni zamanda islahatçı qanad olan Ruhani hökuməti idi. İslahatçı qanad bu müqavilənin imzalanmasının vacibliyi və zəruriliyi üzərində öz kampaniyasını qurmuşdu. İndi bütün bu proseslərin kökündə, əslində ABŞ-ın nüvə razılaşmasından çıxması, nüvə razılaşmasından çıxdıqdan sonra Avropa ölkələrini də nüvə razılaşmasından çıxmağa məcbur etməsi və İrana çox ciddi, öldürücü iqtisadi sanksiyalar tətbiq etməsi dayanır. Yəni proses ordan başlayır. Ona görə mühafizəkarlar islahatçı qanad olan Ruhani hökumətinə qarşı bundan istifadə edəcəklər.

- Bir maraqlı məsələ də var. Süleymaninin ölümünə demək olar ki, İrandan sonra ən çox kədərlənənlər azərbaycanlılar oldular. Hadisələrin gərginləşəcəyi təqdirdə, bu, bizim üçün mənfi təsirlər göstərə bilər? Məsələn, İran buradakı tərəfdarları vasitəsilə xoşagəlməz hadisələr törədə bilər?

- Düşünmürəm ki, törədə bilər. Hər dini kəsim radikalizmə meyilli deyil, eləcə də Azərbaycandakı dindarlar. Bu da Azərbaycanın milli-mədəni dəyərlərindən irəli gələn məslədir. Qasım Süleymani öz dövləti üçün, İran xalqı üçün son dərəcə əhəmiyyətli bir şəxs idi. Bu, inkarolunmazdır. Azərbaycan və ümumiyyətlə Türk dünyası üçün isə Qasım Süleymani qəbulolunacaq şəxs deyildi. Çünki o, birmənalı olaraq İran dövlətinin maraqları üçün çıxış edirdi. Onun öldürülməsinə bir Azərbaycan türkünün həssas yanaşmasına anlam verə bilmirəm. Şəxsən mənim üçün şəhid - Qarabağda canını vermiş Vətən övladıdır.

- Son olaraq əsas maraq doğuran sualı verim: Üçüncü Dünya Müharibəsi təşvişinə ehtiyac görürsünüz?

- Qətiyyən. Həm Amerikada, həm də İranda vəziyyətin gərginliyini anlayan və daha da gərginləşməsinin hansı dağıdıcı nəticələrə gətirib çıxara biləcəyini dərk edən praqmatik qüvvələr var. ABŞ və İran rəhbərliyi də bunu çox gözəl anlayır. Bu baxımdan düşünürəm ki, proseslər böyük müharibə səviyyəsinə gəlib çıxmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.