"Bu qədər saxtakarlıq olar?" - Adil Əliyev

8-01-2020, 20:46           
"Bu qədər saxtakarlıq olar?" - Adil Əliyev


"Bu qədər saxtakarlıq olar?" - Adil Əliyev
Tarix: Bu gün, 15:37 | Çap et
"Bu qədər saxtakarlıq olar?"
Millət vəkili, Azərbaycan Kikboks Federasiyasının (AKF) prezidenti Adil Əliyev Unikal.org-a müsahibə verib.

- 2019-cu il AKF üçün necə bitdi?

- Federasiyamız 2019-cu ildə ötən illərə nisbətən daha uğurlu nəticələr əldə edib. Kikboksçularımız bir çox qələbəyə imza atdılar. Dünya və Avropa çempionatlarında qazanılan medallar onu göstərir ki, 2019-cu il bizim üçün uğurlu bitib. Ötən il də Dünya Kikboks Assosiasiyası Təşkilatının rəhbəri Roy Beyker öz heyəti ilə Azərbaycana gəlmişdi. Onlar ölkəmizdə gördüklərini və uğurlarımızı özlərinin çox milyonluq səhifələrində paylaşdı. Bildiyiniz kimi, bu il Dünya Kikboks Assosiasiyası Təşkilatı (WAKO) olimpiya ailəsinə üzv seçilib. Dünyanın ən böyük təşkilatı olan WAKO-da öz nüfuzumuz var.

- Hansı kikboksçular federasiya rəhbəri kimi sizin diqqətinizi çəkdi?

- WAKO dünya Çempionatında Ramal Aslanov qızıl medal qazandı. O hər zaman dünya və Avropa çempionatlarında finala qədər yüksəlib, gümüş medal qazanırdı. Ötən il isə qızıl medal qazanaraq özünü bir daha sübut etdi. Bundan əlavə bir neçə idmançımız finala qədər yüksəlib. Bir-bir ad çəkmək istəmirəm. Ümumilikdə ötən il idmançılarımız üçün düşərli oldu.
Biz böyük bir ailəyik. AKF-nın etdiklərini digər federasiyalarda görmürük. Bəzi federasiyalar bizim Respublika çempionatında heç bir yer tuta bilməyən kikboksçuları aldadaraq öz tərəflərinə çəkirlər. Onlar da bir anda "dünya kubokunun sahibi", "dünya çempionu" olurlar. Həmin qurumların adlarını çəkib reklam etmək istəmirəm. Amma Bakıda nə qədər dünya çempionatı, dünya kuboku keçirmək olar? Bu qədər saxtakarlıq olar?

İşi bilməyən, idmandan məlumatı olmayanları aldadırlar. Bu cür saxtakarlığa yol verən şəxslər dövlət başçısını aldatmağa cəhd edirlər. O "dünya çempionları"na çağırış da etmişik. Demişik ki, "gəl, Respublika Çempionatlarında cəmi bir döyüş keç, sonra gedib, dünya kubokunun sahibi" ol. Bunu dəfələrlə desək də heç bir nəticə də görmürük. Məsuliyyətli şəxslərin bu məsələlərə biganə yanaşması düzgün deyil. Federasiyaların işlərinin çoxluğu ilə əlaqədar üstlərinə düşmürəm.

Ancaq yenə də sözümü deyirəm. Bildirirəm ki, onları ölkənin rəhbərliyi ilə görüşdürmək, yüksək səviyyəyə çatdırmaq, əsil dünya çempionları ilə bir yerə qoymaq olmaz.
Məqsədimiz, amalımız ölkəmizi güclü dövlət kimi dünyaya çatdırmaqdır. İdmançı görür ki, asan yolla "çempion" olursa, ölkə rəhbərliyi ilə görüşdürülürsə onlar artıq əlavə əziyyət çəkməyəcək. Bütün bu yalanlar da sözün düzü məni idmandan soyudur. Düşünürəm ki, hədər yerə əziyyət çəkirik. Saxtakarları reklam edib, ölkə rəhbərliyinə təqdim etmələri idmana ləkədir.

- Sizcə, onları üzə çıxaran kimlərdir?

- Hərənin idmandan xəbəri olmayan bir tanışı var. Kiminsə vasitəsiylə çıxıb xahişlər edirlər. Gələcəkdə bu məsələlərə daha radikal münasibət bildirəcəm, planlarım var. Amma hələlik istəmirəm.

Gələn il Federasiyamızda da seçki və yeni təyinatlar olacaq. Federasiyamıza gələn vitse-prezidentlər elə bilirlər gələn kimi ölkə rəhbərliyi ilə görüşəcək, yüksələcəklər. Elələrini də qurumumuzdan yola salıb göndərdik. Düşünürlər ki, Adil Əliyev də digərləri kimi onları xüsusi təqdim edəcək. Hər zaman demişəm özünə güvənən, idmanın inkişafına əl qoyacaq biri varsa dəstək göstərməyə razıyam. İdmançılarımızın yarışlara göndərilməsində yardım edə bilərlər. Hətta federasiyaya maddi dəstək olacaq şəxslərə bu qurumun rəhbərliyini də təhvil verə bilərəm, əgər bacararsa...

Düşünün, ermənillər böyük "Glory" və "K1" kimi idman təşkilatlarına üzv ola bilirlər. Bizimkilər isə asan yolla başqa federasiyalar vasitəsiylə "dünya çempionu" olmağa qaçırlar. Onu da deyim ki, illər öncə atdığımız addımı indi etməyə çalışırlar. Unutmasınlar ki, paxıllığı olanlar, şəxsi ambitsiyalardan çıxış edənlər heç vaxt ölkəsini, ordusunu düşünə bilməz. Ancaq göstəriş xatirinə tort kəsə bilərlər. Biz dəfələrlə demişik, bu idmanın sənə aidiyyatı yoxdur, kikboks yarışı keçirməyin. Bir də görürsən ki, gizlin, padvallarda yarışlar təşkil edib, saxta çempionlar ortaya çıxarırlar.

- Onlar öz məqsədləri üçün sizə də müraciət edirlər?- Əlbəttə ki, müraciət edib, cavablarını da alıblar. Maksimum dərəcədə bu məsələlərə icazə vermirəm. Onlar da dedi-qodu etməyə başlayırlar. Onu da qeyd edim ki, imkanlı şəxslərimiz çoxdur, amma milli təffəkkürləri sıfırdır. Kiməsə qayğı göstərib, köməklik etməyi düşünmürlər.

- Əvvəlki illərdə yarışlara qatılıb, döyüşdünüz. Yenə belə fikriniz var?

- Əvvəllər veteranlar arasında döyüşlərə qatılırdım. İndi nə fikrim, nə də vaxtım var. WAKO-ya qatıla bilərəm, amma məğlubiyyət qaçılmazdır. Çünki mən əvvəldən kikboksçu olmamışam. Ancaq bu saxta "dünya çempionat"larından nə qədər desən medal gətirə bilərəm. Bu da mənim xarakterimə ziddir. Nə üçün özümü aldatmalıyam.

- Qələbə qazanan idmançılar üçün hansısa mükafat fondu yaratmağı fikirləşirsinizmi?

- Əvvəllər imkanlarımız daha geniş idi, əlimizdən gələn qədər kömək edirdik. Son zamanlar çox böyük dəstək ola bilmirik. Ancaq dövlət başçımız cənab İlham Əliyev tərəfindən, Gənclər və İdman Nazirliyi tərəfindən idmançılarımız mükafatlandırılır. Kikboksçumuzu prezident evlə mükafatlandırdı.

- İdmançı olub, rinqə çıxsanız kiminlə üz-üzə gəlmək istərsiniz?

- Elə güclü idmançılar var ki, onlarla rinqə çıxa bilmərəm. Amma dartıb rinqə salmaq istədiyim bir neçə adam var. (gülür) İnşallah qismət olsa onlar mənlə rinqə çıxacaqlar.

- Bəs, idmançı kimi rinqə çıxsanız, döyüşdən sizi nə çəkindirər?

- Hazırlıqlı insan heç vaxt rinqdən qaçmaz. 6 ay, 1 il məşq etmədən yarışa çıxanda səni əzişdirib rinqdən bayıra atarlar. Hazırlıqlı olmalısan ki, rinqə çıxıb döyüşə biləsən. Hazırlıqlıyamsa niyə qorxmalıyam və ya nədənsə çəkinməliyəm.

- Hazırda məşq edirsiniz?

- Özüm üçün daim məşq edirəm, məşqsiz dayana bilmirəm. Təbii ki, idmana görə xəsaratlərim də var. Amma, əvvəlki səviyyədə məşq edə bilmirəm, bir az ağırlaşmışam. Ancaq ümumi məşqlərdən qalmıram.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.