Həyəcan siqnalı: Qaçacaq yerimiz qalmayacaq

9-01-2020, 07:17           
Həyəcan siqnalı: Qaçacaq yerimiz qalmayacaq
Avstraliyada baş verən güclü meşə yanğını nəticəsində milyon hektarlarla ərazinə canlı aləm külə döndü. Bu, bütün planetin faciəsidir, amma təəssüf ki, dünya hələ də bu hadisənin dəhşətini dərk etmir.

Heyvanların Müdafiəsi Cəmiyyətinin sədri, ekoloq, hazırda Avstraliyada olan Azər Qarayev mövzu ətrafında fikirlərini AYNA-ya açıqlayıb.

– Dünyanın gözü qarşısında Avstraliyada meşələr yandı, heyvanlar tələf oldu, xeyli sayda insan tələf oldu. Zəngin bir dövlət niyə bu təbiət hadisəsinin qarşısında aciz qaldı?

– Avstraliya güclü iqtisadiyyatı, maddi-texniki imkanları olan ölkədir. Baş verənlər isə təbii yox, texnogen fəlakətdir. Hamını da düşündürən elə budur ki, fəlakətin fəsadlarını yumşaltmaq niyə onun əlindən gəlmir? Ən əvvəl onu qeyd edim ki, irimiqyaslı meşə yanğınları dünyada baş verən siyasi, geosiyasi, hərbi proseslərlə müqayisə olunur, amma başqa proseslər bu məsələ ilə bir yerə qoyula bilməz, müqayisə belə, edilə bilməz. Son vaxtlar İran-ABŞ və ya digər regional münaqişələrdən danışılır, amma bu cür bəşəri bir təbiət hadisəsinin dünyada müzakirəsi olunmur. Təəssüf içindəyəm, bu, düşüncəsiz addım deyilmi? Axı indi bütün bəşəriyyət bu fəlakət haqqında düşünməlidir. Axı bu fəlakət bir ölkə, qitə deyil, bütün planet üçün təhlükədir. Bir düşünək, hansısa münaqişə olan ərazidən insan varını-yoxunu götürüb qaça bilər, amma belə təbii fəlakətdə qaçacaq yer olmur. Bu, bir həyəcan siqnalıdır.

Digər tərəfdən, davamsız inkişafın nəticəsi olan belə təbii fəlakət 2 il qabaq ABŞ-da, daha sonra Sibirdə meşələrdəki yanğınılarla özünü göstərdi. Bu, o deməkdir ki, yüksək maddi resursları olan dövlətlər də texnogen, təbii fəlakət qarşısında aciz qalır. Gəlin bir daha düşünək, münaqişə oldu, insan varını-dövlətini götürüb qaça bilir, amma təbii fəlakətdə insan bütün canlılar kimi çarəsiz qalır.


– Kütləvi meşə və canlı aləmin məhvi planetimiz üçün hansı fəsadları törədəcək?

– Avstraliyadakı meşə yanğınları ötən ilin sentyabrından quru hava şəraiti ilə əlaqədar meydana gəldi. Dövlət bacardığı qədər tədbirlərini gördü, amma istədiyi kimi qabalayıcı tədbiri görə bilmədi, çünki təbii vəziyyət imkan vermədi. Nəticədə meşələrin məhvinə və heç bir günahı olmayan heyvanların ölümünə şahidlik etdik. Planet üçün yarım milyarda yaxın heyvan ölümü faciə hesab olunmalıdır. İndi də insanlar qalıblar ki, nə etsinlər. Təəssüf ki, bu, artıq insanlığın, maddi imkanların xaricində olan məsələdir. Bəli, bu fəlakətin fəsadı illər sonra özünü göstərəcək. Bu, elə-belə məsələ deyil. Bu qədər meşənin məhv olması qısa müddət ərzində böyük ekoloji problemə çevrləcək. İllərdir, mübarizə apardığımız və dünyanı oyatmağa çalışdığımız qlobal istiləşməni daha da tezləşdirəcək. Məhz son fəlakət bu istiləşmənin nəticəsində baş verdi. Dünya isə hələ də bunun qarşısını almaq əvəzinə, siyasi oyunlarını davam etdirir. Dünya liderlərinin vəziyyətin ciddiliyini bu günə qədər dərk etməməsi bir ekoloq, bir insan kimi məni çox narahat edir. Ümid edirəm ki, hələ də gec deyil. Dünya qabaqlayıcı tədbirlərin, addımların artırılması üçün nə isə edəcək və ya yollar axtaracaq.

– Azər müəllim, gələcəkdə baş verəcək təbii hadisələrin necə qarşısını almaq olar? Nə tövsiyə edirsiniz, hansı addımlar atılmalıdır? Küsmüş təbiətlə barışmaq şanşımız varmı?

– Hələ gec deyil, çox proseslərin qarşısını almaq şansımız var. Əsas iqlim dəyişikliyinin qarşısını almaq lazımdır. Vurğulayım ki, bəşəriyyətin müasir modeli başdan ayağa səhvdir. Davamsız iqtisadi inkişaf modelində yaşayırıq və hər gün çalışırıq ki, bunu da inkişaf etdirək. Amma hələ də anlamaq istəmirik ki, bu, bəşəri dəyərlərə xələl gətirən modeldir. Amma son illər ümidverici nələrsə görmək olur. Misal üçün, alternativ və bərpaolunan enerji mənbələrinə keçid müsbət haldır. Amma burada kütləvi və sürətli inkişaf olmalıdır. Kiçik pilot layihə buna bəs etmir. Sənaye sektorunda da bərpa olunan alternertiv enerjinin istifadəsinə keçid olmalıdr. İkinci məsələ, biomüxtəlifliyin tükənməsinin qarşısının alınması, oksigeni yaradan meşələrin bərpası, mühafizəsi olmalıdır. Bu addımlar hələlik dünya miqyasında effektiv deyil. Üçüncüsü, insanların qida zəncirinin yanlış olmasıdır. Əhalisinin sürətlə artması kənd təsərrüfatının inkişafına təkan verir. İnsan heyvandarlıq və süd məhsullarından yavaş-yavaş imtina etməlidir. Bizim tarixən qida zəncirimiz ətraf mühütə zərərsiz olub, indi isə insanlar təbiətə zərər vura-vura qidalanmaq, inkişaf etmək istəyirlər. Bilməliyik ki, bizim alternativ planetimiz yoxdur ki, bir gün Yer kürəsi dağılsa, başqa planetə köçə bilək. Problemlərin həlli hər kəsin birgə düşünməsində və çarə tapmasındadır.


– Planetimizi qorumaq üçün Azərbaycanın səylərini necə qiymətləndirirsiniz?

– Hər dövlət özü üçün effektiv addımlar atmalıdır. Fikrimcə, bu məsələdə dövlətimizin addımlarını qənaətbəxş hesab etmək olar. Baxmayarq ki, kifayət deyil və hələ iş görülməlidir. Nəqliyyat sistemində ətraf mühitə karbon qazının atılmasının qarşısının alınması üçün işlər görüldüyü deyilir. Deyilənə görə, havanın kirlənməsinin qarşısının alınması üçün üçün bir çox obyektlərə nəzarət başlayıb. Sənaye, iaşə, şadlıq evlərində xüsusi havatəmizləyici filterlərdən istifadə məcburi xarakter alıb. Son vaxtlar ölkədə rəsmi nümayəndələrin çağırışına əsasən, meşə zolaqlarının bərpası başlanıb, kütləvi ağac əkilir. Biz də bir təşkilat kimi iqlim dəyişikliyinin qarşısının alınması, təsirin azaldılması üçün işlər görürük. Avropa İttifaqının maliyyələşdirdiyi “Slovfood” layihəsini həyata keçiririk. Layihə düzgün qida zəncirinə dönüş, ekoloji təmiz məhsullardan istifadəni təbliğ edir. Qidanın dəyişməsi, minimum süd və heyvani ət məhsüllarından istifadənin azaldılmasına yönəldilir. Hazırda regional layihələr də həyata keçirilir. İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (Swiss Agensy for development and Coorperation) dəstəyi ilə iqliminin dəyişilməsi zamanı təbii fövqəladə hallara adaptasiyanın aparılması layihəsini reallaşdırırıq. Bu, aqrar sektorun elmlə əməkdaşılığının birgə işinə dəstəkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.