Ağabəy Əskərov Eldar Mahmudovu reket qəzetlərə himayədarlıq etməkdə suçladı

12-12-2015, 11:54           
Ağabəy Əskərov Eldar Mahmudovu reket qəzetlərə himayədarlıq etməkdə suçladı
“Əksər “reket” mətbuat orqanları “Azərbaycan” nəşriyyatından çıxarılıb”.

teref.az yazır ki, bunu publika.az-a açıqlamasında direktoru Ağabəy Əsgərov bildirib.

Onun sözlərinə görə, hazırda nəşriyyatın binasında 1-2 “reket” mətbu orqan qalıb:

“Əksər “reket” mətbuat orqanlarını nəşriyyatın binasından çıxartmışıq. Bilirsiniz, çox zaman bilmək olmur ki, onların hansı “reket”dir, hansı deyil. Birini çıxarırsan, ikinci və ya üçüncü adlarla yenisini yaradırlar. Hazırda onlardan nəşriyyatın binasında qalanı çox cüzidir. Onlar da yaxın zamanlarda binadan çıxarılacaq”.

A.Əsgərov “reket” mətbu orqanlara bir sıra yüksək vəzifəli şəxslər tərəfindən maliyyə dəstəyi verildiyini də söyləyib:

“Çox təəssüflər olsun ki, bəzi “reket” qəzetlərə indi adları bir çox məsələlərdə hallanan yüksək rütbəli məmurlar himayədarlıq edirdilər, onları maliyyələşdirirdilər. Bəzi yüksək rütbəli məmurlar “reket” mətbuatdan bir-birinə qarşı istifadə edib. Bəs “reket” mətbuat nəyin hesabına dolanır? Həmin adamların verdiyi maliyyə ilə bir-birlərindən yazırdılar. Ancaq tədricən “reket” qəzetlərin sayı da azalmağa doğru gedir”.

A.Əsgərov həmçinin qeyd edib ki, hazırda əksər qəzet və jurnalların “Azərbaycan” nəşriyyatına külli miqdarda borcu var:

“Borcların qaytarılması ilə bağlı onlara vaxtaşırı xəbərdarlıq olunur. Ancaq biz onlara qarşı daha sərt addımlar ata bilmirik. Əgər Azərbaycanda borca görə qəzet və jurnal dayandırılsa, o zaman indiki yazılı mətbuat orqanlarının 90 faizi çalışmaz. Azərbaycanda söz və mətbuat azadlığı var. Əgər biz borcu olan qəzet və jurnalların çapını dayandırsaq, o zaman kimlərsə bunu söz və mətbuat azadlığına qarşı atılmış addım kimi qiymətləndirər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.