Məşhur qazaxıstanlı teleaparıcı: Azərbaycanlılar həmişə xahiş edirlər ki... - MÜSAHİBƏ

17-01-2020, 09:10           
Məşhur qazaxıstanlı teleaparıcı: Azərbaycanlılar həmişə xahiş edirlər ki... - MÜSAHİBƏ
Soyuq qış günlərində əhvalımızı şəhərimizdə qonaq olan tanınmış stilist Candarbek Sarsebayevlə isitdik.

Publika.az-ın qonağı Qazaxıstanın məşhur teleaparıcısı, Avropanın tanınmış dəb ustası Candarbek Sarsebayevdir.

- Candarbek, gəlin söhbətimizə qadınlardan başlayaq. Qazax və Azərbaycan qadınlarını necə təsvir edərdiniz?

- Hər iki xalqın qadınları gözəldir, incədir, əlləri nəvazişə yatqındır. Düşünürəm ki, sovet dövründən qalma vərdişlər var. Qazax qadınlar da gözəl geyimlərə son qəpiklərini verməyə hazırdırlar. Daim baxımlı olmaq istəyirlər.

- Fransızlardan fərqli olaraq...

- Doğrudur. Ümumiyyətlə, zövq palitramız bənzəyir. Biz də sizin kimi ət yeməkləri, xəmir xörəkləri, dadlı, kalorili nə varsa sevirik.

- Mətbəxinizdə at əti də geniş yayılıb.

- Bəli, mətbəximizdə at əti çox bişirilir. Uşaq olanda valideynlərimə etiraz edirdim ki, mən atları sevirəm, sizsə onları kəsib yeyirsiniz. Atam deyirdi, bir dəfə dadsan, əl çəkə bilməyəcəksən. Təbii olaraq, çox dadlıdır. Hətta Fransada yaşayan azərbaycanlı dostlarım həmişə xahiş edirlər ki, onlara at sosiskası aparım.

- Qəribədir ki, hamımız türkdilli xalqlar olsaq da, rusca danışıb anlaşırıq. Halbuki bir az diqqətlə dinləsək, nə dediyimizi anlayarıq.

- Türkcə azca danışıram. Məncə, siz millət olaraq rus dilinin təsirindən daha çox qurtulmusunuz. Təəssüf ki, qazaxlar daha çox rusdillidirlər. Amma ailəmizdə hər zaman qazax dili birinci yerdə olub. Valideynlərimlə həmişə doğma dilimdə danışıram. İnsan başqa cür özü ola bilməz, özünü tapa bilməz. Adətlərinə, tarixi keçmişinə söykənməyən şəxs başqa millətlərin diqqətini çəkməz. Bu yolda isə hər şey doğma dildən başlayır. Ümumiyyətlə, düşünürəm ki, biz müsəlmanları valideynlərimiz gələcəyə daha ciddi, böyük nəvazişlə hazırlayırlar. Atam hər zaman deyirdi ki, balam, ölümdən heç vaxt qorxma. O bizi hər zaman yaxalaya bilər. Böyüdükcə anladım ki, bu xüsusi qayğıdır ki, ölüm anidən gəlsə, qorxmayaq. Uşaq olanda ölümdən daha çox qorxur insan. Bu sözlər zaman keçdikcə şüurumuza hopandan sonra isə həyatı başqa cür dərk etməyə başlayırıq. Xüsusən də ay ərzində 5-6 dəfə təyyarəyə minirəm. Hər şey baş verə bilər. Mən buna qismən daha hazıram.

- Amma istənilən halda ölüm hər zaman acıdır.

- Əlbəttə, insan heç vaxt ölmək istəmir. Babam deyərdi ki, insan gözü yaşlı doğulur, gözü yaşlı da dünyadan köçür.

- İnanclısınız?

- Əlbəttə, dinin insanın mənəviyyatına müsbət təsir etdiyinə, qəlbimizi, düşüncələrimizi aydınlatdığına əminəm. Getdiyim şəhərlərdə mütləq məscidləri də ziyarət edirəm. Amma dinə bürünmək, dindən ibarət olmaq, hicabda gəzmək qorxulu addımdır. Bununla dindar olmursan, mükəmməlləşmirsən. İnanc daxili mədəniyyət, sevgi ilə bağlı məqamdır. Bəlkə də Fransada yaşamağımla bağlıdır bu dəyişim. Çünki Qazaxıstanda hicablı qadınların sayı günbəgün artır, bu isə mənə qəribə gəlir. Amma Fransadakı kimi qadağan olunmasına da qarşıyam. Çünki bu insan haqlarına ziddir. Fransızların qorxusu da səbəbsiz deyil. Parisdə yaşadığım müddətdə 3 terror aktı baş verib. Təbii olaraq, ölkələri üçün narahatdırlar.

- Halbuki son illər ölkədə qarışıqlığı elə özləri yaradır. Bəs bizim incəsənət xadimlərimizdən tanıdıqlarınız var?

- Əfsanəvi sənətkarlarınızdan Müslüm Maqomayev və Qara Qarayevi dahi hesab edirəm. Tünzalə Ağayevanı, Aygün Kazımovanı çox sevirəm. Rüfət İsmayıl çox istedadlı dizaynerdir. Gülnarə Xəlilova ilə isə yaxın dostuq. Mətbəxiniz haqda ağız dolusu danışa bilərəm. Axı bu da bir növ incə, çox incə sənətdir. Yeməklərinizin xüsusi enerjisi var. Çünki, aşpazların çoxu kişilərdir. Bu da xüsusi məqamdır. Sanki kişilərin əlindən çıxan xörəklərin dadı da xüsusi ləzzətli olur. Qazaxıstanda aşpazlar əsasən qadınlardır. Bizdə plovun cəmi bir növü var. Azərbaycana hər gəlişimdə yeni aş növünü dadıram. Sac yeməkləriniz, dolmalarınız... Danışdıqca ağzım dada gəlir. İnsanlar Fransanı niyə sevir? Əsasən memarlığına görə... Sizin şəhərinizin memarlığı da Parisə çox bənzəyir. Bura sanki Avropadır, amma hər şey daha hesablı, daha uyğun qiymətə.

- Sizlə yeni ilin ilk günlərində görüşürük. Amma Novruz kimi ortaq, rəngarəng bayramımız da var.

- Bilirsiniz nəyə sevinirəm? Sovet İttifaqının süqutundan sonra daha çox vüsət aldı. Parisdə hər il Novruz tədbirlərinizə qatılıram. Sizin qədər bu bayramı təmtəraqlı keçirən ikinci türk xalqı yoxdur. Amma qazaxlar da bu bayrama xüsusi önəm verirlər.

- Rənglərdən danışdıq. Hər kəsin dünyasını boyayan öz rəngi olur.

- Qırmızı mənim rəngimdir. Amma bu yaxınlarda bir astroloq qadın qoroskopuma görə rəngimi müəyyənləşdirəndə dedi ki, qırmızı sənə ziyan gətirir. Bu rəngdən uzaq durmalısan. Hətta totem heyvanım atdır. Həqiqətən atları çox sevirəm.

- Sevdiyinizdən yeyirsiniz?

(gülürük)

- Acılarla necə mübarizə aparırsınız? Daxili qırmızınızı solmağa qoymayan qüvvə varmı?

- Ən böyük acı müharibədir, valideynlərin, doğmaların itkisidir. Şablon da olsa, ən qəmli vaxtımda səyahətə çıxıram. Yalnız həmin müddətdə yenidən doğuluram.

- Candarbek, ölkənizdə çox məşhur televiziya ulduzusunuz. Avropadakı həyatınızla vidalaşıb karyeranıza qovuşmaq istəmirsiniz?

- Bəli, ixtisasca jurnalistəm, amma ondan öncə konservatoriyanı bitirmişdim. Ən böyük arzum televiziya ilə bağlı idi. 90-cı illərin əvvəlində ilk dəfə efirə çıxdım. Uzun müddət 1-ci kanalda xəbərlər aparıcısı olmuşam. Sonralar fasilələrlə Fransaya köçdüm. Sarbonna Universitetinin nəzdində fəaliyyət göstərən kursu tamamladım. Zövqlü geyimlərə həmişə maraq göstərmişəm. Uzun müddətdir ki, stilist kimi də fəaliyyət göstərirəm. Buna görə də zamanımın çoxunu İtaliyada keçirirəm. Məncə, həyatım indi daha maraqlıdır. Bu günümün üstündən xətt çəkmək istəməzdim.

- Sağollaşaq?

- İcazənizlə sonda ölkənizi sevən biri kimi xüsusi məsələyə toxunmaq istəyirəm. Xalqınızın yüksək zövqü, gözəlliyi məni heyran edir. Amma bir qlobal problem haqda da susa bilmərəm. Peşəkar kimi bu, məni narahat edir. Şəhərinizdə 5 addımdan bir saxta geyim bredlərinin satıldığı mağazalar var. Bu iradı hətta fransızlar da bildirir. Birincisi, olduqca ucuz qiymətə satılan geyimlər sağlamlıq üçün zəhər kimi zərərlidir, çox pis qoxusu var. İkincisi, bu həmin nəhəng brendlərə qarşı hörmətsizlikdir. Azərbaycana kifayət qədər turist axın edir. Yaxşı olmazmı ki, öz geyim və aksesuar markalarınızı yaradasınız? Düşünürəm ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır.

- Bunu deməyiniz çox yerinə düşdü. Çünki yerdən göyə qədər haqlısınız. Ucuz Çin istehsalçıları artıq pul qazansınlar deyə sağlamlığımızı itiririk.

- Söz açmışkən başqa bir məqama da toxunmaq istərdim. Tarixi binaları, tikililəri qorumağınız gözəldir. Lakin binalara bərkidilmiş kondisionerlər həm şəhərin görünüşünü eybəcərləşdirir, həm də havaya zəhər ötürür. Bu bərbad çıxıntıları xüsusi çərçivələrlə bağlamaq lazımdır məncə.

Xalqınız mənə çox doğmadır. Bilirdiniz ki, Qazaxıstanda 900 min azərbaycanlı yaşayır? Onların çoxu heç ölkələrində olmayıblar. Təsəvvür edin ki, bəziləri ilk dəfə vətənlərinə gəlir. Düşünürəm ki, bu doğmalıq tellərimiz daha da möhkəmlənməlidir. Fransada çox yaxın azərbaycanlı dostum var - Aytən Muradova. Həqiqətən ölkənizin Avropada tanınması üçün əzmlə çalışır. Vətənini, xalqını necə sevdiyini görürəm, hiss edirəm. Bilirəm ki, hamınız ölkənizə, mədəniyyətinizə belə bağlısınız.

Leyla Sarabi,

Foto: Ceyhun Rəhimov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.