“MTN-dən müxtəlif müxalif qruplara uzanan əllər olub” - müsahibə

14-12-2015, 11:24           
“MTN-dən müxtəlif müxalif qruplara uzanan əllər olub” - müsahibə
Son günlər ölkə gündəmi heç vaxt olmadığı qədər qaynar və gərgindir. MTN-də baş verən həbslər, Nardaran olayları, qalmaqalların “istisi” soyumamış, neft daşlarında baş verən yanğın ölkədəki əhvalı daha da gərginləşdirdi.

“Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri Ərəstun Oruclu “Yeni Müsavat”ı maraqlandıran bütün suallara cavab verməklə, ağıllarda qalan sual işarələrinin bir qismini də yox etdi. MTN olayları, Nardarandakı çaxnaşma, neft daşlarındakı yanğın... eləcə də onların alt qatında gizlənən gerçəkliklər.

Qəzetimizin baş redaktoru Rauf Arifoğlunun və əməkdaşımızın suallarını cavablayan ekspert bu günə qədər gizli qalan bir çox həqiqətləri üzə çıxardı.


(Əvvəli ötən sayımızda)

- Dediniz ki, MTN-lə bağlı həbslər başlayanda qısa bir qeyd yazmışdınız; orada göstərilirdi ki, maliyyə, kəşfiyyat komponenti var, qaldı siyasi və güc komponenti. Siyasi komponent deyəndə nə anlaşılır? Onların müxalifətə uzantıları var idimi? Var idisə kimlərə?

- Düşünürəm ki, müxalifətə uzantıları olmamış deyildi. Hara, kimə, necə, kimlərin vasitəsilə... hesab edirəm ki, biz bunun təzahürlərini görməyə başlayacağıq.

- Amma siz bunu bizlərə hələ Eldar Mahmudov iş başında olarkən qeyri-rəsmi olaraq demisiz. Hətta ən “radikal” müxaliflər barədə demişdiz ki, onların bağlılığı var, ortada bir xətt var.

- Bəli, demişəm ki, fərdlər səviyyəsində bağlılıq bir ayrıdır, siyasi komanda səviyyəsində bir ayrı.

- Sizin təxminləriniz düz çıxdımı?

- Mən hələ gözləyirəm. Bizim də öz informasiyalarımız var, təhlillərimizi aparırıq. O təhlillər göstərir ki, Milli Təhlükəsizlik Nazirliyindən müxtəlif müxalif qruplara uzanan əllər olub.

- Yəni, deyirsiz ki, özləri üçün media sektoru da yaradıblar, siyasi sektora bağlar da...

- Dini kəsimdə də dayaq yaradıblar.

- Hətta dediz ki, xarici ölkələrdə də süni mühacirət qrupu yaradıblar. Bu, nəyə xidmət edirdi?

- Əslində məqsəd guya ki, gələcəkdə bunlara beynəlxalq dəstək təmin etmək idi. Bu da MTN-in ifşa olunan rəhbərlərinin yanlış hesablamaları idi. Çünki azərbaycanlı mühacirlərin ciddi problemi yaşadıqları cəmiyyətlərə inteqrasiya ola bilməməsidir. Mən bunu müşahidə etmişəm. Azərbaycan insanı bu baxımdan çox mühafizəkardır. Gəlir Avropadakı bir ölkəyə, orda ona verilən sosial yardımı alır və bütün motivasiya itir. Avropa cəmiyyətlərinə, xüsusən də millətçi sentimentlərin mövcud olduğu yerlərə yad insanların inteqrasiya olunması çətindir. Onlar eyni zamanda o insanları ora yerləşdirəndə bayaq sizin sual verdiyiniz o zəka məsələsi problem olur, bunu öncədən hesablaya bilmirlər. Doğrudur, bəzi mühacirlərdən istifadə edirdilər, Avropadakı müəyyən vətəndaş cəmiyyəti institutlarına, önəmsiz media qurumlarına materiallar ötürə bilirdilər. Həm də bu məlumatlar özlərinin komanda yoldaşları, hətta prezident barədə olurdu. Məsələn, birdən birə ailə biznesi haqqında araşdırma peyda olurdu. Yadınızdadırsa, Anar Əliyevlə bağlı “araşdırma” skandalı var idi; onu aparan təşkilat Londonda yerləşir. Onlar mənə müraciət elədilər. Məndə sual yarandı ki, onları mənə kim yönəldib? Adətən mən bu araşdırmaçı mərkəzlərlə, institutlarla heç zaman əlaqədə olmamışam. Kompromat xarakterli şeyləri sevmirəm. Bunlar mənə çıxanda əlaqədən qaçmadım, müəyyən münasibət qurdum. Ünsiyyət zamanı onlardan məni necə tapdıqlarını soruşdum. Bilirsiz, Qərb insanları çox sadəlövh olurlar. Səmimi olurlar, azaddılar deyə hər şeyi açıq deyirlər. Onlar mənə elə adlar çəkdilər ki, mən bu adamların keçmişini bilməyə bilməzdim. Sonra bunu araşdırdıq və məlum oldu ki, sifariş Bakıdan verilmişdi.

- Məqsəd nə idi? Sizi zərbəyə çıxarmaq, yoxsa sizin vasitənizlə müəyyən materiallar yaymaq?

“Çox simvolik idi ki, ölkəmizdə insan haqlarının pozulduğunu deyən Amnesty İnternational təşkilatının iki üzvü ayətullah Nuri Həmədani Bakıya gəldiyi həmin günlərdə Azərbaycana buraxılmadı”

- Paralel olaraq həm mənim xidmətimdən istifadə etmək, həm də zərbə altına salmaq. Məsələ burasındadır ki, Eldar Mahmudov bir neçə dəfə mənim həbsimə cəhd eləmişdi.

- Bəs, niyə həbs etdirmədi?

- Görünür, buna siyasi qərar verilməmişdi.

- Hətta sizinlə bağlı bir şantaj videosunun çəkilməsi üçün bir xanım vasitəsilə əməliyyat da hazırlanıbmış. Bunu statuslarınızdan birində oxumuşdum.

- Bəli, olub. Onu da artıq ölkədən çıxarıblar. Bundan başqa, 2009-cu ildə mənə sui-qəsd planı olub... Son zamanlar mənə bir nəfər çatdırdı ki, bu dəfə “...sən maşınla adam vuracaqsan”. Mən də nümayişkaranə şəkildə getdim maşınımı dəyər-dəyməzə satdım. Hərçənd bilirdim ki, maşını 10-15 gün qarajda saxlamaq lazımdır, çünki bunların zamanı artıq çatıb. Evimin, maşınımın dinlənildiyini bilirdim.

- Bəlkə bu cür məlumatları sizə təsir göstərmək, tarazlıqdan çıxarmaq üçün qəsdən ötürürdülər?

- Siz gördüzmü ki, mənim normal fəaliyyətim pozulsun?

- Biz axı sizi hər gün görüb, müşahidə apara bilmirik.

- Hər halda onlar buna nail ola bilmədilər. Prosesdə siyasi komponent var və əminəm ki, o üzə çıxacaq.

- Dini kəsimlə iş məsələsinə də qayıdaq. Biz hələ bir neçə il əvvəl yazmışdıq ki, Azərbaycanın xüsusi xidmət orqanları sürətlə özlərinə bağlı olan dini icmalar yaradırlar. Və o dini icmalara cəlb olunan sadə vətəndaşlar, inanclılar bilmirlər ki, bu icmalar hara işləyir. Amma onların önündə gələnlər bunu bilirlər... İndi ifşa olunan mahmudovçu dəstənin radikal dini qruplarla, sələfilərlə əlaqələri üzə çıxdı. Mahmudov öz yaxım qohumunu onların ciddi bir icmasına rəhbər gətiribmiş - “Sumqayıt camaatı” MTN-in kontrolunda imiş... Bu bağlılıq başqa təriqətlərlə də var idimi? Məsələn, Nardaranda baş verən hadisələrdə bu bağlantı hiss olundumu sizcə?

- Bütün xətlərdə bu, var idi. Bütün təriqətlər üzrə öz qruplarını yaradırdılar.

- Bu, xüsusi xidmət orqanları üçün normal işdirmi?

- Hesab edirəm ki, icma, cameyə yaratmaq xüsusi xidmət orqanlarının işi deyil. Amma orda təmsil olunmaq, orda məlumat mənbələri əldə etmək onların birbaşa vəzifəsidir.

- Mümkündürmü ki, onlar öz adamlarını lider səviyyəsinə çatdırıb yerləşdirsinlər?

- O zərərdir, qeyri-qanuni və təhlükəlidir. Çünki sabah həmin o sıravi adamlar icmanın yedəyində gedib, hansısa cinayətdə iştirak edəndə dövlətə, xüsusi xidmətlərə problem olmaz. Amma onların adamı liderdisə, prosesə rəhbərlik etmək məcburiyyəti yaranırsa, məsuliyyət birbaşa dövlət orqanlarının üzərinə düşür. Vaxtilə Mərkəzi Kəşfiyyat İdarəsi Səudiyyə kəşfiyyatı ilə birgə Bin Ladeni ortaq layihə olaraq ortaya atmışdı. Amma sonradan münasibətlər korlandı. Eyni zamanda başqa bir proses - İraq, Səddam Hüseyn prosesi başladı. Əl Qaidə də Əfqanıstandakı xidmətlərinə görə dövlət olaraq İraqı nəzarətə götürmək istədi. Mərkəzi Kəşfiyyat İdarəsi də anlayırdı ki, terrorçuya dövlət vermək olmaz. Münaqişə də bu zəmində başladı. Əl Qaidə döndü oldu düşmən. Amma 50 il sonra da olsa xatırlanacaq ki, Əl Qaidənin yaranmasında və onun dəstəklənməsində Mərkəzi Kəşfiyyat İdarəsinin rolu olub.


- Ölkəmizdə dini zəmində baş verən gərginlikdə MTN-in ifşa olunan generalitetinin rolu və məsuliyyət payı varmı?

- Əlbəttə, birmənalı qaydada var.

- Bir az daha aça bilərsizmi? Biz Hacı Talehlə bağlı məsələni deyirik...

- Hacı Taleh hazırda həbsxanadadır. Ona görə də mən onunla bağlı əlavə heç nə danışmaq istəmirəm. Prosesdən danışaq. Proses bundan ibarət idi, MTN, təbii ki, onun dini ekstremizmə qarşı mübarizə, antiterror komitələri bu prosesə faktiki qatılmışdılar. Sizə bir fakt gətirəcəm. Vaxtilə biz alman jurnalistlərinin köməyi ilə bir araşdırma apardıq və ortaya fakt qoyduq ki, yüzlərlə azərbaycanlı İŞİD sıralarında döyüşür. Amma çox maraqlı hadisə baş verdi bundan sonra. Azərbaycan telekanallarından birinin əməkdaşı Türkiyədən keçdi Suriyaya, orda çəkilişlər apardı. Gəldi, silsilə verilişlər verdi. Təbliğat yanlış istiqamətdə aparılmağa başlandı ki, guya azərbaycanlılar İŞİD deyil, Ən Nusra cəbhəsində, fərqli silahlı birləşmədə döyüşürlər. Bu, yalan idi. Ona görə də sual olunur ki, niyə bu izi azdırırdılar? Bu, kimə lazım idi? Məsələ burasındadır ki, biz həmin araşdırmada göstərmişdik ki, Azərbaycandan gedib Suriyada döyüşənlərə himayə var. Azərbaycanın dövlət orqanları səviyyəsində. Aydındır ki, bu, Kənd Təsərrüfatı və ya Təhsil Nazirlikləri səviyyəsində edilə bilməzdi. Bu informasiyanı gözdən salmaq və etimadı azaltmaq üçün belə bir silsilə informasiyalara ehtiyac oldu ki, azərbaycanlıların guya ən Nusra sıralarında döyüşür. Halbuki ən Nusra sıralarında azərbaycanlılar olmayıb birmənalı qaydada. Mütəşəkkil şəkildə - 800-1200 adamı Azərbaycandan səfərbər edib, yığıb ora aparmaq... Aydındır ki, bu adamları küçədən tutmurlar və ya qəzet elanı ilə aparmırlar.

- Sələfi imamları onları məscidlərdə çox rahatlıqla təşkil edirdi.

- Aydındır ki, onların himayəsi olub.

- Ən azı, onlara dəymirdilər. Sələfi məscidlərini ştaba çevirməyə imkan verirdilər. Bəlkə keçmiş MTN rəhbərliyi dövlət marağına uyğun olaraq belə bir proses təşkil edirdilər ki, onlar yığışıb getsinlər və orada qırılsınlar?


- Bu, çox təhlükəli məsələdir...


“Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi”


- Niyə təhlükəli? Ölkəni təmizləyirlər bu məntiqlə...

- Yetişdirib təmizləməkmi? Kim təminat verə bilər ki, sabah onlar qayıdıb gəlməyəcəklər?

- Sağ qalanlar gəldilər. Qalanları da tutuldular.

- Qayıdıb gələnlərdən ikisi ilə şəxsən mən söhbət etmişəm. Aldadılıb getdiklərini deyirlər...

- Sizcə, düz deyirlər?

- Mən bu insanlara güvənməzdim. İstənilən halda, aldadılıb gediblər və ya motivi olub, gediblər, fərq etməz. Onlar cinayətdə iştirak ediblər.

- Qayıdaq özümüzünkülərə, Nardaran hadisələrinə. Nə baş verirdi orda?

- Eyni xətt orda da var. Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi.

- Nə mənada?

- Artıq kənddə bir icmaçılıq formalaşmışdı. Ağsaqqallar vardı, onlar idarə edirdi kəndi.

- Kənd üçün bu, normal haldır...

- Tamamilə normaldır. Amma digər tərəfdən də son vaxtlar məhz Nardaran adına radikal çağırışlar güclənməyə başlamışdı. Belə baxanda isə bunu edən Nardaranla heç bir əlaqəsi olmayan Taleh Bağırzadə idi. O, da nardaranlı deyil.

- Çox maraqlıdır ki, Masallıdan, Yevlaxdan, digər bölgələrdən olanlar da orda olmuşdu...

- Bəli. Ondan əvvəl Gəncədə baş verənləri bilirsiz. Bunu dindarların siyasiləşmiş kəsimi lənətlədi, polisə, Gəncə yerli hakimiyyət orqanlarına qarşı zorakılıqlar pisləndi. Orda nə baş verdi? Kiçik bir qrup icra hakimiyyətinin qarşısında şüarlar səsləndirməyə başlamışdı. Bu da təxribat idi. Amma diqqət yetirin, bu proseslər nə vaxt baş verdi? MTN rəhbərliyi dəyişəndən sonra.

- Bəli, məhz bu bağlılıq. Biz də onu soruşuruq.

- Mən düşünürəm ki, bu, sadəcə bir təsadüfi üst-üstə düşmə deyildi. Bizim müəyyən informasiyalarımız da deməyə əsas verir ki, bu heç də təsadüfi deyildi. Mənim Meydan TV-yə müsahibəmdə Eldar Mahmudovun və onun rəhbərliyinə daxil olan şəxslərin İranla çox sıx əlaqələrinin olduğunu demişdim.

- Siz, yəqin ki, zarafat etmişdiz. Məqsəd nə ola bilər ki?

- Tamamilə ciddi idim. Məqsəd? Ola bilər ki, dövlət maraqları da bunu tələb edə bilər. Müəyyən mənada İranı, oradan gələn təsirləri neytrallaşdırmaq olub. Digər tərəfdən, şəxsi maraqlar da olub. Vikileaks açıqlamalarında, ABŞ səfirliyindən göndərilən teleqramlarda göstərilirdi ki, Azərbaycanın bir çox rəsmiləri SEPAH-a yaxın iş adamları ilə iş birliyindədir.

- Ola bilər ki, onlar ancaq maddi marağa görə belə edirdilər.

“Bəzi mühacirlərdən istifadə edib Avropadakı müəyyən vətəndaş cəmiyyəti institutlarına, önəmsiz media qurumlarına materiallar ötürə bilirdilər”


- Mənə elə gəlir ki, dominantlıq təşkil edən maddi maraqlar olub. Bununla yanaşı, milli təhlükəsizlik nazirinin iranlı iş adamı ilə yaxın əlaqələrini də unutmaq lazım deyil. Mən Badamdarın birinci massivdə yaşayıram. Eldar Mahmudovun evi üçüncü massiv deyilən yerdədir. Gedin oradakı istənilən maklerdən soruşun. Hamısı deyəcək ki, bu evi Eldar Mahmudova iranlı biznesmen qonşusu tikib. Bunu birbaşa maklerlər deyir.

- Artıq ictimai məlumatdır ki, bizim təhlükəsizlik nazirinə iranlı iş adamı ev tikib, hədiyyə edib?

- Bəli. Özü də nə boyda ev? Bunu heç kimə elə-belə, qara qaşına-gözünə hədiyyə etmirlər. Çox şeylər sadalamaq olar. Yadınıza gəlirsə, Səid Dadaşbəyli məsələsində də çox maraqlı paradoks vardı. Bu insanlar guya İran kəşfiyyatının tapşırığı ilə Bakı-Tiflis-Ceyhan kəmərini partlatmalı idilər. Amma onların bütün fəaliyyətində bir antiiran xətti var idi.

- Bu arada maraqlı paralel də var. İranın özündə bir fəallıq başlanıb. Azərbaycan səfirliyinin qarşısında da Azərbaycan hökumətinə qarşı aksiyalar keçirməyə başlayıblar. Sizcə, bu, nəyin başlanğıcıdır? Rəsmi , görünən-görünməz kanallarla olan təzyiq yetmirmi ki, bir ictimai dalğa da yaratmaq istəyirlər? Bu, özü çaşdırıcı bir şeydir. O yerdə ki, belə bir aksiya olub, bunun özü tərs təpki verə bilər. Orada 32 milyon azərbaycanlı yaşayır. Bu, İran üçün risk deyilmi?

- Doğrudur, orda az adam olmuşdu. Amma burda suallar var. Məsələn, sizin qəzet bu baxımdan hər zaman professional olub. Sizdə Ayətullah Nuri Həmədaninin Azərbaycanla bağlı söylədiyi fikirlər yer almışdı. O, azərbaycanlı ilahiyyatçı tələbələr qarşısında çıxışında demişdi ki, Azərbaycan sionist qərargahıdır. 2 il sonra Azərbaycan buna şərait yaradır ki, ölkəyə gəlsin, Nardarandan Gəncəyə qədər rahat gəzsin, əlini öpdürsün, bir dəstək ifadə etsin. Çox simvolik idi ki, Azərbaycanda insan haqlarının pozulduğunu deyən Amnesty İnternational təşkilatının iki üzvü həmin günlərdə Azərbaycana buraxılmadı. Sual olunur ki, ona həmin şəraiti yaradanda haqqında danışdığımız maneəni yaradan kim idi? Siz diqqət edirsizmi ki, MTN rəhbərliyi dəyişəndən sonra Azərbaycanın xarici siyasətində çalarlar dəyişməyə başlayıb.

- Çox maraqlı müşahidədir. Siz son həbsdən buraxılmaları - “Qərb uşaqları”nın çıxmasını da buna aid edirsizmi?

- Əlbəttə. Rəcəb Tayyib Ərdoğanın G20 sammitinə məhz İlham Əliyevi dəvət etməsini də bura aid edirəm. Bunlar heç nədən baş vermir. Artıq bu çalarlar dəyişməyə başlayır.

- Azərbaycan prezidentinin Türkiyə lehinə Bakıda verdiyi mesajlar da bu
qəbildəndir? Bu, NATO dövlətinə verilən dəstək idi, yoxsa bir qardaşa verilən dəstək?

(davamı növbəti sayımızda)\\musavat.com\\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.