Müharibədə komandiri kövrəldən evin TƏK OĞLU: "Yaralı-yaralı dedi ki..."

27-01-2020, 10:34           
Müharibədə komandiri kövrəldən evin TƏK OĞLU: "Yaralı-yaralı dedi ki..."
"Nazirlikdən bilsələr ki, ailənin tək övladını döyüşən hissəyə götürmüşəm, məni tribunaya verərlər"

Miq.az 811 saylı Laçın Əlahiddə Dağ Atıcı Alayının sabiq qərargah rəisi Rafiq Nağıyevin xatirəsini təqdim edir:

1993 - cü ilin əvvəlləri idi. Boy-buxunlu yaraşıqlı bir oğlan mənə yaxınlaşıb, orduya yazılaraq döyüşmək istədiyini bildirdi. Hərbi biletini istədim. Lakin, 18 yaşı olmadığına görə hələ ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəni ala bilmədiyini söylədi. Geri qaytarsam da gizlincə döyüşçülərə qoşulub bir müddət müdafiə mövqelərində keşik çəkib, xidmət etməyə çalışırdı. Bu vəziyyətdən xəbərim olandan sonra çağırıb geri qaytardım.

Həmin hadisədən bir neçə gün sonra Laçın rayonunun Xaçınyalı kəndindən olan Tufan müəllim yanıma gəldi. Xahişə gəldiyini qeyd edib, məqsədini mənə bildirəndə özümə yer tapa bilmədim. Oğlun içəri çağırdı. Bu gənc mənim, yaşı çatmadığı üçün qovduğum oğlan idi.

Bir aya yaşının 18 tamam olacağını vurğulayıb, onu orduya götürməyimi istədi. Qeyd etdim ki, o zaman yaşı tamam olanda gətirərsən.Tufan müəllim ayağa qalxıb dedi ki, mən onu geri qaytara bilmərəm.

"Ata, sən mənə vətəni sevməyi öyrətmisən.Vətən dardadır və bizim ailədən birimiz müharibəyə getməlidir. Sən getsən, bizi saxlayan olmayacaq. Anam getsə gərək biz başımıza yaylıq bağlayaq. Ona görədə mən getməliyəm”.

Oğlunun ona dediyi sözləri söyləyib, susdu. Yaranmış vəziyyətdən çox təsirləndim. Həmin gənc evin tək övladı idi. Lap yaşı çatsa belə qanunla mən onu götürə biməzdim. Ad soyadını soruşub, əmr kitabına yox, başqa kitaba yazdım-Niyaməddin Tufan oğlu İmranlı.

Tufan müəllimi yola salanda dedim ki, əgər nazirlikdən bilsələr ki, ailənin tək övladını döyüşən hissəyə götürmüşəm, məni tribunaya verərlər. Əvvəlcə onu Rauf Məmmədovun komandanlığına verdim və onu döyüşə icazə verməməsini tələb etdim.

Bu tələbimə baxmayaraq, Cəbrayıl uğrunda döyüşlərdə ön mövqelərdə vuruşurdu. Əgər ona nəsə olsaydı, mən tutulmalıydım. Atasına xəbər göndərib oğlunu aparmasını bildirdim. 811 ləğv edildikdən sonra biz 896 Cəbrayıl Alayına keçdik. Ağdamın Salahlı Kəngərli kəndində Elçin Muxtarovun bölüyündə döyüş zamanı 65 nəfərin şəhid olduğu an Niyaməddin təsadüf nəticəsində sağ qalmışdı. 1993-cü il yanvar ayının ortalarında Horadiz qəsəbəsinə getdik.

27 Yanvar 1993- cü ildə Prezidentin təsdiq etdiyi əmrlə 896 saylı h/h soldan Araz çayı, sağdan Layla İlahi yüksəkliyi daxil olmaqla ( Lələ təpə) hücuma keçdik. 2 gün müddətinə Mehdili kəndi və Layla İlahi yüksəkliyini azad etdik. Mən,yüksəklikdə üzbəüz komanda məntəqəsində vuruşarkən tank atəşindən zərbə dalğasına məruz qaldım. Danışa bilmirdim, başım uğuldayırdı. Məni aşağı qərargaha gətirdilər. Qərargahda məni, Daxili Qoşun alayının komandiri Şabanov və polkovnik Arif Salahov qarşıladı. Həkim hospitala göndəriş yazdı. Şəhidlər, yaralılar avtobusa yığılarkən kimsə dedi ki, Niyaməddin İmranlı adlı yaralını tapa bilmirik. Bir anlıq özümü pis hiss etdim. Avtobusdan düşüb yaralılar və şəhidlərin arasında Niyaməddini axtardım. Bir neçə dəqiqədən sonra Niyaməddini, ayağı sarıqlı vəziyyətdə gətirdilər. Sağ budunda deşib keçən, sol budunda isə cırıb keçən güllə yarası vardı. Mən ona bərk acıqlandım. Lakin o "Komandir, mənim əlim sağ, ayağım sağ, qospitala getməyəcəm”- dedi. Nə qədər israr etsəm də, avtobusa minmədi. Çox kövrəldim. Mənə verilən göndərişi cırıb dedim ki, mən də getmirəm. Onun yaraların sarıtdırıb, avtobusu yola saldıq.

Onun arzusu



30 yanvarda 896 ləğv edildikdən sonra mən Bakıya gəldim. Niyaməddin məlumat alıb ki, 701 də əksəriyyəti laçınlılardan ibarət olan batalyon var. Daha sonra xidmətini 701 də davam etdirib. Mən həmişə misal gətirəndə demişəm ki, Niyaməddin kimi döyüşçülərlə İrəvanı da almaq olar. İki övlad atası olan Niyaməddinin arzusu, Laçını işğaldan azad edib orada həyata vida etməkdir.

Rafiq Nağıyevin xatirəsinin hazırladı:
Günay Arifqızı
Miq.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.