“Bəlkə cəmiyyət yoruldu, bezdi bizdən, gözü yağır oldu?!” – KXCP sədri ağır danışdı

16-12-2015, 22:39           
“Bəlkə cəmiyyət yoruldu, bezdi bizdən, gözü yağır oldu?!” – KXCP sədri ağır danışdı
Mirmahmud Mirəlioğlu: “Nardaran əhalisinin, camaatının törədilənlərə heç bir aidiyyəti yoxdur və onların çəkdiyi əziyyətə görə də Azərbaycan hakimiyyəti məsuliyyət daşımalıdır”
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu musavat.com-a müsahibə verib. Partiya sədri müsahibəsində parlament seçkisindən sonra ölkə müxalifətinin durumundan, ölkədə baş verən son olayların səbəblərindən, həmçinin Azərbaycanın İranla bağlı mövqeyindən danışıb.

- Mirmahmud bəy, parlament seçkisindən sonra ölkə müxalifətinin durumunu necə qiymətləndirirsiniz?

- Seçkinin nəticələri öncədən məlum idi. Ona görə də əziyyət çəkib xüsusi vaxt ayırmaq lazım deyil. Hətta biz “mərkəzi seçki qərargahımızın rəyini dərc edək, ya yox” deyə fikirləşirdik. Bunu müxalifətin məğlubiyyəti kimi qiymətləndirmək çox böyük qiymət olar. Öncədən bu məsələlər bəlli idi, bilinirdi. Amma siyasi təşkilat olaraq seçkiləri hakimiyyət dəyişikliyində və formalaşmasında iştirak edilən bir vasitə kimi, siyasi alət kimi istifadə etdiyimizə görə seçkilərdə iştirak etmək də bizim boynumuzun borcu idi. Vəzifə borcumuz, nizamnamə borcumuz idi. Biz hakimiyyəti dəyişməyin, yaxud da parlamenti formalaşdırmağın başqa variantını qəbul etmirik, zorakı və silahlı modelləri yaxına buraxmırıq. Bizim yolumuz konstitusion yoldur. Nəticəni bildiyimiz halda, hətta ümidsiz bir şəraitdə dəı seçkiyə getmək bizim demokrat kimi borcumuzdur. Bu baxımdan, seçkinin qiyməti öncədən verilmişdi. Seçkidə də gözləntilər cüzi dəyişikliklə, durğu işarəsi dəyişikliyi ilə özünü doğrultdu, yalnız durğu işarələri dəyişdi.

- Bu dəfə müxalifət demək olar ki, parlamentə düşmədi. Məsələn, İqbal Ağazadə bu dəfə seçilmədi, Pənah Hüseyn də həmçinin. Müxalifətsiz parlament kənardan necə görünür?

- Adını çəkdiyiniz adamların seçilib-seçilməməsindən asılı olmayaraq, hər kəs bilir ki, tutaq ki, 35-ci dairədə seçimi hakimiyyət İqbal Ağazadə ilə Araz Əlizadənin arasında etməsəydi, başqa cür etsəydi, elə o cür də olacaqdı. Burada nə İqbal bəyin inciməyə haqqı var, nə Mirmahmudun. Yəni dünən İqbal bəy idi, bu gün Araz bəydir; bu, hakimiyyətin seçimidir, xalqın seçimi məsələsi deyil.

- Siz seçilsəydiniz də elə olacaqdı?

- Hakimiyyətin razılığı olmasaydı, mümkün deyildi. Hakimiyyət özü kimi istəyir və kimi seçirsə, odur. Ona görə də biz hətta Heydər Əliyev zamanında məşhur bir ifadəni siyasi gündəmə gətirmişdik: “Biz kimik? Məclis onun məclisidir”.


“Keçmiş şeflə bir yerdə cəzalandırılan MTN-çilər Azərbaycan hakimiyyətinə dərs keçdi ki, biz dəfələrlə ölkənin bir çox yerində əməliyyat həyata keçirdik, amma qan düşmədi. Siz bir dənə Nardaranda etdiniz, qan düşdü”


- Nədən heç müxalifət durumu müsbətə doğru dəyişə bilmədi?

- Burada müxalifətin təbii ki, məsuliyyəti var. Amma cəmiyyət istədimi bunu? İstəmədi. Bəlkə cəmiyyət yoruldu, bezdi bizdən, gözü yağır oldu?! Mənə elə gəlir ki, cəmiyyət bunu daha doğru deyər. Biz özümüz üçün bilirik, özümüzə tənqidi yanaşırıq. Hesab edirik ki, cəmiyyət bizdən gərəkən dəyişiklik görmədiyinə görə və bütün bu məsələlərdən artıq bezdiyinə görə, bir az da bugünkü halına uyğunlaşdığına və razılaşdığına görə bu məsələ öz axarı ilə gedir. Hakimiyyət də bundan gözəl şəkildə sui-istifadə edir.

- Sizin namizədliyinizi qeydə almadılar. Bununla bağlı hüquqlarınızı Avropa Məhkəməsində müdafiə etmək fikriniz varmı?

- Ali Məhkəmənin qərarını zorla almışıq. Yəqin ki, ardını da vəkilimiz davam etdirəcək. Ali Məhkəmə bizim qərarımızı gah Qubadlı rayonuna göndərmişdi, vermək istəmirdi, yubadırdı. Aldıq, işlər davam edəcək.

- Ölkədə çox ciddi hadisələr baş verir, MTN-də baş verənlər, nazirlərin vəzifədən qovulması, həbslər, Nardaran hadisələri... Müxalifət nədən bu hadisələri sadəcə seyr edir? Yaxud son hadisələr müxalifətin bir qədər özünü toparlaması üçün fürsət deyildimi?

- Kimsə ola bilsin belə fikirləşə bilər, onun haqqıdır. Amma müxalifət fürsətkeş olmalı deyil axı. MTN-in hazırkı vəziyyəti uzun illər öncə, yeni nazir təyin olunan gün dediyimiz kimi də oldu. Demişdik ki, yeni təyin olunan nazir öz ixtisasına uyğun hərəkət edəcək. O, MTN-ə “oboxeys”dən gəldiyinə görə oranı da özünə uyğun məkana çevirdi. Bir neçə gün əvvəl həmin quruma müavin təyin edilən adam da MTN-lə heç bir əlaqəsi olmayan biridir. Elə sahələr var ki, orada nə səhv etmək olmaz, nə də kadr dəyişikliyinə mütəxəssislərdən kənar adamlar gətirmək olmaz. Amma indiki zamanda belədir ki, kənd təsərrüfatı mütəxəssisi tarix müəllimi işləyir. Azərbaycanda bu gün tarix dərsi deyən aqronomlar var, zootexniklər var. MTN məsələsi sıradan bir məsələ deyildi. Təkcə sahibkarlarla bağlı məsələ də deyil. Bu məsələdə bilmədiyimiz çox şeylər var.



“İran Azərbaycanın bütün siyasətinə müdaxilə edə bilir, ETTELAT-ın burada qarşısında dura bilən kimsə yoxdur”


MTN işində bütün bu məsələlərdən sonra kimsə MTN-çiləri müdafiə etmək çox çətindir. Ona görə gözləməkdən başqa çarə yox idi. Dövlətin çox möhtərəm strukturlarından birinin əsaslarında bu məsələ baş verir, önəmli qurum çat verirdi. Bizim həm də birdən, qəflətən baş verən bu məsələdə məlumatsızlığımız oldu. Bir sıra məqamlar vardı. Bəlkə o məsələyə aidiyyəti olan müxalifət dillənməli idi. Kimsə haqq alırdısa, pay alırdısa, əlaqəsi var idisə, kiminsə şefi əlindən gedirdisə, onlar dillənməli idi. Yəqin onlar dillənmədilər. Amma müxalifətin bu məsələyə müdaxiləsi fürsət düşdü deyə olsun, bunu doğru saymırıq. Bu hakimiyyət 2005-ci ildə də belə gediş etmişdi. Seçkiqabağı dövlət çevrilişinə cəhd məsələləri vardı, bu da hakimiyyətdaxili problemlər idi.

Bu, həm də birbaşa onun göstəricisi oldu ki, Azərbaycan iqtidarında olanların bir qismi dövlətçilik psixologiyasından uzaqdırlar. Onun mahiyyətini bilmirlər. Dövlət və dövlətçilik nədir, onun əlifbasını bilmirlər. Bilsəydilər, belə olmazdı. Bunu dəfələrlə demişik. Bilənlər də var amma... Nardaran məsələsi də çox ciddi məsələdir. Burada daxili və xarici iştiraklar var. Adı proseslərdə mərkəzi fiqur kimi keçən adamın özünün hakimiyyətlə işbirliyi o qədər yüksəkdir ki... “Adı keçən adam”ın kod adı belə idi... Adını belə çəkmək istəmirəm. Bu hadisələrdə adı keçən adamın özünün hakimiyyətə bağlılığı bəlli, fotoşəklindən tutmuş digər məsələlərdə başqa ölkələrə bağlılığı bəlli idi. Təhlükəsizlik orqanlarımız elə işləməli idilər ki, qonşu ölkələrin təhlükəsizlik orqanları burada ən azından fəaliyyət göstərdiyi təqdirdə belə, bizimkilərin nəzarəti altında olmalıdırlar. Bizdə isə ETTELAT Quzey Azərbaycan boyu at oynadır.

“Biz də Bütöv Azərbaycançıyıq deyə, hesab edirik ki, o zaman İranı dəstəkləyəcəyik ki, İran haqq yolunda olacaq, mənim haqqımı tanıyacaq, ETTELAT vasitəsi ilə Azərbaycanda işlər qarışdırmayacaq, Azərbaycanın daxili işlərinə qoşulmayacaq”


ETTELAT-ın burada qarşısında dura bilən kimsə yoxdur. Bütün hallarda, istər siyasi, istər müxalif, istər iqtidar, radikallara qarşı hər kəsin bir təpkisi var. Yəni istər İslam radikalizmi olsun, biz bunu qəbul etmirik. Amma Azərbaycanın xüsusi bir özəlliyi var ki, dünyanın heç yerində olmayan tolerantlıq Azərbaycanda həmişə olub. Yüz illərdir belədir. Dini tolerantlıq xüsusilə var. Vaxtı ilə Güneydə heç kəs heç nə edə bilməyəndə, hətta edam olunanda, Quzey Azərbaycanda bəhailərin qurultayı keçirildi. Hətta bizim milyonçular bəhailiyi qəbul ediblər. Bu faktlar var tarixdə. Bizdəki bu tarixi təcrübədən qonşu ölkələr sui-istifadə edirlər. Nardaran əhalisinin, camaatının törədilənlərə heç bir aidiyyəti yoxdur və onların çəkdiyi əziyyətə görə də Azərbaycan hakimiyyəti məsuliyyət daşımalıdır. Bundan əlavə, orada keçirilən əməliyyat o qədər qüsurludur ki, əməliyyatı keçirənlər nəyin bahasına olursa, olsun, çalışmalı idilər ki, qan olmasın, itki olmasın. Amma hərtərəfli insan itkisinə yol verdilər. Normal informasiya təminatı olmalı idi, bilməli idik ki, ölən, öldürən kimdir, ölən doğrudanmı polisdir, ya yox, bunlar araşdırılmalı idi. Xatırlamıram ki, tarixdə haçansa Azərbaycanın, haradasa başqa ölkənin içərisində, böyük bir nümayəndəliyi olsun. Bu nümayəndəlik həmin olduğu ölkənin bütün siyasətinə müdaxilə edə bilsin. Amma ETTELAT burada bunu edə bilir, həm də müxtəlif yollarla. Azərbaycanda bu münbit şəraitə, tolerantlığa görə və təhlükəsizlik orqanlarının fəaliyyətsizliyinə, qabiliyyətsizliyinə görə bunları edə bilirlər. Burada tarix tədris edirlər və Səfəvilər dövlətinin əleyhinə danışa bilirlər, Şah İsmayılı təhqir edə bilirlər. Həm də başqa ölkənin vətəndaşı deyir bunu. Və yaxud bizə din, məzhəb gətirə bilirlər. Sektalara bölə bilirlər. Buna görə Nardaranda çox qəliz idi məsələlər, müdaxilə də çox qəliz idi, münasibət də qəliz idi.

Hakimiyyət Nardaranda arzusuna çatmadı. Qəhrəman etmək istədiyi adamı qəhrəman edə bilmədi. Böyük itkilərə yol verdi, uduzdu. Bu da MTN işinə bağlıdır. Keçmiş şeflə bir yerdə cəzalandırılan MTN-çilər Azərbaycan hakimiyyətinə dərs keçdi ki, biz dəfələrlə ölkənin bir çox yerində əməliyyat həyata keçirdik, amma qan düşmədi. Siz bir dənə Nardaranda etdiniz, qan düşdü. Hələ Azərbaycanda MTN işi bitməyib. Kifayət qədər də ciddi işdir. O vaxt Hacı Məmmədov məhkəməsində demişdi ki, məndən böyükləri hələ bayırdadırlar. Bu da öz təsdiqini tapdı ki, bu adam özünü qorumaq üçün bunu demirmiş. Əslində o da tapşırıq alırdı, tapşırıq yerinə yetirirdi və sair. Bu məsələdə vəziyyət bilərəkdən o dərəcəyə gətirildi ki, heç Azərbaycanın sıravi insanı belə Nardaranda özünün mövqeyini ortaya qoya bilmədi, o dəqiqə o mövqeyə siyasi rəng verildi. Bu hadisəni birbaşa hakimiyyətin üzərinə qoydular... Bakının göbəyində öz vətəndaşlarına terrorçu dedilər. Hətta Baş Prokurorluğun sözçüsü Nardaran ağsaqqalına danışmağa imkan vermədi, dedi ki, biz terrorçu ilə danışmaq istəmirik. Azərbaycan hökuməti Nardaranda öz vətəndaşı ilə avtomatın dili ilə danışdı. Sonda da adını belə qoydular ki, Nardarana 12 milyon pul ayrıldı.

- Müxalifətin ötən il başlatdığı dialoq məsələsi nə yerdə qaldı? Nə nəticə oldu? Sizcə, bu dialoqu davam etdirmək olarmı?

“Tutaq ki, 35-ci dairədə seçimi hakimiyyət İqbal Ağazadə ilə Araz Əlizadənin arasında etməsəydi, başqa cür etsəydi, elə o cür də olacaqdı”


- Biz görüş istədik. Hökumət bu görüş baş tutandan sonra onu dialoq kimi cəmiyyətə təqdim etdi... Nəticəsiz heç nə yoxdur. Nəticəsi bu oldu ki, Azərbaycan hakimiyyəti bir daha bütün dediyi məsələlərin arxasında durmadığı kimi, bütün öhdəlikləri beynəlxalq aləmdə yerinə yetirmədiyi kimi, bu dəfə də belə oldu. Bildirildi ki, müxalifət bu görüşlərdə seçki ilə bağlı məsələlərin müzakirəsini istəyir, biz isə buna hazır deyilik. Hakimiyyət müzakirəyə hazır olmadığını göstərdi. Amma bütün hallarda dialoq hər zaman vacibdir, lazımdır. Bu dialoqdan o qədər qaçdı ki, hakimiyyət, o qədər qorxdu ki, özündə cəsarət tapıb söz deyən, razılaşdırılmış söz deyən, “rektorlar deputat ola bilməzlər” sözünü deyən bir deputatı da növbəti dəfə deputat olmağa qoymadı. Hətta parlamentdə də dialoqu istəmədi deyə belə bir parlament formalaşdırdı.

- KXCP ilə AXP-nin birləşməsi barədə xəbərlər yayılıb. Bu, nə qədər inandırıcı xəbərdir? Hansı partiya sədri bu addımı atacaq? Məsələn, KXCP AXP-yə birləşəcək deyə bilərikmi?

- Məsələ belədir, cəmiyyətimizin arzusu var ki, hamı bir arada olsun. Bunun yollarından biri budur ki, hazırkı partiyaların bir arada ola bilməsidir. Bu məsələ müzakirə mövzusudur. Hələlik Pənah Hüseynlə Mirmahmud Mirəlioğlu bu məsələni müzakirə edib. Məsələ strukturlarda da müzakirə olunacaq, qərar nə olacaqsa, biz buna tabe olacağıq. Bütün partiyaların bir araya gəlməsindən söhbət gedir. Hərəkata gedən yol da yəqin ki, belə birləşmələrdən keçəcək. Mənim üçün elə bir problem yoxdur. KXCP-nin bu dəfəki qurultayında dedim ki, özüm üçün vida qurultayı elan etmişəm. Mən bu məsələlərdə heç bir problem görmürəm. Təki cəmiyyətə bir təsiri olsun bütün bu baş verənlərin. Azərbaycanda böyük bir dəyişikliyin bünövrəsi qoyulsun.



- Bir müddət əvvəl Rusiyaya məxsus hərbi təyyarənin Türkiyə tərəfindən vurulması ilə ölkə siyasətçiləri iki hissəyə bölündü, hər iki ölkənin tərəfdarları, müdafiəçiləri ortaya çıxdı. Rusiya meylli qüvvələrin fəallaşması, artması sizi narahat edirmi?

- Azərbaycanda siyasətdə də, cəmiyyətdə də rus qafalılar çoxdur. Bunun əsası var. Əksəriyyətimiz rus-sovet məktəbi keçmişik, bu nəslin də həm şüuraltı, həm faktiki olaraq düşüncələri var. Amma milli bağlılıq var, müstəqillik var, demokratik hərəkat var. Rus məsələsi də birdəfəlik bitib. Rusiya-Türkiyə məsələsi bizim üçün bir test oldu. Bəlli oldu ki, hər kəs bu testdən keçmədi. Bu da çox gözəl oldu. Bəziləri dedilər ki, Türkiyə Rusiyadan üzr istəməlidir. Niyə balam? Cavabı yoxdur. Bu test uğurlu oldu ki, kimin kim olduğunu gördük. İndi bizim elə alimlərimiz var ki, onlar deyirlər, gəlin, millətə ad qoyaq. Bu alimə nə demək olar? Adam deyir ki, gəlin dədəmizə ad qoyaq. Dədəsinə ad qoymaq istəyir, dədəsi də yoxdur artıq, dünyasını dəyişib. Min illərdir bu adla gəlib... Cəmiyyətdə ruspərəstlərin çoxluğu sayla deyil, onların nüfuz etmək imkanları çoxdur. Onlar hesab edirlər ki, bir məqalə ilə, bir düymə sıxmaqla, bir tapşırıq verməklə, bir sərəncam hazırlamaqla, rus məktəblərinin sayını çoxaltmaqla bu işləri görmək olar, məsələni həll etmək olar. Düşüncələrində yanlışdırlar. Hər zaman olduğu kimi, bu millətin çox böyük dini bağlılığı, ilahi bağlılığı var. Artıq məsələlər bizim xeyrimizə oldu, rus artıq öz başının hayına qalmalıdır.

- Ölkədəki İranyönlü dini cameə tərəfindən qınanılır Türkiyə sevgisi. Hətta sosial şəbəkələrdə gedən bu müzakirələrdə bildirilir ki, Azərbaycan vətəndaşları məzhəb maraqlarını öndə tutaraq şiə İranı dəstəkləməlidir, sünni Türkiyəni deyil. Türkiyəni vətən, doğma torpaq hesab edən Azərbaycan türkləri təhqir edilir. Türkiyənin tərəfini saxlayan inanclıları tənqid edirlər və bildirirlər ki, türklərin yaşadığı torpaq əsas götürülsə belə, Azərbaycanda şiələr çoxluq təşkil etdiyindən və İran da şiə məzhəbinə mənsub olduğu üçün, İran dəstəklənməlidir. Sizin dindar və seyid kimi bu məsələlərə münasibətiniz necədir?

- Bu dava, sözün həqiqi və böyük mənasında dava yüz illərdir davam edən bir davadır. Hətta yaşı min ilə yaxınlaşır bu davanın. Onun adı “ümmət, yoxsa millət” məsələsidir. Birincisi, bir qism adamlar deyirlər ki, ümmətçilik əsasdır, başqaları deyirlər ki, millətçilik əsasdır. Bu, bizim Xalq Cümhuriyyətinin qurucularının həyatında, fəaliyyətində də keçir. Amma nəzərə alınmayan bir xüsusi cəhət var. Millət olmalıdır ki, ümmət olsun, sonra din olsun. Millətçilik birincidir. Təbii ki, aşırı millətçilikdən söhbət getmir.

Niyə İran dəstəklənə bilər? Azərbaycanda heç vaxt İran dəstəklənə bilməz. Qətiyyən. İran özünün adını qoyub İran İslam Cümhuriyyəti. Necə islam cümhuriyyətidir ki, mənim orada dilimi qadağan edir? Konstitusiyasının 15-ci maddəsində yazılır ki, burada yaşayan bütün xalqlar öz dillərində təhsil ala bilərlər, mənim məktəbim yoxdur orada. İndi yadlarına düşür ki, əhalinin böyük əksəriyyəti türkdür? İndi yadlarına düşür ki, ora türk ərazisidir? Orada kiçik bir hissə farsistandır, qalanı türk torpaqlarıdır. Adını bölüblər daha yaxşı olsun deyə, Qaşqaylar qoyublar, Türkmənlər qoyublar, Əfşarlar qoyublar, tayfalara bölüblər bizimkiləri. İran o zaman dəstəklənər ki, İran İslam Cümhuriyyəti anti-İslam fəaliyyəti göstərməsin. Allahın insana verdiyi haqqı əlindən almasın. Bizim bu istiqamətdə İranı dəstəkləmək imkanlarımız sıfırdır, dəstəkləyə bilmərik. İran özünü dəstəklətdirə bilməz.

“Rusiya-Türkiyə məsələsi bizim üçün bir test oldu. Bəlli oldu ki, hər kəs bu testdən keçmədi”


Amma qalır ki, biz Türkiyənin yanında niyə oluruq ki? Biz elə Azərbaycanın yanındayıq. Türkiyə özünə türk deməmişdən qabaq onlara türk dedirtən Əhməd Ağaoğlu olub, digərləri olub. Onlara türk olduqlarını sübut ediblər. Türklər o vaxtacan özlərinə osmanlı deyirdilər. Biz elə öz yolumuzdayıq. Bu məsələlərdə hətta məzhəb məsələsini gündəmə gətirirlər. Bu da doğru deyil. Quzey Azərbaycanda bunu çoxdan istəyirlər, rus-türk münasibətlərində də istəyirlər, erməni-türk münasibətlərində də, malakan-türk, yəhudi-türk münasibətlərində də önə çıxarmaq istəyiblər, alınmayıb. Biz öz millətimizin, öz dövlətimizin yanında olmalıyıq.

Biz də Bütöv Azərbaycançıyıq deyə, hesab edirik ki, o zaman İranı dəstəkləyəcəyik ki, İran haqq yolunda olacaq, mənim haqqımı tanıyacaq, ETTELAT vasitəsi ilə Azərbaycanda işlər qarışdırmayacaq, Azərbaycanın daxili işlərinə qoşulmayacaq, İranda yaşayan Azərbaycan türkünün doğal haqqını tanıyacaq, ondan sonra bir İrana İslam deyəcəyik. Ondan sonra deyəcəyik, bunlar kafir deyillər, müsəlmandırlar. İran heç bu saat nə kafirdir, nə müsəlmandır, heç buddist də deyil...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.