De Vaal: “Bakı-Moskva əlaqəsi çoxlarını narahat edir” – Müsahibə

20-12-2015, 11:31           

Britaniyalı jurnalist və yazar, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaalın Axar.az-a eksklüziv müsahibəsi:

– Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Cənubi Qafqaza necə təsir edəcək? Bu proses Bakı üçün hansı nəticələrə gətirib çıxaracaq?

– Azərbaycanın iki yaxın qonşusu və tərəfdaşları olan Türkiyə ilə Rusiya arasındakı mübahisə rəsmi Bakının da vəziyyətini mürəkkəbləşdirir. Əvvəllər Azərbaycan iki ölkə və prezident arasında körpü rolunu oynayırdı. İndi rəsmi Ankara da, Moskva da Bakıdan bu iki ölkədən birini seçməsini istəyəcək. Halbuki Bakı bu addımı atmaq istəmir. Azərbaycanın bu hadisədən tək qazancı Türkiyə ilə Rusiyanın mübahisəsində “Türk axını” qaz kəmərinin öz aktuallığını itirməsi və Türkiyənin Azərbaycan qazından asılılığını artırmasıdır.

– Bir müddət əvvəl rus ekspertlər Moskvanın Suriyanı bombardman etməsi üçün xankəndi aeroportundan istifadə edəcəyini bildirdilər. Doğrudur, Bakı buna Novruz Məmmədovun simasında rəsmi etiraz etdi, amma bu məsələ ilə bağlı söz-söhbət səngimədi. Moskva indiki şəraitdə bu məsələni reallaşdırmaq imkanlarına malikdir?

– Bunun mümkün olacağını düşünmürəm. Minsk Qrupunun həmsədri olan üç ölkə bu hava limanının açılışının qarşısını almaq üçün Ermənistana təzyiq göstərdi. Bundan əlavə, Ermənistan tərəfi bilir ki, bu addımı atarsa, Azərbaycanın hərbi reaksiyası ilə qarşılaşa bilər. Rusiya isə Qarabağ konfliktində olduğu kimi hələ də hər iki tərəfə “oynayır”. Bunun baş verməsinə şərait yaratmaqda Rusiyanın hər hansı bir qazancı yoxdur.

– Azərbaycan-Ermənistan prezidentləri görüşdü. Qarabağla bağlı uğurlu nəticə əldə oluna bilərmi?

– Xeyr. Qarabağ danışıqlarında real irəliləyiş ehtimalı yoxdur. Prezidentlər hazırda sülh planında ciddi maraqlı deyillər, çünki sülh planının reallaşmasında yeni kompromis hazır deyil.

Gözləntilər çox aşağıdır. Minsk Qrupunun həmsədr ölkələri isə əsasən tərəflər arasında mövcud olan dialoqu qoruyub saxlamaqla müharibə riskini azaltmağa çalışır. Onların prinsipi budur: “Əgər ünsiyyət varsa, müharibə olması şansı azdır”.

– Moskva həm də Gürcüstanda aktivləşir. “Qazprom”la bağlı məsələdən sonra Putinin təklif etdiyi Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılması məsələsi gündəmə gəlib. Bu isə Bakının maraqlarına ziddir. Ümumiyyətlə, bu layihə reallaşa bilərmi? Reallaşacağı təqdirdə Bakını hansı problemlər gözləyir?

– Zənnimcə, Abxaziya vasitəsilə dəmir yolunun yenidən açılması ağlabatan deyil. Lakin onu deməliyəm ki, fikrimcə, açılması müsbət nəticələr doğurar. Bu dəmir yolu Rusiyanı, Abxaziyanı, Qərbi Gürcüstanı, Ermənistan və Türkiyəni birləşdirər. Ümumiyyətlə, bu, dəmir yolları və avtomobil yolları üçün qeyri-təbiidir, xalqlar arasında məhdudlaşdırılacaq və ticarət üçün qapalı olacaq. Bu, Azərbaycanın maraqlarına zidd ola bilər. Ermənistan və Rusiya arasında ticarət əlaqələri genişlənəcək. Gürcüstan dəmir yolunda hərbi yüklərin daşınmasına veto qoya bilər. Bu, Gürcüstan-Abxaziya münaqişəsinə müsbət təsir göstərə, Azərbaycana və ümumilikdə regiondakı digər ölkələrə öz faydasını verə bilər.

– Hazırda rəsmi Tiflis Saakaşvili hakimiyyətindən fərqli siyasət yürüdür. Bu isə müəyyən dərəcədə Qərb və Bakının maraqlarına uyğun gəlmir. Qaribaşvili hökuməti İrəvan və Moskva ilə münasibətlərin yaxşılaşmasına xüsusi önəm verir. Bu, Rusiyanın Gürcüstanda güclənməsinə səbəb ola bilərmi?

– Hesab edirəm ki, bu ideya lazım olduğundan çox şişirdilir. Gürcüstan və Avropa İttifaqı arasında artıq viza liberallaşdırılması haqda saziş razılaşdırılıb, Gürcüstan və Rusiya arasında isə hələ də diplomatik əlaqələr mövcud deyil. Gürcüstanın yeni hökuməti Şevardnadze epoxasının çoxvektorlu xarici siyasətini daha çox xatırladır, lakin bu yalnız yaxşı diplomatiya və yaxşı siyasət kimi qiymətləndirilə bilər. Onu da əlavə edim ki, Azərbaycan və Rusiya arasında münasibətlərin möhkəmlənməsi Gürcüstanda çoxlarını narahat edir.

– Sizcə, Qərblə münasibətlərinin pisləşməsi Moskvanın Cənubi Qafqaza aqressivləşməsinə səbəb olacaqmı?

– Xeyr. Bunun çoxsaylı səbəbləri var. Tarixən Rusiya Cənubi Qafqazda güc siyasəti yürütməyə daha çox meyilli olub. Lakin hazırda region dövlətləri də güclüdür və bu o deməkdir ki, Şimali Qafqazda stabilliyin pozulması asan məsələ deyil. Bundan başqa, indi Rusiya Ukrayna və Orta Şərqlə daha çox maraqlanır. Qafqaz hazırda böyük prioritet deyil. Cənubi Qafqazda əsas diqqət Azərbaycan və Gürcüstanla güclü əlaqələrin qurulması üzərində olacaq - bu istiqamətdə Moskva müəyyən irəliləyiş əldə edib.

– Xəzər sülh dənizi sayılır. Bu baxımdan, Rusiyanın Xəzərdən İŞİD-i vurması hansı nəticələr doğura bilər?

– Raketlərin işə salınmasında Xəzər dənizindən istifadə uğurlu addım deyildi. Həm Azərbaycan, həm də Türkmənistan bundan narahat idi. Bu, əlbəttə ki, dənizin gələcəkdə istifadəsi ilə bağlı bütün müzakirələri mürəkkəbləşdirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.