Ekspert: “Mənzil paylanılması medianın neytrallaşdırılmasında istifadə edilə biləcək ən qaba vasitədir”

12-07-2020, 10:33           
Ekspert: “Mənzil paylanılması medianın neytrallaşdırılmasında istifadə edilə biləcək ən qaba vasitədir”
İyunun 30-da Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Prezident Administrasiyasına tapşırılıb ki, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Prezidentə təqdim etsin.Yeri gəlmişkən Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən 3-cü bina demək olar ki, hazırdı.Bu arada sosial şəbəkələrdə mətbuat nümayəndələrinin bina ilə bağlı müzakirələri daha da artıb. Bir çoxu mənzillərin verilməsi şərtlərinin dəyişdirilməli olduğunu düşünür, bəzisi isə bununla bağlı yeni təkliflər irəli sürür. Bu dəfə də yeni binadakı mənzillərə iddialıların sayı həddindən artıq çoxdur. Hökumət jurnalistlərə mənzil verməlidirmi? Prezident jurnalistləri mükafatlanrdırmalıdırmı? Turan agentliyinin bu suallarını media məsələləri üzrə ekspert, hüquqşünas Xalid Ağəliyev cavablandırıb.

***

-Xalid bəy, jurnalistlər üçün tikilən 3-cü binanın Milli Mətbuat gününə qədər jurnalistlərə paylanması gözlənilir. Artıq sosial şəbəkələrdə, redaksiyalarda gərgin müzakirələr və mübahisələr gedir. Sizcə, niyə Azərbaycanda jurnalistlərə ev paylanılır? Məqsəd nədir?

-Media çox böyük gücdür. Onu arxasına ala bilən, çox şeyə nail ola bilir – biznes sahəsi daha geniş qazanc əldə edə bilir, vətəndaş cəmiyyəti sahəsi güclənə bilir, hökumətlər onunla hesablaşan olur, siyasətçilər daha populyar ola bilirlər, hökumətlər daha uzun ömürlü ola, rəqib siyasi qüvvələrin önə keçməsini əngəlləyə bilirlər, və s. Bu baxımdan, hamı – öndə olan əsas qruplar media ilə daha yaxın olmaq, onunla dostlaşmaq, bu böyük gücü onlara münasibətdə neytrallaşdırmaq, rəqiblərə istiqamətləndirmək, sıradan çıxarmaq istəyirlər. Mediada çalışanlara mənzil paylanılması media ilə dost olmaqda, medianın neytrallaşdırılmasında məncə, istifadə edilə biləcək ən qaba vasitədir. Bunun ifadəsi, təsdiqidir ki, indiyədək dünyanın heç yerində bu vasitə, təcrübə olmayıb və ya oturuşa bilməyib.

-Jurnalistlərin də həmin mənzilləri almağa can atması da düşündürücüdür. Jurnalistin hökumətdən ev alması düzgündürmü? Bu jurnalistin peşə etikasına sığırmı?

-Bu məsələnin etik olub-olmaması o qədər aydın məsələdir ki, onu heç müzakirə etməyə gərək yoxdur. Etik deyil, heç bir media etikası qaydası bunu yolverilən hesab etmir, edə də bilməz. Normal mediaların yazılı etika qaydaları olur. Belə məsələlər həmin qaydalarda ifadəsini tapir. İnkişaf etmiş ölkələrin təcrübəsindəki yazılı qaydalar hökumətdən, ümumiyyətlə kimdənsə maddi nəsə almağa divar çəkir. Nadir hallarda kiçik dəyərli hədiyyələr etik hesab edilə bilir. Azərbaycanda jurnalistlərin peşə etikası kodeksi var, orda bu məsələlərə toxunulur. Qeyd edilir ki, jurnalist cəmiyyəti doğru bilgiləndirmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməli, qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə şərait yaratmamalıdır. Hansısa siyasidən, hökumətdən mənzil almış jurnalistin obyektiv olacağına, ona mənzil verənin yox, doğruların yanında olacağına inanmaq çox çətindir. Həm də mənzil məsələsinin təsirlərini yalnız jurnalistlərə bağlamaq doğru deyil. Bu, həm də siyasi korrupsiyadır. Ümumiyyətlə, bu yanaşmanın təməlində yatan medianın, jurnalistlərin “ictimai maraqların nəzarətçi” funksiyasıdır. Media, jurnalistlər ictimai maraqlara hər təhlükə yarandığında səs-küy salandır, həyacan siqnalı verəndir. Onlar hökumətlərdən maddi nələrsə alırlarsa, deməli, bu həyati önəmli funksiya kəsərini ən azı itirmiş olur.

Jurnalistlərin mənzilləri almağa həvəsli olması daha dərin məsələdir. Jurnalistlərimizi çox çətin bu seçimə zorlayan ağır iqtisadi şərtlər, media, jurnalistlər baxımından hökumətin illərdir ki, bilərəkdən yürütdüyü yanlış siyasətdir. Bu ağır maddi şərtlər altında yaşamaq sadəcə, mümkün deyil.

-Bu tendensiya son bir neçə ildir baş verir. Yəni, biz müstəqilliyin ilk illərinə baxdıqda jurnalistlərin mənzil, mükafat davası etdiyinin, qazanc şikayəti etdiyinin görmürük. O vaxtlar indikindən nələr fərqli idi? Sonradan nələr baş verdi? Necə oldu ki, medianın, jurnalistlərin durumu bu vəziyyətə gəldi çıxdı?

-Mənim fikrimcə, 90-cı illərdə Azərbaycanda çap mediası başda olmaqla, media üçün “qızıl dövr” idi. Yayım mediası tam olaraq, hökumətin kontrolunda deyildi, siyasətdən azad kiçik biznes vardı, yayım mediasının da həmin biznesdən reklam cəlb etmək imkanları vardı. Yüzlərlə qəzet çap olunurdu, 10 mindən artıq tirajla çap olunan həmin qəzetlər də reklam cəlb edə bilirdilər. Həm də yayım sektoru mövcud idi, onlar çap etdikləri qəzetləri bütün ölkədə sata, maliyyə əldə edə bilirdilər. Bakıda az qala hər küçədə, tində qəzet köşkləri, “stolları” vardı. Buna paralel, hökumətimiz də varlı deyildi, güclü müxalif siyasi partiyalar vardı, hökumət-rəqibləri dartışmasında media öz funksiyasını yerinə yetirə bilirdi. Hökumət onun rəqiblərini tənqid edəni, müxalif siyasi güclərsə, hökuməti tənqid edənləri qoruya bilirdi. Vətəndaş cəmiyyəti qurumları vardı, onlar da ümumilikdə siyasilərin basqısına məruz qalan mediaları qoruya bilirdi. Qısa zamanda bu mənzərə dəyişdi – neft pulları gəldi, varlanmış hökumət əvvəl yayım mediasını, ardınca da çap mediasını kontroluna almağa başladı. Reklam pullarının kəsilməsi, mediaya, jurnalistlərə inanılmaz sayda məhkəmə işləri, jurnalist həbsləri, cərimə cəzaları yaşandı. Azərbaycanın həbsdəki jurnalistlərin sayına görə, defamasiya iddialarına görə ATƏT məkanında lider ölkə olduğu vaxtlar vardı. Ardınca, yayım infrastrukturunun ləğvinin fonunda hökumətin yardımları gəlməyə başladı. Maliyyə imkanlarından məhrum edilmiş media səhifə-səhifə həmin yardımlara ram oldu. Ardınca mənzil məsələsi gəldi, başqa həvəsləndirmələr oldu. Bütün bunlar da ram olmayanlara misilsiz basqıların fonunda yaşandı. Beləcə, media hökumətin maraqlarına xidmət etməyə başladı və hazırkı durum yarandı.

-Digər ölkələrdə necədir vəziyyət? Bütün ölkələrdə jurnalistlərin mənzil almağa qazancı çatmır? Yoxsa, bu tendensiya ancaq Azərbaycandadır?

-Ölkələrə görə, durum fərqlidir. Amma Avropa Şurası məkanına daxil olan ölkələrlə müqayisə etsək, bizdəki durum çox acınacaqlıdır. Ukraynada, Gürcüstanda, sovet çətirindən bizimlə birgə çıxmış bir sıra başqa ölkələrdə qurduqları, hökumətin basqılarında qoruya bildikləri mediaları hesabına milyonçu olan jurnalıstlər də var. Ukrayna nümunəsində onların rayonlarında 100 min tirajdan artıq çap olunan, satılan qəzetlər var. Milyonlarla reklam cəlb edən telekanallar var. Gürcüstanda ötən və ondan əvvəlki il medianın reklam gəliri 75 milyonun üzərində idi. Ümumi daxili məhsulu onlardan artıq olan Azərbaycanda bu rəqəm 10 dəfə azdır. Halbuki, normalda bizim medianın reklam qazancı 100 milyonlarla ölçülməlidir. Çap mediası tamamilə hökumətin ayıracağı yardımdan asılıdır. Yayım sektoru yox edilib. Teleradio tezlikləri yalnız hökumətin kontrolunda olan şəxslərə verilə bilər. Bu məhdudiyyətlər qaldıqca, jurnalistlərimizin öz maaşları, qazancları hesabına mənzil əldə edə biləcəyi gün çox uzaqdadır.

-Siz nə təklif edərdiz? Jurnalistlərin normal qazanması üçün, medianın durumunun yaxşılaşması və ayaqda durması üçün hansı addımlar atılmalıdır?

-Başlıca məsələ məhdudiyyətlərin aradan qaldırlmasıdır. Azadlıq olmasa, qalxınma, inkişaf, irəliləyiş olmaz. Azərbaycanda problem çox dərindir, sistemlidir. Medianı, jurnalistikanı ayaq üstə saxlayan reklam gəlirləridir. Reklamı verən isə biznes sektorudur. Biznes sektoru isə siyasətə bağlıdır. Ona görə də məsələ qəlizdir. Başlıca addımlar nələr ola bilər? İnternet mediasına basqılar, məhdudiyyətər, sıxışdırmalara son verilməlidir. Bu sahədə peşəkarların önünün açılmasına təkan verən addımlar atılmalıdır. Göz qorxudan, jurnalistika fəaliyyətindən çəkindirən addımlara son verilməlidir. Düzənləyici qurum teleradio üçün yararlı tezliklərin siyahısını hamının görə biləcəyi divardan asmalı, onları müəyyən ardıcıllıqla, hamı üçün bərabər şərtlərlə tenderlərə çıxarmalıdır. Çap mediasına son 10-15 ildə yaradılmış əngəllər ləğv edilməlidir. Yayım sektoru bərpa edilməlidir. Azərbaycanın media qanunvericiliyi mütərəqqi deyil. Mütərəqqi qanunlara son 10-15 ildə kifayət qədər mürtəce dəyişikliklər edilib. Qanunvericiliyin Avropa Şurası standartlarına uyğunlaşdırlması, onların işləyişi təmin edilməlidir. Bu, addımların atılması bizi, jurnalistlərin öz qazancaları hesabına mənzil ala bilmələrinin mümkün olacağı ortama doğru apara bilər.

Arayış: Jurnalistlər üçün ev tikilməsi haqda sərəncam prezident tərəfindən ilk dəfə 2010-cu ildə verilib. Həmin sərəncamla jurnalistlərin mənzil probleminin həll edilməsi məqsədi ilə ilkin olaraq 5 milyon manat ayrılmışdı. 2013-cü ildə təhvil verilmiş evdə 156 mənzil jurnalistlərə hədiyyə olundu. KİVDF-nin 2013-cü ilə dair hesabatında qeyd olunur ki, təhvil verilən binanın inşasına 22 milyon, 396 min, 316 manat xərclənib. Elə həmin il prezident jurnalistlər üçün ikinci binanın tikintisi ilə bağlı sərəncam imzaladı. İki il ərzində üç bloklu 255 mənzillik binanın inşasına 34 mln manat ayrılıb. Sonradan bu rəqəm 40 milyona qədər qalxıb. 2017-ci ildə təhvil verilmiş həmin evdə 255 mənzil jurnalistlərə paylanılıb. Üçüncü binanın tikintisi üçün isə 2017-ci ildə prezidentin ehtiyat fondundan KİVDF-yə ilkin olaraq 5 milyon manat ayrılıb. Həmin evdə də 255 mənzil var. Bu il 255 mənzilin jurnalistlərə paylanılması gözlənilir.

İlham Əliyev 2008-ci il iyulun 31-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılmasına dair sərəncam imzaladı. Fondun nizamnaməsində qeyd olunur ki, qurumun əsas məqsədi söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, jurnalistlərin sosial müdafiəsini gücləndirməkdir.

2010-2018-ci illərdə dövlət büdcəsindən KİVDF-yə 32,4 milyon manat vəsait ayrılıb. 2019 və 2020-ci illərdə ayrılan vəsaitləri toplasaq bu məbləğ 40 milyon manat edir.

KİVDF-yə illər üzrə KIV-e ayrılan vəsaitlər












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.