"Televiziya, qəzet xəbərləri operativ verə bilmirsə..."

24-09-2020, 09:32           
"Televiziya, qəzet xəbərləri operativ verə bilmirsə..."
Son illər sosial şəbəkələr yazılı və virtual medianın əsas mənbələrindən birinə çevrilib.
Gündəmi izləmək üçün sosial şəbəkələrdən, "YouTube" kanallarından, müxtəlif bloqlardan istifadə edilir. Həm informasiya bolluğu, həm də daha sürətli şəkildə oxucuya çatdırılması sosial şəbəkələri oxucu üçün mənbəyə çevirib.
Bu mənbənin nə qədər etibarlı olması isə başqa mövzudur.
Hətta bəzən tanınmış media orqanları belə sosial şəbəkələrdən xəbər mənbəyi kimi istifadə edirlər. Bu da nəticə etibarı ilə ənənəvi medianın sosial şəbəkələrə uduzmasına səbəb olur.
Ümumiyyətlə, tanınmış şəxslər, siyasətçilər, jurnalistlər günün xəbərlərini haradan oxuyurlar?
Professor Qulu Məhərrəmli Cebhe.info-ya bildirib ki, günümüzdə xəbər mənbələri çoxdur:

"Hazırda xəbər mənbələri çoxdur, sadəcə olaraq, insanlar daha rahat, daha əlçatan mənbələr axtarırlar. Mən hesab edirəm ki, bizim sosial şəbəkələrdən məlumat almağımızın, yaxud ona informasiya mənbəyi kimi baxmağımızın əsas səbəbi ənənəvi medianın sosial şəbəkələrə uduzmağı ilə bağlıdır. Çünki televiziya, qəzet xəbərləri operativ verə bilmirsə, o zaman insanlar alternativ mənbə axtarır və sosial şəbəkələrə müraciət edirlər. Digər tərəfdən, sosial şəbəkədən istifadənin bir səbəbi də odur ki, ənənəvi mediaların özü də sosial şəbəkələrdən platforma kimi istifadə edirlər. Buna görə sosial şəbəkələrə müraciətlərin çoxalmağı səbəbsiz deyil. Sosial şəbəkə təkcə vətəndaşlar, cəmiyyət üçün deyil, həm də ənənəvi media üçün məlumat mənbəyidir. Bu proseslər qarşılıqlı faylanamağa gedir. Artıq multimedia sistemidir. İnsanların əlində telefon var. Onlar qəzet, radio, televizi axtarmırlar, hər şey əllərinin altındadır. Telefondan daha rahat informasiya əldə edirlər".
Azərbaycan Xalq Hərəkatının (AXH) dönəm sədri, Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, bir neçə ildir, sosial şəbəkələr həm ictimai rəyin öyrənilməsi, həm də informasiya resusu kimi önə keçib:

"İnsanlar əvvəllər birbaşa informasiya saytlarına, xəbər portallarına daxil olurdusa, indi böyük əksəriyyət sosial şəbəkələrə müraciət edirlər. Artıq demək olar ki, saytlara daxil olmaq belə, sosial şəbəkələr üzərindən olur. Bir var informasiya portalına girəsən, oradan məlumatlara baxasan, biri də var ki, sosial şəbəkələrə girirsən və artıq müxtəlif informasiya portallarının xəbər linklərini görəsən. İnsanlar xəbər linklərini də sosial şəbəkələrdən paylaşırlar. Biz də siyasi partiya, həm də ictimaiyyətin üzvü olaraq birbaşa məlumat əldə etmək baxımından sosial şəbəkələrdən istifadə edirik. Cəmiyyətin reaksiyasını da öyrənmək üçün sosial şəbəkələr əlverişlidir".
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, sosial şəbəkələr bu gün cəmiyyətin, siyasətin ayrılmaz hissəsinə çevrilib:

"Demək olar ki, bu sahədən bir çox sahələr idarə edilir. Aktiv siyasət adamları, prezidentlər bundan istifadə edirlər. Qloballaşan dünyada artıq texnologiyanın üstün inkişaf etməsi, bundan səmərəli istifadə artıq insanların öhdəsindədir. Fərd olaraq hər bir şəxs burada siyasi prosesləri izləyir, cəmiyyətdə gedən proseslərə münasibət bildirir. Ona görə də siyasətçilər də bu istiqamətə daha çox diqqət edirlər. Mən də sosial şəbəkələrdən maksimum yararlanaraq, mətbuatı oxuyuram, siyasi fikirlərimi çatdırıram. Həyatımızın bir hissəsidir. Demək olar ki, siyasilər də bu platformadan geniş istifadə edirlər".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, hazırda sosial şəbəkələr operativlik baxımından öndədir:

"Sosial şəbəkələr operativlikdə bütün informasiya mənbələrini, qurumlarını qabaqlayır. Amma sosial şəbəkələr etibarlı deyil. Orada yalan, saxta, şişirdilmiş xəbərlər çox olur. Ona görə də sosial şəbəkələrə o dərəcədə də etibar etmək olmur. Hər halda bir medianın etibar qazanması üçün onun uzun müddət oxucu yaddaşında öz dəqiqliyi ilə qalmağı vacibdir. Hazırda həddən artıq çox sayt var. Hansı ki, onlar bir-birindən köçürmə informasiyaları verirlər. Mən fikirləşirəm ki, ənənəvi medianın etibarı daha çoxdur. Xəbərləri oradan oxuyub, onlara etibar etmək lazımdır".
Jurnalist Əzizə Zeynal da əksər insanların sosial şəbəkələrdən xəbər mənbəyi kimi istifadə etdiyini deyir:

"Xüsusilə pandemiya dövrünün başlanğıcından etibarən, həqiqətən də, insanlar sosial şəbəkələri xəbər mənbəyi kimi istifadə edirlər. Deyə bilmərik ki, sosial şəbəkələrdə yayılan bütün informasiyalar yalandır, yox. Lakin məsləhət görərdim ki, vətəndaş əgər sırf sosial şəbəkəni xəbər mənbəyi kimi seçibsə, onda ciddi xəbər portallarının rəsmi səhifələrindən istifadə etsin. Yoxsa ki, ancaq “like” xatirinə dezinformasiya yayan səhifə və profillərə inanmaq olmaz. Ümumilikdə isə ciddi xəbər portallarını, televiziya xəbərlərini izləmək daha məqsədəuyğundur. Ölkə xaricində baş verən hadisələrlə bağlı məlumatlanmaq üçün xarici rəsmi KİV-ləri izləyirəm. Ölkə daxilinə gəldikdə isə biz elə xəbərin içərisindəyik, informasiya məlum olan kimi çalışıb onu birbaşa mənbəyindən dəqiqləşdirirəm".
Aktyor Elməddin Cəfərov bildirib ki, gündəmi izləmək üçün xəbər saytlarına müraciət edir:

"Gün ərzində xəbər saytlarını izləyirəm. Mən sosial şəbəkələrdən istifadə etmirəm. Ona görə ki, oradakı xəbərlər yalan olur. Sosial şəbəkələrdə olan xəbərlər adətən istinadsız, yaxud kiminsə şəxsi fikirləri, adətən yalan olur. Çünki "like", oxunma xatirinə görə xəbərlər paylaşılır. Ona görə də etibarlı hesab etmirəm".
Aktyor Anar Heybətov açıqlamasında bildirib ki, həm televiziya kanallarını, həm də sosial şəbəkələri izləyir:

"Gündəmdən xəbərdar olmaq üçün gün ərzində televiziya kanallarını da, sosial şəbəkələri də izləyirəm. Sosial şəbəkələrdəki məlumatların bir hissəsi ola bilər ki, etibarlı olmasın. Amma televiziya kanallarından olan informasiyalar etibarlıdır. Vaxt tapdıqca gündəmi izləməyə çalışıram".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.