Flora Kərimova: "Müharibə olsa, gedib həkimlik edərəm, lap qab yuyaram..."

26-09-2020, 21:24           
Flora Kərimova:
Son günlər Azərbaycan-Ermənistan sərhədində yenidən gərginlik müşahidə edilir. Bunun nəticəsi olaraq bir neçə gün öncə - sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Ötən gün isə Azərbaycan Prezidentinin köməkçisi - Administrasiyanın Hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev bildirib ki, Azərbaycan dövlətinin, xalqının səbri tükənməz deyil: "Biz daha 25 il oturub torpaqların danışıqlar yolu ilə həll olunmasını gözləməyəcəyik. Bu məsələ konkret həllini tapmalıdır”. Hadisələrin gedişatını izləyən Xalq artisti Flora Kərimova Cebhe.info-ya açıqlamasında son günlər yaşananlara münasibət bildirib. 1990-cı il qanlı 20 yanvar hadisələrində də Sovet ordusunun qarşısına çıxan sənətkarımız müharibə olacağı təqdirdə, yenə cəbhəyə yollanacağını deyib: "Müharibə olsa, mütləq gedərəm. Yaşıma görə heç nəyə gücüm çatmasa da, ən azından əsgərlərimizə həkimlik edərəm. Onlara ana qayğısı, ana yanğısı göstərərəm. Bu, mənim borcumdur, borcumu da yerinə yetirəcəyəm. Qab yuyaram, hər əsgərə "ay can" deyərəm. Təki, bunun nəticəsi olsun (ağlayır). Ölürəm, 5 dəfə insult keçirmişəm, Allah canımı almır ki, mən bu əziyyətlərdən qurtulum. Nə qədər adam fikir edər? Nə qədər şəhid arxasınca ağlayıb fikir edəsən?! Bacarmıram, dözə bilmirəm (ağlayır). Axır-əvvəl müharibə olmalıdır".

O, Qarabağ məsələsində hamının bir amal uğrunda vuruşmalı olduğunu söyləyib: "Mən sizə deyim ki, xarici siyasətimizdən çox razıyam. Nəzərə alsaq ki, düşmənlərimiz, ölkəmizdə satqınlar çoxdur, bizim yolumuz, ideologiyamız, xarici siyasətimiz çox yaxşıdır. Biz şüurumuzla dövlətimizə kömək etməliyik. Biz bir-birimizə olan ədavəti kənara qoyub, bir amalı, bir yolu Qarabağa yönəltməliyik. Qanla alınanı qanla da qaytarmalıyıq. Bizim ayrı yolumuz yoxdur. Ay, “3 rayon verərik, 5 rayon verərik” deyib başımızı aldadıb, başımıza torba salırlar. Hər addımımızı ölçüb-biçməliyik. Çöldə bir-birimizi baltalamayaq, xanımlarımızın namusuna dəyməyək, bir-birimizə dəstək olaq, bir millət olaq. Çünki onlar hər sözümüzü əleyhimizə istifadə edirlər".

Xanım ifaçı 7-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyindəki xəritələrdə “Arsak” yer adının erməni toponimi kimi verilməsinə də sərt şəkildə etirazını bildirib: "Mənim başımdan od çıxdı ki, tarixdə o söz qeyd olunmuşdu. Onlar sonra bunu əleyhimizə istifadə edə bilərlər. Arsax qədim Azərbaycan sözüdürsə, bunu əvvəl millətə açıb deyin, sübut edin, sonra kitab çıxardın. Bir kitabda erməninin bayrağının rəngi olması təsadüfdür? Məncə, təsadüf deyil. Təsadüfdür ki, milləti başa salmadan Arsax yazırsan? Bu boyda qanmazlıq olar? Bu boyda namussuzluq, mənəviyyatsızlıq, namərdlik, mədəniyyətsizlik olar? Nəyi düşünürsünüz?! Bu torpaqda yaşayırsınız, bu torpağın çörəyini yeyirsiniz. Heç yerə də gedə bilməyəcəksiniz!"

F.Kərimova xaricdə yaşayıb Azərbaycan haqqında tənqidi fikirlər söyləyən həmyerlilərimizi də tənqid edib: "Xaricdə hərəsi ağzını Allah yoluna qoyub danışır ki, filankəs pisdir. Onda gəl inandır bu milləti, arxanca apar. Oturmusan orada, xarici hökumətdən ev alırsan, ailəni də ora köçürmüsən. Mırıldayaraq nə istəyirsən bu millətdən, ay bədbəxt? Azərbaycanlı deyilsən? Sən ora qeyrət dalınca gedirsən qeyrət tapdalaya-tapdalaya? O hökumət də sənə pul verir ki, söy, sən də söyürsən".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.