Əli Həsənovun sərt çıxışına deputatdan münasibət: Bəzi məmurlar özlərini pis kişi eləmək istəmirlər

7-05-2015, 23:31           
Əli Həsənovun sərt çıxışına deputatdan münasibət: Bəzi məmurlar özlərini pis kişi eləmək istəmirlər
Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bəzi məmurların ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini (ABŞ, Rusiya, Fransa) tənqid etməməsi ilə bağlı açıqlaması ictimai rezonansa səbəb olub.

O, azərbaycanlı məmurların Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyə görə ABŞ, Rusiya, Fransanı tənqid etməməsini onların bu ölkələrdə bizneslərinin olması ilə əlaqələndirib:
“Niyə dövlət başçısının ətrafında olan bəzi insanlar bu ölkələri tənqid etmirlər? Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var”,-deyə Əli Həsənov bildirib.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı Modern.az saytına danışıb. Deputat bildirib ki, hökumətdə illərdir yüksək vəzifə tutan Əli Həsənov mötəbər bir insandır.
Onun sözlərinə görə, Əli Həsənovun Dağlıq Qarabağla bağlı proseslərin arxa planda qalan hissələrinə, informasiya bloklarına çıxışı olub.
“Bu mənada Əli Həsənovun söylədiyi hər hansı fikrin cəmiyyətdə reaksiya doğurması başa düşüləndir. Onun hökumətdə vəzifə tutan bəzi məmurlara çağırışı da yerinə düşür. Burada məsələnin ağırlıq mərkəzi həmin insanların mövqelərini ictimailəşdirilməsi çağırışıdır”.

Zahid Oruc bildirib ki, hansısa məmur ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Azərbaycandakı səfirlikləri ilə çox yaxşı münasibət qurur:
“Azərbaycan dövlətinin mənafeyi tələb edir ki, məmurlar fəal şəkildə ölkəmiz əleyhinə olan təzyiqlərə, aparılan kampaniyalara reaksiya versinlər. Ancaq həmin məmurlardan kimlərsə özlərini pis etməmək üçün bu hərəkatda yer almırlarsa, bu əlbəttə, çox böyük narahatlıq doğurur. Əminəm ki, hörmətli Əli Həsənov düşüncələrini, fikirlərini mediaya çıxarmazdan öncə mövcud kanallarla dövlət rəhbərliyinə də bu barədə məlumatları çatdırmaq imkanlarına malikdir. Biz bu məsələdən çıxarış edərək hər kəsin Azərbaycanla bağlı məsələlərdə fəal mövqe tutması tələbini bir daha qabartmağa çalışmalıyıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.