“Adam yaşamaq istəmir...” - MÜSAHİBƏ

26-05-2016, 14:44           

Teleaparıcı Hacı Nuran Hüseynovun “Qafqazinfo”ya müsahibəsi

- Sizi yaxşı və gümrah gördük. Səhhətiniz necədir?
- Almaniyaya gedib-gəlirəm, müalicəm davam edir. Bakıya bir günlük gəlmişəm, xalq artisti Ənvər Sadıqovun konsertində iştirak edəcəm. Dostumuzdur, xahiş etdi ki, konsertində iştirak edim. O, uşaqlıq dostumdur, 50 yaşında ilk dəfə solo konsert verdi. Gəlməməyim mümkün deyildi, həkimlərimdən icazə alıb qatıldım.
-Sosial şəbəkədə bir fotonuzu paylaşmışdız. Sözügedən fotoda çox halsız və zəif görünürdüz. Şəkliniz geniş müzakirə olundu...
- Artıq 4 ildir ki, mən xəstəyəm. Sosial şəbəkələrdən çox istifadə etmirdim. Daha sonra sosial şəbəkəyə girdim, mənə 3 il sonra yenidən ora girdiyimə görə bildiriş gəldi. İnsan ağır vəziyyətdə olanda kiminsə ona yazığının gəlməyini, bu vəziyyətdə görməyini istəmir. Çox depressiyada idim, axırıncı dəfə isə çəkim artdı. Kimyəvi terapiya zamanı mənə çox çətin idi.
Bu o demək deyil ki, mən yaşamaq istəmirəm. Sadəcə olaraq çox pis idim. Hamı mənə yazırdı ki, necəsən? Onlara cavab yaza bilmirdim. Götürüb həmin şəkli paylaşdım. Yəni ki, hamıya necə olduğumu göstərmək istədim. Daha sonra reanimasiyaya yerləşdirildim. Səhəri eşitdim ki, bütün şəhər təşvişə düşüb. Şükürlər olsun ki, hər şey yaxşıdır.

-Tez-Tez depressiyaya düşürsüz?
-Yox, kimyəvi terapiya zamanı pis oluram. Sinəmə dəmir tikiblər. Bu zaman istər-istəməz həyəcan keçirirəm. Terapiya olunan otağa girəndə keçirdiyim həyəcanı heç kəsə arzulamıram. Oranın spesifik qoxusu var, adam yaşamaq istəmir. Dözməlisən, başqa çarə yoxdur. Ya olmalısan, ya da ölməlisən.
- Efirə yenidən qayıtmaq barədə heç düşünmürsüz?
- İstəyirdim! Orada olarkən verilişdə çəkilmək barədə düşünürdüm. “Vətənimdir Azərbaycan” layihəsini orada davam etdirməyi planlaşdırırdım. Alınmadı, kimyəvi terapiya alırdım, saçlarım yox idi. Çox gəzmək də olmurdu, ayaqlarım ağrıyırdı. Hər şeyi normal insan kimi edə bilmirsən. Öz-özünə deyirsən ki, bir az da döz. Müəyyən şeylər var ki, danışmaq olmur. Mədə-bağırsaq açılır, uzağa gedə bilmirsən. Bütün bədəndəki proseslər tam əksi istiqamətinə hərəkət edir.

- Uzun müddət “Xeyir körpüsü” verilişinin aparıcısı olmusuz. İndi isə bu mözvuda verilişlər demək olar ki, yoxdur.
- İnşallah, olacaq, istəyirəm ki, layihəmi yenidən canlandırım. Başqa mövzuda verilişlər apara bilmərəm. Ancaq xeyriyyə məqsədli bir layihə istəyirəm. Bütün verilişləri izləyirəm, baxıram. Hər kəsin öz tamaşaçısı və zövqü var. Mən də müəyyən insanlara daim baxmaq istəyirəm.
- Xəstəliyinizin yaranma səbəbi nədir?
- Mənə demişdilər ki, xəstəliyim insanlardan topladığım mənfi enerji sayəsində meydana gəlib. Belə şeylərə çox inanmıram, amma ola bilər. Düzdü, valideynlərimi itirdim. Bütün stresslər mən də toplandı. Məndən nəsə soruşsaz milyon dərdim açılar, ağlamağa başlayaram. Ona görə də gülürəm, rəngarəng geyinirəm. İnsanların dərdimdən xəbərlərinin olmağını istəmirəm. Hər bir insanın öz dərdi var. Oturub danışmaq da olmur. Ümumiyyətlə, xaricdə başqasına dərdini danışmaq qəti qadağandır.
- Hər zaman fərqli və rəngarəng geyimlərdən istifadə edirsiz...
- Hamısını özüm hazırlayıram. Dizayneri də, dərzisi də özüməm. Parçaları da özüm seçirəm, tikirəm.
-Dostlarınız da sizi tək qoymur...
- Elə Ənvər daim yanımda oldu. Həmidə Ömərova, Fidan Qasımova mənə daim dəstək oldular. 7 dəfə yanıma gəliblər. Son zamanlar isə ağrılarım artdı, telefondan istifadə etməyə icazə vermirdilər. Fidan xanım bir neçə dəfə zəng vurub, götürməmişəm. Bu səbədən küsmüşdü, indi barışmışıq.

-İnsan uzaqda olanda hər yanı daha yaxşı görür. Uzaqdan buralar necə görünür?
- Mən Bakıyla yaşayıram. Ancaq elə olurdu ki, orada yanıma gün ərzində 40 nəfər gəlirdi. Avropanın fərqli ölkələrindən azərbaycanlılar məni ziyarət edirdilər, darıxmağa qoymurdular. Ənvər yanıma gəlmişdi, özüylə qarmonunu da gətirmişdi. Bizim üçün ifa etdi, əyləndik. Daha sonra Röyayanıma gəldi, həmin günü də məni əməliyyata apardılar. Leyla Əliyevaya xüsusi təşəkkürümü bildirirəm.
Prezident İlham Əliyev və birinci xanımın dəstəyi ilə müalicəm davam edir. Leyla xanım tez-tez maraqlanır, zəng vurur. Təzəlikcə tədbirdə bir-birimizi gördük. Möcüzəli bir xanımdır, onu yaxından tanıyan insan bilir ki, Leyla xanım necə bir ürəyə malikdir. Hər dəfə məni görəndə dualar edir. Deyir ki, Allah eləsin ki, bütün xəstəliklərin səndən uzaq gəzsin. Leyla Əliyeva kimi hamı olsaydı...
- Birinci Avropa Oyunlarının ulduz səfiri olmuşduz. Formula 1-də missiyanız nədir?
- Yenə xəstəliyim ortaya çıxdı, bu səbəbdən iştirak edə bilmirəm, başım qarışıq olur. İnşallah, İslam Oyunlarında iştirak edəcəm.

- Almaniyaya yenidən qayıdırsız. Nə vaxta kimi orada olacaqsız?
- Müayinələrdən keçmişəm, cavablar gözləyirəm. 2-3 gündən sonra proseslərə start veriləcək. Həkimlər deyir ki, bu, uzunmüddətli bir şeydir. Qrip kimi çarəsini tapmaq olmur. Hissə-hissə hər şey öz yolunu tapacaq. Çox kökəlmişdim, şişmişdim. İndi düzəlmişəm. Hormonal terapiyaya görə belə olmuşdum. Dərmanlardan iyrənirəm. Bir həb var ki, heç içə bilmirəm. Qoxusunu hiss edən kimi ürəyim gedir. İnsan dözür. Dostlar, tanışlar stimul verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.