Polkovnikdən generala ağır ittihamlar...

16-05-2015, 00:29           
Polkovnikdən generala ağır ittihamlar...
Moderator.az vaxtilə mövcud olmuş Laçın alayının komandiri, polkovnik Arif Paşanın 14-15 may 1992-ci il hadisələriylə bağlı "Hürriyyət" qəzetinə verdiyi müsahibəni təqdim edir:

-Arif bəy, çoxdandır səsiniz gəlmir...

-Vallah indi ora-bura qaçmaqdı əsas işimiz, harda görünək ki, görünənlər onsuz da çoxdur, amma baxır kim nəyin peşindədir.

-1992-ci ilin 14 mayında artıq Şuşa getmişdi, Laçın da belə demək mümkündüsə “can üstəydi”. Bakıda isə şıdırğı hakimiyyət davası gedirdi, biriləri hakimiyyəti qorumağa, biriləri revanş götürüb yenidən hakimiyyəti qaytarmağa, biriləri də əvvəlkilərin hər ikisini devirib hakimiyyətə sahiblənməyə çalışırdılar. 14-15 may 1992-ci ildə Arif Paşayev harda idi, yadınızdadırmı?

-Yaxşı yadımdadı, 13-14 may 1992-ci il tarixlərində Laçının “Qayğı” qəsəbəsi ərazisindən keçən yollarımız ermənilər tərəfindən güclü atəşə tutulurdu, myəyyən mənada da tez-tez bağlanılırdı. Həmin vaxda Seyidağa Mövsümlü də ordaydı və yeri gəlmişkən deyim ki, həmin hadisələrin çəkilişlərini də o aparıb. Yəni o günlərdə mənim harda və nə işlə məşğul olmağımın video görüntüləri də var. O zaman biz həm də “Qayğı” qəsəbəsindən insanların evakuasiyası ilə məşğul idik. İndi bizim adamlarımız o vaxt döyüşən adamlara ayrı aspektlərdən yanaşırlar. Həmin il may ayının 13-də Nazirlər Kabinetinin “Laçının evakuasiyası haqqında” 240 saylı qərarı olub. Yəni Laçının əhalisi dövlət səviyyəsində köçürülürdü. O qərarın həyata keçirilməsi üçün konkret direktivlər, icrasına məsul olan adamlar, komissiya üzvləri var. Təbii ki, indiki zamandan baxanda həmin qərara da, onda baş verən hadisələrə də cəmiyyətin münasibəti fərqli görünə, müxtəlif istiqamətlərə yozula bilər.

-Nə qərarıydı ki, Laçını əhalisinin tamamilə köçürülməsi nəzərdə tutulurdu?

-Bəli. Baxın, bu qədər illərdən, Ukraynada baş verənləri və Krımın faktiki işğalını görəndən sonra müəyyən məsələlərə baxışlarım dəyişib, fikir və düşüncələrimdə müəyyən korrektələr olub. Mən fikirləşirəm ki, o qərarı verən insanlarda, dövlət və hökumət təmsilçilərində, Laçına hücum olacağı, hətta, bəlkə orada da Xocalıda olan hadisələrin törədilə biləcəyi haqda məlumatlar ola bilərdi. Bəlkə də bu evakuasiya məsələsi bununla bağlı narahatçlıqdan doğa bilərdi. Yəni indi geriyə baxanda, bu deyilənlərin real olduğunu da düşünürəm. Ən azından işin gedişində əhalini böyük hissəsi qırğına da verilə bilərdi. Təbii ki, biz onda əhali ilə düşmənin birbaşa təmasına mane ola bilərdik, amma qarşı tərəfin ağır artilleriyadan və toplardan istifadə etməsi kifayət qədər itkilərin ola biləcəyini şərtləndirirdi. Bəlkə də bu köçürülmə məsələsi olmasaydı və əhali o şəkildə çıxarılmasaydı, hadisələrin inkişafı başqa istiqamətlərə də yönələ bilərdi. Amma sonradan baş verən hadisələri, işğal olunan ərazilərin coğrafi mövqeyini, digər qlobal prosesləri analiz və təhlil edəndə görürsən ki, orada istənilən müqavimətin olması, nəticələrin indiki kimi olmasına təsir edə bilməzmiş. Amma fakt faktlığında qalır ki, o zaman, tutaq ki, bu yanda Şuşa təkbaşına Dağlıq Qarabağla, bu biri yanda Laçın təkbaşına Ermənistanla savaşırdı, eləcə də sonradan işğal olunan rayonlarımız hərəsi ayrı-ayrılıqda böyük bir respublika ilə döyüşürdülər. Demək olar ki, hər bir rayon öz taleyi ilə baş-başa qalmışdı. Fəlakət bundaydı ki, hər bir rayon Ermənistanla və Dağlıq Qarabağla sərhəddə, öz əhalisinin dərd-səri və ərazisini müdafiəsi baxımından tam şəkildə taleyin ümidinə buraxılmışdı. Bu təkcə o vaxt Şuşa və Laçının işğalı zamanı belə deyildi və biz bunu sonrakı proseslərin gedişində və digər rayonlarımızın işğalı zamanında da gördük. Bütün səviyyələrdə və mənalarda yanımcıllığın olmaması, əlahiddəlik, kollektiv düşüncədən məhrumiyyət, mərkəz əyalət əlaqələrinin zamanın tələblərinə və müharibə şərtlərinə uyğun qurula bilməməsi və sair kimi çox ciddi qüsurların olması, əslində indi olduğundan fərqli nəticələrə gətirə bilməzdi. Hər kəs sadəcə öz rayonunun müdafiəsi ilə məşğul idi və sona qədər də biz bunu anlaya bilmədik ki, düşmən birdir və biz də bu düşmənə qarşı yalnız vahid cəbhədə döyüşməklə uğur qazana bilərik. Amma düşmən tərəfi bunu edə bildi və qazandığı nəticələr də ortadadır. Hər halda həmin dövlərdə mərkəzi hakimiyyət və respublika səviyyəsində rayonlarla, bəzən tam biganə, bəzən də ayrıseçkiliklə qurulan münasibət də faciəni daha da yaxınlaşdırdı.

-Yəni 14 mayda Arif Paşayev “Qayğı” qəsəbəsini köçürməklə məşğul idi?

-Yox, köçürməylə məşğul olanlar da var idi, mən isə digər döyüşçülərlə qəsəbənin düşmən tərəfindən güclü atəş altında olan yollarını açmağa çalışırdım və bunun uğrunda döyüşlər aparırdıq.

-Bakıda olanlardan harda və nə vaxt xəbər tutdunuz?

-O vaxt durum eləydi ki, bizim burda baş verənlərdən xəbər tuta bilmək imkanımız yox idi. Xüsusilə Şuşanın işğalından sonra vəziyyət çox gərginləşmişdi. Üstəlik, mənim özümün də bir çox qayğılarım var idi. Siz də bilirsiniz ki, artıq aprel ayının3-dən mənim komandiri olduğum hərbi hissəni ləğv eləmişdilər. Ona görə də orda mənim müəyyən proseslərə birbaşa və bilavasitə müdaxiləm də mümkün deyildi. Yəni harda bir boş nöqtə varsa, oranı qapamaqdan tutmuş, mərmilərin daşınmasına qədər ümumi işlərin xeyrinə ola biləcək nə ilə desən məşğul olurdum. Sadəcə bu ölkənin vətəndaşı, bu xalqın oğlu olaraq əlimdən gələni etməyə çalışırdım.

-Demək ki, o zaman artıq səlahiyyəti olmayan komandir kimi fəaliyyət göstərirdiniz.

-Səlahiyyəti olmayan komandir olmur axı. Mən onda artıq heç bir hərbi səlahiyyət sahibi olmayan vətəndaş idim.

-Amma orda komandir olanların çoxunun həsəd aparacağı qədər inananılmış adamlarınız, ətrafınız var idi.

-Bəli, düzdür, onda hələ də döyüşçülər və yerli əhali arasında nüfuzum var idi, ərazini digər Bakıdan göndərilmiş komandirlərdən yaxşı tanıyırdım, döyüş təcrübəm də onlardan çox idi. Amma o məqamda səlahiyyətimin olmaması, daha çox işlər görə və qərarlar verə bilməmə əngəllər yaradırdı. Bütün elədiklərimi də öz təşəbbüsümlə edirdim.

-Bakıda olanlardan harda və necə xəbər tuta bildiniz ki, Ayaz Mütəllibov artıq gəlib, gedib və sizin də fəal üzvlərindən olduğunuz Xalq Cəbhəsi demək olar ki, artıq hakimiyyətə sahiblənib?

-Səhv etmirəmsə 14-ü mayda axşam bizə xəbər verdilər ki, bəs Bakıda yenidən Ayaz Mütəllibov hakimiyyətə gəlib. Onda xəbərin hansı vasitə ilə gəldiyi də yadımda deyil, çünki rabitə demək olar ki, yox səviyyəsində idi və təkcə rayon KQB-sinin binasından az-çox normal əlaqə qurmaq mümkün idi.

-Bakıda siyasi proseslərin belə ziq-zaqlı qalxıb enmələri öz yerində, amma həm də sərhəd bölgələrində gerçəkdən müharibə gedirdi. Bu zaman heç olmasa Müdafiə Nazirliyinin fəaliyyəti, döyüşən bölgələrə və hərbi hissələrə diqqəti qənaətbəxş sayıla bilərdimi?

-Bilirsiniz, burda maraqlı bir nüans var, onu deyim, sonra sualınıza cavab verərəm. Səhv etmirəmsə, may ayının 11-də Elbrus Orucov mənə dedi ki, guya ayın 13-dən 14-nə keçən gecə saat 03.45-də Laçına üç istiqamətdən hücum olmalıdır. Mən də onda təklif elədim ki, Laçındakı bütün qüvvələr əsas zərbə istiqamətinə atılsın. Əsas zərbə də Dağlıq Qarabağdan olmalıydı. Çünki ordan biz əsas zərbəni endirəcək erməni qüvvələrinin qarşısını ala bilsəydik, Ermənistan tərəfdən səhəddi keçməyə cəsarət etməzdilər. Amma bu təklifimi nəzərə almadılar və dediyim kimi, əsas zərbə iatiqamətində bizim uduzmağımız labüdləşəndə oraya digər qüvvələrin cəlb edilməsi gec idi və artıq ərazi bütünlüklə bizdə deyildi. İndi düşünürəm ki, mənim təkidlə əsas zərbə istiqamətini qapatmaq tələbimin, ya da xahişimin nəzərə alınmaması üçün Elburus Orucov Laçına məhz Ermənistan tərəfdən olacağı gözlənilən üç tərəfli hucumu dezinformasiya kimi ortaya atmışdı.

-Elbrus Orucov Laçında komandanlığı nə vaxt qəbul etmişdi?

-O zaman müdafiə nazirinin yerlərə çatdırılan əmrlərində də mən bir sıra uyğunsuzluq və dolaşıqlıq gördüm. Həmin əmrlərin verilmə tatixində və sonradan məhkəmədə verilən şahid ifadələrində ziddiyyətlər çoxdur. Məsələn, bir adam bir neçə ziddiyətli əmr verib. Elbrus Orucov isə, fakt olaraq, Laçına aprelin 22-də bir qrup zabitlə gəlmişdi. Amma onun ərazinin məsul komendantı və 4-cü istiqamətdə 104 saylı briqadanın komandiri təyin olunması əmri 1 may 1992-ci ildə 0-153 nömrəsi ilə verilib.

-4-cü istiqamət hara idi ki?

-Dediyim kimi, Şuşa-Laçın istiqaməti. Amma o aprelin 22-də gəlmişdi. 3 aprel tarixli 34-151 nömrəli əmrlə isə Laçın alayı ləğv edilib.

-İllər ötməsinə baxmayaraq, hələ də ictimai rəydə Şuşa ilə Laçının işğalında Rəhim Qazıyevin gühahkar olduğu haqda qənaətlər möcuddur, hətta birbaşa “Rəhim Qazıyev satıb” deyənlər də var...

-Təbii ki, Rəhim Qazıyev həmin dövrdə müdafiə naziri olub və bu baxımdan da, heç şübhəsiz ki, onun da öz çapında məsuliyyət payı olmamış deyil və Rəhim bəyin özü də bunu heç vaxt inkar eləmir ki. Amma bu məsuliyyət nədən ibarətdir, bax bu başqa bir söhbətdir. Əlbəttə, həm mənəvi, həm də siyasi məsuliyyət məsələsi ola bilər. Amma illərlə aparılan rəsmi təbliğatın və qaralama kampaniyasının nəticəsində formalaşmış ictimai rəyin heç bir əsası yoxdur.

-Ümumiyyətlə müdafiə nazirinin və nazirliyin Laçının müdafiəsi ilə bağlı gördüyü və obyektiv, ya da subyektiv səbəblərdən görə bilmədiyi nüansları qeyd edə bilərsinizmi ?

Davamı var...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.