Azərbaycanda çevrilişə çağıran AŞ PA vitse-prezidenti danışdı

25-06-2015, 20:19           
Azərbaycanda çevrilişə çağıran AŞ PA vitse-prezidenti danışdı
Ukrayna Ali Radasının “Pyotr Poroşenko bloku”ndan olan deputatı, AŞ PA-nın vitse-prezidenti Vladimir Aryevin “İlham Əliyevin avtoritar rejimini devirməyə” çağıran təxribatçı bəyanatı təkcə Azərbaycanda yox, Ukraynadakı azərbaycanlılar arasında da hiddətlə qarşılanıb. Çünki Azərbaycan Ukraynaya həmişə təkcə sözdə yox, əməldə də dəstək verib. Onun ərazi bütövlüyünü dəstəkləyib. Ukraynadakı Azərbaycan diasporu isə bu ölkədəki yeni hakimiyyəti birmənalı şəkildə dəstəkləyir. V.Aryev öz facebook səhifəsində Azərbaycan və Ermənistan xalqlarını “öz avtoritar rəhbərlərini devirməyə” çağırır. Açığı, bizə dost ölkə olan Ukraynanın deputatının Azərbaycan hakimiyyəti barədə belə çağırışla çıxış etməsinə inanmaq çətin idi. Hətta belə fikirləşməyə də əsas var idi ki, bu, saxta facebook profili də ola bilər. Amma virtualaz.org saytının hazırda Strasburqda olan Vladimir Aryevlə telefon danışığı bu son ümidin də üstündən xətt çəkdi.

-Vladimir İqoryeviç, sizi Azərbaycan əleyhinə bu cür çıxış etməyə nə vadar etdi?

-Əvvəla, mən azərbaycanlıları Əliyevi devirməyə çağırmamışam. Mənim facebook statusumu diqqətlə oxuyun. Orada belə yazmışam: “Əgər ermənilər və azərbaycanlılar bundan sonra da öz aralarında vuruşmaqda davam etsələr, onlar bu iki ölkənin avtoritar rəhbərlərini gec-tez devirəcəklər”.

Mən belə yazmışam. Yəni belə güman edirəm ki, əgər bundan sonra da belə davam etsə, onda Azərbaycan və Ermənistan xalqları öz avtoritar rejimlərini devirəcəklər. Mən sadəcə olaraq hadisələrin mümkün inkişafını qiymətləndirmişəm. Bunlar isə fərqli şeylərdir.

-İcazə verin, sizinlə razılaşmayım. Axı siz Azərbaycan hakimiyyətini tamamilə əsassız şəkildə avtoritar rejim adlandırırsınız...

-Siz hələ bir AŞ PA-nın sonuncu qətnaməsini oxuyun. Orada da qeyd olunur ki, müstəqil jurnalistləri və hüquq müdafiəçilərini təqib edən hakimiyyətlər avtoritar hesab edilir.

-Burada İlham Əliyevlik nə var? Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub. Bəyəm Əliyev getsə və yerinə Məmmədov gəlsə, Azərbaycan xalqı öz ərazilərinin işğalı ilə barışmalıdır?

-Mən onu nəzərdə tuturam ki, Rusiya azərbaycanlıları və erməniləri toqquşdurur. Moskva Azərbaycana silah və hərbi texnika ilə kömək edir, Ermənistanda isə öz bazasını yerləşdirir. Ancaq belə vəziyyət çox davam edə bilməz. Bu, qan axıdılmasına gətirib çıxara bilər.

-Siz əsas suala cavab vermədiniz: Əliyevin nə günahı, əgər Ermənistan Azərbaycanın ərazilərini işğal edibsə? Siz niyə AŞPA-da bu haqda yazmırsınız və danışmırsınız?

-Hesab edirəm ki, Azərbaycan və Ermənistan sizin aranıza nifaq salan Rusiyaya tərəf meyl etdikcə Qarabağ münaqişəsi heç həll olunmayacaq. Sizin ölkələriniz sinxron olaraq Moskvaya meyl etməyi dayandırsa, hər şey yoluna düşər. Hələlik isə sizi ilgəyə salıblar.

-Sizə elə gəlmir ki, Azərbaycan hökumətini “avtoritar rejim” adlandırmaqla onu təhqir edirsiniz, bununla bütün Azərbaycan xalqını təhqir edirsiniz? Axı Azərbaycan xalqı, dövləti həmişə Ukraynanıı həm sözdə, həm də əməldə dəstəkləyib...

-Hansı əməldə? Azərbaycanda çap edilən bir neçə məqaləyə baxmışam. Orada Ukraynaya dəstək hiss olunmur. Gördüm ki, Azərbaycanda Ukraynaya dair bir-birinə zidd bəyanatlar verirlər. Mənsə gör nə haqda danışıram. Siz Azərbaycan nümayəndə heyətinin AŞ PA-da Ukrayna məsələsi ilə bağlı necə səs verdiyini yadınıza salın. Mən Azərbaycanın həm sözdə, həm də əməldəki mövqelərini müqayisə edə bilərəm. Azərbaycan təkcə sözdə hərəkət etmir. Amma başa düşürəm, Bakı Moskvadan asılı vəziyyətdədir. Ona görə də sözdən əmələ keçmir. Bunu nə qədər çox istəsə də...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.