“Familiyasını dəyişib, aradan çıxıb...” – “Sumqayıt cəlladı”nın izi ilə - Səbuhi Məmmədli yazır

18-03-2017, 01:25           

“Əgər Sergiyev Posadda yaşayırsa, tapacağıq, siz gəlin”.

Bunu bizə yerli diaspora fəallarından biri deyir.

“O, çox hiyləgər adamdı, bir az ehtiyatlı ol”.

Bunu isə Sumqayıt hadisələrini araşdıran vəkil Aslan İsmayılov.


***


Moskvadan 70 km aralıda yerləşir Sergiyev Posad şəhəri. Şəhər də demək olmaz, əslində, kiçik bir qəsəbədir. Kiçik olsa da, rus pravoslavlığının, necə deyərlər, Məkkəsi sayılır. Möhtəşəm kilsələriylə bərabər, müqəddəs ziyarətgahlar məskənidir Sergiyev Posad. Deyilənə görə, elə günlər olur ki, bura gələn turistlərin sayı az qala şəhərin əhalisinin sayına çatır.

Xristianlığın yaratdığı möhtəşəm memarlıq nümunələrinə baxmaq, təbii ki, hər zaman xoşdur. Amma Moskva vilayətində yerləşən bu şəhərə gəlişimizin məqsədi tamam başqadır. Bura, bu müqəddəs şəhərə, sonradan elə öz ermənilərinin dediyi kimi “çox təhlükəli və əclaf” bir şəxsin arxasınca gəlmişik. Onun törətdiyi hadisələrin 25 illiyi ərəfəsində…


***

Zaman 2016-cı ilin fevralı. Həmkarımız Elçin Alıoğlu belə bir yazıyla çıxış edir: Sumqayıt hadisələrini törədən Eduard Qriqoryan hazırda Moskva yaxınlığındakı Sergiyev Posad şəhərindədir. 1991-ci ildə Rusiyanın Ermənistana "cəza müddətinin çəkilməsi" üçün verdiyi Qriqoryan Yerevanda az sonra azad olunub və o, "tarixi vətən"ində bir müddət qalandan sonra Rusiyaya yollanıb. Eduard Qriqoryan indi Sergiyev Posadda asudə həyat yaşayır.

Və ardınca da Qriqoryanın şəkilləri yayılır. O, çox rahatdır bu şəkillərdə . Yaxınları ilə kabab bişirir, musiqiyə qulaq asır …


***

Qatardan düşən kimi elə perrondaca qarşılayır dostlar bizi.

“Mən Dövlət Yol Polisindəki tanışlardan xahiş etmişəm, yoxlayıblar. Belə bir adamın adına hansısa avtomobil qeydiyyatdan keçməyib. Amma başqa vasitələr də var. Tapacağıq, narahat olmayın”.

Yolüstü yorğunluğu çıxarmaq üçün çay içirik. Dostumuz yerli Seçki Komissiyasının seçici siyahısı üzrə adamın yerini təsbit etməyə çalışır.

- Yoxdur, belə bir adamın adı seçki siyahısında yoxdur.

Əlac qalır vətəndaşının qeydiyyat ünvanı üzrə axtarışa. Dostumuz yenə öz nüfuzundan istifadə edir. Yenə də fiasko. Bir Qriqoryan yaşayır Sergiyev Posadda, amma onun adı Eduard deyil.

- Bəlkə adını dəyişib?

- Bir dəqiqə.

Yenə ora-bura zəng.

- Yox, bu cavandı, 1959-cu il təvəllüdlü deyil. Amma tələsmə, görək nə edirik. Burada Bakı erməniləri çoxdur, əl altdan onların ağzını aramaq olar.

Oturduğumuz kafedə siqaret çəkmək qadağandır deyə, bayıra çıxıram. Heç siqareti yandırmağa macal tapmamış dostumuz səsləyir:

- Bir Bakı ermənisi var, Artuş, indi bura gələcək. Düzü, demədim nə məsələdir, dedim Bakıdan qonağım var. Bunlar Bakının xəstəsidirlər. Bakıdan kim bura gəlsə, başına yığışırlar. Sorğu-sual edirlər. Nə isə, gəl çayını iç, indi çatar.


***

Dostumuzla Azərbaycandan danışırıq. Əsas də cəbhədəki vəziyyətdən. Məlumatlı adamdır. Ticarətlə məşğul olsa da, bütün günü özü demişkən, ora-bura qaçsa da, Azərbaycanda gedən prosesləri diqqətlə izləyirmiş. Elə söhbətin şirin yerində girdi içəri.

Salamlaşıb oturdu, Artuş deyilən və təxminən 50-55 yaşlı bu adam.

Dostumuz jurnalist olduğumu demədi, təbii. Gərək də deyildi əslində. Eləcə “qonağımdır” dedi. Artuş bu arada dil-boğaza qoymadan danışırdı. Və…
Və Azərbaycan dillində, Bakı ləhcəsiylə.

- Nə qədər qoogldan baxmaq olar, ara. Ürəyim partlayır getmək istəyirəm. Allah lənət eləsin, bəlasını versin bu hadisələri törədənə. Sən haradansan? Mən “Posyolka Kirovdanam”.

- Mən Biləcəridən.

- Ara, ay qardaş biz yerliyik ki! Hər ikimiz Kirov rayonundan!

- İndi Binəqədidi.

- Bilirəm, “posyolka Kirov” da Rasulzada. Ara, qardaş, vallahi bunun bizim üçün fərqi yoxdur. Mənim dediyim odur ki, orada Yerevanda beş-altı q…ə balasının oyununa düşdük biz. Mənim nə işim vardı, ha, burada. Guya bura gəldim nə dəyişdi? Yenə azərbaycanlılarla bir yerdəyəm. Yenə azərbaycanlı uşaqlarla işləyirik bir yerdə. Allah o balayana-malayana lənət eləsin. Sən Biləcəridə Sergeygili tanıyırdın? “Ploşad” deyilən yerdə olurdular. Onunla Nijnidə (Nijni Novqorod) təsadüfən görüşdüm. Ara, ürəyi partlayır, qala bilmir burada. Üstündən 30 ilə qədər vaxt keçib, öyrəşşəmirik hələ bura. Mən demirəm ki, tək, lap konvoyla olsun, aparsınlar bizi bir gün Bakıya. “Posyolka Kirova”, bulvara baxım, “Torqovı”da gəzim. Vəssalam. Bircə gün e! Nəvəmə deyirəm o gün. Deyirəm, ay Artur - öz adımı qoymuşam - Bakı nə olduğunu sən bilmərsən. Deyir yox baba, Moskva gözəldir. Ruhu yoxdur axı uşağın, nə bilsin Bakı, bakılı olmaq nədir. Deyəsən çox danışdım ha…

Və dərindən nəfəs alır.

Dostumuz dərhal dillənir:

- Artuş, Qriqoryan Posadda yaşayır?

- Nə Qriqoryanı?

- Eduard Qriqoryan da.

- Kimdi ki o?

- Sumqayıt hadisələrini təşkil edən. Tanımadın?

- Ara, o oğ... adı haradan yadına düşdü? Neynirsən o anası q…-ni?

- Deyirlər, burada yaşayır. Necə dəqiqləşdirə bilərik?

- Bilmirəm ara. Amma bəlkə uşaqlar bilər. Sən Hayka denən də bir.

- Özün zəng elə.

Hayk kimdisə, onun nömrəsini yığır. Telefon cavab vermir.

- Götürər indi. Yəqin başı qarışıqdır.

Sözünü bitirməmiş Haykdan zəng gəlir. Telefonun mikrofonun açır:

- Barev (Salam)

- Barev Arturcan.

O başdan ermənicə nəsə deyir. Artur Azərbaycan dilində cavab verir:

- Hayk, qulaq as mənə. Bakıdan uşaqlar gəlib, ona görə Azərbaycanca danışıram.

- Salam de.

- Sağ ol. Qulaq as, Eduard Qriqoryan adlı erməni tanıyırsan?

- Qriqoryan erməni olar da, musurman olmaz ki.
O başda gülür və elə biz də.

- Yox, Arturcan.

- Ara , Sumqayıtda o p..u qayndan Qriqoryanı deyirəm. Burada, Sergiev Posadda yaşayır?

Bir qədər susur…

- Hə, onu deyirsən. Ara onu neynirsən ki?

- Soruşuram.

- Ara, adamı soruş. Nəyinə lazımdı?

- Lazımdı.

- Burada olub nə vaxtsa. Qoy, bir nəfər var, ondan dəqiqi soruşub zəng edəcəm.

Artur yenə başlayır:

- İnternetdə baxıram. Dubaya oxşayır Bakı. Yerevan “ne tyanet menya” (məni çəkmir) qardaş, çəkmir. Moskva da. Bakı başqa məsələ. Biz bakılıyıq axı, yerevanlı deyilik. Kirovskidəki park durur?

- Hə, Qarabağ şəhidinin adını daşıyır.

Dərindən nəfəs alıb köks ötürür:

- Allah bəlasını versin səbəbkarın. Versin, versin, ürəkdən deyirəm.

Bu vaxt Hayk zəng edir:

- Artur, deyirlər, burada yaşayıb, amma xeyli əvvəl harasa rədd olub gedib. Bir fahişə də vardı, onu saxlayırmış. İndi məlum deyil haradadır. Biri də deyir ki, familiyasını dəyişib, Fundukyan olub. Köhnə maşını varmış, bazara mal daşıyırmış. Amma indi Posadda yaşamır.

- Haykcan, dəqiqmi?

- Dəqiq, burada yaşamır.

***

Bəs görəsən harada? Sonradan, lap sonradan Bakıya qayıdandan sonra öyrənəcəyik ki, sanki qaraçı həyatı sürür Qriqoryan, nə vaxtsa yenə də cəzalanacağından ehtiyat edir. Səsi gah Tuladan, gah da Oryol şəhərindən gəlir. Bir sözlə, bir yerdə dayanmır.

***

Sumqayıt hadisələrinin birbaşa təşkilatçısı olan bu adama o vaxt kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə cəmi 12 il cəza verildi. Əslində güllənmə düşürdü. Amma SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır etmişdi həmin vaxt. Yeri gəlmişkən, Eduardla birgə onun qardaşı Ernest Qriqoryan da saxlanılmışdı. Amma hansısa şübhəli əl Ernesti səhəri gün həbsdən azad etmişdi. Eduard SSRİ dağılandan sonra Ermənistana təhvil verilmişdi. Rəsmi İrəvan isə Qriqoryandan əzabkeş obrazı yaradaraq, onu həbsdən azad etmişdi. Eduard o gedən Rusiyaya yollanmışdı. Bir müddət İrkutskda yaşayıb, sonra Krasnoyarska köçüb. Daha sonra isə Moskva vilayətinə, Sergiyev Posada. Buradan isə yenə də yoxa çıxıb. Amma sağdır. Və nə vaxtsa, ədalət məhkəməsi qarşısında oturacağından da qorxur…


***

- Ara, nə var gedirsən, bir-iki gün qonağımız ol burada...

- Qayıtmalıyam, Artur.

- Qayıtmalısan e, bilirəm. Bir “posyolka Kirova” get, orda bazarda, sağ tərəfdə mənim atamın ayaqqabı “masterskoyu” vardı. Gör dururmu, durursa şəklini çək ara… Göndər mənə… Nə olar ara.

Gözləri olur. Hıçqırır.

- Bilmirlər e Bakıda, bilmirlər ki, biz erməni deyilik, ara, biz bakılıyıq. Denən də orada, nə olar, denən...

Bilirəm, Artur, bilirəm, siz bakılısınız. Amma siz bakılıları da Bakıdan məhrum edən elə öz erməniləriniz oldu. Qriqoryan kimi. Ağlamaq isə artıq gecdir...

Moskva göz yaşlarına inanmır...

Səbuhi Məmmədli,
Moskva
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.