"Nazim İbrahimov bu yarışmada gözə dəymədi".... - SORĞU

29-06-2015, 22:07           
"Nazim İbrahimov bu yarışmada gözə dəymədi".... - SORĞU
Editor.az “Məmurlar jurnalistlərin gözü ilə” adlı yeni rubrikaya start verir. Hər həftə oxucuların görüşünə gələcək rubrikada ölkənin aparıcı mətbuat orqanlarında çalışan jurnalistlər müxtəlif sahələrə rəhbərlik edən məmurların fəaliyyəti ilə bağlı fikirlərini Editor.az-a bölüşəcəklər.

Rubrikanın növbəti qonağı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovdur.

Dosye: Nazim Hüseyn oğlu İbrahimov 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1985-ci ildə Nəvahi “AES”-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1991-97-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub. 1997-ci ilin mart ayından Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Azərbaycanın Moldova və Polşada fövqəladə və səlahiyyətli səfiri, 1999-cu ilin fevralından isə eyni zamanda Azərbaycanın Belorusda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, 2008-ci ildən isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir.

Bir müddət öncə həbs olunan və sonradan azadlığa buraxılan “tikinti oliqarxı” Hacı İbrahim Nehrəmlinin və “ATV” telekanalının sabiq prezidenti, hazırda Türkiyədə yaşayan biznesmen Tağı İbrahimovun qardaşıdır.

Elməddin Muradlı (“Üç Nöqtə” qəzeti):

Xaricdə yaşayan, diaspor fəaliyyəti ilə məşğul olan dostlarımızdan, tanışlarımızdan elə şeylər şeylər eşidirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun fəaliyyətinə müsbət yanaşa bilmirəm. Düzünü deyim ki, Nazim İbrahimovu daha çox biznesmen kimi tanıyıram, nəinki məmur kimi.

Zahir Rəhimov (Qaynar.info):

Doğrusu, diaspora ilə bağlı məsələləri ətraflı izləmədiyimə görə, konkret şərh verməyə çətinlik çəkirəm. Hər halda hökümətdəki digər nazirlər və komitə sədrləri necə işləyirsə, Nazim İbarhimov da aşağı-yuxarı onlar kimi işləyir. Molla Nəsrəddin demiş, bunu da bilənlər bilir. Bilməyənlər də bilənlərdən soruşsun.

Qafqaz Ömərov (Ölkə.az):

Ümumilikdə xaricdəki diasporumuzun fəaliyyətini qeyri-kafi hesab edirəm. Digərləri, xüsusən də düşmənlərimizlə müqayisədə bizim diasporamız yox səviyyəsindədir. Komitənin işi və sədrinin fəaliyyəti də elə diasporanın fəaliyyəti kimidir.

Zaur Əhmədov (Mia.az):

Mən bu qurumun fəaliyyətini hər hansı formada hiss etmirəm. Komitə sədri Nazim İbrahimovu isə yalnız bahalı və şıq kostyum geyinən məmur kimi xarakterizə edə bilərəm. Çünki başqa özəlliyini müşahidə etməmişəm.

Hacıbəy Heydərli (Azxeber.com):

Birmənalı şəkildə demək ki, Nazim İbrahimov və ya Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərmir, bu ədalətsizlik olardı. Amma bununla yanaşı qurumun fəaliyyətində ciddi aktivlik də müşahidə olunmur. Hesab edirəm ki, Nazim İbrahimov bir məmur kimi, nə çox aktivdir, nə də çox passiv.

Nahid Canbaxışlı (Veteninfo.az):

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə kompleks yanaşsaq, qurumun fəaliyyətini müsbət qiymətləndirmək olar. Ancaq məsələ burasındadır ki, xaricdə Azərbaycan diasporunun aktiv fəaliyyəti təkcə komitədən və yaxud komitənin sədri Nazim İbrahimovdan asılı deyil. Təbii ki, dövlət müxtəlif ölkələrdə mövcud olan diasporların fəaliyyəti üçün müəyyən maddi köməkliklər göstərir. Lakin bəzi diaspor təşkilatları tədbirlər keçirmədikləri halda, komitəyə maliyyə hesabatları göndərərək, pullar silirlər. Bu haqda komitənin özündə də ciddi faktlar var. Nazim İbrahimov komitə sədri kimi bu təşkilatları ayrı-ayrılıqda güdəsi deyil ki, hansı təşkilat necə fəaliyyət göstərir?! Komitədə bu işlərə nəzarət edəcək insanlar var və hansısa neqativ hallar varsa, ilk olaraq bu məmurlar məsuliyyət daşıyırlar. Nazim İbrahimov uzun illərdi bu sahədədir və komitənin işinin təşkilinə yüksək əmək sərf edir. Beynəlxalq Nizami Gəncəvi Fondu vasitəsi ilə görülən işlər, təşkil edilən beynəlxalq tədbirlər bunu deməyə əsas verir.

Razi Abbasbəyli (Gundeminfo.az):

Fikirimcə, Nazim İbrahimovun işini yüksək qiymətləndirmək ədalətli olmaz. Xüsusilə də yerli mətbuatla işin təşkili sahəsində onun rəhbərlik etdiyi komitə o qədər də uğurlu fəaliyyət göstərmir. Biz Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunları ərəfəsində də Nazim İbrahimovun rəhbəri olduğu komitənin diaspora ilə işində, təbliğat məsələlərində nəzərəçarpacaq fəaliyyətini müşahidə etmədik. Azərbaycanda mühüm bir tarixi-mədəni hadisə baş verdi. Ölkənin bütün strukturları, sıravi vətəndaşlar belə bu məsələdə böyük həmrəylik göstərdilər. Amma birbaşa N.İbrahimovun komitəsinin görməli olduğu istiqamətdə heç nə müşahidə edilmədi, gözə dəymədi. Bəlkə də işləyiblər, amma yerli media ilə işlərini o qədər bərbad halda qurublar ki, gördükləri işi belə özlərindən başqa heç kim görə bilmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.