"Heydər Əliyev baş prokurordan soruşdu ki, nə görmüsüz bu Sabir Rüstəmxanlıda?”

9-07-2015, 23:38           
"Heydər Əliyev baş prokurordan soruşdu ki, nə görmüsüz bu Sabir Rüstəmxanlıda?”
Son zamanlar Dünya Azərbaycanlıları Konqresi (DAK) ətrafında yaranmış növbəti qalmaqal mətbuat səhifələrində daha çox görünməyə başlayıb.

DAK-ın həmsədri olan Sabir Rüstəmxanlının həyat yoldaşı, Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı ilə müsahibəni təqdim edirik:

- Tənzilə xanım, DAK ətrafında gəzən bu söz-söhbətlər, məlum şəxslər tərəfindən iddialı açıqlamalar nədən qaynaqlanır?

- Bilirsiz, artıq bu DAK məsələsi Türkiyə türkləri demişkən, "midəmi bulandırdı”. Heç bir əsası olmayan söz-söhbətlər, dedi-qodular... mən bütün bunlara qarşı yazılar da yazmışdım. Sonra fikirləşdim ki, mənim qələmimlə bunlara cavab verməyə dəyməzmiş. Belə hallar birinci və sonuncu deyil, biz belə hücumlara çox məruz qalmışıq...

- Həyat yoldaşınız Sabir Rüstəmxanlının və şəxsən sizin DAK-da rolunuza kölgə salanlar, sizcə, nə dərəcədə obyektivdirlər?

- Mən DAK yaranandan bəri (1997-ci il – red.) bu təşkilatdayam. O vaxt təkşkilatın birinci qurultayı müəyyən səbəblərdən baş tutmamışdı. ABŞ-da keçirilən qurultayda isə Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində mən də vardım. Mərhum ümummilli lider Heydər Əliyev də qurultay iştirakçılarına təbrik məktubu göndərmişdi. O, uzaqgörən siyasətçi olduğuna görə diasporun yaranmasına və inkişafına çox böyük önəm verirdi.
Bizim, yəni o vaxt DAK-ın qurultayına gedənlərin heç birinin başqa bir idiiası yox idi. Yeganə məramımız Azərbaycan adına iş görmək idi. Əslində heç o vaxt Azərbaycan diasporu adında bir şey də yox idi. Bir Türk diasporu vardı, biz də daim onların yardımından istifadə edirdik. Bir də Güneydən gəlmiş azərbaycanlılar vardı ki, onların da çoxunun diaspor fəaliyyəti ilə bağlı, necə deyərlər, "səsləri çıxmırdı”.

- Yəni bu sahədə fəaliyyətləri çox zəif idi?

- Bilirsiz, diaspora məsələsində onlar çox da aktiv deyillər. Bir misal çəkim. O vaxt Sabir bəylə məni Kanadanın Toronto şəhərinə dəvət etmişdilər. Dedilər ki, burda nəhəng bir bilgisayar fabriki var, onun sahibi İran azərbaycanlısıdı. Amma orda fəaliyyət göstərən Azərbaycan dərnəkləri üçün bir quruş yardım etmirdi.

- Niyə yardım etməsin ki?

- Təəssüflər olsun, Avropada yaşayan Güney Azərbaycan türklərinin milli məfkurə, milli fəlsəfə problemləri var. Ümumiyyətlə, Güney problemi qəliz məsələdi. Dərd orasındadı ki, Güney əsilli, Güney Azərbaycan məsələsini gündəmə gətirə biləcək adamların çoxusu İran kəşfiyyatının adamlarıdı.

- Maraqlıdı...

- Əlbəttə. Ağlı başında olan hər kəs bunu hiss edir. Yadınızda olar, Türkiyədə Güneylə bağlı son qurultay (2015-ci il, aprel) möhtəşəm keçmişdi. Qurultayın Türkiyədə keçirilməsinin səbəbi, ermənilərin sözdə "erməni soyqırımı”nın "100 illik yubileyi”nə hazırlaşmaları ilə bağlı idi. Göstərmək istəyirdik ki, əsl soyqırımını zaman-zaman ermənilər türklərə qarşı həyata keçiriblər. Türkiyənin bütün televiziyaları, media qurumları tədbirə toplanmışdı. Həmin qurultay Türkiyənin gündəminə çevrilmişdi. Hətta Türkiyə televiziyası o qurultayı 3 saat canlı yayımladı. Lakin qurultaydan sonra baş verənlərə nəzər salın. Ümumiyyətlə, DAK-ın istənilən bir tədbirindən sonra İran mütləq dövlət səviyyəsində buna qarşı çıxır. "Səhər2” televiziyasına baxın, Sabir Rüstəmxanlı və ailəsi mənfi mənada bunların gündəmindədi. Niyə? Çünki Sabir bəy DAK-ın rəhbərliyindədi. Görəsən niyə İran bu qədər narazıdı? Biz demirik ki, İran bölünsün, parçalansın. Biz deyirik ki, sizin vətəndaşınız olan ermənilər və digər xalqlara tanıdığınız haqqı, həmçinin sizin vətəndaşlarınız olan azərbaycanlılara da tanıyın. İran, əlbəttə, öz dövlətçilik maraqları baxımından DAK-ın mövcudluğundan narahatdır, bu, başadüşüləndir. Bəs görəsən bəzi insanlar bundan niyə narahatdır? Fikir verin, görün DAK və Güney mövzusu ilə bağlı problem yaradan, ortada olan adamlar kimlərdir? Adlarını belə çəkmək istəmədiyim, Azərbaycan adına bir daşı götürüb o birinin üzərinə qoymamış şəxslər!

- Lakin o adlarını çəkmək istəmədiyiniz şəxslər Sabir Rüstəmxanlını indiyədək heç bir iş görməməkdə, "daşı daş üstünə qoymamaqda” ittiham edirlər.

- Başa düşmürəm, Sabir bəy daha nə etməliydi? 6 il nazir işlədi, 7 dəfə yoxlatdırmışdılar. Lakin işində heç bir qüsur tapa bilməmişdilər. Və axırda mərhum Heydər Əliyev o dönəmin baş prokurorundan soruşur ki, nə var, nə olub, nə görmüsüz bu Sabir Rüstəmxanlıda? Prokuror, bu qədər yoxlamalara rəğmən, heç nə tapa bilmədiklərini etiraf edəndə, Heydər Əliyev də cavabında demişdi ki, onda qapadın getsin bu məsələni...

- "Sabir Rüstəmxanlı kimdir ki” iddiasını necə qarşıladız?

- Adamı yandıran bilirsiz nədi? Sabir Rüstəmxanlı kimi tanınmış bir ziyalıya təsadüfi bir adam qıraqdan durub deyir "sən heç kimsən” və Azərbaycan ziyalıları buna qıraqdan, əlini ovuşdura-ovuşdura baxaraq susursa, yazıqlar olsun. Bu ölkədə o cür adamlara meydan verən jurnalistlər varsa, görün biz nə gündəyik. Əlbəttə, heç kəs büt deyil, hamı tənqid oluna bilər. Lakin söhbət təhqirdən gedir. Sən bu millətin mənəviyyatını yaradan kişilərdən birinə qarşı öz mətbu orqanında bu cür təhqiramiz ifadələrin işlənməsinə yol verirsənsə, demək, sən o çamur atanlardan da betərsən...
Adam nə qədər nadan, nə qədər cahil, nə qədər əxlaqsız olmalıdır ki, "Sabir Rüstəmxanlı kimdir ki...” desin. Söhbət təkcə Sabir bəydən də getmir. Sabir Rüstəmxanlının həyat yoldaşı olaraq, onunla çiyin-çiyinə mübarizə aparıram deyə, mən də hədəfdəyəm.

- Hətta deyirlər ki, guya Sabir Rüstəmxanlını siz "idarə edirsiz...”

- Bu cahillikdir, iftiradır, bizə atılan çirkabdır. Azərbaycan ziyalısının, türk aydınının taleyi həmişə belə olub. Onlara çirkab atanlar da hər bir dönəmdə olduğu kimi, indi də var. Azərbaycan qadını belə adamların üzünə tüpürməlidir. Onlara deyən lazımdır, Tənzilə Rüstəmxanlı hələ kimdir ki? Siz çevirin başınızı, Azərbaycan prezidenti İlham Əliyevə, onun xanımına, Avropa Oyunları kimi mötəbər idman yarışının təşkilatçısı Mehriban Əliyevaya baxın. Mən heç onun bu ölkə üçün gördüyü işlərin mində birini görməmişəm.
Məgər bir qadın həyat yoldaşının yanında dayanıb, ölkəsi üçün, milləti üçün mübarizə aparırsa, onda belə çıxır ki, onu idarə edir? Sabir Rüstəmxanlını idarə etməyə mənim nə yaşım, nə də başım çatmaz. Sabir Rüstəmxanlı hətta ölkə yönəldəcək bir gücdədir, ona lazım deyil ki, kimsə onu idarə etsin.

Lakin bəli, mən Sabir bəyi həmişə sizin kimi çirkab atanlardan qorumuşam. Sabir Rüstəmxanlı həmişə şair ürəyinin yumşaq tərəfinə salıb sizin çirkabınızı görməyib. Mən isə qadın ürəyi, ana həssaslığı ilə bunu görmüşəm. Və demişəm ki, bu adamlar onun-bunun agentləridi, bizim aramıza yerləşdiriblər, diqqət etmək lazımdı. Hələ on il qabaq Sabir bəyə demişdim ki, bu adamlardan uzaq dur. Ümumiyyətlə, mən heç vaxt Sabir bəyin DAK-ın başında olmasını istəməmişəm. Onu bəzi güneylilər məcbur ediblər, deyiblər siz mütləq DAK-a rəhbərlik etməlisiz.

- Niyə istəməmisiz ki?

- Ona görə ki, maddi mənəvi imkanlarımızı bu quruma xərcləyirik. Mənəvi imkanlarımızı bu qurumda olan bəziləri talan edirlər. Bu da bizim "sağ ol”umuzdu? Güneylilər məndən inciməsin, onların arasında olan bəziləri adama qara yaxmaq istəyəndə, birinci onun xanımından başlayırlar. Bu nə əxlaqdı? Bunlar niyə bu xəstəliyə tutulublar? Bir də bilirsiz nəyə təəccüblənirəm? Məgər DAK da həmsədr təkcə Sabir bəydir? Onu hədəf seçənlərə xatırlatmaq istəyirəm ki, DAK-da digər həmsədr Firudin Pərvizniya da var, İdarə heyəti də var, get ittihamlarını onlara yönəlt, mənə niyə yönəldirsən? Mən DAK-ın qurulmasında iştirak edəndə, üzr istəyirəm ifadəmə görə, sən küçələrdə peraşki satırdın (ünvanlı – red.).

- Bəs yaxşı, necə olub ki, belə adamlar qurum rəhbərliyinə qədəryol tapıblar; onların önə çəkilməsində kimlər maraqlıdır?

- Yaxşı sualdı. Soruşan lazımdı, DAK-ın Daimi Şurasına iddialı olan bu adam kimdi? Heç kim! Sabir Rüstəmxanlının yazıçı və şair statusu onun millət vəkilliyindən də üstündür. Avropa bunu belə qəbul edir. Gözlərimin şahidiyəm, Sabir bəy "mən yazaram” deyəndə, avropalıların üzlərində gül açırdı. İndi baxın, belə bir fikir adamının, milli məsələləri elmi şəkildə bilən bir adamın DAK rəhbərliyində olmasını istəmirlər.

- İttihamlardan biri də maliyyə məsələsi ilə bağlıydı...

- Bilirsiz, Sabir bəy gözü-könlü tox adamdı. Elə şeylər var ki, dilə gətirmək yaxşı çıxmır. Mən bilirəm ki, Sabir bəy öz hesabına nə qədər uşaq oxutdurub. Biz Türk dünyası adına, kərküklər, uyğurlar da daxil olmaqla, qapımızı döyən hər kəsin bacardığımız qədər əlindən tutmağa çalışmışıq. Bunu hansısa şəxsi marağa görə etmirik ki. Bu, bizim içimizdən gəlir. Vətən sevgisindən gəlir. Sabir bəy də, mən də, hər ikimiz böyük nəsildənik. Mənim anam adlı-sanlı irəvanlı Əli bəyin qızıdı, bir tərəfim də Qarsda yaşamış Məşədi Məhərrəmin nəvəsidi. Bunu bütün Ağbaba mahalı bilir... Yəni dediyim odur ki, belə nəsildən çıxan insanlara görün hansı ləkəni yaxmağa çalışırlar.
Adamın vicdanı olar. Guya biz pul amışıq kimlərdənsə. Kimdən? Haradan almışıq pulu?
Hələ Sabir bəy bir yana, mənim özümü yalvara-yalvara DAK-a dəvət ediblər. Cavad Derəxti özü şəxsən dəvət edib. Mən DAK-ın adından necə və hardan pul almışam? Mənim və rəhbəri olduğum cəmiyyətin 20 illik fəaliyyəti göz qabağındadı, kimdən nə almışıq, hansı tədbirlər keçirmişik və s. Bizim aldığımız yeganə maliyyə, QHT-lərə Dövlət Dəstəyi Şurasından iki ildən bir aldığımız cüzi məbləğdir ki, o da bizim gördüyümüz işlərin yanında heç nədir. Bizim Avropada, Türkiyədə böyük tədbirlərimiz olub. Orada o qədər Azərbaycan sevdalı aydınlar var. Universitetlərdə konfranslar düzənləyirik. Bu cahilin, bu nadanın səviyyəsi döyül axı bu işləri görmək.
Bilirsiz, ən əsası budur ki, mənim qızıldan qiymətli vaxtım gedir. Deyir milçək bir şey deyil, ürək bulandırır. Bu adamlar elə bilməsinlər ki, məsuliyyətdən yaxa qurtaracaqlar. Buna görə məhkəmə qarşısında cavab verəcəklər.

Görün nə deyir: deyir məni Azərbaycanda heç kəs məhkəməyə verə bilməz, mən İsveç vətəndaşıyam. Özü də görün özü haqda necə yüksək fikirdədi: deyir ki, məni Azərbaycanda məhkəməyə versələr, mənimlə bağlı burda hansısa problem yaranarsa, bu, ölkələrarası siyasi skandala səbəb olar. Axı sən nə böyük adamsan ki, sənə görə iki dövlət arasında problem yaşansın?
Yaxşı, sən İsveç vətəndaşısan, onda aylarla, illərlə Azərbaycanda nə gəzirsən? Əcnəbi vətəndaş Azərbaycanda 3 aydan artıq qalmaq üçün mütləq sərhəddən giriş-çıxış etməlidir. Xeyir ola sən bunları etmirsən? Sən Sabir Rüstəmxanlının o vaxt yazdığı məktubu əsasında bu üstünlüyü qazanmısan.
Sənə kim ixtiyar verir ki, mənə öz dövlətimdə çirkab atasan, rəhbərlik etdiyim cəmiyyətin 20 illik fəaliyyətinə kölgə salasan? Mənim analıq, qadınlıq qürurumu təhqir edəsən? Əgər keçmiş zamanlar olsaydı, onun cavabı başqa cür verilərdi. Amma indi dönəm o dönəm deyil. Mən öz yaxın ətrafıma da tapşırmışam ki, onunla ağız-ağıza vermək artıqdır, nə lazımdısa, hüquqi müstəvidə cavab veriləcək. Hazırda sənədlər hazırlanır. Qeyd edim ki, onu məhkəməyə mənim rəhbərlik etdiyim cəmiyyət verəcək.

- DAK-ın bütün tədbirlərinin maddi baxımdan Azərbaycandan dəstəklənməsi barədə deyilənlərə münasibətiniz necədir?

- Ən ciddisi bilirsiz nədi? Bu adam hansı haqla Diasporlarla iş üzrə Dövlət Komitəsinin diaspor təşkilatlarımıza dəstəyini de-şifrə edir? Heç görmüsüzmü Ermənistan öz diaspor təşkilatlarına dəstəyi barədə bircə dəfə də olsun açıqlama verə? Yaxud başqa ölkələrin Azərbaycanda gizli-aşkar fəaliyyət göstərən qurumlarına ayırdığı yardımlar olsun. Heç biri açıqlama verməyiblər bu barədə. Bəs yaxşı, sən hansı məqsədlə bu dövlətin maraqlarına ziyan vurursan? Bu adam Azərbaycanın DAK-a dəstək verməsi məsələsi ilə həm də dövlətin əl-qolunu bağlayır. Sabah İran bizə desin ki, niyə saxtakarlıq edirsiz, bir tərəfdən deyirsiz DAK ictimai qurumdu, o biri tərəfdən isə dəstək verirsiz. Diaspora komitəsi o adamı çağırıb deməlidir ki, "dəf ol bu ölkədən!” Və əlbəttə, Diasporlarla iş üzrə Dövlət Komitəsi də bu məsələlər bağlı açıqlama verəcək. Məhkəmədə hamısı aydınlaşacaq. Qoy bilsinlər ki, Sabir Rüstəmxanlının verə bilməyəcəyi heç bir hesab yoxdu.

- Söhbət ərzində sizi ittiham edənlərin adlarını çəkmək istəmədiniz. Amma oxucu hiss edir ki, söhbət əsasən Əjdər Tağızadədən gedir...

- O 1985-ci ildə İrandan qaçanda, gəlib bu tayda sovet KQB-sinin təsirinə düşmüşdü. Bunu hamı bilir, hətta bu gün ona ən yaxın olan Səftər Rəhimli də bir neçə il əvvəl açıqlama vermişdi ki, Əjdər Tağızadə düz on il sərasər rus KQB-sinə işləyib. İndi hər şey göz qabağındadı, elə adamları ortaya atıb danışdıranların da kimliyi məlumdu.
Yeri gəlmişkən, mən MTN-ə müraciət edəcəyəm. Bu adam deyir ki, mən MTN-in 4 generalı ilə oturub-dururam. Görüm kimdi o generallar...

- DAK-da bir "Güney-Quzey” söhbəti də ortaya çıxıb deyəsən...

- Bilirsiz, "Güney-Quzey” ayrı-seçkiliyini salmaq fars rejiminə sərf edir. Belə bir ittiham var ki, guya Quzey Azərbaycandan olanlar güneylilərin problemlərini yaxşı bilmədiklərindən, onların həlli üçün də ciddi bir iş görə bilməzlər. Məgər DAK təkcə Güney problemi ilə məşğul olur? Güney DAK-ın məşğul olduğu problemlərin bir parçasıdı. Bu adamın məntiqinə baxın: "Güneyin məsələsini Güney həll etməlidir, Quzey yox”. Sən kimsən axı bu vətəni güneyə, quzeyə bölürsən? Biz zatən ikiyə parçalanmışıq. Fikir olaraq da ayırmaq istəyirsiz?
Axı heç o şəxs Güneyi də təmsil etmir. Güneydən yüzlərlə adam bizə yazır ki, o kimdir sizin haqqınızda belə danışır? Yazırlar ki, Sabir bəy, o sizin şeirinizdə bir vergül olmağa belə layiq deyil, niyə ona baş qoşursuz? Biz sizin şeirlərinizi əzbər bilirik burda. Sizin "Ömür kitabı”nı gizli-gizli evimizdə oxumuşuq. Axı o kimdir Güney adından danışır orda?

- Tənzilə xanım, sonda cəmiyyətiniz adından gördüyünüz işlər barədə qısa da olsa məlumat verərdiniz.

- Bilirsiz ki, mən həm Azəri-Türk Qadınlar Birliyinin, həm də Azərbaycan-Türkiyə Evinin rəhbəriyəm. Hər il təkcə Xocalı soyqırımı ilə bağlı Türkiyədə ən azı, on universitetdə konfranslar təşkil etmişik. Türkiyənin elə bir bölgəsi yoxdur ki, orada olmayım, Diarbəkir və Hakkaridən başqa. Hələ çoxlarının Xocalıda nə baş verdiyini bilmədiyi vaxtlarda – 1993-ci ildən başlayaraq bu soyqırım faciəsinin Türkiyə ictimaiyyətinə çatdırılması üçün hərəkətə keçmişik. 2001-ci ildə TRT İnt kanalında Xocalıya həsr olunmuş, 7 dildə tərcümə edilərək yayılan beynəlxalq simpoziumun təşəbbüskarı şəxsən mənəm. Xocalı soyqırımı ilə bağlı 3 kitab yazmışam və bunların da çoxu Türkiyədə yayılıb. Elə olub ki, bir gündə 3 televiziyaya çıxmışam. Hər gedişimdə mütləq 2-3 saatlıq canlı dartışma proqramlarında Azərbaycanın problemlərini anlatmışam. O çamur atanlar burda bizi söyəndə, mən Türkiyə televiziyasında I Avropa Oyunlarının möhtəşəmliyini, Azərbaycan prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın möhtəşəm təşkilatçılığını anladırdım və qürur duyurdum.
Atatürk konfransı təşkil edib 17 ölkədən nümayəndə dəvət etmişdik. Şah İsmayıl Xətaini fars rejiminə qulluq göstərən bəzi güneyli qardaşlarımız da daxil olmaqla, çoxları həqarət edəndə, biz Xətai simpoziumu təşkil edib 12 ölkədən alimlər dəvət etmişdik. Brüsseldə iki dəfə Qarabağ konfransı keçirmişik. Məgər bu asan məsələdir? Nə qədər yazıçı və şairlərimizin yaradıcılıq gecələrini keçirmişik, kitablarını nəşr etdirmişik... Bilirsiz, saymaqla qurtaran deyil. Onsuz da Azərbaycan ictimaiyyəti bizim bütün işlərimizdən xəbərdardır.
Gördüyümüz işlər barədə ümumi təsəvvür yaratmaq üçün isə, təkcə bax, bunları göstərmək kifayət edir (Tənzilə xanım əli ilə müxtəlif beynəlxalq tədbirlərdə aldığı ödülləri, diplomları göstərir – red.)

Redaksiyanın qeydi: Tənzilə xanımın beynəlxalq tədbirlərdən qazandığı mükafatları və ödülləri doğrudan da saymaqla qurtaran deyildi. Hər birinin də öz gözəlliyi, hər birinin də öz çəkisi. MHP lideri Devlet Bahçelinin şəxsən Tənzilə Rüstəmxanlıya təqdim etdiyi ödüldən tutmuş daha nələr, nələr...

Bizim isə sadəcə onların şəklini çəkməyə vaxtımız vardı...(bakuinfo.az)


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.