Ramil Şeydayev: "Ola bilsin, oyun təcrübəm azdır"

5-09-2017, 08:26           
Ramil Şeydayev: "Ola bilsin, oyun təcrübəm azdır"
Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Ramil Şeydayev San Marinonu 5:1 hesabı ilə yendikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
"Report" həmin müsahibəni təqdim edir:
- Qol vura bilməməyiniz üçün nə çatmadı?
- Ustalıq çatmadı (gülür). Düzü, bilmirəm. Ola bilsin, oyun təcrübəm azdır. Hansısa xırda məqamlar var ki, gələcəkdə qollar vurmaq üçün onlar üzərində işləmək lazımdır. Qol vurmalı idim. Amma alınmadı.
- Daha üstün olan Slovakiya çempionatından Azərbaycan Premyer Liqasına gəlməyinizdə hansı amillər rol oynadı?
- Əvvəla, Slovakiya çempionatının Azərbaycanınkından üstün olması fikri ilə razı deyiləm. Düzdür, mənfi hal odur ki, bizdə onlara nisbətən komanda sayı azdır. Amma komandaların səviyyəsinin Slovakiyadakılardan aşağı olmadığı dəqiqdir.
Təbii ki, "Qarabağ"a keçmək mənim qərarım idi. Amma atamla və kiminləsə məsləhətləşdim. Yekun qərarı isə yalnız özüm qəbul etdim. "Qarabağ"da və millidə oynamaq mənə özümü göstərməkdə yardımçı olacaq. Yaxşı olduğumu sübut etsəm, oynayacağam. Əlbəttə, bu amillər xeyrimə işləyəcək.
- Mahir Mədətov, Duno Ndlovu ilə mübarizədə əsas heyətə düşmək çətin olmayacaq?
- Əlbəttə, ola bilsin, çətin olacaq. Heç kim heç yerdə heyətə asanlıqla düşmür. Hamının yaxşı hücumçuları var. Bizə isə özümüzü göstərmək lazımdır.
- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində oynaması amili keçidinizdə nə qədər rol oynadı?
- Təbii ki, bu, öz rolunu oynadı. Amma oynamasaydı belə, bu təklifi nəzərdən keçirərdim. "Qarabağ"ın qrup mərhələsində oynaması əlavə amildir. Bu, yaxşı haldır və Azərbaycan futbolu, eləcə də hamı üçün müsbət məqamdır.
- Oyundan sonra Robert Prosineçki qol vura bilmədiyiniz üçün sənə təsəlli verdi?
- Açığı, mənimlə ayrılıqda danışmadı. Hamını təbrik etdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.