“Kim Kərkükdə vəziyyəti dəyişdirməyə qalxsa, kürdlərin döyüşə hazır olduğunu bilsin”-Müsahibə

8-09-2017, 23:46           
“Kim Kərkükdə vəziyyəti dəyişdirməyə qalxsa, kürdlərin döyüşə hazır olduğunu bilsin”-Müsahibə
Şimali İraq 25 sentyabr 2017-ci il tarixində müstəqillik referendumuna gedir. Bölgənin bütün dövlətləri isə referendum qərarına sərt təpki göstərirlər. Bəs, bu təzyiqlər kürd separatçılarını öz fikirlərindən daşındıra biləcəkmi?

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin BBC Farscaya məhz bundan danışıb.

Müsahibəni Ovqat.com oxucularına təqdim edirik:

-Regional güclərinin təzyiqləri nəticəsində referendum təxirə salına bilərmi?

-Mən bütün bu iradlara hörmətlə yanaşıram, amma tələblər məntiqi deyil. Referendum niyə təxirə salınmalıdır? Biz Birləşmiş Millətlər Təşkilatına və ya beynəlxalq hüquqa qarşı heç bir şey etmirik. Öz müqəddəratını təyin etmək hüququ hər kəsin bildiyi beynəlxalq bir haqdır. Biz referendumu təxirə salacağımız təqdirdə bizə alternativ təkliflər istədik, lakin heç kim alternativ təklif vermədi. Buna görə də referendum keçirəcəyik.

-İran, Türkiyə və ABŞ Ərbil ilə Bağdad arasındakı vasitəçilik etmək istədi amma siz referenduma qərar verdiniz. Bunu necə izah edərdiniz?

-Bəli, amerikalılar, İran və bəzi digər ölkələr Bağdadla danışıqlar aparılması üçün vasitəçilik edə biləcəklərini bildirdilər. Məsləhətlərinə görə onlara təşəkkür edirik, amma bizdən gözlənilən şey bir nümayəndə heyətini Bağdada göndərməkdir. Biz oraya bir heyət göndərsək, büdcəmizlə bağlı problemlərimiz və digər məsələlər bir müddət həll edilə bilər, lakin 2-3 aydan sonra hər şey yenidən indiki vəziyyətə qayıdar. Bir əlaqəyə inam zərər görərsə, onu təmir etmək çox çətindir. Bağdadla pis təcrübə yaşadıq. Halbuki, hər şey daha yaxşı ola bilərdi. Bundan sonra birlikdəliyimizin davam etməsi xoşagəlməz nəticələrə gətirib çıxarar. Ən salamatı, yaxşı qonşularımız olaq və bir-birimizi tamamlayaq.

Referendumun indiyə qədər təxirə salınması belə, səhv idi. Onu yenə gecikdirsək, hər şey daha da pisləşəcək. Artıq zamanın gəldiyini düşünürük.

-Referdumun bölgəyə daha çox sabitsizlik gətirəcəyindən narahat deyilsiniz?

-Bu bölgə nə zaman sabit və təhlükəsiz oldu ki, indi onu itirməkdən narahat olaq? İraq nə vaxt bütöv oldu ki, addığımız addımın bütövlüyə zərər vurmasından çəkinək. Bunları söyləyənlər bizi dayandırmaq üçün bəhanələr uydururlar.

Referendum Kürdüstan xalqının qərarıdır, mənim yox. Xalq müstəqillik istəyirlər və bu istəyi dəyişdirmək üçün heç bir hüququm yoxdur. Ev sahibinin evinin yaxşı və pis olduğunu özü daha yaxşı bilir. Bəzilərinin xaricdən gəlib bizə nəyin yaxşı, nəyin pis olduğunu məsləhət görməsi qəribəmə gəlir. Bizim üçün nəyin pis, nəyin yaxşı olduğunu özümüz daha yaxşı bilirik.

-ABŞ və Böyük Britaniya kimi ölkələr referendum qərarının İŞİD-ə qarşı mübarizəyə mənfi təsir göstərə biləcəyini və bütün enerjinin bir istiqamətə yönəldilməsini söylərkən çox böyük riskə getdiyinizi düşünmürsünüzmü?

-Xeyr, bununla razılaşmıram. Referendum İŞİD-ə qarşı mübarizəyə heç bir şəkildə təsir göstərmir. Biz bu müharibə üçün çox iş görmüşük və daha çox iş görə bilərik. Mən ancaq bir şeyi deyə bilərəm. Əlimə ilk silah aldığım zaman 16 yaşımdaydım və mənim məqsədim müstəqil Kürdüstan dövləti qurmaq idi. Mən həmişə bunun üçün mübarizə aparmışam və bunun uğrunda ölməyə hazıram.

-Kürdüstanda belə, referendum barədə fikir birliyi yoxdur. Bölgənin ikinci ən böyük partiyası Goran Hərəkatı hələ də bu referenduma qarşı çıxır.

-Bu, partiyalar və siyasi qrupların fövqündə olan bir mövzudur. Kürdüstanın bütün bölgələrindəki etnik qrupların referendumda səs verməsini istəməyimizin səbəbi də budur. Məncə, Goranın rəhbərləri də “bəli” deyəcək.

-Bəzilərinin fikrincə, hakimiyyətinizi qorumaq istəyirsiniz və buna görə referendum təşkil edirsiniz?

-Allah onlara ağıl versin! Zaman onlara lazımi cavabı verəcək.

-Ən həssas məsələlərdən biri də Kərkük kimi mübahisəli ərazilərdir. Deyilənlərə görə, orada yaşayan əksər türkmənlər və ərəblər bu referendumu istəmirlər. Bu mövzuda nə deyərdiniz?

-2005-ci ildə İraq Konstitusiyasının 140-cu maddəsi əsasında bağladığımız sazişin Kürdüstan Regional Hökumətinin hüdudlarından kənarda qalan bu şəhərin və ya digər Kürdüstan bölgələrinin kürd kimliyinə şübhə etdiyimiz mənasına gəlmir. Lakin 2007-ci ildə 140-cu maddənin tələblərinin yerinə yetirilməsinə gəldikdə İraq hökumətində və parlamentdə hələ də aktiv olan bəzi şəxslər bu maddənin artıq “öldüyünü” bildirdilər. Onlar bu gün qərarımızın problemli olduğunu deyirlərsə, bunun üçün həmin adamların özləri məsuliyyət daşıyırlar. Biz Kərkükün kürdlərə aid olduğunu demirik. Kərkük bütün millətlərin bir yerdə yaşamağının simvolu olmalıdır. Bu referendumda Kərkük sakinləri "yox" deyərsə, biz onların qərarlarına hörmət edəcəyik. Ancaq biz heç kimin orada referenduma maneə törətməsini də qəbul etmirik.

-Bəzi İraqlı şiə milisləri bu bölgələri təhdid edir. İsrarınızı hara qədər yürüdəcəksiniz? Lazım gələrsə müharibəyə gedəcəksinizmi?

-Heç kiminlə müharibə aparmaq məcburiyyətində qalmayacağımızı düşünürük, biz bunu istəmirik. Əgər bizə yalnız sözlə hədə-qorxu gələcəklərsə, bunu edə bilərlər. Amma təhdidi daha da irəliyə götürər və həyata keçirməyə qalxarlarsa, başqa bir vəziyyətlə qarşı-qarşıya qalacaqlar.

-Yəni döyüş ehtimalını istisna etmirsiniz, Kərkük kimi şəhərlər üçün döyüşə gedə biləcəyinizi deyirsiniz?

-Mən açıq şəkildə deyirəm ki, Kərkükü bütün etnik və dini qrupların birlikdə yaşayışının simvolu kimi görmək istəyirəm. Ancaq hər hansı qrup güclə Kərkükün vəziyyətini dəyişdirməyə çalışsa, bütün kürdlərin döyüşə hazır olduğunu bilsin.

-Türkiyə və ya İranın referendum keçiriləcəyi təqdirdə öz sərhədlərini bağlamaq ehtimalı var. Bundan da narahat olmursunuz?

-Son 25 ildə regionda sabitliyə kömək etdiyimizi İran, Türkiyə və digər qonşulara sübut etdik. Referendum da hər hansı ölkə üçün təhlükə deyil. Kürdüstan qurulsa, bu, təhlükəsizlik və sabitliyə daha çox kömək edər. Biz sərhədlərin bağlanmamasını və qonşularımızla münasibətlərimizin pisləşməsini istəmirik. Amma onlar bağlamaq istəsələr, buyurub, bağlasınlar.

-Əgər onlar bunu etsələr, nə cavab verəcəksiniz?

-Mən hələ baş verməmiş hadisələr barədə danışmaq istəmirəm. Amma bizi sərhədləri bağlamaqla təhdid edənlərə onu demək istəyirəm ki, bu ehtimalda da acından ölməyəcəyik. Sərhədlərin bağlanması onların da maraqlarına uyğun olmayacaq.

-Bəs, ABŞ haqqında nə deyirsiniz? Onlarla da bağlarınızın qırılmasından narahat olmursunuz?

Xeyr, amerikalılar bizə referendum keçirilməməsinin lazım olduğunu söyləməyiblər. Onlar yalnız İŞİD ilə mübarizəyə diqqəti cəlb etməyin lüzumunu, bir nöqtəyə diqqət yönəltməyi və referendumun hələ zamanının gəlmədiyini söyləyirlər, amma mən bunu qəbul etmirəm.

-Türkiyə və İran kimi qonşu dövlətlərdə də xeyli kürd var. Onların əksəriyyəti qurulacağı gözlənilən Kürdüstana birləşmək istəyə bilərlər. Onlara mesajınız nədir?

-Hər bir parçanın öz xüsusiyyətləri var. Hamının öz torpağı mövcuddur. Ona görə də öz ölkələrinin hökumətləri ilə sülh danışıqlarının nəticəsində bir razılıq əldə etməlidirlər. Biz onların hüquqlarını dəstəkləyirik, lakin onlar problemlərini mərkəzi hökumətlərlə həll etməlidirlər.

-Yəni Kürdüstana qatılmaq istəsələr onları qəbul etməyəcəksiniz?

-Onların hüquqlarını dəstəkləyirik. Ancaq öz problemlərini öz ölkələrində həll etməlidirlər. Əgər siz bizə qoşulmaqdan danışırsınızsa, deməliyəm ki, onlar Türkiyədə və İranda qonaq deyillər. Hamının öz yeri var və orada öz problemlərini həll etməlidirlər. Biz onları öz arzularının arxasınca getməyə və hüquqlarını sülh yolu ilə qazanmağa dəvət edirik.

Tərcümə Ovqat.com-a aiddir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.