Qardaşı oğlundan Qənimət Zahidə ağır ittihamlar

28-07-2015, 22:04           
Qardaşı oğlundan Qənimət Zahidə ağır ittihamlar
Tariyel Zahidov:“Öz övladlarını ölkədən götürüb getmək, onları sığortalamaq, digər qohumlarının həyatını məhv etməklə siyasət yürütmək hansı insanlığa sığır?!”


“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” teleproqramının müəllifi Qənimət Zahidin qohumlarının həbs edilməsi Zahidovlar ailəsini ikiyə bölüb. Yada salaq ki, son günlər Qənimət Zahidin 3 qohumu həbs olunub, 2-si isə axtarışdadır. Qənimət Zahid həbsləri özünün siyasi fəaliyyəti ilə bağlayır və hakimiyyətin bu yolla onu geri çəkilməyə məcbur etmək istədiyini deyir.

Qohumları isə deyir ki, Qənimət Zahid öz ailəsini Fransanın himayəsinə aldırıb, qohumlarını təhlükə altında qoyub. Ötən həftə narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilən Rüfət Zahidovun qardaşı Tariyel Zahidov “Yeni Müsavat”a ilginc açıqlamalar verib. Belçikadan sığınacaq alan Tariyel Zahidov eyni zamanda siyasi mühacir, Qənimət Zahidin qardaşı Mirzə Sakitin kürəkənidir.

- Tariyel bəy, həbs olunan qardaşınızdan xəbər ala bilirsiniz?

- Bəli. Hər gün atamla danışıb xəbərləri öyrənirəm.

- Nə deyir atanız? Durum necədi - müstəntiqlə əlaqə saxlaya bilirlərmi, vəkili qardaşınızla görüşə bilibmi?

- Kürdəxanıdakı istintaq təcridxanasındadır. Saxlanma şəraitindən şikayət yoxdur. Vəkil bugünlərdə görüşməli idi. Yəqin ondan sonra daha ətraflı məlumatımız olacaq.

- Qardaşınız harda həbs olunub?

- İş yerində.

- Harda işləyirdi? Onun haqqında bir az ətraflı məlumat verə bilərsiz?

- Rüfətin 28 yaşı var. Orta təhsillidir. Evlidir. 2 aylıq övladı var. “Şirinlər” firmasında sürücü işləyirdi. Elə ordan da aparıblar.

- İndi ailə üzvlərinizdən neçə nəfər həbsdədir?

- Əmim oğlu Tural Zahidov, atamın əmisi oğlu Rövşən Zahidov, qardaşım Rüfət Zahidov. Digər əmim və əmim oğlu isə axtarışdadılar.

- Qayınatanız Mirzə Sakit dünən facebook səhifəsində yazmışdı ki, qohumlarınızla əlaqə saxlamaq istəyib, ancaq onlardan heç bir telefona, Skype-a çıxmır. Sizin atanıza zəng etməyiniz problem yaratmır ki?

“Atama telefonla deyib ki, umrumda deyilsiniz”



- Skype əlaqəsinə heç kim çıxmır. Amma atamla telefonla sərbəst danışıram.

- Ailə üzvləriniz niyə görüntülü danışmır? Onlara xəbərdarlıq olunub?

- Ehtiyat edirlər.Bunun üçün də görüntülü danışmaqdan qaçırlar. Həbs olunanların da, axtarışda olanların da, hətta həbs edilənlərlə bir yerdə işləyənlərin də evində axtarış aparılıb. Buna görə də hamı vahimə içərisindədir. Amma açıq şəkildə heç kimə xəbərdarlıq edilməyib.

- Bir məsələni də dəqiqləşdirim - Rüfət Bakıda yaşayırdı?

- Bəli.

- Əminiz Qənimət Zahid ailənizlə əlaqə saxlayırmı?

- Yox. Qardaşım həbs olunandan sonra atam iki dəfə ona zəng vurub, kömək etməsini xahiş edib. O da deyib ki, bu həbslər “Azərbaycan saatı” ilə bağlıdır, ancaq həbslər onun umrunda da deyil.

- Elə belə də deyib?

- Bəli. Açıq deyib ki, kimi tuturlar, tutsunlar, mövqeyini dəyişmək, yumşaltmaq, geri çəkilmək fikrində deyil.

- Digər qohumlarınız da onunla əlaqə saxlayıbmı?

- Bəli. Hamıya eyni cavabı verir – heç nə vecimə deyil. Bu haqda bəyanatında da yazıb ki, qohumlarımı fiziki məhv eləsələr də geri çəkilməyəcəm. Polislər evdə axtarış aparanda 85 yaşlı anasını itələyiblər. Nənəm pilləkənlərdən yıxılıb və üzü çapılıb, onu belə umursamır. Mən “Yeni Müsavat” vasitəsilə ondan soruşmaq istəyirəm ki, övladları həbs olunsaydı, yenə də yolundan dönməyəcəkdi? Öz övladlarını ölkədən götürüb getmək, onları sığortalamaq, digər qohumlarının həyatını məhv etməklə siyasət yürütmək hansı insanlığa sığır?

Məğər o, öz qızı həbs edildiyi üçün ölkədən getməyibmi?Aysel Bakıdakı etiraz aksiyalarından birində saxlanmışdı. Səhər tutuldu, axşam atası onu azad etdirdi. Qısa müddətdə də Qənimət ailəsini ölkədən çıxardı. Öz övladının bir neçə saatlıq həbsinə dözmədi. İndi də oturub Fransada, guya mübarizə aparır. Fransada hər cür təminatları var. Nə özü, nə də ailə üzvləri ailəmizin bu çətinlikləri üçün heç bir mənəvi əzab çəkmir.

“Qənimətin qızı Bakıdakı etiraz aksiyalarından birində saxlanmışdı. Səhər tutuldu, axşam atası onu azad etdirdi. Qısa müddətdə də Qənimət ailəsini ölkədən çıxardı. Öz övladının bir neçə saatlıq həbsinə dözmədi. İndi də oturub Fransada, guya mübarizə aparır”


- Tariyel, dediniz ailəniz panikadadır. Çıxış yolunu nədə görürsüz?

- Qohumlarımız nə edəcəklərini bilmirlər. Bəziləri deyir ki, əgər biz, övladlarımız Qənimətin vecinə deyiliksə, ondan imtina ərizəsi yazaq. Bu onların öz təşəbbüsü olub. Qənimət isə ailədəki müzakirəni tez yazıya çevirib iddia edib ki, guya qohumlarımıza bununla bağlı göstəriş olub. Çarəsiz insanlar bunu ona görə etmək istəyirlər ki, bəlkə övladlarının durumu yüngülləşə.

- Bu haqda artıq qərar varmı? Yəni imtina açıqlaması yazılıbmı?

- Yox, hələ ailəiçi müzakirələr gedir. Qənimət ilk dəfə deyil ki, siyasi davasını ailəsinin içərisinə çəkir. İllər öncə Mirzə Sakitlə Əli Kərimli arasında problem yarananda buna mənim ailəmi də qatmaq istədi. Məni yanına çağırıb dedi ki, Mirzənin qızı ilə ayrıl. Bu insan belədi... Onu qohum-əqrəba maraqlandırmır.

- Bundan nə qazanacaqdı ki?

- Bununla Mirzə Sakitə zərbə vurmaq istəyirdi. Onun üzündən çox əziyyətlər çəkmişəm.

- Tariyel, siz indi Avropadasınız. Ailənizə basqılarla bağlı beynəlxalq qurumlara, insan haqlarını müdafiə təşkilatlarına müraciət etmisinizmi?

- Hələ ki, məsələnin siyasiləşməsini istəmirəm.

- Siz qardaşınızın, digər qohumlarınızın həbsini siyasi həbs saymırsınız? Hesab edirsiniz ki, bu problem Azərbaycanın daxilində hansısa formada çözüləcək?

- Təbii, mən qardaşıma qarşı irəli sürülən narkotik ittihamını qəbul etmirəm. Gənc adamdır, yeni ailə qurub, körpə övladı var, başını aşağı salıb işini görür, sürücülüyünü edirdi. Onu tanıyanlar bilir, sakit adamdı, heç vaxt narkotiklə işi olmayıb. Ancaq çıxış yolunu beynəlxalq qurumlara müraciətdə də görmürəm. İndiyə qədər o qurumlar çox insanlarla bağlı bəyanatlar veriblər, amma kimə nə xeyri dəyib?

- O xeyri dəyib ki, siz indi həbsdə yox, Belçika hökumətinin himayəsi altındasınız.

- Hökumət kimi nə zaman istəyibsə, o zaman da azadlığa buraxıb.

- Bu arada, qayınatanız Mirzə Sakit də facebook-da çox sərt statuslar yazır. Sizcə, bu həbslərə Mirzə Sakitin statuslarının da təsiri varmı?

“Mirzə Sakitlə Əli Kərimli arasında problem yarananda buna mənim ailəmi də qatmaq istədi. Məni yanına çağırıb dedi ki, Mirzənin qızı ilə ayrıl. Bu insan belədi...”


- Yox, bunun qayınatamla heç bir əlaqəsi yoxdur. Qənimət də deyir ki, həbslər birbaşa onunla bağlıdır.

- Bir müddətdir Avropada yaşayırsız? Necə düşünürsüz, orda yaşayan, təminat altında olan insanların Azərbaycana qarşı bu qədər aqressivlik nümayiş etdirməsi normaldırmı?

- Avropada yaşayan hər bir insanın içərisində Azərbaycana qarşı aqressiya var. Ancaq həyatını sığortalayandan sonra bu aqressiyanın dozasını artırmaq anormaldır.
- Azərbaycanda həbsdə olan elə insanlar vardı “içəri”də də susmadılar, qəzetlərdə yazılarını yazdılar, bəziləri isə həbs müddətində susdular, azad ediləndən sonra siyasi proseslərə qoşulmadılar. Maraqlıdır ki, onlardan bəziləri Avropaya gələn kimi aslana dönüb.Səbəb nədir sizcə - onların belə öhdəliyi var? Yoxsa, bu, Azərbaycanda yaşadıqları əzabların acığıdır?

““Mübarizə aparmaq istəyən kişi kimi mübarizə aparsın. Ailəsi ilə birlikdə getsin otursun Azərbaycanda, haqsızlığa qarşı döyüşsün. Qurban vermək istəyirsə, öz övladlarını qurban versin”


- Səbəbi müxtəlif ola bilər. Tək onu bilirəm ki, uzaqdan aslanlıq eləmək çox asandır. Mübarizə aparmaq istəyən kişi kimi mübarizə aparsın. Ailəsi ilə birlikdə getsin otursun Azərbaycanda, haqsızlığa qarşı döyüşsün. Qurban vermək istəyirsə, öz övladlarını qurban versin.
Redaksiyadan: Yekunda onu bildiririk ki, qəzetimiz Qənimət Zahidə görə onun qohumlarının həbsini pisləyir və bu məsələdə hakimiyyəti burməmalı olaraq, məhkum edir.

Aygün Muradxanlı, musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.