"İmkanım olsa bu gün Əli İnsanovla üzbəüz durub üzr istəyərdim"

11-08-2015, 21:35           
"İmkanım olsa bu gün Əli İnsanovla üzbəüz durub üzr istəyərdim"
Moderator.az tanınmış hüquqşunas Aslan İsmayılovun yazdığı son statusu təqdim edir:

"Hər dəfə Rasim Əliyevin ölümü ilə bağlı yazılar oxuyanda indi həbsdə olan, keçmiş səhiyyə naziri Əli İnsanov yadıma düşür. İmkanım olsa bu gün onunla üzbəüz durub üzr istəyərəm. Niyə? O dövr də haqsızlıq etməmişəm, olanları demişəm. Ancaq bu günki səhiyyə naziri ilə müqayisədə ona haqsızlıq etmiş kimi görünürəm. Çoxları bilir ki, onun səhiyyə naziri olduğu dövrdə onun ünvanına ən kəskin ifadələri, səhiyyənin rəzilliyinə dair ən ağır sözləri işlətmişəm. Hərçənd ki, Əli İnsanov səhiyyə naziri olanda neft pulları yox idi, bu günki kimi milyardlar dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılmırdı. Bununla belə səhiyyə bəlkə də maddi təminat baxımından yox, insanlara münasibətdə, səhiyyə kadrlarının yetişdirilməsində bu gündən yaxşı idi.
Bu gün ölkədə tanınan həkimlərin əksəriyyəti məhz Əli İnsanov dönəmində xaricdə dövlət hesabına təhsil almışlardır. İllərdir Oqtay Şirəliyevin başçılıq etdiyi səhiyyənin dünyada ən müasir avadanlıqlarla təmin olduğundan söhbət gedir. Nəticə etibarı ilə isə müalicə üçün kasıblar İrana, imkanlılar isə Avropaya, Amerikaya gedir. Lap imkanı olmayanlar isə bizim səhiyyə ocaqlarına ölməyə gedirlər. Bəli ölməyə. Necə Rafiq Tağı, Rasim Əliyev bizim xəstəxanalarda müsahibə verə-verə öldülər. Səbəbini isə heç araşdıran yoxdur. Hərçənd ki, səbəbi çox sadədir. Bütün sahələrdə olduğu kimi korrupsiyanın səhiyyəni daha amansız məhv etməsidir. Dəfələrlə imkansız insanların müalicəsi üçün müraciət etmişəm və özüm bilirəm ki, pulsuz deyilən səhiyyədə hər şey pulludur. Yataq yeri, dərman, həkim müayinəsi və s.
Heç olmasa hakimiyyətdəkilər özlərini və yaxın ətrafını fikirləşsinlər. Axı onların da yolu ora düşə bilər. Necə ki, bu günlərdə bir avtonəqliyyat hadisəsində imkanlı şəxslərdən birinin gənc övladı məhz adi xəstəxanaya yerləşdiyindən dünyasını dəyişdi. Bunu elə həmin o gəncin valideynləri məhkəmə zalında deyirdilər. Hakimiyyət təmsilçiləri isə səhiyyədəki biabırçılğı ört basdır etmək üçün həmin hadisədə günahkar bilinən bir uşağa qanunsuz olaraq ehtiyatsızlıqdan olan cinayət işinə görə azadlıqdan məhrumetmə cəzası verdilər."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.