Etibar Məmmədovadan Surət Hüseynovun dediklərinə təsdiq

14-08-2015, 15:09           
Etibar Məmmədovadan Surət Hüseynovun dediklərinə təsdiq
1993-cü ildəki iyun qiyamının təşkilatçısı, keçmiş baş nazir Surət Hüseynov Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun AXC hakimiyyəti dövründə hökumətə rəhbərlik etməsi üçün təkliflər verdiyini bəyan edib.

Surət Hüseynov eks-baş prokuror İxtiyar Şirinin onun barəsində səsləndirdiyi fikirlərlə bağlı Moderator.az-a bunları deyib.

“92 - ci ilin noyabr - fevral aylarında qoşunları və ehtiyat qüvvələri hazırlayıb, 93 - cü ilin yazında Ağdamdan Xankəndi istiqamətində son zəfər yürüşü planlaşdırmışdım. Ordu yaxın qələbəyə əmin idi və yüksək döyüş ruhu var idi... Bu, istər - istəməz cəbhəyə təsirini göstərirdi. Prezidentin Qarabağ və ətraf rayonlar üzrə səlahiyyətli nümayəndəsi kimi hakimiyət və müxalifət nümayəndələrini noyabrın əvvəlində şam naharına dəvət etdim. Əbülfəz Elçibəy Türkiyə səfərindən yorğun qayıtdığına görə görüşdə iştirak etmədi. Biz onu aeroportda qarşılayarkən, mənə dedi ki, təklifimi görüşdə iştirak edən İsa Qəmbər və Pənah Hüseynov ona çatdıracaqlar. Görüşdə cəbhədəki vəziyəti, apardığımız hazırlıqları və gələn yaz üçün planları danışdım və dedim ki, siz milli birlik yaradın, biz Qarabağı alacağıq. Ondan sonra mənə heç nə lazım deyil, qayıdacam zavoddakı işlərimə. Dedim, müharibə edən ölkədə hakimiyyət - müxalifət çəkişmələri kənara qoyulmalıdır, hamı bir olub, bir hədəfə vurmalıdır. Etibar Məmmədov o zaman ana müxalifət idi. Milli birlik üçün onun baş nazir təyin olunmasını da həmin görüşdə təklif etdim. Bilməzdim ki, təklifim başqa cür anlaşılar. O görüşdən sonra hakimiyət mənə qarşı münasibətini kəskin dəyişdi. Nəticədə fevralın 10-u ordu rəhbərliyindən uzaqlaşdırıldım".

AMİP lideri Etibar Məmmədovun Surət Hüseynovun onun haqqında dediklərinə reaksiyası gecikməyib. Etibar Məmmədov Modern.az saytına açıqlamasında belə bir şeyin olduğunu təsdiqləyib.

“Bu, 1992-ci ilin noyabr ayında olub. Surət Hüseynov özünün dediyi kimi, mənim baş nazir olmağım təklifini hakimiyyətdə olanlara verib. Onlar isə Surət Hüseynovun təklifinə heç bir cavab verməyiblər”.

“Siz özünüz Surət Hüseynovun təkliflərinə necə baxırdınız” sualına isə Etibar Məmədov belə cavab verib: “Ümumi yığıncaqda, bir təklif idi, səsləndirmişdi. Mən özüm də həmin yığıncaqlarda olmuşam. Prezidentdən başqa həmin tədbirdə hamı iştirak edirdi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.