“Nobel mükafatçısı Corc Smutla xərçəng müalicəsi üçün hədəfli dərman daşınması üzərində işləyəcəyik” - Azərbaycanlı alim

17-04-2015, 11:11           
“Nobel mükafatçısı Corc Smutla xərçəng müalicəsi üçün hədəfli dərman daşınması üzərində işləyəcəyik” - Azərbaycanlı alim
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun nəzdindəki Biofizika və Smart Materiallar Mərkəzinin rəhbəri, Azərbaycan və ABŞ birgə laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Qasımovun APA-ya müsahibəsi

- Ötən il AMEA Rəyasət Heyəti Fizika İnstitutunun nəzdində Biofizika və Smart Materiallar Mərkəzinin yaradılması haqqında qərar qəbul etdi və bu günlərdə Rəyasət Heyətinin qərarı ilə siz mərkəzə direktor təyin edildiniz. Bu vaxta qədər harada çalışmışdınız?

- 1996-cı ildən etibarən ABŞ-ın Los Anceles şəhərindəki Kaliforniya universitetində çalışıram. Bu il yanvarın axırına kimi orada işlədim və ölkəyə qayıtdım. Eyni zamanda, 2009-cu ildə Kaliforniya Universiteti ilə Fizika İnstitutu arasında birgə laboratoriya yaradılıb, mən həmin laboratoriyanın rəhbəriyəm. Müqavilə əsasında son iki ilin beş ayını Azərbaycanda, yeddi ayını isə ABŞ-da çalışmışam. İndi də birlikdə fəaliyyət göstəririk. Universitetdə təhsil aldığım zamanda zülallarla, biofizika ilə məşğul olmuşam. Mənim elmi istiqamətim zülalların strukturu, dinamikası və funksiyası arasında olan əlaqə üzrədir. Zülallar hər şeyi tənzimləyir. Zülalın strukturunu, dinamikasını və funksiyasını bilmədən xəstəliklər haqqında dəqiq məlumat bilmək mümkün deyil. Bu, məlumatları da bilmədikdən sonra xəstəliklərə qarşı hər hansı bir tədbir görmək olmur.

- Mərkəzin fəaliyyəti nə yerdədir?

- Mən xüsusi qeyd etmək istəyirəm ki, Bakıda humanitar forumlar keçirilir və həmin humanitar forumlara dünyanın məşhur alimləri dəvət olunur. Təbii ki, alimlər məqsədyönlü çağırılır. Onlarla iş aparılır. Biofizika və Smart Materiallar Mərkəzin Azərbaycanda yaradılması haqqında təklif 2013-cü ilin noyabr ayında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən və Fizika İnstitutunda qonaq olan Nobel mükafatı laureatı Corc Smut tərəfindən irəli sürülüb. Forum keçirilən müddətdə Fizika İnstitutunun fəaliyyəti və nailiyyətləri yaxından tanış olan Corc Smut Akademiyanın prezidenti, akademik Akif Əlizadəyə Azərbaycanda biofizika və kondensə olunmuş hal fizikasının daha da inkişaf etdirilməsinə dair 5 illik layihənin icra edilməsini təklif edib. Mərkəzin iki mərhələli fəaliyyət planına əsasən yaradılması nəzərdə tutulur. Birinci mərhələnin müddəti 2 il, ikinci mərhələnin müddəti isə 3 il nəzərdə tutulub. Onu da deməliyəm ki, humanitar forumda qonaq olan əslən Misirdən olan amerikalı, Kaliforniya Texnologiya İnstitutunun professoru, Nobel mükafatı laureatı Əhməd Ziveyl cənab prezident İlham Əliyevlə görüşündə qeyd etmişdi ki, biz Azərbaycanda biofizikanı inkişaf etdirməkdə maraqlıyıq. Biz artıq Corc Smutla əməkdaşlığa başlamışıq. O da bildirib ki, burada işləmək istəyir. Onunla əsasən iki istiqamətdə çalışacağıq. Smut bizə nazik təbəqəli, insan dərisinin üzərinə yerləşdirilən sensorların istehsalını və tətbiqini təklif edib. Bu sensorları insanın dərisinə yapışdırmaqla temperatur, qan dövranı və insan bədənindəki digər problemlərdən xəbərdar olmaq olacaq. Temperaturda, qan dövranında dəyişiklik baş verən kimi sensorlar o dəqiqə insana xəbər verir. Bu sensorların ən mühüm cəhəti isə odur ki, şəkər xəstəliyi, ürək çatışmamazlığının ilkin simptomlarını aşkar edir. Ondan sonra biz Smutla birlikdə xərçəng xəstəliklərinin müalicəsi üçün hədəfli dərman daşınması məsələsinin də üzərində işləyəcəyik.

- Sensorların hazırlanma texnologiyasını harada öyrənəcəksiniz? Bu işə Azərbaycandan mütəxəssislər cəlb olunacaq?

- Biz sensorların hazırlanma texnologiyasını öyrənməli və onu ölkəmizə gətirməliyik. Smutun əsas iş yeri Berkli şəhərindəki Kaliforniya universitetindədir. Onun Meksikada və Fransada iri laboratoriyaları var. Belə danışılıb ki, biz perspektivli gəncləri Fransaya göndərəcəyik və onlar Fransada bu texnologiyasını öyrənəcəklər. Ondan sonra texnologiyanı gətirəcəyik, həm də tətbiq edəcəyik. İlkin mərhələdə belə danışılıb ki, Fizika İnstitutunda bir otaq ayrılacaq. Bir də bizdə Sağlam Nəsil adlı Elmi-Tədqiqat Mərkəzi var ki, orada da bir otaq ayıracaqlar. Həmin sensorlar insan bədənində daima monitorinq aparmağa imkan verəcək.

- Biofizika və Smart Materiallar Mərkəzinin əsas fəaliyyət istiqamətinin qocalma problemlərinin molekulyar səviyyədə tədqiq olması ilə əlaqədar insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsini təşkil edəcəyi barədə də ictimaiyyətə məlumat verilib. Bu işin Azərbaycanda reallaşdırmaq nə dərəcədə mümkün olacaq?

- Mən təsadüfi olaraq sensorları qeyd etmədim. Çünki biz əgər qocalma problemlərini tədqiq edəcəyiksə o zaman insan bədəninin monitorinqini aparmalıyıq. Ən güclü terapiya preventiv terapiyadır. Bu da öz növbəsində gətirib monitorinqə çıxır. Bu işlər bir-biri ilə əlaqəli şəkildə aparılır. Sensorların qocalmanın qarşısını almaqda bilavasitə əhəmiyyəti var. Hər bir orqanizmin özünün qocalma sürəti var. Əgər biz vaxtında prosesləri sensorla müəyyənləşdirib onların qarşısını ala biləcəyiksə, bu da müəyyən mənada qocalmanın qarşısını almaqdır. Bütün parametrlər yazılıb analiz olunacaq. Gələcəkdə isə insanın monitorinqi 24 saat ərzində aparılacaq. Hətta tualetlərə sensorlar qoyulacaq, sidik və sair analiz ediləcək. Bu artıq gələcəyin təbabətidir. İnsan daima qocalır. İnsanda reaktiv oksigen molekulları əmələ gəlir, DNK molekullarını modifikasiya edir və orada olan başqa proseslər qocalmaya gətirib çıxarır. Biz bu prosesləri, oksidləşdirici stresslərin fəsadlarını və qarşısının alınmasını molekulyar səviyyədə öyrənmək istəyirik. Bizim işimiz tibbi, müalicəvi iş deyil. Biz bu işin əsasən fundamental problemləri ilə məşğul olacağıq. Biz o problemlərlə məşğul olacağıq ki, onlar birbaşa tətbiqə çıxsın. Bu tətbiqi isə özümüz tək edə bilmərik. Burda həkimlər də, bioloqlar da iştirak etməlidir.

- Qocalmanın tədqiqi üçün hər hansı bir xəstəliyin üzərində çalışmaq fikriniz varmı?

- Bəli, biz bir model kimi talassemiyanın üzərində çalışacağıq. Bildiyiniz kimi, bu xəstəlikdən əziyyət çəkən insanların orta ömrü cəmi 17 ildir. Onların bir qayda olaraq qanını dəyişirlər və onların qanında sərbəst dəmirin miqdarı artır. Dəmirin miqdarı artdıqca oksidləşdirici stressin intensivliyi artır. Bu isə bizə qocalmanın öyrənilməsində model rolunu oynaya bilər. Çalışacağıq ki, bu xəstələrin həm diaqnostikasında, həm də müalicəsində yardımçı ola bilək. Burda süni qan problemləri var. Biz müəyyən danışıqlar aparmışıq. Səhiyyə Nazirliyi də bizə bu işdə kömək edəcək. Hematologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutunda bu məsələni çox müsbət qarşılayıblar və gələcəkdə onlarla da əməkdaşlıq edəcəyik.

Biz xərçəng xəstələrində hədəfli dərman daşınmasını da həyata keçirəcəyik. Hər bir hüceyrənin reseptorları olur. Xərçəngdə də elə reseptorlar var ki, onlar fərqlidirlər. Məsələn, əgər biz dərman-nanozərrəcik kompleksinə uyğun antibodi tiksək, o ancaq gedib xərçəng hüceyrələrinin üstünə birləşərək onun daxilinə keçəcək. Ondan başqa, xərçəng xəstəliyi çox faktorlu olduğu üçün biz onunla mübarizədə bütün faktorları mümkün dərəcədə istifadə etməliyik. Xərçəng toxuması yarananda angicenesis prosesi baş verir, ordada həmən xərçəng toxumasında yeni qan damarları meydana gəlir. Bu təzə yaranan qan damarlarının diametri həmən toxumada olan qan damarlarının diametrindən böyükdür və bu qan damarları yaxşı formalaşmadığından onlarda yırtıqlar olur. Məsələn, normal toxumada qan damarlarına 20 nanometrdən iri molekullar daxil ola bilmirsə, ancaq xərçəng toxumalarında yaranan həmən qan damarları effektiv olaraq 50-100 nanometrlik zərrəciklərə daxil ola bilir. Bu da çox mühüm məsələdir. Biz 50-70 nanometrik arasında nanozərrəcikləri uğurla tiksək o, ancaq xərçəng toxumalarına gedəcək.

Bu da indiki kimyaterapiyasında kənar fəsadların qarşısını almağa imkan verir. Bu məsələ çox mürəkkəbdir. Götürək xərçəng xəstəliyini. Yəni eyni bir xərçəng xəstəliyini, son vaxtlar siqaret çəkməyən qadınlarda 50-55 yaşlarında ağ ciyər xərçənginə tutulma riskinin yüksək olduğu deyilir. Bunu bəzən ekologiyaya bağlayırlar. Bu bizə də maraqlıdır. Burada müxtəlif tipli mutasiyalar gedir. Maraqlıdır ki, bir tipli xassələrdə indi çox güclü dərmanlar var, onların tətbiqində kənar effekt azdır. Bir tipli xassələrdə bu işləyir, digər tipli xassələrdə işləmir. Bunlar da çox bahalı, 30-40 min dəyərində olan terapiyadır. Əgər biz bunu öyrənməsək, bu ya dövlətimizin, ya da vətəndaşımızın cibindən gedəcək. Əgər biz bunu bilsək bu hansı tipli xassədir, əvvəldən demək olar ki, bunu tətbiq etmək olar, ya olmaz. Ancaq dediyim kimi, bunların hamısı zülallara gedib çıxır.

- Sadaladığınız işlərə konkret nə vaxt başlamağı planlaşdırırsınız?

- Akademiya da bu işin həyata keçirilməsində çox maraqlıdır. Gələcəkdə bu mərkəz sadaladıqlarım haqda işlər görəcək. Bu saat deyək ki, bu işlərə başlamışıq və nəticələrimiz var, elə edəcəyik, belə edəcəyik, bu, yalan olar. Amma əlaqələrimiz var. İndiki texnologiya insana 120 yaşa qədər yaşamağa imkan verir. Amma onun tətbiqi çox çətin və uzun sürən bir prosesdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.