“Cəbhə bölgəsində 18–20 yaşlı hərbçiləri saxlamaq düzgün deyil” - Azad İsazadə

1-10-2015, 19:59           
“Cəbhə bölgəsində 18–20 yaşlı hərbçiləri saxlamaq düzgün deyil” - Azad İsazadə
Son günlər cəbhə xəttində aktiv mövqe döyüşlərinin aparılması və ermənilərin atəşkəsi tez-tez pozaraq provokasiyalara əl atması Azərbaycan Ordusunu adekvat addımlar atmasına sövq etdi. Nəticədə itkilərimiz olsa da, düşmən də ikiqat sarsıdıcı cavabını aldı.

Hətta iş o yerə çatdı ki, Ermənistan Müdafiə Nazirliyinin zabiti atəşkəs müqaviləsinə yenidən baxmağın lazımlılığını qeyd etdi. Geqam Harutunyan bununla da Ermənistan ordusunun son sarsıdıcı zərbələrdən təşvişə düşdüyünü açıqca bəyan etdi.

Sosial şəbəkələrdə mövzunu müzakirəyə çıxaran vətəndaşlarımız isə bir metr torpağı azad etmədən verilən itkilərin bizim ziyanımıza olduğunu, digər bir qrup isə ermənilərin 1, bizim 3 itki verdiyimiz halda belə Azərbaycanın daha öndə olduğunu isbatlamağa çalışdılar.

Bəs son günlər baş verənlərin sonu nəyə dayanacaq? Qarşıda müharibə kölgəsi görünürmü? Cəbhədə itkilərimizin sayını necə azaltmaq olar?

Bütün bu suallara Hafta.az-a müsahibəsində hərbi ekspert Azad İsazadə ilə aydınlıq gətirməyə çalışdıq.

- Azad bəy, sosial şəbəkələrdə bir qrup şəxslər torpaqlarımızı düşməndən azad etmədən, atəşkəs şəraitində şəhid verməyimizi yersiz adlandırırlar. Bu nə dərəcədə doğru fikirdir? Doğrudanmı biz əbəs yerə şəhid veririk?

- Bizim verdiyimiz şəhidlər əlimizdə olan torpaqların müdafiəsi zamanı şəhid olanlardır. Biz hücum əməliyyatı aparmırıq ki, torpaqlarımızdan da müəyyən hissəsini qaytaraq. Biz düşmənin provokasiyalarının, təxribatlarının qarşısını alırıq. Şəhidlərimiz də torpaqlarımızı azğın düşməndən müdafiə edərkən şəhid olurlar. Yəni söhbət indiki mövqelərimizi müdafiə edərkən şəhid olan oğullarımızdan gedir. Bu zaman bizdən də, qarşı tərəfdən də itkilər olur. Allah şəhidlərimizə rəhmət etsin. Onlar Vətən uğrunda öz həyatlarını qurban verirlər. Sözsüz ki, cəmiyyətin bəzi dairələrinin bu cür düşünməsi xoşagələn hal deyil.

- Düşmənə daha sarsıdıcı zərbələr vurmaq və bununla yanaşı itkilərimizin sayını minimuma endirmək üçün bizim Müdafiə Nazirliyimiz hansı tədbirləri gözdən keçirməlidir?

- Düşünürəm ki, cəbhə bölgəsində 18–20 yaşlı hərbçiləri saxlamaq düzgün addım deyil. Döyüş bölgəsində 25-30 yaşlı müddətdən artıq həqiqi xidmət qulluqçularının xidmətindən istifadəyə keçsək, bu daha effektli olar. Çünki onlar daha əvvəl də hərbi təcrübə keçiblər. Daha peşəkardırlar. Tam şəkildə bu sistemə keçsək, həmin sistem bizə itkilərimizin sayının azalmasına da kömək edəcək. Bu həm də gələcəkdə keyfiyyətli döyüş əməliyyatları keçirməyimizə də imkan verəcək.

- Son gərginliklərdən sonra erməni ordusunun təşviş içində olmasını gördük. Dərhal da ATƏT nümayəndələri işğalçı ölkə rəhbəri Serj Sarkisyanla görüş keçirdilər. Ümumiyyətlə, yaxın vaxtlarda müharibə gözlənilirmi?

- Ümumiyyətlə, regionda vəziyyət sabit deyil. Sözsüz ki, bu münaqişə vəziyyəti dalğavari yayılır. Ukraynada, Yaxın Şərqdə, Türkiyədə, Suriya və İraqda da vəziyyət qarışıqdır. Bu da istər-istəməz Qarabağ cəbhəsinə öz təsirini göstərir. İstənilən vaxt dondurulmuş münaqişə hesab edilən Qarabağ münaqişəsinin də müharibə mərhələsinə keçmə riskini artırır. Onların bu təlaşı, təşvişi, əl-ayağa düşməsi də məhz bundan qaynaqlanır. Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll edilməsi, düşünürəm ki, mürəkkəb bir prosesdir. Yaxın gələcəkdə ikitərəfin də tam razılığı ilə münaqişənin həlli görünmür. Belə olan halda da tərəflərdən biri mütləq adekvat addım atmağa çalışacaq. Hazırkı status-kvo sözsüz ki, bizi razı sala bilməz. Ona görə də tərəflərdən birinin addımı qarşı tərəfi həmin addımları atmağa məcbur edə bilər.

- Tərəflər yaxın vaxtlarda itkiləri azaltmaq üçün hər hansı bir razılığa gələ bilərlərmi?

- İki tərəf də ağır silahlardan istifadədən imtina edəcəyi halda itkilərin sayı indikindən qat-qat az ola bilər. Mümkün variantlardan biri də budur. Amma ermənilər də bəzi hallarda bizi adekvat addımlar atmağa məcbur edirlər. 2012-2013-cü illərin praktikasına qayıtmaq lazımdır. O zaman atəşkəsin pozulması və Azərbaycanın cavab atəşi ancaq avtomat və plemyotlardan olurdu. İkinci bir tərəfdən də Azərbaycan tərəfi əsgərlərin peşəkarlıq səviyyəsini daha da artırmaqla bu itkilərin sayının azaldılmasına nail ola bilər. Təbii ki, bu itkiləri minimuma endirə bilər, amma tam şəkildə qarşısını ala bilməz.

- Sosial şəbəkələrdə bir fikir diqqətimizi cəlb etdi. İnsanlar arasında ətraflı müzakirə də getdi bu barədə. Belə ki, cəbhə xəttində bir gündə bizim 3 şəhid verdiyimiz halda düşmənin 1 itki verməsi də bizim üstünlüyümüz kimi göstərildi. Bu da onunla izah edildi ki, bizim sayımız 10 milyon, ermənilər isə cəmi 2 milyondur. Bu “3-1” fikri ilə siz də razılaşırsınızmı?

- Bu səhv bir fikirdir. Hər bir itki bizim üçün bir neçə aspektdən itkidir. Digər tərəfdən, ailəsi, dostları eləcə də millətimiz üçün də itkidir, sarsıdıcı bir haldır. Hesablasaq biz 9 milyonuq, onlar heç 2 milyon deyillər. Hər dəfə bizdən 3, onlardan 1 nəfər itki olarsa tezliklə ermənilərin axıra çıxacağımızı düşünənlər yanılırlar. Çünki dünyada ermənilərin axırına çıxmaq mümkün olmayacaq. O zaman da kimsə bizə qarşı çıxış etməyə başlayacaq. İndiki halda biz saydan yox, keyfiyyətdən danışmalıyıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.