Azərbaycanlı futbolçu: "Hələ görək, bizə qız verəcəklər?"

23-09-2018, 17:56           
Azərbaycanlı futbolçu: "Hələ görək, bizə qız verəcəklər?"
Futbolçudan etiraf: "Görsəm ki, idman ailəmə mane olur, idmanla vidalaşa bilərəm"
Futbol komandasını qapıçısız təsəvvür etmək mümkün deyil. Qapıçı oyun zamanı rəqib komandanın oyunçularının hücumlarını dəf edir, qapıya qol vurulmaması üçün var gücü ilə mübarizə aparır. Kənardan asan görünsə də, qapıçı olmaq çox çətin və məsuliyyətli işdir.

Bir neçə ildir futbol üzrə Azərbaycan Milli Komandasında bu məsuliyyətli iş qolkiper Kamran Ağayevə həvalə olunub. Daim ağır məşq toplanışlarında olan qapıçımız vaxt taparaq Sputnik Azərbaycan-ın qonağı olub və suallarımızı cavablandırıb.

— Ağır məşqlər, stressli oyunlar sizin üçün çətin deyil?

— Heç kim idmançı doğulmur. İstedad, təbii ki, olmalıdır. Amma zamanla o istedadı möhkəmləndirib, əziyyət çəkib nəticə əldə etməlisən. Ən çətini isə nəticəni qoruyub saxlamaqdır. Məhz ona görə də bunun üçün üçqat əziyyət çəkməlisən. Üstəlik, idmançıda ağıl da olmalıdır. Oyun zamanı düşdüyü vəziyyətdən saniyələr ərzində çıxmağı bacarmalıdır. Əks halda, o idmançı kimi heç vaxt uğur qazana bilməz. Məhz bu xüsusiyyətə malik insanlar əsl idmançı ola bilir və bu cür həyata uyğunlaşır. Qapıçının işi isə daha çətindir. Çünki biz həmişə müdafiə olunuruq. Bu da ikiqat çətindir.

— Cüdo, sambo, karate, akrobatika və nəhayət futbol… Niyə bu qədər seçim etdiniz?

— Ailədə üç bacı, bir qardaş olmuşuq. Evin tək oğlan övladı olduğum üçün anam heç vaxt idmanla məşğul olmağımı istəməyib. Amma mən yenə də məşğul olmuşam. Uşaq yaşlarından akrobatika ilə məşğul olurdum. Bir gün məşq zamanı yıxıldım və huşumu itirdim. Zədə almışdım. Ondan sonra anam qəti etiraz elədi. Baxmayaraq ki, atam futbol məşqçisi idi, o da idmançı olmağımı istəmirdi. Təhsil alıb, başqa sahə üzrə getməyimi arzulayırdı. Amma idmana olan həvəsim məni yaşıl meydançaya gətirdi. Həmişə qapıçı olmaq istəyirdim. Bir dəfə atama dedim ki, mən millidə qapıçı olacağam. Atam güldü və mənə dedi ki, bu, minlərlə idmançının arzusudur. Amma mən zəhmətimlə bunu bacardım.

— Hücumçu dəfələrlə səhv edəndə, onu elə də qınamırlar. Amma qapıçı bir dəfə səhv edəndə, tənqid atəşinə tuturlar…

— Oyun meydanı heç də adi görünməsin. Oranın ab-havası tam başqadır. Komanda bir ailədir. Orada müxtəlif insanlar futbolçu kimi bir komandada birləşir. Biz birlikdə çalışırıq ki, var gücümüzlə mübarizə aparaq. Axı bizim komandada birimiz büdrəsək, komanda kənarda qalır. Ona görə də çalışırıq, məşqlərdən geri qalmayaq, normal həyat rejimi yaşayaq ki, sabah problem olmasın. Mən də komanda yoldaşlarımın haqqına girməmək üçün ciddi rejimə riayət edirəm.

— Amma yığmamız, xüsusilə də siz gecə həyatınızla bağlı tez-tez gündəmə gəlirsiniz…

— Subaylıqdır, ona görə də hərdən istirahət edirəm. Son zamanlar, xüsusilə gecə həyatını sevmirəm. Ən çox qapalı mühitdə, yaxın dostlarımla oturub söhbət etməyi, bəzən şeirdən, meyxanadan danışmağı sevirəm. Bu gün meyxana demirəm. Özüm-özümə qadağa qoymuşam. Həm də baş məşqçimiz Qurban Qurbanov ancaq idmanla gündəmdə qalmağımızı istəyir. Amma nə vaxtsa, yenə meyxana deyə bilərəm. Çünki bu, mənim hobbimdir. Hətta bir çox meyxanaçılarla dostam.

— Subaylıqdan danışmışkən, niyə evlənmirsiz? Olmaya axtardığınız ideal qadını tapmamısız?

— Həmişə düşünürlər ki, biz heç kimi bəyənmirik. Həyatda bir qədər uğur qazananda oğlan heç bir qızı ideal kimi görə bilmir. Bu, doğru deyil. Hələ görək, bizə qız verəcəklər?! Birinci bunu düşünmək lazımdır. Əsas ailə quracağın xanımı sevməlisən və dəyərləndirməlisən. Bu günə kimi mənə "ailə qur" deyəndə cavabım o olub ki, "qız varmı, ailə qurum?" Sadəcə könlümə yatan qız qarşıma çıxmayıb. Bəzən bəyəndiyim olur, bir qədər ünsiyyət qurandan sonra görürəm ki, mənim ailə quracağın xanım deyil və uzaqlaşıram.

— Sizə sevgisini etiraf edən xanımlar olur?

— Bəli, elə xanımlar var. Mən belə xanımlara diqqət ayırmıram. Xanım da sevməlidir. Amma biz dədə-babadan belə görməmişik. Azərbaycanın öz mentaliteti, xarakterik xüsusiyyətləri var.

— İdmandan uzaqlaşandan sonra ailə qurmağı planlaşdırırsız, yoxsa idman karyeranıza davam edərək?

— Ailə mənim üçün çox müqəddəsdir. Təbii ki, qarşıma sevəcəyim xanım çıxsa, tezliklə ailə quracam. Məni sevən qadın məni olduğum kimi, yəni idmançı kimi qəbul etməlidir. Amma görsəm ki, idman ailəmə mane olur, idmanla vidalaşa bilərəm. Mənim üçün əsas ailədir.

sputnik.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.