Azərbaycanlı milyarder: “İnqilab üçün bir qığılcım da kifayətdir”

2-10-2015, 15:08           

Dünya sürətlə dəyişir. Yeni geosiyasi müharibələr, ərazilərin yenidən bölüşdürülməsi, yeni dünya düzəninin formalaşdırılması, xalqların böyük köçü, gözlənilməz iqtisadi böhran bizim gözlərimiz önündə cərəyan edən qlobal tarixi proseslərin yalnız bir hissəsidir. Və razılaşın ki, yeni dünyada heç bir ölkə bütün dövlətlərin, xalqların və insanların taleyinə təsir edən bu qlobal proseslərdən kənarda qalmaq iqtidarında deyil.

Məşhur azərbaycanlı milyarder, Rusiyanın eks-senatoru, Rusiyadakı Azərbaycan diasporunun liderlərindən biri Fərhad Əhmədov mövcud qlobal tarixi transformasiya barədə konseptual məqalə yazıb və öz mülahizələrini haqqin.az saytının oxucularının müzakirəsinə buraxır.

Redaksiya fikir plüralizmi və aşkarlıq prinsiplərinə sadiq qalaraq tanınmış ictimai xadimin məqaləsini oxuculara təqdim edir.


Bu gün heç kim dünyanın ətrafımızda sürətlə dəyişdiyi tezisini şübhə altına almır. Böyük hesabla, dəyişikliklər yaxşıdır. Bunsuz keçinmək olmaz.

Mən özüm bir vaxtlar titanik səylərlə Brejnev dövrü SSRİ-sində hökm sürən ürəkbulandırıcı stabilliyi aşıb keçməyə çalışırdım. Orada özüm üçün söz azadlığı zonası yaratmışdım. Sovet sisteminin özü isə sanki sarsılmaz, əbədi görünürdü.


Lakin bir neçə il keçdi və bu sistem çökdü. Və mən artıq Rusiyada, elə Azərbaycanın özündə də yeni postkommunist həyat düzəni qurmaq üzərində işləməyə başladım. Heç də həmişə hər şey sevindirici deyildi, ancaq vektor düzgün verilmişdi. Tarixin təkəri bir göz qırpımında bir bölgü çevrildi və adama elə gəlirdi ki, yenidən ilişib qaldı.
Ancaq adama belə gəlirdi. Əslində isə tarixin təkəri fırlanmaqda idi. İkiqütblü mütənasiblikdən çıxan dünya bir böyrü üstə əyilmiş birqütblü vəziyyətdə çox ləngimədi, azsabit çoxqütblülüyə doğru sürüşməyə başladı. Ancaq orada da çox duruş gətirmədi və tarixin təkəri bizim gözlərimiz qarşısında sürətlə fırlanmaqdadır.

Möhkəm və stabil ölkələr cəmi bir neçə ayın içində dağılır və xaosa yuvarlanır. Uzunmüddətli sabitlikdən sonra hətta Avropanın özündə də aşkar nəzərə çarpan millətçilik və separatçılıq yenidən bütün gücü ilə özünü büruzə verir. Dini və sivilizasiyalararası dözümsüzlük artıq keçmişin yoxa çıxmaqda olan qalıqları deyil.

Milyonlarla insan öz evlərindən çıxarılır, hər şeylərini atır və sığınacaq dalınca dənizin o tayına üz tutur. Dünya iqtisadiyyatı kor doğulmuş buzov kimi o tərəf-bu tərəfə vurnuxur, sürətlə yoxa çıxan əvvəlki oriyentirinin yerinə yenisini tapmağa çalışır. Hətta ən müdrik və təcrübəli rəhbərlər də bir-birlərinin ardınca səhvlərə yol verir. Sanki kimsə onları bir-birinin ardınca onların özləri və xalqları, ölkələri üçün ən pis variantı seçməyə məcbur edir. Öz hərəkətlərində iki-üç addım qabağı hesablamağa artıq heç kim cəhd də eləmir. Bütün yeni dəyişikliklərə reaksiya verməyə güclə macal tapırlar.



Çürüyən brejnevçilikdən çürüməkdə olan panərəbizmə doğru

Böyük Şərqi-Aralıq dənizi regionunda min illər boyu da olmasa artıq yüz illərdir ki, iki əsas qüvvə arasında toqquşma gedir. Onlardan biri İran yaylasına söykənir. Müxtəlif əsrlərdə onu müxtəlif cür adlandırıblar - Persiya, Parfiya, İran.

Digər qüvvə isə Yaxın Şərq regionunda hökmrandır. O, tarixin müxtəlif mərhələlərində Roma, Bizans, ərəb xilafəti, Osmanlı imperiyası adlandırılıb.

SSRİ-nin parçalanmasından sonra burada bir növ vakuum yarandı.Belə məlum oldu ki, bu vakuumu heç nəylə doldurmaq mümkün deyil. Yeganə super derjava kimi ABŞ-ın regiona öz şərtlərini diqtə etmək səyləri isə İraqın işğalından sonra çaşqınlıqla yekunlaşdı.

İndi bizim gözlərimiz qarşısında bu boşluq mühitində təsir imkanları çoxdan Yaxın Şərq regionunun hüdudlarından kənara çıxan və effektiv gücə çevrilən İŞİD getdikcə möhkəmlənməkdədir.



İŞİD-in mübarizə apardığı düşmənləri İraq və Suriya hakimiyyətidir. Kürdlər, şiələr, xristianlar, yəhudilərdir... Onları sayıb qurtarmaq da olmur.Lakin bu düşmənlərlə mübarizə apararaq İŞİD hökmən regionun ən varlı dövləti olan Səudiyyə Ərəbistanını öz orbitinə çəkməyə çalışır.

Hətta əgər İŞİD-in bu planına nəsə mane olsa da mən inanıram ki, Səudiyyə Ərəbistanının çöküşü uzaqda deyil. Bunun səbəbi İŞİD olmasa da Yəmən qəbilələri olacaq. Onlar da olmasa, itirməyə heç nəyi olmayan, bütün hüquqları əlindən alınmış miqrantların üsyanı Səudiyyə Ərəbistanını çökdürəcək.

Bu ölkə və onun rəhbərləri onilliklər boyu özlərinə, yaxınlarına narkotiklərdən tutmuş qadağan edilmiş alkoqola qədər hər şeyi rəva görərək bu cür dəbdəbə içərisində yaşaya bilməzlər.

Ölkə çoxdandır ki, yaşamır, neft gəlirlərinin dalğalarında üzür. Onlar bu gəlirlərə o qədər öyrəşiblər ki, bunu Allah vergisi, digər ərəb dövlətlərinin işlərinə qarışmağa bəraət qazandıran səbəb, özlərinin regionda və dünyada müstəsna vəziyyətinin sübutu kimi görürlər.
Bu əminliyi inkar edən istənilən faktla üzləşmək onlar tərəfindən təəccüblə qarşılanır. Məsələn, bu yay kral özünün 1000 nəfərə yaxın əyanı ilə Fransanın Lacivərd sahillərində öz yay tətilini keçirmək istəyəndə onun üçün 300 metrlik ictimai çimərliyi hasara almışdılar. Buna cavab olaraq 150 min fransız bu qərarın ləğvini tələb edən petisiyanı imzaladı.
Vətəndaş cəmiyyətinin krala aydın olmayan, qəribə görünən bu cür mövqeyi onu elə küsdürdü ki, öz əyanları ilə birlikdə tətilini davam etdirmək üçün Mərakeşə yollandı. http://www.vesti.ru/doc.html?id=2648401

Bəs Səudiyyə Ərəbistanı hakimiyyətinin, kral ailəsinin ən müqəddəs öhdəliyini-Məkkəni ziyarət edən zəvvarların təhlükəsizliyinin təmin edilməsini yerinə yetirə bilməməsi necə olsun?

Səudiyyəlilərin özləri xaric qalan hər kəsə münasibətdə bu təkəbbürlü münasibət də onun əsasında dayanır. Az qala hər il növbəti faciə həcc ziyarətinə kölgə salır. Bu il isə faciə artıq iki oldu. Lakin hələ ki, krallığın hakim ailəsi faktiki olaraq heç nə etmir, problemlər dərinləşir və xalqın səbri tükənir.


Onlar istedadlı insanlara dözmədilər

Beləliklə, fikirləşmək lazım deyil ki, səbri tükənən xalqların ərəb dünyasını bürüyən üsyanları haradasa xaricdə hazırlanıb və oradan idarə edilir. Sadəcə olaraq xalq hakimiyyətlərin dəhşətli dərəcədə uzun çəkən dəyişməzliyindən yorulub. Yada salıram.

Bin Əli Tunisdə 24 ildir dəyişməyən rəhbər idi.
Hüsnü Mübarək Misiri 30 il idi idarə edirdi.
Müəmmər Qəzzafi isə Liviyada 42 il idi hökmran idi.
Əsəd ailəsi isə Suriyanı 45 ildir idarə edir.

Bu siyahıya fərdi evin bağçasındakı qazmada bir neçə il gizlənənə və amerikalıların əlinə keçənə qədər İraqa 24 il boyu fasiləsiz və alternativsiz rəhbərlik edən Səddam Hüseyni də əlavə etmək olar.



Əgər tarixin bir az da dərinliyinə nəzər salsaq, 39 il taxt-tacda qalan İran şahı Rza Pəhləvini də xatırlamamaq olmur.

Onların az qala hər dirəkdən asılmış portretləri, seçkilərin imitasiyasının gedişində yüz faizli dəstək, real islahatların aparılmaması, daha yaxşı həyat perspektivlərinin yoxluğu, korrupsiya, klançılıq, hakimiyyətlərin qeyri-effektivliyi və dəyişməz qalması hamını boğaza yığmışdı.

Bu rəhbərlər özləri öz sonlarını gətirdilər, üstəlik əksər hallarda öz ölkələrinin də faktiki olaraq dağılmasına səbəb oldular. Bu hökmdarların öz əvəzolunmazlıqlarına və xətasız, qüsursuz olmalarına dərindən inanmalarının, özlərinin necə böyük şəxsiyyət olduğuna hüdudsuz inamlarının səbəbi onları əhatə edən yaltaqlıqdan, yalandan irəli gəlirdi. Rejimlərin transformasiyası baş vermirdi. İslahat deyilən heç nə yox idi. Və əgər onilliklər boyu tərəqqi olmursa, deməli, inqilab yetişir.

Bununla belə hər rəhbər özünə regionda mühüm və əvəzedilməz rol biçir, sanki bu, öz-özlüyündə dünyanın aparıcı oyunçularını bu liderlərin devrilməsinə yol verməməyə məcbur etməlidir. Nə öz əvəzolunmazlığını şişirtmək, nə də dünya liderlərini ideallaşdırmaq lazım deyil. Onların öz vəziyyətlərinin qayğısına qalmağa vaxtları və qüvvələri güclə çatır. Analitikləri isə gələcəyə dair o qədər də ağlabatan proqnoz vermək iqtidarında deyil.
İnqilab İran şahını devirəndə o, xəstə, dostları tərəfindən unudulmuş vəziyyətdə uzun müddət özünə və ailəsinə sığınacaq tapa bilmədi. Bütün sərvətləri isə harasa əriyib getdi. Axı az əvvələ qədər dünya bomondu onun yüz milyonlarla dollar xərclədiyi dəbdəbəli bayramlarına qatılırdı. Bu, hələ 40 il bundan əvvəlki qiymətlərlədir.

Yekunda özlərinin böyük, qüdrətli şəxsiyyətlər olduğuna dərin inamın nəticəsi olaraq liderlər reallıq və hətta təhlükə hissini itirirlər. Qəribə də olsa, Hüsnü Mübarək istisna olmaqla bütün bu liderlər hakimiyyətə qanlı çevrilişlər, yaxud ehtiyatı əldən vermiş sələflərini öldürməklə gəlmişdilər.

Daha dəqiq desək, onlar bir təhlükədən özlərini qorumuşdular. Özü də tam etibarlı şəkildə. Onlar ardıcıl olaraq, yorulmadan, amansızcasına və diqqətlə öz ətraflarındakı siyasi məkanı təmizləmişdilər ki, nə rəqibləri, nə də real müxalifət olmasın.
Onlar hətta öz ətraflarında da parlaq və talantlı insanlara dözmürdülər-birdən onlardan kimsə dövlət çevrilişinə cəhd edər!



Allah naminə keçmiş kumirləri devirmək

Bu yanaşma dünyanın özü qədər qədimdir. Xeyli onillik bundan əvvəl mənim əlimə qədim yunan tiranlarından biri haqda hekayə keçmişdi. Bu tiran öz etibarlı nökərini müdrik idarəçiliyi ilə məşhur olan başqa tiranın yanına göndərib onun siyasi uzunömürlülüyünün sirrini öyrənmək istəyirdi. Həmin hökmdar isə ona sözlə heç bir cavab verməmişdi, sadəcə olaraq buğda zəmisində addımlayaraq başqalarından daha hündür görünən bütün sünbülləri vurub sındırmışdı...

Lakin bu ehtiyat tədbirləri də həmişə kömək etmədi. Hansısa məqamda ölkələrin dünənə qədər öz hökmdarını ilahiləşdirən və ona tam itaət göstərən əhalisi birdən nəzarətdən çıxdı. İnsanlar birdən yada saldılar ki, “müsəlman” sözü təkcə “sədaqətli”, “Allahın nökəri” mənasını vermir. Və onlar məhz Allah naminə öz kumirlərini devirdilər. Məlum olduğu kimi, nə qədər aşağı səviyyəyə düşsən, çöküş də o qədər dəhşətli olacaq. Nəticədə bütün bu liderlər zorakılıqla hakimiyyətə gəldikləri kimi zorakılıq nəticəsində də hakimiyyətdən getdilər. Onilliklər boyu siyasi məkanın rəqiblərdən təmizlənməsi isə ona gətirib çıxardı ki, bu liderlərin ardınca siyasi boşluq yarandı.

Neft ölkələrində onlara hətta yüksək neft gəlirlərindən əhaliyə paylamaq siyasəti də kömək etmədi. Birincisi, əhali hər şeyə rəğmən hesab edir ki, bu gəlirlərdən onun payı daha çox olmalıdır, paylarına düşən gəlirləri isə oğurlayırlar.

İkincisi, məsələ xalq etirazlarına qədər gedib çıxanda az adam tapılır ki, rəqəmlərlə fikirləşə bilsin və ona nəyin daha sərfəli olduğunu düşünsün. Çünki emosiyalar üstün gəlir.
Ümumdünya qəsd planı nəzəriyyəsinin buna nə dəxli var? Burada bu qəsdin heç iyi də gəlmir. Necə ki, Viktor Yanukoviçə qarşı Maydan hərəkatı başlatmaq üçün Qərbin heç bir qəsd planı yox idi. Təəccüblü də olsa, Yanukoviç özünü Yaxın Şərqdəki liderlər kimi aparırdı. Amma o, bütöv ölkəni cəmi iki ilə özündən bezdirməyə nail olmaqla həmkarlarını xeyli qabaqladı.

Heç Mixail Qorbaçovu devirmək üçün də Qərbin qəsd planı mövcud deyildi. Kütbeyin iqtisadçılar hesab edirdilər ki, SSRİ miqyasında iqtisadiyyat sadəcə olaraq dağıla bilməz. Ona görə də bütün xalqların faciələrinin Vaşinqtonda dünya tarixinin rıçaqları arxasında oturan hansısa dəhşət ağıllı, dəhşət nüfuzlu və dəhşət zərərli birinin ucbatından baş verdiyinə dair ideya ya kiminsə sadəlövh səhvidir, ya da məqsədli yalandır.

Mən siyasətçilərin dünya proseslərini effektiv idarə etmək qabiliyyətlərinə inana bilmək üçün xeyli müddət biznesdə və siyasətdə olmuşam. İnqilabi çıxışların başlaması üçün isə hərdən bir qığılcım da bəs edir. Hamının yadındadır ki, ərəb baharı Tunisdə rüşvətxorluğa dözə bilməyib özünü yandıran göysatana görə başlamışdı.

Axı Berluskoni Qəzzafinin əlini opürdü...

Hakimiyyətlərin xaricdən devrilməsinə dair nümunələrə gəldikdə isə bu, 1968-ci ildə Praqa baharının sovet tankları ilə yatırılmasıdır. Və ya sovet xüsusi təyinatlılarının Əfqanıstan prezidenti Hafizulla Amini öldürməsidir.

Yeri gəlmişkən, elə ABŞ-da bu məsələdə fəxr ediləsi deyil. Onların dəniz piyadalarının Qrenadaya və ya Panamaya müdaxiləsi yaddan çıxmayıb. Və əlbəttə ki, ola bilsin, rüsvayçı ölümə layiq olan, ancaq amerikalıların İraqa müdaxilədən əvvəl ona yüklədikləri cinayətlərə görə heç cür günahkar olmayan Səddam Hüseyn rejiminin zorla devrilməsi bunlara daha bir misaldır.



Yeri gəlmişkən, böyük dövlətlərin başqa ölkələrin liderlərinin zorla devrilməsinə yönələn addımlarına cavab həmişə onların regiondakı nüfuzunun və təsirinin kəskin azalması olur. Bu cür avantüraların təşəbbüskarlarının vədlərinə baxmayaraq...

Bütün bu deyilənlər əlbəttə, o mənanı vermir ki, Vaşinqtonda, eləcə də digər paytaxtlarda heç kim başqa ölkələrdəki inqilabi əhval-ruhiyyədən öz maraqları üçün istifadə etməyə cəhd göstərmir. Qətiyyən yox. Üstəlik Avropa İttifaqı liderləri sanki Məğrib və Yaxın Şərq ölkələri rəhbərlərinin altındakı kreslonun laxlaması məqamını gözləyirdilər.

Dərhal Qəzzafi, Mübarək və Əsəd Avro-Aralıq dənizi regionu tərəfdaşlığı üzrə mühüm liderlərdən qanlı diktatorlara və yerləri dar ağacı olan uşaq qatillərinə çevrildilər. Sanki az əvvələ qədər sərfəli müqavilələr üçün onların qarşısında az qala baş əymirdilər. Axı elə bu yaxınlarda Silvio Berluskoni Qəzzafinin əlini öpmüşdü. Sözün birbaşa mənasında.

Hədəfə daha tez çatmaq üçün isə Liviyaya NATO ölkələrinin döyüş təyyarələrini göndərdilər. Qəzzafi Liviyanın bombardman edilməsinə əmr verən Fransa prezidenti Nikolya Sarkozinin ondan öz seçki kampaniyası üçün milyonlarla dollar aldığını açıqlayan kimi Qəzzafi də, oğlu da NATO təyyarələrinin hədəfinə çevrildi. Onun mühafizəsi havadan məhv edildi, ardınca Qəzzafi özlərini yetirən üsyançılar tərəfindən vəhşicəsinə öldürüldü. Onun atasının və anasının məzarları dağıdıldı, təhqir olundu.

Maraqlıdır ki, Qəzzafi sağlığında barışmaz anti-İsrail mövqeyi tutsa da İsraildə onun anasını müsəlmanlığı qəbul edən yəhudi hesab edirlər.

http://www.7kanal.co.il/News/News.aspx/153378#.Vgu5GrRJgW1

NATO-nun birbaşa hərbi müdaxiləsini nəzərdə tutan bu cür ssenarini 2013-cü ildə Suriya üçün də hazırlamışdılar. Amma onda Suriyanın bütün kimyəvi silah arsenalının məhv edilmək üçün beynəlxalq nəzarət altına verilməsinə dair Rusiyanın planı bu ssenarinin qarşısını aldı.

Təyyarənin şturvalı arxasında suriyalılar yox, ruslardır

İndi isə biz Rusiyanın Suriyada daha fəal rol oynamaq, dünya işlərində öz əvəzedilməzliyini yada salmaq, Əsədi onun düşmənləri ilə, ilk növbədə İŞİD-lə mübarizədə dəstəkləmək üçün yeni səylərinin şahidi oluruq.

Əlbəttə, söhbət ilk növbədə Rusiyanın tam təcrid vəziyyətindən çıxmaq, növbəti üzdəniraq dövlət statusuna yuvarlanmamaq səylərindən gedir. Ancaq Rusiya prezidentinin regiondan qaynaqlanan təhdidin qlobal xarakter daşıdığını dərk etməyə dair dünya ictimaiyyətinə çağırışının özü şübhəsiz ki, düzgündür və vaxtında edilib.

Keçmiş Rusiya senatoru kimi mən Federasiya Şurasının silahlı qüvvələrin Suriyada tətbiqinə dair qərarının bu dəfə vaxtında qəbul olunduğunu qeyd etməyə bilmərəm. Bu qərarın nəticəsində öz həyatlarını riskə atan hərbçilər əvvəllər olduğu kimi hüquqi boşluq vəziyyətinə düşməyəcəklər. Əvvəl-axır təyyarənin şturvalı arxasında suriyalı yox, rusiyalı təyyarəçilərin əyləşdiyi üzə çıxanda buna görə utanıb-qızarmaq lazım gəlməyəcək.

Lakin mən inanıram ki, Rusiyanın Suriya münaqişəsindəki rolu məhdud qalacaq. Yüz minlərlə silahlı adamın cəlb olunduğu vətəndaş müharibəsinə uğurla müdaxilə etmək üçün praktiki olaraq hüdudsuz resurslara malik olmaq lazımdır. Axı bu cür əməliyyatların hər günü milyonlarla dollara başa gəlir.

Rusiyada isə indi bu resurslar yoxdur. Kiminsə Əsədi dəstəkləmək üçün Rusiyaya pul verəcəyinə ümid etməyə də dəyməz. Əksinə, əgər Rusiya Əsədi dəstəkləməyəcəyini vəd etsə, daha çox pul ala bilər. Nəticədə böyük hesabla Rusiya yenidən kiçikmiqyaslı hava əməliyyatları və diplomatik oyunlarla kifayətlənməli olacaq. Lap gözəl oyun olsa da...



İŞİD-in yerinə kim gələcək?

Bəzi yekunlaşdırmalar aparaq. Dünyəvi, sabit Yaxın Şərq rejimlərinin devrilməsindən nəticədə kim qazanır? Nə demokratiya, nə də ənənəvi liderlər. Xeyr. Hələ ki, onların yerini ən sadə və ən aydın hisslərə əsaslanan “üçüncü qüvvələr” tutur. Hərdən İŞİD kimi primitive qüvvə. Mütləq deyil ki, indiki formada olsun. Bəs sonra nə olacaq? Variantlar elə də çox deyil.
Ya İŞİD-in silahlı dəstələri qələbə yürüşünü İran, Türkiyə, İsrail, Misir və Qafqazın hüdudlarına qədər davam etdirəcək, yeni-yeni əraziləri və dövlətləri qeyri-stabillik burulğanına salacaq. Ya da İŞİD hər halda dayandırılacaq və məhv ediləcək. Buna ancaq regionun bütün ölkələrinin, ABŞ, NATO və Rusiyanın qüvvələrini birləşdirməklə, böyük itkilər və xərclər hesabına, maksimal qarşılıqlı koordinasiya şəraitində nail olmaq mümkündür.
Hələlik şərtlərin bu şəkildə üst-üstə düşəcəyinə qarantiya yoxdur. Ancaq bu, o demək deyil ki, bu mümkün deyil. Ən azından Rusiya hərbçiləri hazırda ABŞ və İsraildən olan həmkarları ilə koordinasiya variantlarını nəzərdən keçirirlər. Heç olmasa bir-birlərini öldürməmək üçün.
Bu, artıq yaxşı haldır. Ancaq İŞİD hətta darmadağın edilsə də Yaxın Şərqdə sabitlik yaratmaq yəqin ki, artıq mümkün olmayacaq. Axı kim qarantiya verir ki, bu hərəkatın yerini daha qəddarı, daha radikalı tutmayacaq? Necə ki “əl-Qaidə”nin yerini İŞİD tutub...

Avropanın çöküşü

İstənilən halda indi regionun problemlərinin hamıya dəxli var. Qaçqınlar problemini götürək-onlara hamının yazığı gəlir. O cümlədən mənim. Mən özüm də nə vaxtsa qaçqın və miqrant olmuşam. Bir neçə dəfə hər şeyə hətta sıfırdan da yox, sıfırın altından başlamışam.
Sözdə qaçqınların halına hamı acıyır. Lakin bu, nəzəriyyədə belədir. Praktikada hər şey daha mürəkkəbdir.

Real problemlə üzləşən Avropa İttifaqı öz mənəvi dəyərlərini sürətlə itirir. Macarıstanın rəhbərləri bəyan edirlər ki, onların ölkəsi müsəlmanları inteqrasiya etməyə hazır deyil.
Slovakiyada birbaşa deyirlər ki, ancaq xristianları qəbul edə bilərlər.
Baltikyanı dövlətlər ümumiyyətlə miqrant qəbul etmək istəmir. Finlandiyada isə onları daşa basırlar.

Yunanlar və xorvatlar qaçqınları təkcə öz ərazilərindən Avropa İttifaqının digər ölkələrinə buraxmağa hazırdır.

Humanizm və tolerantlıq dəyərləri hələlik təkcə Almaniyada, Avstriyada və İsveçdə qalır. Qorxuram ki, bu da çox çəkməyə.Bizim gözlərimiz önündə “demokratiya zonasının” genişlənmə koordinatlarında yaşayan, xalq kütlələrinin radikallaşdığı, ifrat sağçılarla ifrat solçuların ağuşunda xilas yolu axtaran Avropanın siyasi təbəqələri arasında uçurum getdikcə dərinləşir.

Qeyd edim ki, hələlik biz hamımız təkcə qaçqın selini görürük. Almaniyaya ancaq pula həris qaraçı və alban insan qaçaqçılarına öz ailələrinə güllələrdən və partlayışlardan uzaqda yeni həyata başlamaq şansı uğrunda minlərlə dollar ödəyə bilənlər keçməyə cəhd edir. Və onlar əsasən bir Yaxın Şərq ölkəsindən-Suriyadan olanlardır.

Özü də söhbət əsasən yeni vətənlərində də özlərinə yer tapa bilməyəcək iqtisadi baxımdan fəal təbəqədən gedir.




Bəs Suriyanın ardınca xaos və vətəndaş müharibəsi Türkiyəni bürüsə, necə olacaq? Avropa siyasətçiləri o zaman nə deyəcəklər?

Təkcə buna əminəm ki, onlar Yaxın Şərq tonqalının alovlanmasına özlərinin də kömək etdiklərini deməyəcklər. Başqa günahkarlar axtarmağa başlayacaqlar. Hərçənd ki, qərəzli olmayan istənilən müşahidəçi Putinin ardınca “Heç olmasa dərk edirsiniz ki, nə əməl törətmisiniz?” sualını təkrarlamağa hazır olan avropalı liderlərin Yaxın Şərq işlərində destruktiv rolunu görürlər.

İndi hətta bu siyasətin regiona qarşı qərəzli yanaşmanln nəticəsi olduğunu, yaxud onların öz hərəkətlərinin nəticələrini proqnozlaşdırmaq qabiliyyətlərinin olmadığını ayrıd etmək də mühüm deyil.

İstənilən halda açıq-aşkar riyakarlıq və bəyan edilmiş mənəvi, etik prinsiplərdən praktikada imtina edilməsi ortadadır. Həmçinin qonşuların bu gün-sabah onları da əhatə edəcək problemlərinə münasibətdə Avropanın təəccüblü laqeydliyi, bu qonşuların dərdlərinə şərik olmağı bacarmaması göz önündədir. Sanki onlar bugünkü hadisələrin baş verdiyi yerlərdən reportajlara xüsusi effektlərlə dolu bədii filmə tamaşa edirmiş kimi baxırlar.

Bəs nə etmək olar? Yoxa çıxmaqda olan rahat dünyanı saxlamaq üçün bizlərə nə kömək edə bilər?Problemlərimizin eyniliyini dərk etmək və birləşməyə hazır olmaq.
XXI əsrdə bütün ölkələr bir-birlərindən asılıdır. Məsələ ancaq bu qarşılıqlı asılılığın dərəcəsindədir. Aİ miqyaslarında Yunanıstan nədir? Demək olar ki, heç nə. Onun ümumi daxili məhsulu Almaniyanın ümumi daxili məhsulundan 16 dəfə azdır. Bu ölkənin borc böhranı isə Aİ-ni demək olar ki, kökündən sarsıdıb.

Təəccüblü deyil ki, yuanın azacıq devalvasiyası bütün dünya bazarlarını çaxnaşmaya saldı. Bunu sanki hamı başa düşür, ancaq özlərini elə aparırlar ki, Qoqolun yazdığı kimi, onlardan qaçmaq üçün istəyirsən lap üç il at çap, ancaq heç bir dövlətə gedib çıxmazsan.
Artıq belə deyil. Suriyadan qaçqınlar Avropanın mərkəzinə qədər gedib çatıblar. Və birləşmək əvəzinə getdikcə gözlərimiz önündə yeni parçalanmalar meydana çıxır. Ukrayna böhranı, Krımın Rusiyaya birləşdirilməsi Moskva ilə Qərbin münasibətlərini az qala soyuq müharibə səviyyəsinə aparıb çıxardı. Donbasa dair Minsk prosesi Qarabağa dair Minsk prosesi kimi yerində sayır. Suriyaya dair qarşılıqlı anlaşma bayaq qeyd etdiyim kimi, hələlik olduqca kövrəkdir.

BMT yenə də bu təşkilatın yaranmasında əsas olan funksiyanı-beynəlxalq təhlükəsizliyi və stabilliyi təmin edə bilmir. Onun institutları və 70 il bundan qabaq konkret şərtlər daxilində formalaşmış qaydaları indi köhnəlibmi? Razıyam.

BMT nizamnaməsini Təhlükəsizlik Şurasının daimi üzvlərinin razılığı olmadan modernləşdirmək mümkün deyil? Buna da etirazım yoxdur.

Lakin vəziyyət bundan sonra daha da pisləşəcək axı. Yaxud təşkilat bundan sonra da böhranlı vəziyyətlərdə özünü elə aparacaq ki, sanki heç mövcud deyil? Məsələn, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Avropada fəal rolunu kim gördü?

Və ləngimədən daha bir ritorik sual verərdim. Nəyə görə vətəndaş haqları üzrə çoxsaylı beynəlxalq və milli təşkilatlar bir nəfərin, onlarla, hətta yüzlərlə insanın müdafiəsi üçün durmadan qışqıra bilirlər, ancaq indi yüz minlərlə günahsız müharibə qurbanlarının və qaçqınların haqları uğrunda mübarizədə öz qüvvələrini əsirgəyirlər?

Dünya sürətlə dəyişir. Onun əsasları sarsılır. Xaqlar hərəkətə gəlib. Bu, hələ başlanğıcdır. Və heç kim yerində rahat otura bilməyəcək. Və indi, təbii kataklizmlər dövründə olduğu kimi müxtəlif sahələrin peşəkarları, məsuliyyətli siyasətçilər və ictimai xadimlər ətrafa diqqətlə göz gəzdirməli, başlarını quma soxmamalı, öz intellektual, təşkilati, maliyyə və hətta hərbi səylərini mümkün fəlakətin qarşısını almağa yönəlmiş birgə fəaliyyət naminə birləşdirməlidir.

(Bu məqalə çərçivəsində hər şeydən əvvəl Avropanın müasir dünyadakı roluna dair bir çox suallar açıq qaldı. Ona görə də davamı olacaq).

Haqqin.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.