Ərdoğan düşündü ki, artıq Bransondan qurtulmaq lazımdır – POLİTOLOQ

18-10-2018, 16:53           
Ərdoğan düşündü ki, artıq Bransondan qurtulmaq lazımdır – POLİTOLOQ
Elxan Şahinoğlu: “Yaxın vaxtlarda Vaşinqtonun hansısa qarşılıqlı addımlar atacağını düşünmürəm”


Bakı, 18 oktyabr, Xəzərİnfo, Region. 2016-cı ildə Türkiyədə həbs olunan və 35 il həbs cəzasına məhkum olunan amerikalı rahib Bransonun bir neçə gün əvvəl həbsdən azad olunması dünya mətbuatının gündəmini zəbt edib. Onun Türkiyə məhkəməsi tərəfindən sərbəst buraxılması çoxlu müzakirələrə səbəb olub. Əsasən də neçə ildir ki, gərginləşən ABŞ-Türkiyə münasibətlərinin bundan sonra necə olacağı ilə bağlı yaranan suallar ətrafında qızğın müzakirələr gedir.

Atlas Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da Xəzərİnfo–ya müsahibəsində, iki ölkə arasında münasibətlərin yumşalacağını istisna etmədi.

Müsahibəni olduğu kimi təqdim edirik:

- Artıq bir neçə gündür ki, rahib Branson həbsdən azad edilib. Bundan sonra Türkiyə-ABŞ münasibətləri necə olacaq?

- Türkiyə rahib Bransonu sərbəst buraxdıqdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə-ABŞ münasibətlərində nisbətən yumşalmanın başa verəcəyinə ümid edir ki, Çünki, son illər mövcud münasibətlərdə ciddi gərginləşmə müşahidə edilməkdədir. Fətullah Gülənin Amerikada yaşaması və Türkiyənin tələbinə baxmayaraq, onun Ankaraya iadə edilməməsi, "Halkbank" rəhbərinin və Rza Zərrabın Amerikada həbs olunması və bu ölkənin Suriyadaki PKK uzantılarına verdiyi dəstək kimi məsələlər qarşılıqlı münasibətlərin gərginləşməsinə səbəb olub. Eyni zamanda, bu problemlər hələ də öz həllini tapmayıb.

Bildiyimiz kimi, Bransonun həbsindən sonra Türkiyəyə qarşı sanksiyalar tətbiq olundu və Türkiyəyə satılmalı olan hərbi təyyarələrlə əlaqədar anlaşmanı dayandırdı. Hər iki ölkə arasında Suriyanın Membiç şəhərində yerləşən terrorçulara qarşı birgə hərəkət edəcəkləri ilə bağlı şifahi razılaşma mövcuddur. Ərdoğan yalnız bu məsələdə irəliləyişin əldə olunacağına, eyni zamanda yaxın vaxtlarda Amerikanın hansısa addımlar atacağına, sanksiyaların aradan qaldırılacağına və hərbi təyyarələrin Türkiyəyə satılacağına ümid edir. Ancaq hələ də rəsmi Vaşinqton heç bir addım atmır. Donald Tramp Bransonun Türkiyədə həbsi ilə bağlı Türkiyə prezidentinə sərt mesajlar göndərdi. Bu ritorikalara baxsaq, Vaşinqtonun hansısa qarşılıqlı addımlar atacağını düşünmürəm.

Oktyabrın 17-də ABŞ-ın dövlət katibi Mayk Pompeo Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdü. Ümid etmək olar ki, bu görüşdə sonra Amerika münasibətlərin bərpası istiqamətində hansısa isti mesajlar versin və hansısa addımlar atsın.

- Ərdoğan rahib Branson haqqında danışanda onu “casus” adlandırmışdı. Üstəlik, Türkiyə məhkəməsi ona 35 il həbs cəzası tətbiq etmişdi. Ancaq Branson az müddət sonra sərbəst buraxıldı. Türkiyənin birdən-birə geri çəkilməsi və onu azad etməsi ölkə iqtisadiyyatı ilə bağlı hansı problemlərin həllinə nail olacaq?

- Həqiqətən də Branson həbs edilən vaxt onu Fətullah Gülən şəbəkəsinin üzvü, hətta PKK ilə bağlı adam kimi ittiham etmiş və ona 35 il həbs cəzası vermişdilər. Ancaq o, çox qısa müddət həbsdə qaldı. Onun azad olunması ilə əlaqədar Ərdoğan bildirdi ki bu, məhkəmənin müstəqil qərarıdır. Amma mən inanıram ki hakimin bu qərarının arxasında siyasi səbəblər dayanıb. Çünki, Amerika həqiqətən də Türkiyəyə sərt təzyiqlər edirdi və nəticədə Türkiyənin iqtisadiyyatında mənfi tərəflər özünü göstərməyə başlamışdı. Lirə dəyərdən düşmüşdü. Ancaq rahib azad olunduqdan sonra Lirə öz mövqeyini bir qədər möhkəmləndirdi. Ümumiyyətlə, Türkiyə iqtisadiyyatı bu kimi addımlardan asılı deyil. Çünki, onlara xarici sərmayə lazımdır. Düzdü, bu hadisə iqtisadiyyata müəyyən qədər ziyan vurdu, amma o demək deyil ki, Bransonun azadlığa buraxılması nəticəsində Türkiyədə iqtisadiyyat yenidən düzələcək.

- "Bizimlə təhdid dili ilə danışanlara güzəştə getməyəcəyik!" deyən Ərdoğanın bir müddət sonra rahib Bransonu həbsdən azad etməsi onun beynəlxalq aləmdə və öz ölkəsindəki nüfuzuna təsir edəcəkmi?

- Ərdoğan xarizmatik siyasətçidir və meydanı ələ ala bilir. Amma bəzən onun açıqlamaları real siyasətlə düz gəlmir. Məsələn, Rusiyanın təyyarələrinin vurulanda da Ərdoğan Rusiyaya qarşı sərt açıqlamalarla çıxış etmişdi. Və nəticədə turizm və enerji anlaşmaları ləğv olunmuşdu. Sonda Ankara Kremllə razılamağa məcbur oldu. Hazırda Amerika ilə eyni vəziyyətdə olduğunu görürük. Amma real siyasət elə deyil. Real siyasət böyük dövlətlərlə münasibətləri normal saxlamağı tələb edir. Münasibətləri gərginləşdirmək olmaz, çünki vəziyyəti daha da gərginləşdirə bilər. Bunları düşünən Ərdoğan sonda rahibi həbsdən azad etmək məcburəyyətində qaldı. Ərdoğanın nüfuzuna təsirinə gəldikdə isə, bunu yaxın seçkilərdə aydın görəcəyik.

- Amerikanın rahib Branson məsələsinə bu qədər həssas yanaşmasının səbəbi nədir?

- Əslində 2016-cı ildə Branson həbs olunduqda, 2 il ərzində Amerikadan heç bir reaksiya gəlmədi. Qeyd edim ki, Branson Amerikada çox məşhur olan Yevangelist kisləsinin üzvüdür. Amerikada milyonlarla üzvü var və onlar siyasi məsələlərə təsir edə bilirlər. Amerikanın vitse-prezidenti Pers də həmin kilsənin üzvüdür. Pers vəzifəyə təyin olunduqdan sonra rahibin həbsi ilə bağlı Vaşinqtondan böyük səs-küy yaratdı və onun dərhal azad olunmasını tələb etməyə başladı. Türkiyə özü də bu cür təzyiqi gözləmirdi. Yəni, 2 ildən sonra sanksiyaların tətbiq olunması Ankara üçün gözlənilməz hadisə idi. Bu təzyiqlərin qarşısında Ərdoğan düşündü ki, artıq Bransondan qurtulmaq lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.