Amerika filoloqundan siyasi təhlil:"Biz qlobal səviyyədə uçuruma doğru gedirik ..... ",

20-04-2015, 21:52           

"Biz qlobal səviyyədə uçuruma doğru gedirik , bizim yaxşı yaşamaq perspektivlərimiz kəskin azalır ", bunu amerikalı məşhur dilçi, filosof və siyasi fəal Noam Xomski Euronews kanalına müsahibəsində deyib. Analitik.az bildirir ki, Noam Xomski ekoloji və nüvə probleminin dünyanı məhvə sürüklədiyini bildirib: “Ekoloji fəlakət qaçılmazdır, bu problemi çözməyə bizim lap az vaxtımız qalıb. Nüvə müharibəsi təhlükəsi isə 70 il dünyanı xof içində saxlayıb. Son zamanlar isə bu təhlükə daha da artıb. Əgər siz bu məsələyə diqqətlə baxsanız görərsiniz ki, biz yalnız möcüzə nəticəsində sağ qalmışıq ", - deyə Noam bildirib.


ABŞ və İsrail terrora dəstək verir


Siyasətçi İranın nüvə danışıqlarına, eləcə də onun nə dərəcədə dünya üçün təhlükə olmasına aydınlıq gətirib. İranla nüvə danışıqlarını dəstəkləyən siyasətçi bildirib ki, Yaxın Şərqdə təcavüz, zorakılıq, terror aktları və qanunsuz hərəkətlər həyata keçirərək, aranı qarışdıran iki dövlət var. Onların hər ikisi nəhəng arsenallarla nüvə silahına malikdir. Amma onların nüvə silahı nəzərdən keçirilmir. Bunlar ABŞ və İsraildir: “Məhz buna görə də amerika sosioloji xidmətlərinin keçirdiyi beynəlxalq sorğularda, insanların böyük əksəriyyəti dünya üçün ən böyük təhlükənin ABŞ olduğunu söyləyir. Heç bir ölkə bu təhlükə ilə müqayisə oluna bilməz. Maraqlıdır ki, Amerika KİV-ləri bu məlumatları dərc etməkdən imtina edib, amma onlar var".



Noam bildirib ki, İranın hərbi xərcləri çox aşağıdır, hətta İranın strateji doktrinası müdafiə xarakteri daşıyır: “Heç bir sağlam düşüncəli strateji analitik düşünmür ki, İran nüvə silahını nə vaxtsa istifadə edər. Bu, onların özlərinin məhvinə gətirib çıxara bilər. İsrailin baş naziri Benyamin Netanyahu indi ciddi-cəhdlə İranın nüvə proqramı sazişinin ləğvinə çalışır. Və ümumiyyətlə ABŞ –ın İsrailin ziyanına qərar qəbul etməsinə də inanmaq çətindir. ABŞ daim məhz İsrail siyasətini dəstəkləyən və eyni zamanda İsrail üçün təhlükəli sayılacaq addımlar atır. Məsələ burasındadır ki, son 40 ildə İsrailə ən böyük təhlükəni onun öz siyasəti vurub. Əgər 40 il əvvələ qayıtsaq, yəni 1970-ci ilə, görəcəksiniz ki, İsrail dünyada ən hörmətli və çox sevilən ölkələrdən biri idi. Ona bir çox ölkələr simpatiya bəsləyirdi. İndi İsrail dünyanın ən sevilməyən ölkələrdən biridir. Ondan qorxurlar. 70-cı illərin əvvəllərində İsrail qərar qəbul edib. Onlarda seçim imkanı vardı və onlar öz təhlükəsizliyini qorumaq üçün ekspansiyaya üstünlük verdilər. Bu təhlükəli nəticələrə səbəb oldu. Əgər siz təhlükəsizlik səbəbindən ərazilərinin genişləndirilməsinə üstünlük verirsinizsə, bu müqavimətə, qəzəbə, daxili gərginliyə və bəlkə də birdəfəlik dağılmaya gətirib çıxaracaq. Və bu siyasəti dəstəkləyərək, ABŞ, İsrailə üzləşdiyi təhlükələrdə də kömək edir".



Kökü uzaqlara gedən problem- NATO və Rusiya



Amerikalı siyasətçi Rusiya prezidenti Vladimir Putin və onun apardığı siyasətə də münasibət bildirib: "Putin də, liderlərin əksəriyyəti kimi, öz əhalisi üçün təhlükə yaradır. O, qanunsuz hərəkətlər edib. Amma onun siyasəti aydındır. Bu siyasətin aydın olan İdeyası ondan ibarətdir ki, Ukraynanın qərb hərbi alyansına qoşula bilməsi istənilən Rusiya lideri üçün tamamilə qəbuledilməz olacaqdı. Bunun kökləri 1990-ci ilə gedib çıxır. O zaman Sovet İttifaqı dağıldı və sual ortaya çıxdı ki, NATO ilə münasibətlər necə olacaq? Qorbaçov Almaniyanın birməşməsinə və NATO-ya daxil olmasına razılıq verdi. Bu, qarşılıqlı razılaşma olmalı idi - qərara alındı ki, NATO Şərqdə bir qarış belə genişlənməyəcək. Lakin nə baş verdi ? NATO Şərqi Almaniyaya girdi, sonra isə Klinton gəldi və NATO -nu Rusiya sərhədlərinə qədər genişləndirdi. İndi isə məlum olan əvvəlki devrilmədən sonra qurulan yeni Ukrayna hökumətinin parlamenti NATO-ya qoşulmaq üçün səs verir. Lakin Pyotr Poroşenko hökuməti yəqin ki, bu üsulla öz ölkəsini qorumaq fikrində deyil. NATO-ya meyl etmək müdafiə məqsədi daşımır. Məsələ bundadır ki, bu, Rusiya üçün ciddi strateji təhlükədir və istənilən Rusiya lideri buna reaksiya verməli idi. Bütün bunlar aydındır".


“Avropa ABŞ-nin köləsidir “



Noam müsahibəsində Avropanı ABŞ-ın köləsi və qorxaq adlandırıb. O deyib ki, Yaxın Şərqdə baş verən bütün münaqişələrin qızışmasında, qətllərdə başda İngiltərə, İsveç olmaqla bir çox Avropa ölkələri iştirak edir: “Əslində dünyada yalnız bir region bu proseslərdə iştirak etməyib. Bu, Latın Amerikasıdır. Çünki Latın Amerikası xeyli müddət əvvəl ABŞ-ın nəzarətindən çıxıb. Vaxtilə isə Latın Amerikası ABŞ-ın nəzarətində olmaqla yanaşı, dünyanın ən böyük işgəncə mərkəzi idi. Avropa isə iştirak edir, necə deyərlər, ağa əmr edir, nökər icra edir. Onlar müstəqil mövqe tutmaq üçün çox qorxaqdırlar ".


Avropada yaşanan iqtisadi problemin həllinə münasibət bildirən Noam Xomski deyib: "Avropa ciddi problemlərlə üzləşib. Bəzi problemlər Brüsseldə Avropa Komissiyasının iqtisadi siyasətinin, həmçinin NATO-nun və iri bankların - əsasən alman banklarının təzyiqinin nəticəsidir. Bu siyasət onu hazırlayanların baxımından müəyyən məna daşıyır. Bir tərəfdən, onlar riskli, təhlükəli kreditlər və investisiyaların qaytarılmasını istəyirlər, digər tərəfdən isə bu siyasət dövlətlərin ümumi rifahını dağıdır. Digər problem isə Avropanın çox irqçi olmasıdır. Avropada əhalinin tərkibi dəyişməyə başlayan kimi, irqçilik özünü göstərdi. Və bu, Avropada ciddi mədəni problemdir."


Lakin müsahibəsinin sonunu amerikalı siyasətçi nikbin notlarla bitirməyə üstünlük verib: "Mənə bir neçə faktor ümid verir. Məsələn, Latın Amerikasının müstəqilliyi bu nikbinliyi yarada bilər. Bu tarixi əhəmiyyətə malikdir. Biz bunu Amerikada Panama sammitində gördük. Son qitə görüşlərində ABŞ tam təcrid olunmuşdu. Əslində Obamanın Kubaya qarşı bu jestlərinə səbəb ABŞ-ın təcrid olunmasını aradan qaldırmaq cəhdi idi. Təcriddə Kuba deyil, ABŞ idi, bu, şübhəsiz ki, böyük uğursuzluqdur. Nikbinlik üçün Avropada gedən bir çox prosesləri də qeyd etmək olar: “Siriz” və “Podemos ” qələbəsi kimi. Ümid edək ki, nəhayət, bürokratlarla və banklar tərəfindən aparılan dağıdıcı iqtisadi və sosial siyasətlə mübarizə üçün xalq üsyanı başlayıb. Bu, çox ümidvericidir. Bu olmalı idi".



Xatırladaq ki, Noam Хоmski ABŞ-ın Filadelfiya ştatında, 7 dekabr 1928-ci ildə anadan olub. 1955-ci ildə Massaçusets texnologiya institutunda işləməyə başlayıb. Məşhur dilçi, filosof və siyasi fəaldır. Onun işləri linqvistika sahəsində inqilab yaradıb. Vyetnam müharibəsində ABŞ-ın iştirakının əleyhinə açıq şəkildə çıxış etdiyinə görə məşhurlaşıb. O, zaman-zaman hakim elitanın əleyhinə çıxışlarla, Qərbin və ABŞ-ın xarici siyasətini kəskin tənqid edir. Noam Xomski həm də yüzlərlə kitabın müəllifidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.