Azərbaycan uğrunda böyük savaş - pik həddə çatıb

21-04-2015, 10:13           
Azərbaycan uğrunda böyük savaş - pik həddə çatıb
Azərbaycan hakimiyyəti ilə Ağ Ev administrasiyası arasında gərginlik yenidən artıb. ABŞ-ın Bakıdakı yeni səfiri Robert Sekuta Azərbaycan rəsmiləri ilə görüşlərində isti münasibətlərdən danışsa da, Vaşinqtonun siyasətini müəyyən edən qurumların, xüsusən Dövlət Departamentinin son bəyanatlarında bunun əksi görünür. Bir neçə gün əvvəl bir sıra insan haqları təşkilatları və keçmiş diplomatlar ABŞ dövlət katibi Con Kerriyə açıq məktub yazaraq insan haqlarını pozan Azərbaycan rəsmilərinə viza qadağası qoymağa, onların səhmlərini dondurmağa çağırıblar.

Bunun ardınca Bakıda QHT rəhbəri Rəsul Cəfərov barədə məhkəmə hökmünə ABŞ Dövlət Departamenti kəskin reaksiya verib. Azərbaycan hökuməti də bu bəyanatı “ölkənin daxili işlərinə müdaxilə” adlandırıb. Rəsmi “Azərbaycan” qəzeti prezident Barak Obama və dövlət katibi Con Kerrini ermənipərəst mövqedə və Azərbaycanda sabitliyi pozmaq cəhdlərində ittiham edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Mari Xarf Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə qarışması barədə rəsmi Bakının ittihamına cavab verib: “Biz öz narahatlığımızı yetərincə aydın bəyan etmişik. Odur ki, ABŞ-ın ünvanına bu cür ittihamlar sadəcə olaraq Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətdən diqqəti yayındırmaq cəhdidir. Biz insan hüquqlarına dair bəyanatımızda buna kifayət qədər açıq işarə etmişik”.

Müşahidəçilərə görə, rəsmi Vaşinqton adətən bu tip sərt xarakterli məqalələr barədə dərhal məlumatlandırılsa da, ilk dəfədir ki, bir qəzet məqaləsinə reaksiya bildirməsi münasibətlərdə gərginliyin artıq açıq söz savaşına keçməsi kimi də izah edilə bilər.

Son iki gündə də Amerikadan Azərbaycan hakimiyyətini kəskin narazı salan iki hadisə baş verib. "The New York Times" son sayında ABŞ-ın bir sıra tanınmış yazıçı və jurnalistlərinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa müraciətini dərc edib. Müraciət müəllifləri iyunda Bakıda keçiriləcək Avropa Oyunlarını nəzərə alaraq, Azərbaycandakı vəziyyətə diqqət ayırıb. Müraciətdə “Azərbaycandakı repressiv vəziyyətdən bəhs olunur” və hakimiyyət ciddi tənqid edilir. Aprelin 20-də mərkəzi qərargahı ABŞ-da olan “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı yeni bəyanatla çıxış edib.

“Avropa liderləri aydın şəkildə bildirməlidir ki, hökuməti tənqid etdiyinə görə həbs olunmuş şəxslər buraxılmasa, hökumət müstəqil qruplara və fəallara təzyiqlərə son qoymasa, oyunların açılış mərasiminə yüksək səviyyəli nümayəndə heyətləri göndərilməyəcək” deyə, bəyanatda bildirilir. Yeri gəlmişkən, iqtidar mediası son saylarında bu təşkilatın Ağ Evin əlində alət olmasını iddia edən yazılar dərc edib. Yazılarda iddia olunur ki, “Human Right Watch”ın hesabatları Obama administrasiyası tərəfindən hazırlanır və bu qurum öz fəaliyyətini Dövlət Departamenti ilə ciddi koordinasiya edir. Beləliklə, bu informasiyalar ABŞ-la münasibətlərdə yeni gərginliyin yarandığını təsdiqləyir. Bəs səbəb nədir?

* * *
Prezident İlham Əliyev aprelin 10-da keçirdiyi müşavirədə Azərbaycanın dünya ölkələri ilə münasibətlərinə toxunaraq maraqlı açıqlamalar vermişdi. Məsələn, dövlət başçısı “biz heç kimin təhriki ilə addımlar atmırıq, əgər o addımlar milli maraqlara uyğundursa, biz bunu edirik, deyilsə, biz bunu etmirik” deyərək qəti şəkildə “elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin” söyləmişdi. Prezidentin çıxışında daha bir mühüm məqama da diqqət yetirək.

“Bizim xarici siyasətimiz qüsursuzdur. Mən bunu açıq bəyan etmək istəyirəm. Biz heç bir ölkə ilə əlaqələrimizi pozmamışıq. Heç bir ölkə ilə bizim aramızda heç bir gərginlik yoxdur. Əksinə, son illər ərzində biz nə qədər dost qazanmışıq, nə qədər çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir” deyə, prezident vurğulamışdı. Dövlət başçısı ad çəkməsə də, güman etmək olar ki, “heç bir ölkə ilə bizim aramızda heç bir gərginlik yoxdur” dedikdə Amerika ilə münasibətlərə dair iddiaları nəzərdə tutur. Çünki son ilyarımda ən çox Bakı-Vaşinqton münasibətlərinin gərginləşməsi müşahidə edilir, hətta zaman-zaman bu gərginlik qarşılıqlı ittihamlarla açıq müstəviyə keçir.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ANS-ə sensasion sayıla biləcək açıqlamalar verib. Ə.Həsənov deyib ki, Azərbaycanın geiosiyasi, geoiqtisadi və geostrateji dəyəri çox yüksəkdir: “Azərbaycan Cənubi Qafqazın o ölkəsidir ki, Qara dəniz hövzəsində Ukraynanın oynadığı rolu oynayır. Bu gün Ukrayna uğrunda beynəlxalq güclər necə mübarizə aparırsa, Cənubi Qafqazda öz geosiyasi, geoiqtisadi və hər geostrateji maraqlarını təmin etmək üçün də Azərbaycan uğrunda mübarizə gedir”.

Ə.Həsənovun “beynəlxalq güclər” dedikdə Rusiyanı və Qərbi nəzərdə tutduğu şübhəsizdir. Prezident köməkçisinin sonrakı fikirləri də bunu təsdiqləyir: “Azərbaycanın hansı cəbhədə dayanacağı, hansı blokun yanında yer alacağı və hansı bloka qarşı istifadə ediləcəyi məsələsi beynəlxalq güclərin maraq cərcivəsindədir. Ermənistan və buna bənzər dövlətlərin geosiyasi dəyəri o qədər aşağıdır ki, onların kimin yanında durması, necə dayanması, hansı şəkildə idarə olunması, dövlətin özünün müstəqil iradəsinin olub-olmaması dünya üçün o qədər də maraq kəsb etmir.

Təsəvvür edin ki, dünyanın yeganə alternativ enerji mənbəyi hardadır? Azərbaycandadır. Eləcə də dünyanın yeganə alternativ nəqliyyat kommunikasiya xətlərinin başlandığı, bitdiyi və əlaqələndirici ölkəsi haradır? Azərbaycandır. Dünyanın hərbi geostrateji mövqeyində mövcud dəyişiklik edə biləcək, yəni Xəzərə NATO-nun çıxışını təmin edəcək ölkə hansıdır? Azərbaycan. Bu gün NATO qoşunlarını Əfqanıstana daşıyan bütün hərbi dəhliz Azərbaycan üzərindən keçir. Azərbaycan günü sabah Xəzərin qapısını açıb NATO-nu ora buraxsa nə olacaq? Və yaxud da Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulub NATO-ya qarşı blokda yer alsa nə olacaq?”

“Məhz bütün bunlar əlbəttə beynəlxalq dairələri çox düşündürür” deyən iqtidar rəsmisi “ona görə də Azərbaycan balanslı siyasət yürüdür. Siyasətin təməlində isə Azərbaycan xalqının maraqları durur. Biz beynəlxalq aləmə baş salmağa çalışırıq ki, kiçik olmağımıza baxmayaraq, bizim də Amerika, Rusiya, İran, Türkiyə, və Avropa kimi öz maraqlarımız var” deyə bildirib.

PA rəsmisi beynəlxalq islamafob qüvvələrin Azərbaycana qarşı cəbhə aldığını söyləyib: “Yəni müsəlman dünyasında onların təqdim etdiyi kimi, həmişə xaos, anarxiya olmalıdır. Eyni zamanda insanlar bir-birini öldürməlidir. Gecə-gündüz partlayışlar olmalıdır - İraqda, Suriyada,Yəməndə, Misirdə, Liviyada baş verən proseslər bütün müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi modern müsəlman dünyası dünyada təqdir olunmamalıdır” .

* * *

ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya fevral səfərində nəhayət ki, bu cür ittihamlara son qoyacağı gözlənilirdi. Çünki Nuland Birləşmiş Ştatlarla Azərbaycan arasında yeni danışıqlar formatına dair ikitərəfli razılıq əldə olunduğunu açıqlamışdı. Amma fevral ayından ötən müddətdə iki tərəfli strukturun yaradılması barədə hər hansı məlumat yoxdur və münasibətlərdəki gərginlik səngimir. Azərbaycanı regionda strateji müttəfiqi hesab etdiyi ABŞ-ın bu cür soyuq münasibətinin kökündə “demokratik vəziyyət” kimi demoqogiyanın dayanmadığını ötən saylarımızda da qeyd etmişdik. Ə.Həsənov da bunu açıq şəkildə bəyan etməklə ilk dəfə Azərbaycan uğrunda Rusiya və Qərb dünyası arasında mübarizənin əsl səbəblərini açıqlamış oldu.

Bəs niyə məhz indi?
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.