EMOSİONAL İSTEFA, YOXSA SİYASİ HİYLƏ?- Libermanın gedişi hakimiyyətə yenidən qayıtmağa hesablanıb?

16-11-2018, 08:15           
EMOSİONAL İSTEFA, YOXSA SİYASİ HİYLƏ?- Libermanın gedişi hakimiyyətə yenidən qayıtmağa hesablanıb?
İsrailin istefa verən müdafiə naziri Aviqdor Liberman Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə bağlı ən sərt tədbirlərin tərəfdarı kimi tanınırdı. İsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq istefa verdiyini deyən Liberman Qəzza bölgəsində atəşkəsin elan edilməsini və HƏMAS-la danışıqlara başlanılmasını kapitulyasiya adlandırır. Lakin Libermanın bu emosional istefası onun karyerasının başa çatdığı və ya qürub etdiyi anlamına gəlmir.

Onun rəhbərlik etdiyi “İsrail evimizdir” partiyası hakim koalisiyanı tərk etməli olacaq. Yerli icmalçıların fikrincə, bu addımı Liberman və partiyasına hökumətin barış kursundan narazı qalan seçicilərdən 2019-cu il seçkilərində səs almağa kömək edə bilər.

Aviqdor Liberman (Erik Lvoviç) 1958-ci ildə Kişinyovda anadan olub. 20 yaşında valideynləri ilə birlikdə İsrailə köçüb. Siyasi karyerasına Yerusəlim Universitetində oxuyarkən “Likud” partiyasında başlayıb. Binyamin Netanyahunun 1996-cı il seçkilərindəki qələbəsində Libermanın xidməti az olmayıb. Lakin sonradan ikilinin yolları ayrılıb.

Liberman bir müddət siyasətdən uzaqlaşmalı olub. 1999-cu ilin yanvarında o, “İsrail evimizdir” partiyasını təsis edib. Partiya elə həmin ilin mayında knessetə seçkilərdə ilk 4 mandatını qazanıb.

“İsrail evimizdir” partiyası ilk vaxtlar fəaliyyətində keçmiş SSRİ-dən olan immiqrantlara köklənmişdi. Partiya 99-cu il seçkilərinə “Biz Libermanla!” şüarı altında getdi. Liberman yeni hökumətdə infrastruktur naziri oldu. 2003-cü ildən isə nəqliyyat naziri postunu tutdu.

Növbəti il hökumətdəki işini dayandırmalı oldu. Liberman Ariel Şaronun fələstinlilərlə birtərəfli qaydada ayrılmaq planının aktiv əleyhdarı idi. Plana yaşıl işıq yandırıldı və 2005-ci ilin avqustunda İsrail ordusu Qəzza sektorundan 6 mindən artıq İsrail vətəndaşını təxliyə etdi. Onların 1967-ci ildən bəri yaşadığı 20-dən çox yaşayış məntəqəsi tamamilə məhv edildi. Həmin il sentyabrın 12-də Qəzza sektorunu sonuncu İsrail əsgər tərk etdi.



Növbəti il Libermanın partiyası seçkilərdə 11 yer qazandı. Liberman “Kadima” partiyası ilə koalisiyaya girdi və Exud Olmertin hökumətinə daxil oldu. Və yenidən qurulan strateji planlama nazirliyinin rəhbəri oldu. Düzdür, bu qurumun mövcudluğu uzun çəkmədi. 2009-cu ildə knessetə növbəti seçkilər zamanı Libermanın partiyası üçüncü yeri tutaraq 15 mandata sahib oldu. Bu dəfə Liberman “Likud” partiyası ilə koalisiyaya girməyə üstünlük verdi və xarici işlər naziri oldu.

XİN rəhbəri postunda Liberman sərt qərarların tərəfdarı kimi tanındı. Solçu nəşrlər bunu anti-ərəb ritorikası kimi qiymətləndirirdilər.

“İsrail evimizdir” partiyasının proqramında əsas bəndlərdən biri belə idi – “Sədaqət olmadan vətəndaşlıq da yoxdur”. Bu, İsraildəki ərəbləri bərk qıcıqlandırırdı.

Partiyada deyirlər ki, dövlətə sədaqət andı Avropa ölkələrində, məsələn, Britaniyada qəbul olunmuş təcrübədir. Və bu, etnik mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarına aid edilməlidir.

Libermanın partiyası Fələstin dövləti ideyasını dəstəkləyir. Lakin torpaqların mübadiləsi, Qərb sahilindəki torpaqlar, ərəblərin məskunlaşdığı yerlər və s. məsələlərlə bağlı mübahisələr qalmaqdadır.

Libermanın əsas bəyanatlarından biri də kilsənin dövlətdən ayrılmasının yolverilməz olduğu haqdadır. Liberman həmçinin HƏMAS və “Hizbulla” liderlərinin, eləcə də onlarla hər hansı işbirliyində olan knesset üzvlərinin belə, mühakiməsiz öldürülməsinə qarşı deyil.

Ayrı-ayrı vaxtlarda Libermana qarşı korrupsiya, dələduzluq və ictimai etibardan sui-istifadə ittihamları irəli sürülüb. Lakin bu işlərin hamısı ya dəlil yetərsizliyindən qapadılıb, ya da məhkəmə bəraət hökmü çıxarıb.



2015-ci ildə Liberman bəyan etdi ki, partiyası qalib gəlmiş “Likud” partiyasının rəhbərliyi altında sağçı və dindar partiyalarla koalisiyaya girməyəcək. Yenidən baş nazir olan Binyamin Netanyahu knessetdə cəmi bir səsə sahib idi, bu da koalisiyanı çətin duruma salırdı.

Koalisiyanı opportunizm və millətçilikdə ittiham edən Liberman bildirdi ki, onun üçün prinsiplər nazir portfelindən daha önəmlidir. Uzun danışıqlar getdi və növbəti il “İsrail evimizdir” koalisiyaya qoşuldu. Liberman da müdafiə naziri postunu tutdu.

Keçmiş müdafiə naziri Moşe Arens Libermanın təyinatını səhv qərar adlandırdı. İsrailin keçmiş baş nazir müavini və Baş Qərargah rəisi Moşe Yalon isə Libermanın müdafiə naziri təyin olunmasını hökumətin təhlükəli ekstremist elementlər tərəfindən ələ keçirilməsi kimi qiymətləndirdi. Və nəinki hökumətdən, ümumiyyətlə siyasətdən getdi.

İsrail Rusiya ilə münasibətləri olduqca mühüm hesab edir. İranın Suriya münaqişəsində istənilən formalı iştirakına qarşıdır və İsrail hökumətinə təhdid yaradan istənilən hədəfə zərbə endirməyə hazırdır.

Müdafiə naziri postunda Liberman İsrailə qarşı bütün xarici təhdidlərə qarşı müqavimət ideyasının aktiv tərəfdarı idi. Və bu məsələdə beynəlxalq ictimaiyyətin fikrini o qədər də nəzərə almırdı. Libermanın karyerası göstərir ki, bu gün onun siyasi ölümü haqda deyilənlər olduqca şişirdilmiş fikirlərdir…

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.