“Həmsədr ölkələrin separatçıya viza verməsi ikili standartların ən bariz nümunəsidir” - TƏHLİL

20-11-2018, 09:34           
“Həmsədr ölkələrin separatçıya viza verməsi ikili standartların ən bariz nümunəsidir” - TƏHLİL
İşğal altındakı Azərbaycan ərazilərində yaradılmış separatçı-terrorçu rejimin başçısı Bako Saakyanın Avropanın aparıcı dövlətlərindən biri olan Fransanın ardınca dünyanın supergücünə-ABŞ-a getməsi haqlı narazılıqlara səbəb olub.

Doğrudur, separatçıların başçısının bu ölkələrə səfərləri bundan əvvəl də olub. Lakin aprel döyüşləri göstərdi ki, Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ikili standartlardan çıxış etməsi hər an daha dəhşətli toqquşmalara və böyük faciələrə gətirib çıxara bilər. Bu mənada dünyanın aparıcı dövlətləri olan həmsədr ölkələrin daha ciddi yanaşması tələb olunur. Ancaq belə görünür ki, Paris və Vaşinqton “nə hərb, nə sülh” vəziyyətinin uzanmasını daha məqbul hesab etməklə yanaşı, həm də separatçıların nazı ilə oynamağa davam etmək niyyətindədir. Əks təqdirdə, insanlığa qarşı bəşəri cinayətlər törətmiş erməni separatçılarına qapılarını taybatay açmaz, həmçinin onların yardım toplaması üçün şərait yaratmazdılar.

Düzdür, Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya və ABŞ-a səfərinə kəskin etirazını bildirib. Amma Paris və Vaşinqtonun davranışlarından belə görünür ki, onlar ənənəvi şəkildə “biz Dağlıq Qarabağ adlı dövlət tanımırıq” mövqeyindən uzağa getməycəklər. Bu mövqe isə heç nəyi dəyişmir.

“Yeni Müsavat” erməni mətbuatına istinadən xəbər verir ki, B.Saakyan ABŞ-ın Los-Anceles şəhərində Erməni Yardım İttifaqının üzvləri ilə görüşüb. Saakyanın ABŞ rəsmiləri ilə görüşü olmasa belə, onun terrora qarşı mübarizəni özünün əsas hədəfi elan etmiş bu ölkəyə girişi belə, qəbulolunmazdır! Çünki söhbət Azərbaycanın ərazi bütövlüyünü pozan, insanlarına qarşı cinayətlər törədən, qanunsuz elan olunmuş qurumda özünü “prezident” elan edərək beynəlxalq qanunları tapdalayan şəxsdən gedir. Bu mənada ona viza verilməsinin özü Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir.

Rəsmi Bakı da bəyan edib ki, ABŞ-ın Minsk Qrupunun üzvü kimi separatçı Dağlıq Qarabağ rejimi nümayəndələrinə viza verməsi ciddi suallar doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) özünü separatçı rejimin “rəhbəri” kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri ilə bağlı bəyanatında deyilir. Bildirilir ki, kütləvi informasiya vasitələrində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına səyahəti barədə məlumat verilir. “Qondarma rejimin nümayəndəsinin ABŞ ərazisinə daxil olması və qondarma qurumun ABŞ ərazisində təşviqinə icazə verilməsi bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəlikləri, eləcə də ABŞ-ın separatçı qondarma rejimin tanınmaması ilə bağlı dəfələrlə bəyan etdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Bu addım, həmçinin münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir”, - deyə bəyanatda qeyd olunur.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, həmsədr ölkələrin separatçıya viza verməsi ikili standartların ən bariz nümunəsidir: “Yəni bu gün hətta işğal olunan ərazilərdə qanunsuz fəaliyyət göstərən firma və şirkətlərin də çoxu məhz bu dövlətlərə aiddir. Bu, təəssüf doğurur. İkinci məqam odur ki, bu dövlətlər heç olmasa Saakyanın səfərlərinin məqsədini də açıqlamırlar. Əgər bu səfərlərdə münaqişənin həlli üçün hər hansı təsir mexanizmindən və ya digər məsələlərdən söhbət gedirsə, müəyyən aydınlıq gətirmək olardı. Bununla yanaşı, Azərbaycan Xarici işlər Nazirliyinə bu səfərin məram və məqsədi ilə bağlı məlumatlar verilməsi də labüd məsələdir. Deməli, ATƏT-in Minsk Qrupu həmişə olduğu kimi öz işini ancaq deklorativ bəyanatlar verməkdə görür”.

Bir məqam da diqqət çəkir. Belə ki, Ermənistanda bəzi dairələr Paşinyanın parlament seçkilərindən sonra Qarabağı azad edəcəyini, hətta pul qarşılığında torpaqları boşaldacağını iddia edir. Politoloq Arzu Nağıyev qeyd etdi ki, Ermənistanda parlament seçkilərinin keçiriləcəyi vaxt yaxınlaşdıqca müxtəlif partiyalar tərəfindən bəyanatlar səslənməkdədir: “Məlum məsələdir ki, həmişə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları bir siyasi xətt kimi istifadə edilməkdədir. Məhz Paşinyanın Dağlıq Qarabağa son səfəri, qondarma qurumun hərbi xunta nümayəndələri ilə görüşü də bunu deməyə əsas verir. Paşinyan hakimiyyətə gələn kimi ilk olaraq Dağlıq Qarabağın separatçı rəhbərinin üçüncü tərəf kimi bu danışıqlara qatılmasını istədi. Daha sonra BMT Baş Assambleyasının 73-cü sessiyasında başqa bəyanat verdi, Düşənbə sammitində isə bu məsələdən imtina etdi. Bu o deməkdir ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə oyun oynayır, siyasi gedişlər edir. Bu bir daha onu deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin iqtisadi, siyasi, hərbi doktrinası yoxdur. Heç məxməri inqilab da edə bilmədi, lakin prosesləri ”məxməri inqilab" adlandırmağa çalışdı. İndi də artıq mitinqlər eyforiyasından ayrılmaq vaxtı gəlib".

A.Nağıyev bildirdi ki, Paşinyan Rusiya ilə onlara sərf edən tərzdə, Qərblə isə tamam ayrı bir formatda danışır: “Yəni o, bu gün dilemma qarşısında qalıb və əsas sual da maddi vəsaiti haradan necə alacağıdır. Ona 100 milyon krediti Qərb vermir, Rusiya verir, deməli, Moskva verdiyi pulun müqabilində öz diktəsini edəcək. Belə olduğu tərzdə isə digər siyasi qüvvələr onu maddi dəstəyin ancaq Dağlıq Qarabağ kartı üzərindən əldə edəcəyini düşünürlər. 2016-cı ilin aprelində hektarlarla ərazi Azərbaycan tərəfindən geri qaytarıldı, Naxçıvanda bu proseslər davam etdi və düşünürəm ki, bu, davam edəcək. Bunu nə qədər Serj Sərkisyanın idarəçiliyi dövrə yazsalar da fakt faktlığında qalır. Bu gün də Ermənistan xarici siyasətində elə bir qlobal dəyişikliklər yoxdur. Deməli, erməniləri qorxudan məqam da odur ki, istənilən istiqamətdə, yəni diplomatik, siyasi və hərbi baxımdan onlar uduzurlar və artıq həm ABŞ, həm Rusiya münaqişənin həllində müəyyən irəliləyişə nail olmağı tələb edir. Erməniləri qorxudan məqamlardan biri də işğal olunana əraziləri əldə saxlamaq üçün vəsaitin olmamasıdır və bunun da gələcəyi yoxdur. Ona görə də narahatlıq var və düşünürəm ki, bu da əsassız deyil”.

Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında öz yerini itirən Ermənistanın aqoniya vəziyyətində olması da nəzərdən yayınmır. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın hətta Qazaxıstan və Belarus prezidentlərindən “izahat” istəməyə cəsarət etməsi İrəvanın anlaqlı durumda olmadığını deməyə əsas verir. Düzdür, Minskdən Paşinyana kifayət qədər tutarlı cavab verildi. Ancaq bu kimi cavabların İrəvanı işğalçı siyasətdən də çəkindirəcəyini demək olmaz.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dedi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində baş katibin dəyişdirilməsinə qərar verilməsi Ermənistanın narazılığına səbəb olub: “Çünki təşkilatın baş katibi hələ 1 il Ermənistan nümayəndəsi olmalı idi. Ancaq Ermənistanın 5 hazırkı baş naziri Nikol Paşinyan baş katib Yuri Xaçaturovun əvəzinə başqa generalı təyin etmək istədi. Bu qərar isə təşkilata üzv olan digər dövlətlərin xoşuna gəlmədi. Təşkilatın yeni baş katibi Belarusdan olacaq. Belarus prezidenti Aleksandr Lukaşenkonun Minskdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşü də İrəvanın narazılığını daha bir az artırıb. Çünki həmin görüşdə iki ölkə arasındakı əlaqələrdən başqa Lukaşenko azərbaycanlı diplomata Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı vəziyyətdən də danışdı, Ermənistan nümayəndəsinin təşkilata baş katib gətirilməsinin artıq mümkün olmadığını bildirdi. Lukaşenkonun bu sözləri Ermənistan hakimiyyətinin xoşuna gəlmədi. Bundan sonra Ermənistan rəsmiləri Lukaşenkonu sərt tənqid etməyə başladılar. Doğrusu, buna qədər İrəvanla Minsk arasında gərginlik açıq müstəviyə keçməmişdi. Ancaq Minsk də İrəvanın cavabını yaxşı verdi”.

Politoloq qeyd etdi ki, Azərbaycan prezident İlham Əliyev bundan bir gün sonra - noyabrın 14-də Belarusun Azərbaycandakı səfiri ilə görüşdü: “İlham Əliyev bu görüşdə Ermənistanın mövqeyini tənqid etdi və Belarus prezidentinin mövqeyini dəstəklədiyini bildirdi. Rəsmi Bakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı vəziyyəti diqqətlə izləyir. Bunun əsas səbəblərini İlham Əliyev Belarus səfirinə də izah etdi. Birincisi, təşkilatda baş katibin işğalçı Ermənistanın nümayəndəsinin olması Azərbaycanı narahat edir. İkincisi, Ermənistan təşkilatdan öz məqsədləri üçün istifadə etməyə çalışır. Buna baxmayaraq, Ermənistandan başqa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır. Ermənistanın səyləri nəticə vermir. İlham Əliyev Belarus səfiri ilə görüşməklə prezident Lukaşenkoya dəstək ifadə etdi. Azərbaycan prezidentinin Belarusa səfəri bu dəstəyin daha bir ifadəsidir. Lukaşenkonun son açıqlamasından sonra rəsmi Bakı Minsklə hərbi əməkdaşlığı daha da genişləndirəcək. Bu, hər iki dövlətə faydalıdır. Azərbaycan yeni hərbi texnika alacaq, Belarus isə satdığı hərbi texnikaya görə maliyyə qazanacaq. Buna baxmayaraq, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyəcək. Çünki Ermənistan Rusiyadan tamamən asılı vəziyyətdədir. İrəvan elə həmişə Qazaxıstanın və Belarusun mövqeyindən şikayətçi olacaq”.

Ermənilər isə narahatdır. “Belarusun bəyanatları qəbuledilməzdir, amma Ermənistan tərəfindən də əvvəldən səhvlər olub”. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib. “Yuri Xaçaturov bütün üzvlər tərəfindən baş katib təyin edilib. Məsələ onun həbsinə çatanda bütün tərəfdaş ölkələrin rəhbərləri məlumatlandırılmalı idi. Hər bir halda situasiya Ermənistanın xeyrinə deyil”, - deyə o bildirib. O, Belarusun bundan öncə də Ermənistana qarşı neqativ münasibətinin olduğunu, amma bunun ictimai şəkildə elan edilmədiyini söyləyib. Baqdasaryan həmçinin 6 dekabrda baş tutacaq KTMT iclasının “dost xarakterli” olmayacağını vurğulayıb. Daşnaksütyun fraksiyasının rəhbəri Armen Rüstəmyan isə KTMT ilə bağlı situasiyanın təəssüf doğurduğunu bildirib. Paşinyan hökumətiylə rəqib olmağına rəğmən, daşnakların nümayəndəsi Belarus və Qazaxıstanın bəyanatlarını doğru qəbul etməyib. Rüstəmyan KTMT-də yaranan problemlərdən ilk növbədə Azərbaycanın istifadə edəcəyini bildirib.

Rəsmi Bakının uğurlu siyasəti öz bəhrəsini verib. Ermənistan üzv olduğu qurumda da təklənmiş duruma düşüb. Rusiya isə bütün bu vəziyyəti sakitcə müşahidə edir. Ermənistan “tövbə” etməsə, “ağa”sı çətin ki, onun günahından keçsin. Təəssüf doğuran budur ki, ədalətdən dəm vuran ABŞ və Fransa “Rus NATO”sunda təklənmiş işğalçıya qucaq açmaqdaqır. Separatçılara tribuna verilməsinin ayrı izahı yoxdur...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.