Tramp Davosa niyə getmir - maliyyə bəhanəsi...

12-01-2019, 10:07           
Tramp Davosa niyə getmir - maliyyə bəhanəsi...
Onunla Konqres arasındakı narazılıq ABŞ iqtisadiyyatına ciddi zərbə vura bilər
ABŞ prezidenti Donald Tramp büdcə böhranı səbəbindən Davosda keçiriləcək iqtisadi foruma səfərini ləğv edib.

O, bu barədə “Twitter” mikrobloqunda yazıb: “Demokratlar sərhəd təhlükəsizliyi və ölkəmiz üçün təhlükəsizliyin böyük əhəmiyyətinə görə güzəştə getməməsi səbəbindən, İsveçrənin Davos şəhərinə, Dünya İqtisadi Forumuna səfərimi ləğv etdim. İsti diləklərimi və DİF-dən üzrxahlığımı qəbul edin”.

Qeyd edək ki, ABŞ hökuməti 22 yanvara qədər fəaliyyətini bərpa etməsə, foruma xəzinə naziri Stiven Mnuçin rəhbərliyi altında nümayəndə heyəti qatılacaq.

Xatırladaq ki, D.Tramp Davos Beynəlxalq İqtisadi Forumuna qatılan ikinci ABŞ prezidentidir. Ondan əvvəl 2000-ci ildə Bill Klinton forumun işində iştirak etmişdi. 18 il sonra - 2018-ci ilin yanvarında isə bu addımı D.Tramp atıb. Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir qrupdan, hazırda 2,500 iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib. Bunların 1000 nəfərindən çoxu böyük şirkərlətlərin direktorları, 40-dan çoxu dövlət başçılarıdır.

Ötən il Trampın Davos Forumuna qatılması xəbəri tədbirə bütün dünyada marağı və iştirakçılıq arzusunu artırıb. Nəticədə forum iştirakçıları üçün standart paketin qiyməti 70 min İsveçrə frankı - təxminən 72 min dollar təşkil edib. Premium iştirakçı paketinin qiyməti isə 360 min dollar olub.

Bu ildə Trampın Foruma qatılması nəzərdə tutulurdu. Forumun başlamasına 10 gün qalmış ABŞ prezidentinin iştirak etməyəcəyini bildirməsi əslində qonaqların sayına və ya orada müzakirə olunacaq mövzulara hansısa ciddi təsir göstərməyəcək. Çünki bu tədbirdə iştirakçılıq və gündəlik ən azı 6 ay əvvəldən müəyyənləşir.

Qeyd edək ki, builki - sayca 49-cu olan Davos Forumunda müzakirə olunacaq əsas mövzu dördüncü sənaye inqilabı zamanı qlobalizasiya və dünyadakı dəyişikliklərlə bağlı məsələlərdir. İştirakçılar texnologiyaların indiki sürətli inkişafı şəraitində biznesin dövlətlə qarşılıqlı fəaliyyətini müzakirə edəcəklər. Bu zaman rəqəmsal valyutalar və blokçeynlə bağlı məsələlər xüsusilə aktual olacaq. Bundan əlavə, Forum rəhbərliyi iştirakçıların diqqətini iqlim və ekoloji məsələlərlə bağlı birgə fəaliyyətin vacibliyinə yönəltmək istəyir. Bu baxımdan, ABŞ prezidentinin iştirakı müzakirələri daha cəlbedici edə bilərdi.

Bu arada yanvarın 10-da Oval Ofisdə çıxış edən D.Tramp ABŞ-la Meksika sərhədində divarın inşası məsələsinə bir daha toxunub. O, hökumətin qismən bağlanması ilə bağlı narahatlıqların artıdığı bir vaxt qanunvericiləri divarın inşasını maliyyələşdirməyə çağırıb. Buna cavab olaraq, demokratlar prezidenti Amerika xalqını girov saxlamaqdan vaz keçməsini və hökuməti açmasını tələb edib.

ABŞ hökumətinin qismən bağlanmasına səbəb olan mübahisələrin davam etdiyi bir vaxt D.Tramp Birləşmiş Ştatların cənub sərhədində təhlükəsizliyin artırılmalı olduğunu deyib. “Son iki ildə 100 min hücum, 30 min cinsi zorakılıq, 4 min qətl hadisələrində əli olanlar da daxil olmaqla, ”İmmiqrasiya və Gömrük Mühafizə Oraqnı" tərəfindən 266 min cinayətkar həbs edilib."

Prezident Tramp demokratları “sərhəddəki humanitar və milli təhlükəsizlik böhranı”nın həllinə mane olmaqda günahlandırıb: “Federal hökumətin bağlanmasının yalnız bir səbəbi var, bu bir səbəb isə Demokratların təhlükəsizlik divarını maliyyələşdirmək istəməməsidir.”

Demokratlar prezidentin dediklərinə dərhal qarşılıq verib. Senatda azlıqda olan Demokratların lideri Çak Şumer: “Biz hökuməti hisslərə qapılaraq idarə etmirik. Heç bir prezident əlini masaya çırparaq, öz istədiyini tələb edə, ya da milyonlarla amerikalıya zərər verərək, hökuməti bağlaya bilməz.”

Donald Trampın divarın inşası üçün tələb etdiyi 5.7 milyard əvəzinə Demokratlar sərhədin qorunması xərcləri üçün 1.3 milyard təklif edib. “Demokratların təklif etdiyi divar betondan deyil, dəmirdən olacaq” - deyə, Tramp bildirib.

ABŞ Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri Kevin Hasset isə bildirib ki, ABŞ federal idarələri çalışmağa başlamasa, ölkə iqtisadiyyatı həftəyə 1,2 milyard dollaradək itki ilə üzləşə bilər(Report). Nəticədə ölkədəki iqtisadi artım cəmi 0,05 faiz azalsa da, ÜDM-in vəd edilən 3 faizlik dayanıqlı artımı hədəfinə çatmaq hökumət üçün çətinləşə bilər.

NBC News nəşrinin dünən yaydığı məlumata görə isə ABŞ prezidenti Meksika ilə sərhəddə divar qurmaq üçün pul tapıb. Bunun üçün vəsait ölkənin quru qoşunlarının mühəndis korpusunun fondu tərəfindən təklif edilib.

Təklif Pentaqon rəsmilərinin keçirdiyi brifinqdə səsləndirilib.

Adı çəkilən fondda hazırda istifadə edilməyən 13.9 milyard dolların olduğu deyilir. Həmin məbləğ ölkədə mülki müdafiə və bərpa işləri üçün nəzərdə tutulub.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.