Qarabağ danışıqlarına təkan verə biləcək tək ölkə

12-01-2019, 10:47           
Qarabağ danışıqlarına təkan verə biləcək tək ölkə
Rusiyanın əlində unikal rıçaqlar olsa da, ağır şərti var; 2019 fürsətlər ili olacaqmı? Rusiyalı politoloq: “İşğal edilmiş rayonların mərhələli şəkildə qaytarılması üçün bütün şərtlər mövcuddur...”
İlin dəyişməsi ilə ATƏT-in icraçı sədri də dəyişmiş oldu. Bu dəfə sədrlik Avropa Birliyinin üzvü olan Slovakiyaya keçib. Slovakiya ATƏT-in Minsk Qrupunun üzvü deyil. Hərgah, Minsk Qrupunun üzv ölkələri də təşkilata sədrlik edən dövrlərdə Dağlıq Qarabağ konfliktinin həllində ciddi irəliləyiş qeydə alınmayıb.

Bununla belə, bir sıra analitiklər işğalçı Ermənistanda, bütövlükdə bölgədə gedən yeni prosesləri nəzərə alıb, 2019-cu ilin kifayət qədər maraqlı və fürsətlər ili ola biləcəyini istisna eləmirlər. Bu isə o deməkdir ki, ATƏT sərdi səviyyəsində də hansısa sülh təşəbbüsləri mümkündür.

“ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanacaq”. Bunu ATƏT Daimi Şurasının Vyanadakı iclası zamanı ATƏT-in fəaliyyətdə olan yeni sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak 2019-cu ildə sədrliyi qəbul edən ölkəsinin prioritetlərini açıqlayarkən bildirib.

XİN rəhbəri başlıca olaraq münaqişələrin qarşısını almaq, həll olunmamış konfliktləri həll etmək və bunun üçün vasitəçilik etmək, münaqişələrdən zərər çəkənlərə yardım göstərmək yönündə fəaliyyət göstərəcəklərini qeyd edib. “Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanmaq, Erqnetidə Hadisələrin Qarşısının Alınması və Onlara Reaksiya Mexanizmi üzrə müşavirələri bərpa etmək üzərində çalışacağıq”, - deyə slovakiyalı nazir vurğulayıb.

*****

Əlbəttə ki, Qarabağ danışıqlarında əsas Minsk Qrupunun həmsədr dövlətləridir. Söhbət öncəliklə də Rusiya və ABŞ-dan gedir. Onlar üçün də hələ ki başqa mövzular prioritet təşkil edir. Üstəlik, bu il Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlərin daha da kəskinləşəcəyi gözlənilir. Bu mənada bəzi analitiklər Moskva və Vaşinqtonun Dağlıq Qarabağ məsələsində hansısa ortaq mövqe sərgiləyəcəyinə skeptik yanaşırlar. Lakin əks fikirdə olanlar da var.

“Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı yeni danışıqlar prosesi yetişməkdədir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Azərbaycanın aktiv xarici siyasəti nəticəsində bir çox beynəlxalq təşkilatlar və əksər aparıcı dövlətlərin Qarabağ məsələsinin həllini dəstəkləməsi danışıqlar prosesi üçün yaradılan rahat şəraitdən xəbər verir.

“ABŞ Dağlıq Qarabağ məsələsində Ermənistanı müdafiə etmir və hansı yolla olursa-olsun, problemin həllinin tərəfdarıdır. Üstəlik, Vaşinqton Moskva qədər qeyri-konstruktiv mövqe tutmur. Rusiya isə proseslərin zahirən uğurlu danışıqlar üzərində irəlilədiyini göstərir, ancaq reallıqda isə heç bir addım atmır. Əks təqdirdə problem çoxdan həllini tapardı. Ona görə də hər şey Rusiyanın danışıqlar prosesinə verəcəyi təkandan və tutacağı mövqedən xeyli dərəcədə asılı olacaq”, - deyə o qeyd edib.

Politoloq Rusiyanın son zamanlar postsovet məkanı ilə bağlı çox ziddiyyətli və aqressiv mövqe tutduğunu deyib: “Rusiyada müəyyən siyasi elita tez-tez köhnə SSRİ-nin bərpa edilməsi ideyasını irəli sürür. Bu isə Moskvanın beynəlxalq hüquq normalarını pozmasına gətirib çıxarır. Bu səbəbdən nə Qarabağla bağlı substantiv danışıqlara girmək, nə də məsələnin həllini beynəlxalq hüququn cızdığı yola səmtləndirmək mümkündür”.

Qabil Hüseynli bu arada ABŞ-ın Azərbaycanda eks-səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın Paşinyanın Qarabağ probleminin həllində riskli addımlara gedə biləcəyi haqda fikirləri ilə razılaşmayıb: “Paşinyan çox tərəddüdlü görünür. Köçəryan və Sərkisyan Qarabağ müharibəsi dalğasında hakimiyyətə gəlmiş və xalq qarşısında müəyyən öhdəliklər götürmüşdülər. Paşinyan isə hakimiyyət naminə xalq qarşısında müəyyən öhdəliklər götürüb. Düzdür, o hazırda sırf erməni xalqına xoş gəlsin deyə, Dağlıq Qarabağ məsələsində radikal mövqe sərgiləyir. Ancaq hesab edirəm ki, Paşinyan yalnız ABŞ və Rusiyanın güclü təzyiqi fonunda beynəlxalq hüquqa uyğun hərəkət edə bilər”.

Öz növbəsində Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de Vaal hesab edir ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh prosesinin yenidən başlanmasını mümkün edir. Bunu o, “Report”a açıqlamasında deyib.

Ekspert münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini bildirib: “Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən dərəcədə azalmasını görürəm. Ermənistanın yeni hökuməti münaqişənin həlli ilə bağlı düşüncələrini yeniləyə bilər. Tərəflər arasında təmaslar artıb. Lakin təəssüflər olsun ki, hər iki tərəfin mövqeyi dramatik dərəcədə bir-birinə əksdir. Mövqelər bir-birindən olduqca uzaqdır. Münaqişənin həllinə hələ böyük yol var”. Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarı olduğunu da vurğulayıb.

PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi, politoloq Vitali Arkov isə əmindir ki, 2019-cu ildə Moskvanın işğal edilmiş rayonların mərhələli şəkildə Bakının nəzarətinə verilməsini nəzərdə tutan sülh planının (“Lavrov planı”) praktiki olaraq həyata keçirilməsinin başlanması üçün bütün şərtlər var. “Bu isə öz növbəsində dondurulmuş bir çox dövlətlərarası proqramın başlanmasına yol açacaq”, - ekspert bildirib.

*****

Şübhəsiz ki, probleminin həllinə təkan vermək, konfliktin nizamlanmasında ciddi dönüş yaratmaq üçün Moskvanın əlində unikal imkanlar var. Lakin o da var ki, Rusiya bu imkanları Azərbaycandan hansısa güzəştlərin qarşılığında işə salmağı hədəfləyib. Bu güzəştlər barədə zaman-zaman yazmışıq. Kremlin əsas məqsədi odur ki, Dağlıq Qarabağ ixtilafında hansısa müsbət dönüş yaransa da, bu dəyişiklik Azərbaycan və Ermənistanın ondan uzaqlaşmasına gətirməsin. Bölgədə ABŞ və NATO möhkəmlənə bilməsin.

Bu mənada Moskva çox istərdi ki, Ermənistan kimi Azərbaycan da onun hərbi-siyasi və iqtisadi bloklarında - Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT - “Rus NATO-su”) tam hüquqlu üzv kimi təmsil olunsun. Lakin zaman-zaman yazdığımız kimi, Moskva əslində bu üzvlüyün qarşılığında Dağlıq Qarabağ konfliktinin radikal, köklü həllini yox, bir neçə rayonun boşaldılması əvəzində münaqişəni faktiki, dondurmağa, eyni zamanda, konflikt zonasına sülhməramlılar adı altında Rusiya hərbi birləşmələrini yerləşdirməyə çalışır. Bu isə Azərbaycanın suverenliyinə təhlükə deməkdir.

Yəni söhbət əslində Qarabağ məsələsi hesabına Rusiyanın Azərbaycanda qeyri-müəyyən müddətə qayıdaraq, təzədən hərbi-siyasi cəhətcə möhkəmlənməsinə xidmət edən şirnikəndirici təklifdən gedir. Balanslı xarici siyasət kursuna üstünlük verən, Qoşulmamaq Hərəkatının üzvü olan Azərbaycanın buna razı olacağı gözlənilmir...шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.