Bu ölkələr ABŞ-ı Yaxın Şərqdə məyus edəcək

17-01-2019, 08:14           
Bu ölkələr ABŞ-ı Yaxın Şərqdə məyus edəcək
ABŞ ərəb ölkələrini Strateji Yaxın Şərq Alyansının tərkibində birləşdirə bilməyəcək.

Bu sözləri Axar.az-a ABŞ-ın Strateji Yaxın Şərq Alyansı layihəsini şərh edən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, ABŞ-ın əsas planı bölgədə İranın mövqelərini zəiflətmək və antiiran alyansı yaratmaq olsa da, burada ərəb ölkələrinin İsraillə yaxınlaşması amili də yer alır:

“ABŞ-ın Yaxın Şərqdən uzaqlaşması və öz missiyasını müttəfiqlərinə tapşırmağa çalışması çoxdan işləməkdə olan bir plandır. Ancaq müttəfiqləri ABŞ-ın bu ümidlərini o qədər də doğrultmur. Çünki ABŞ-a yaxın olan ölkələr arasında münasibətlər çox kövrəkdir. Digər tərəfdən, həmin dövlətlərə qarşı çıxan mərkəzlər kifayət qədər çevik və güclüdürlər. Faktiki olaraq indi bu bölgədə iki kvartet yaranıb. Birincisi, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyndir. Belə ki, ABŞ digər ərəb ölkələrini də bu kvartetlə yaxınlaşdırmağa çalışır. Söhbət İordaniya, Sudan və coğrafi baxımdan bir-birinə yaxın olmasalar da, həmrəy olan ölkələrdən gedir. İkinci qurup isə Qətər, İran, Türkiyə və qismən də Omandır. Omanın mövqeyi hər zaman Səudiyyədən fərqli olub. Oman daim Ər-Riyada müstəqil siyasət aparmaq iqtidarında olduğunu göstərməyə çalışır. Birinci dördlüyü açıq-aşkar İsrail, ikincini isə Rusiya dəstəkləyir”.

Politoloqun fikrincə, ABŞ hazırda Türkiyəni ikinci dördlükdən xaric etmək və ya birinci dördlüyə birləşdirmək məqsədi güdür:

“Ancaq bu prosesdə diplomatiya gücsüzdür. Çünki Türkiyə bir dövlət kimi müstəqil siyasət aparmağı və Yaxın Şərqdə güc mərkəzinə çevrilməyi hədəfləyir. Bu mənada ABŞ-ın diplomatik imkanları demək olar ki, tükənmək üzrədir. Digər ölkələr isə ABŞ-ın ikinci və üçüncü siyasətinin və öz müttəfiqlərini satdığının şahidi olublar. Tillersonun xəttində müstəqilik notları var idi və o, ABŞ-ın nüfuzunu qaldırmağa çalışırdı. Pompeo isə əksinə, Trampın yalnız ağzına baxır və kobud xətt yürüdür. Ona görə də Pompeonun Yaxın Şərq missiyasının uğurlu olacağına inanmıram. Digər tərəfdən yaddan çıxarmaq olmaz ki, ərəb ölkələrinin müstəqil prioritetləri və strategiyaları var. Bu prioritetlər strateji anlamda heç də hər zaman ABŞ-ın tələbləri ilə üst-üstə düşmür”.

Qeyd edək ki, ABŞ İordaniya, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər və Omanı Strateji Yaxın Şərq Alyansının (MESA) tərkibində birləşdirməyi planlayır. Plana əsasən, bu alyans bölgə təhdidlərinə qarşı mübarizə aparmaq üçün yaradılmalıdır. Vaşinqton bu alyansı xüsusilə İrana qarşı mübarizə üçün yaratmağı planlaşdırır.

ABŞ Dövlət katibi Mayk Pompeo da məhz bu məqsədlə Yaxın Şərq turnesinə çıxmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.