İsrailin İrəvana qarşı de-marşı - Bakının uğurlu gedişi

12-02-2019, 09:33           
İsrailin İrəvana qarşı de-marşı - Bakının uğurlu gedişi
İsrailin “Aeronautics Defense Systems” LTD şirkətinin Azərbaycana “Orbiter 1K” pilotsuz uçan aparat (PUA) - kamikadzeləri təzədən tədarük edəcəyi barədə məlumat vermişik. Belə ki, az öncə İsrailin Müdafiə Nazirliyi şirkət tərəfindən bu nəsil döyüş PUA-larının Azərbaycana satışına qadağanı götürdüyünü bəyan edib.

Bir daha xatırladaq ki, adıçəkilən kampaniya ilə bağlı qalmaqal 2017-ci ilin yayında yaşanıb. İddialara görə, o zaman PUA-lar almağa hazırlaşan Azərbaycan təmsilçiləri şirkətin ölkəmizə gələn mütəxəssislərindən xahiş ediblər ki, bu dronların imkanlarını əyani nümayiş etdirsinlər və bundan ötrü operatorlara Qarabağdakı erməni canlı mövqelərinə zərbə endirməyi təklif ediblər. Erməni tərəfi də buna görə hay-küy qaldırmış, məsələ hətta rəsmi səviyyəyə kimi gedib çıxmışdı.

Gözlənildiyi kimi, düşmənin “qorxulu röyası” olan PUA-larla bağlı qadağanın aradan götürülməsinə Ermənistan dərhal reaksiya verib. Ermənistan Xarici İşlər Nazirliyi (XİN) ötən həftə bəyan edib ki, “məsələni iki və çoxtərəfli diplomatik meydançalarda qaldırmaq” niyyətindədir. Bunu XİN-in mətbuat katibi Anna Naqdalyan xəbərə münasibət bildirərkən demişdi.

Onun sözlərinə görə, regionda sürətlə silahlanma İrəvanın gündəmindədir. “Və biz bu məsələni həm ikitərəfli, həm də çoxtərəfli platformalarda qaldıracaq və müzakirə edəcəyik. Görünür ki, bizim beynəlxalq tərəfdaşlarımıza dəfələrlə xatırlatmaq lazımdır ki, bizim regionda silahlanma yarışı çox təhlükəlidir”, - deyə o bildirmişdi.

*****
Lakin İsrail istehsallı PUA-lar mövzusu işğalçı ölkənin gündəmindən hələ də düşmür. Bunun daha bir səbəbi əlbəttə ki, 2016-cı ilin aprelindəki “4 günlük müharibə”də düşmənin sarsıdıcı zərbə almasında kamikadze-dronlar da mühüm rol oynamasıdır.

Bəzi erməni şərhçilərə görə, rəsmi Təl-Əviv qadağanı götürməklə Ermənistanın baş naziri Nikol Paşinyanın İrana gözlənilən səfəri ilə bağlı İrəvana qarşı de-marş edib. Hərçənd israilli ermənipərəst publisist, işğal altındakı Qarabağa iki dəfə qanunsuz səfər etmiş Aqvidor Eskin belə düşünmədiyini deyib. “Yeni Müsavat”ın məlumatına görə, 1 in.am portalına açıqlamasında o, iddia edib ki, hazırda İrəvan-Tehran əlaqələri İsrailin maraqları və qayğılarına daxil deyil.

“Mənim fikrimcə, hazırda söhbət vaxtilə Azərbaycanla imzalanmış və milyonlarla dəyəri olan anlaşma əsasında PUA-ların verilməsindən gedir. Lakin bu, heç də İsrail qanunlarının pozulması ilə bağlı təhqiqatın davamını ləğv eləmir. Qadağanın götürülməsi haqda qərarda şirkətə münasibətdə təhqiqat prosesinin sıfırlanması yoxdur. Odur ki, məsələdə Ermənistana qarşı ünvanlanmış siyasi hərəkət çaları axtarmaq lazım deyil”, - deyə o, erməniləri sakitləşdirməyə çalışaraq bildirib və əlavə edib: “İsrail Ermənistana eyni tip silahları təklif eləməkdə davam edir. Söhbət yalnız dövlətlərarası azad bazardan gedir”.

*****

Ancaq işğalçı ölkənin silahlanma ilə bağlı əsas problemi də məhz azad bazarla bağlıdır. Çünki kasıb Ermənistan müasir və bahalı silah sistemləri, PUA-alar və döyüş maşınları, hərbi təyyarələr almaq iqtidarında deyil. Bunu dolayısıyla erməni ekspert Ruben Meqrabyan da etiraf edir.

Belə ki, adıçəkilən erməni KİV-ə müsahibəsində bu mövzuda danışan Meqrabyan daha çox özünətəsəlliyə bənzər tərzdə deyib: “İsrailin bu qərarını Ermənistan əleyhinə addım kimi qiymətləndirmək lazım deyil. Bütövlükdə mən hesab edirəm ki, Ermənistanla İsrail arasında əlaqələr hərbi, hərbi-texniki və iqtisadi sferalar da daxil, daha sıx olmalıdır. Bu məsələlər hər iki kanalla müzakirə olunmalıdır ki, anlaşılmazlıq üçün yer qalmasın. Nə İsrailin, nə də Ermənistanın hansısa əsası yoxdur ki, arada soyuq və ya pis münasibətlər olsun”.

İş də ondadır ki, ciddi iqtisadi və geosiyasi önəm kəsb eləməyən cırtdan və yoxsul Ermənistandan fərqli olaraq, Azərbaycanı İsrail üçün cəlbedici edən təkcə hərbi əməkdaşlıq məsələsi deyil. Daima dinamik inkişafda olan Azərbaycan-İsrail ikitərəfli əlaqələri xeyli dərəcədə həm də ortaq iqtisadi və təhlükəsizlik maraqlarına əsaslanır...

*****

Qeyd edək ki, Nikol Paşinyanın İran səfəri fevralın axırına nəzərdə tutulub. Həmin səfərdən İsraillə yanaşı, sözsüz ki, ABŞ da məmnun qalmayacaq. O da sirr deyil ki, İran yeganə iri müsəlman dövlətidir ki, işğalçı Ermənistanla hərtərəfli əlaqələrə malikdir. Cənub qonşumuz bu xüsusda Ermənistan üçün “nəfəslik” də adlandırılır. Həsən Ruhani isə indiyədək İrəvana səfər edən yeganə böyük müsəlman dövlətinin prezidenti kimi tarixə düşüb.

İran eyni zamanda məlum səbəblərdən ABŞ və İsrailin hədəfindədir. Azərbaycan və Türkiyənin blokadada saxladığı, dünya okeanına çıxışdan məhrum, nəhayət, Rusiyanın hərbi qalası olan işğalçı ölkənin durumunu xarici amillərə həssas edən həm də budur.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton keçən ilin oktyabrında bölgəyə etdiyi səfəri çərçivəsində Ermənistan rəhbərliyinə bu xüsusda incə bir mesaj da vermişdi. O, baş nazir Nikol Paşinyanı qonşu Türkiyə və Azərbaycanla əlaqələrin bərpası yönündə tezliklə real addımlar atmağa çağırmışdı. Ermənistanın İrandan asılılığını aradan qaldırmağın tək yolu da elə budur. Az sonra eyni ismarış Trampın Paşinyana ünvanladığı təbrik məktubunda əksini tapdı.

Bəzi məlumatlara görə, bu və digər səbəblərdən Nikol Paşinyan Tehran səfəri ilə bağlı tərəddüd içindədir. Başqa bir versiyaya görə, özünü qərbpərəst kimi göstərməyə çalışan erməni baş nazir “məxməri inqilab”dan keçən 9 ayda heç bir ciddi maliyyə dəstəyi görmədiyi Qərbi, ABŞ-ı bu yolla, yəni İranın xüsusilə hədəfdə olduğu indiki dönəmdə Tehrana səfər etməklə şantaj etmək istəyir.

Bu da növbəti ənənəvi erməni hiyləsi. Alınacaqmı? Çətin. Çünki xarici siyasətdə çox vaxt səmimiyyət prinsiplərinə sadiqlik daha yaxşı effekt verir, nəinki hiylə və məkr...
“Yeni Müsavat” шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru