Fuad Abbasov Abbas Abbasovun keçmiş təşkilatının iki üzvünə cəbhə açdı

26-02-2019, 08:40           
Fuad Abbasov Abbas Abbasovun keçmiş təşkilatının iki üzvünə cəbhə açdı
Fazil Mustafa: “Rusiya hüquq-mühafizə orqanları ilə birgə iş aparılmalıdır”
Azərbaycanlı-çeçen münaqişəsinin qarşısını alan Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, jurnalist Fuad Abbasov dünən rəhbəri olduğu internet televiziyası “Misra TV” vasitəsilə canlı yayın edərək Rusiyada yaşayan həmvətənlərinə müraciət edib.

“Yeni Müsavat”ın məlumatına görə, müraciətdə prioritet məsələlərdən biri Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun tutduğu vəzifədən uzaqlaşdırılması üçün həmrəylik istəyi olub.

Bu, həmin Ağadadaş Kərimovdur ki, Moskvada Azərbaycan və Çeçenistan rəsmiləri arasında keçirilən görüşdən qovulub.

Onun qovulmasına səbəb isə azərbaycanlı-çeçen münaqişəsini yaradan və qızışdıran erməniləri müdafiə etmək istəyi olub. Fuad Abbasov onun məqsədindən xəbər tutaraq buna imkan verməyib və onun xəyanətkar müdaxiləsinin qarşısını alıb.

Fuad Abbasov deyib ki, həyat yoldaşı erməni olan və qızını da erməniyə ərə verən Ağadadaş Kərimov hər zaman ermənilərin mövqeyini müdafiə edib.

F.Abbasov canlı yayında deyib ki, Rusiya Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Mehriban Sadıqovanın da vəzifəsindən getməsinin vaxtı gəlib və bu istiqamətdə işlər görəcək. Yeri gəlmişkən, bu təşkilatın rəhbəri baş nazirin sabiq müavini Abbas Abbasov idi.

F.Abbasov canlı yayında çeçenləri bizə qarşı ayağa qaldıran Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyanın çeçenləri qəzəbləndirən hərəkətini də açıqlayıb.

Erməni Harnik Alixan adlı çeçen gəncin həyat yoldaşını təhqir edib və bunu edərkən özünü azərbaycanlı kimi qələmə verib. Həyat yoldaşı, namusu təhqir olunan Alixan “WhatsApp” yazışmasında azərbaycanlıları təhqir etdiyi videonu Harnikə göndərib.

Erməni təxribatçı Alixanın azərbaycanlıları təhqir etdiyi videonu “WhatsApp”da yayaraq öz məqsədinə çatıb.

Nəticədə azərbaycanlılar Alixanı taparaq cəzalandırıblar. Məhz bu hadisədən sonra çeçenlər azərbaycanlılara qarşı ayağa qalxıb.

F.Abbasov iki dost millət arasında düşmənçilik toxumu səpən şəxsin erməni olduğunu üzə çıxartdıqdan sonra Rusiyada yaşayan ermənilər ona qarşı kampaniyalar aparırlar.

Buna cavab olaraq azərbaycanlılar da sosial şəbəkədə kampaniya başladıblar. 9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayev və Vəkillər Kollegiyasının üzvü Ramil Rüstəmov birgə müraciət ünvanlayıblar.

Onlar Rusiya prezidenti Vladimir Putinə müraciət olunması məqsədilə imzatoplanması kampaniyasına başlayıblar.

Bu arada keçmiş teleaparıcı Turan İbrahimov Rusiyadakı imkanlı azərbaycanlıları sərt tənqid edib: “Rusiyada yaşayan, orada fəaliyyət göstərən, öz gücü ilə bir yerlərə gələn soydaşlarımız, ümidvaram ki, məni anlayacaqsınız. Oradan bura pul göndərirsiniz, çevrənizi, qohumlarınızı saxlayırsınız. Əhsən! Sizinlə fəxr edirik!

Həm də eşidirik ki, mütəmadi olaraq bir ağız oxuyan, bir az soyunan, bir az burcudan manıs tayfasına da yaxşı dəstək olursuz. Birinə ev alırsız, birinə maşın bağışlayırsız. Öz işinizdir, öz pulunuzdur.

Rusiyada fəaliyyət göstərən soydaşımız Fuad Abbasov Azərbaycanın maraqlarını qorumaq üçün əlindən gələni edir.

Son günlər çeçenlərlə azərbaycanlılar arasında qarşıdurma yaratamaq istəyənləri ifşa etdi. Sübut etdi ki, bunların arxasında ermənilər durur. İndi isə ermənilər onu ölümlə, deportasiya və həbslə hədələyir.

Maddi vəziyyəti yaxşı deyil, ev-eşiyi yoxdur. Vəziyyəti ürəkaçan deyil. Ona niyə dəstək olmursuz? Gərək o da manıslıq etsin ki, diqqətinizi çəksin?"

Onu da deyək ki, artıq iş adamı, “Elkapone” ləqəbli Füzuli Məmmədov jurnalistin təhlükəsizliyinin təmin olunması üçün zirehli maşın təklif edib.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Rusiyada böyük işlər görən F.Abbasovun təhlükəsizliyi təmin olunmalıdır və Rusiya hüquq-mühafizə orqanları ilə birgə iş aparılmalıdır: “Fuad təkcə bizi yox, Türkiyəni də təmsil edir. Amma Türkiyənin göstərdiyi laqeydlik bizi üzdü, gərək biz Fuadı üzməyək. O ki qaldı Rusiyadakı imkanlı azərbaycanlıların manıslara pul töküb, bu məsələyə susqun qalmasına, məsələnin kökündə dünyagörüşü səviyyəsi dayanır.

Onlara çağırış etməklə iş düzəlmir. Amma onların da içində anlayışı, səviyyəsi, vətənə bağlılığı olanlar var, lazımi dəstəyi verəcəklər. Fuad Abbasovun bu böhtanın qarşısında duruş gətirməsinə dəstək olmalıyıq".

Deputat bu məsələni parlamentdə də qaldıracağını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.