Əfvə doğru-sensasiyalar olacaqmı... - GƏLİŞMƏ

26-02-2019, 11:23           
Əfvə doğru-sensasiyalar olacaqmı... - GƏLİŞMƏ
Gələn ay Novruz bayramında əfv sərəncamının imzalanacağı gözlənilir. Əsas diqqət heç şübhəsiz ki, siyasi məhbuslara yönəlib. Əfv Komissiyasının iclaslarının intensivləşməsi əfv ümidlərini daha da artırır. Bu həftə Xocalı soyqırımına təsadüf etdiyi üçün komissiyasının iclası həftə sonu gözlənilir.

Bu barədə azvision.az-a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, bu günə qədər Əfv Komissiyasına yüzlərlə müraciət daxil olub: “Xocalı faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Ona görə komissiyanın növbəti iclası həftə sonunda baş tuta bilər”.

Gedən müzakirələrdə ömürlük həbs cəzasına məhkum edilmiş 3 OMON-çunun-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun da adları çəkilir.

Bundan əlavə, siyasi məhbuslar arasında əfv ərizəsi yazanlarla yazmayanlara fərq qoyulub-qoyulmayacağı da suallar sırasındadır. Eyni zamanda 30-a yaxın siyasi məhbusun bu əfvdə azad olunacaqları barədə də xəbərlər yayılıb.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu əfv sərəncamında sensasiyalı adların ola biləcəyini vurğuladı: “Ciddi gözləntilərimiz var. Hazırda çox gərgin iş gedir. Hamımız narahatlıqla əfvi gözləyirik. Hər bir siyasi məhbusun azadlığa çıxmaq şansları var. Bu dəfə çoxlu siyasi məhbus azad oluna bilər. Biz çox istəyirik ki, siyasilərin hamısı azadlığa çıxsın. Həbsxanada qalmaqdansa, əfv ərizəsi yazmaq daha yaxşıdır. Mən, hər halda, belə düşünürəm. Yazıb çıxsınlar. Mübarizəni həbsxanada deyil, azadlıqda aparsınlar. Açığı, əfv ərizəsi yazmaqda pis bir şey görmürəm. Əfv ərizəsi yazmayanların yerinə axı biz bunu edirik. Biz yazanda xahiş edirik ki, əfv olunsunlar. Şübhəsiz ki, siyasi məhbusun özünün əfv ərizəsi yazmasının təsiri daha güclüdür. Bizim kriteriyamızla Azərbaycanda 128 nəfər siyasi məhbus yoxdur. Baxmayaraq ki, bəziləri bunu belə təqdim edirlər. Amma siyasi məhbusların olmadığını da demək doğru olmaz. Çalışmalıyıq ki, siyasi məhbuslar azadlığa çıxsınlar. Hansı adla olursa-olsun, bu məhbuslar azad olunmalıdırlar. Azərbaycanda 50 nəfərin siyasi məhbus olduğunu demək olar. Bizim kriteriyalarla az adama siyasi məhbus demək olar. Hakimiyyət daxilində siyasi məhbusların olmasını istəyən qüvvələrin olduğu barədə fikirlər dolaşır. Bu barədə nəsə deyə bilmərəm.

Xaricdəki anti-Azərbaycan qüvvələri siyasi məhbus problemindən daha çox ölkəmiz əleyhinə istifadə edirlər. Hər zaman deyirəm, yenə də deyirəm ki, ölkəmizdə reformalar olmalıdır. Siyasi məhbus hər yerdə var. Sadəcə olaraq, Azərbaycana gələndə daha çox təzyiqlər edirlər. İstəsək də, istəməsək də, siyasi məhbus olacaq. Onun üçün də dəyişikliklər olmalıdır. Məhkəmələr heç kəsdən asılı olmamalıdır. Ondan sonra siyasi məhbusların olub-olmadığı barədə danışa bilərik. Türkiyədə, Rusiyada və digər ölkələrdə də siyasi məhbuslar var. Bu gün Fransada yüzlərlə adamı həbs ediblər. Bizə qarşı olan təzyiqlər Fransa və digər ölkələrə edilmir. Hər kəs Azərbaycana qarşı aqressiv davranır. İnsan haqları adı altında da təzyiqlər olur. Onların əllərinə bəhanə verməmək üçün siyasi məhbus məsələsini həll edə bilərik. Hökumət mütləq buna getməlidir. Siyasi məhbuslar problemi tam həll olunmalıdır ki, Avropa Şurasında Qarabağla bağlı uca səslə qışqıra bilək, danışaq”.

Hüquq müdafiəçisi 30-a yaxın siyasinin azadlığa buraxılacağı barədə yayılan xəbərlərə də toxundu: “Bizdə belə bir məlumat yoxdur. Nə qədər çox siyasi məhbus azad etsələr, bir o qədər yaxşıdır. OMON-çulara gəlincə, biz onların məsələsini çoxdan qaldırmışıq. Onlar 20 ildən çoxdur ki, həbsdədirlər. Dövlətə heç bir ziyan gətirəsi deyillər. Qarabağ müharibəsində onlar döyüşüblər. Bu və ya digər amilləri onlarla bağlı nəzərə almaq lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.