Tramp Colandan danışdı, Qarabağa təhdid yarandı – İsrail və Suriyanın “nifaq alması”

23-03-2019, 12:47           
Tramp Colandan danışdı, Qarabağa təhdid yarandı – İsrail və Suriyanın “nifaq alması”
ABŞ prezidenti Donald Trampın İsrail tərəfindən işğal olunmuş, ancaq BMT və dünya dövlətləri tərəfindən İsrail ərazisi kimi tanınmayan Colan təpələri haqqında dediyi fikri onun yeni bir qalmaqalı, avantürist çıxışı kimi qeydə alına bilər.

Sanki işğal faktından keçən bu 52 ildə ABŞ-ı idarə edən prezidentlərin heç birinin ağlı kəsmirdi, amma Tramp gəldi və bu xüsusda ədalətsizlik olduğunu bildi, indi regionda haqq-ədaləti bərpa etməyə çalışır.

9 sələfinin etmədiyini edən Tramp
Əslində isə bu müddətdə ABŞ-a rəhbərlik edən prezidentlərin hamısı - Lindon Conson, Riçard Nikson, Cerald Ford, Ceyms Karter, Ronald Reyqan, Corc Buş (ata), Billi Klinton, Corc Buş (oğul), Barak Obama – indiki prezident Donald Trampdan daha ağıllı, daha informasiyalı, daha tədbirli, daha sanballı siyasətçilər idilər. Onlar İsrailə qarşı biganə olmasalar da, anlayırdılar ki, ərazi ilhaqı yolverilməzdir. Tramp isə ard-arda beynəlxalq hüququ İsrailin xeyrinə tapdalayır.

Tramp Colandan danışdı, Qarabağa təhdid yarandı –

O, iki-üç il öncəyə qədər siyasətçi olmadığına görə hesab edir ki, bu cür beynəlxalq miqyaslı qərarlar vermək şirkət təsis və ləğv etmək kimi bir şeydir. Adam odla oynadığının fərqində deyil, anlamır ki, bu, II dünya müharibəsindən sonra əldə olunmuş əsas razılaşmanın – dövlətlərin sərhədlərinin dəyişdirilməməsi prinsipinin kobudcasına pozulması deməkdir. Bir daş yerindən oynadımı, o bina uçar, ondan sonra bütün dünyada mübahisəli ərazilər məsələsinə yenidən qayıdıla bilər və güclü dövlətlər öz zəif qonşularının ərazisinin bir hissəsini tutaraq, “Colan təpələri İsrailin yurisdiksiyasına verilirsə, buralar da bizimdir” deyərlər. Zatən, dünya üzü belə mübahisəli ərazilərlə doludur və dövlətlərin bir xeylisinin gözü qonşusunun ərazisindədir.

Bu məntiqlə sabah Tramp və ya başqa bir siyasətçi tribunaya çıxıb Ermənistan tərəfindən işğal edilmiş Qarabağı da işğalçı dövlətin ərazisi kimi tanımağa çağıra bilər. Ondan sonra nələr olar, nələr...

Əldən-ələ keçən təpələrin son sahibi

Tramp Colandan danışdı, Qarabağa təhdid yarandı –
Colan təpələrini (bəzən “Qolan yüksəklikləri” də adlandırılır) İsrailin şimalında, Suriyanın şərqində yerləşən dağlıq yaylalardır. Mübahisəli ərazi sayılır. 1944-67-ci illərdə Suriyanın Kuneytra əyalətinə daxil olub. 1967-ci ilin iyununda baş verən altı günlük müharibədə İsrail tərəfindən zəbt edilib. Hazırda bu ərazinin üçdə ikisi İsrailin nəzarətindədir, üçdə biri isə Suriyada qalıb. Hər iki dövlət Colanı özünün “əzəli torpaqları” sayır. Suriyadan əvvəl isə bu ərazilər dəfələrlə əldən-ələ keçib, ingilislərin, fransızların, osmanlıların nəzarətində olub. II dünya müharibəsinin axırlarında Suriyanın müstəqilliyi elan olunub tanınarkən Colan təpələri Suriyada qalıb. O zaman hələ İsrail dövləti qurulmamışdı. Ancaq demək olar ki, bir ovuc torpaq üzərində qurulmuş İsrail dövləti güclənməyə başladıqca regionda yəhudilərin yaşadığı ərazilərə iddia etməyə başladı və öz istəyinə çatdı.

İsrail parlamenti (Knesset) 1981-ci ildə Colan təpələrinə aid qanunvericilik sənədi qəbul edərək bu ərazi üzərində öz suverenliyini elan edib. Ancaq BMT bu qərarı tanımayıb.

“Altı günlük müharibə”

Tarixə bu ad altında düşmüş müharibə yeddi ərəb dövlətinin (Suriya, Misir, Livan, İraq, Səudiyyə Ərəbistanı, Yəmən və İordaniya) birləşərək yenicə formalaşmış İsrail dövlətinə qarşı başladıqları savaşdır. Ancaq bu 7 ərəb dövləti elə müharibənin ilk günlərində İsraildən gözləmədikləri cavabı alıblar. İsrail öz müttəfiqlərinin və üstün hərbi texnikasının hesabına ərəb müttəfiqlərin hərbi birləşmələrini bir neçə günün içində darmadağın edib. Nəticədə Suriya Colan təpələrinin üçdə ikisini itirib. Sonradan Misir separat sazişə gedərək İsrailin suverenliyini tanıyıb, onunla ikitərəfli əlaqələr qurub. O biri dövlətlər də yavaş-yavaş İsrailə qarşı neytral mövqe tutmağa başlayıblar. Beləcə, torpaq itkisinə məruz qalmış Suriya savaş meydanında tək qalıb.

Colan təpələrinin əcəb seyrangahı

Bu təpələr dəniz səviyyəsindən ortalama 1000 metr yüksəklikdədir. İsrail tərəfindən tutulmuş hissəsi uzununa 60, eninə 25 km sahəyə malikdir.

Colanın İsrailin nəzarətində olan ən yüksək zirvəsi 2236 metrdir, Suriyanın əlində olan zirvənin hündürlüyü isə 2814 metrdir. Bu zirvələrdə noyabrdan marta qədər qar olur. İsrail orada qış-xizək kurortu kompleksi inşa edib.

Colan təpələri kənd təsərrüfatı üçün çox əlverişlidir. Orada böyük meyvə bağları var. Üşümçülük və şərabçılıq üçün çox yararlı torpaqlardır.

Bu təpələrin hidroqrafik şəbəkəsi də yaxşı inkişaf edib. Yağmurlardan qidalanan çaylar İordan çayına və Tiveriad gölünə axır. İsrail öz içməli suyunun böyük bir hissəsini bu yüksəkliklərdən götürür.

İsrail məskən salır
İsrail Colan təpələrini tutduqdan sonra burada 34 yeni yaşayış məskənləri salıb, 20 min insan məskunlaşdırıb. Ərəb sakinlər isə müharibə bitdikdən sonra geri qayıtmayıblar. İsrail tərəfi iddia edir ki, ərəblərin geri qayıtmasına icazə verir. 1970-ci ildə Colanda yaşayan suriyalı ərəblərə İsrail vətəndaşı olmaq hüququ verib, amma onlar buna razı olmayıblar. Suriya tərəfi isə bunun əksini, İsrailin ərəblərə Colanda yaşamaq imkanı vermədiyini deyir. Suriyalılar Colanın xarabazarlığa çevrilməş yaşayış massivlərini əcnəbi müşahidəçilərə göstərir, İsrailin aqressiyasından danışırlar.

İsrailin nəzarətində olan ərazidəki yaşayış məskənlərinin paytaxtı Katsrin şəhəridir.

Bu nahiyədə çoxlu minalı sahələr var. Bir çoxuna xəbərdarlıq nişanları vurulub, amma minalar zərərsizləşdirilməyib. Bu üzdən tam 52 ildir ki, Colanda insan ayağı dəyməyən yerlər var.

2011-18-ci illərdə Suriyada gedən vətəndaş müharibəsi zamanı Colanın Suriyaya aid hissəsi İŞİD-in əlinə keçib, ancaq ötən il Suriya ordusu onları Colan təpələrindən vurub çıxarıb. Hazırda Suriyanın nəzarətində olan hissədə 16 min suriyalı yaşayır.

Münaqişənin sonu necə olacaq?

Colan təpələrini “əzəli İsrail torpaqları” elən edən Təl-Əviv bölgəyə sırf hərbi baxımdan böyük önəm verir, bu yüksəklikləri öz təhlükəsizliyini təmin etmək üçün ideal məkan sayır. Bundan başqa, məsələnin iqtisadi tərəfi də var. Colan təpələri İsrailin ən yüksək rifahlı rayonudur. Burada, demək olar ki, işsiz adam yoxdur. Bütün İsrailin mineral sularının 50 faizi Colanda çıxır. Colan turistik məkandır, gəzməli, görməli yerləri, qədim abidələri, yaxşı iqlimi var.

Ona görə də belə bir məkandan nə İsrailin, nə də Suriyanın vaz keçəcəyi mümkün görünmür. Hazırda İsrailin hərbi qüdrəti elədir ki, nəinki 1967-ci ildəki kimi 7, hətta 20 ərəb dövləti də birləşsə və İsrailə qarşı savaşa qalxsalar, İsrail onları 6 günə də yox, 6 saata məğlub edə bilər.

Ancaq başqa bir dövlətin ərazisini tutmaq və onu uzun müddət əldə saxlamaq mümkün olsa da, ömürlük mənimsəmək, bu zaman qarşı dövlətin rizasını almaq mümkün deyil.

Göründüyü kimi, bu da həllolunmaz münaqişələr xanəsindəndir.

O Colan, bu Qarabağ

Təbii ki, Colan təpələrinin torpağı, iqlimi, suyu bizim Qarabağınkına çata bilməz, ona görə də ermənilərin də bu torpaqdan asan əl götürəcəyini gözləmək sadəlövhlük olar.

Ancaq Ermənistan İsrail deyil. Düzdür, Ermənistanın da çoxlu xarici havadarları var, amma özünün hərbi qüdrəti bizim dövlətin hərbi qüdrətdindən zəifdir və təkbətək müharibəyə qalsa, ikinci Qarabağ savaşı uzağı bir-iki ay çəkər.

Sadəcə, beynəlxalq şərait elə əlverişli olmalıdır ki, açıq müharibəyə başlamaq mümkün olsun. Bir də elə bir situasiya yaradılmalıdır ki, Ermənistan bu torpaqları sakitcə anneksiya edə biləcəyini düşünməsin. Sabah Tramp kimi avantüristin biri çıxıb ermənilərə qaz verəndə hər şeyin onların xeyrinə olduğu qənaətinə gəlməsinlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.