ERMƏNİ SEPARATÇILARINI TƏLƏYƏ SALMAQ OLAR

25-03-2019, 08:41           
ERMƏNİ SEPARATÇILARINI TƏLƏYƏ SALMAQ OLAR
Erməni separatçıları ABŞ prezidenti Donald Trampın “Colan təpələrini İsrail ərazisi kimi tanıya bilərik” açıqlamasından həvəsləniblər, Xankəndidə Colan təpələri ilə Dağlıq Qarabağ arasında paralellər aparmağa başlayıblar. Vaxtilə eyni paraleli Kosovayla bağlı aparmağa çalışırdılar, ancaq serbləri müdafiə edən Kreml ermənilərin ağızlarının üstündən vurdu.

“Dağlıq Qarabağ Respublikası prezident aparatının rəhbəri müavini” David Babayan Colan təpələri ilə Dağlıq Qarabağ arasında bu şəkildə paralel aparıb: “Donald Trampın Colan təpələrinin təhlükəsizliyi və bölgənin sabitliyinin qorunması baxımından İsrailə aid olması haqqındakı açıqlaması önəmli hadisədir. Bu Dağlıq Qarabağ konteksində də önəmlidir”. Erməni separatçı bu cümlə ilə demək istəyir ki, Colan təpələrini İsrailə ərazisi kimi tanıyan Tramp eyni yanaşmanı Dağlıq Qarabağa münasibətdə də nümayiş etdirməlidir. Erməni separatçının bu “istəyi” aydındır. Aydın olmayan və aydınlaşdırılmağa açıq olan başqa məsələdir.

Ermənistan hakimiyyətinin Suriyadakı rejimlə sıx əlaqələri var, suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirirlər, ayrıca Suriyaya humanitar missiya göndəriblər. Bəşər Əsəd də ermənilərə simpatiya ilə yanaşır. Beynəlxalq aləm İsrailin işğalı altında olan Colan təpələrini Suriya torpaqları sayır. İndi belə çıxır ki, erməni separatçıları Colan təpələrini İsrail ərazisi saymaqla Suriya rejiminə arxa çevirirlər. Digər tərəfdən Ermənistanın ağası olan Rusiya Trampın açıqlamasını tənqid edərək, Colan təpələrini Suriya ərazisi sayır. İran da eyni mövqedədir. Elə biz də Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Demək, həm ruslara, həm iranlılara, həm də suriyalılara erməni separatçılarının onlara necə xilaf çıxdıqlarını xatırlatmaq lazımdır. Ancaq bu incə işlə hansı dövlət stukturumuz məşğul olacaq ki? Novruz bayramı ilə əlaqədar istirahət günləri hələ bitməyib...
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.