Xaricdəki anti-Azərbaycan qüvvələrini “5-ci kolon”la birləşdirən hədəf

22-04-2019, 08:51           
Xaricdəki anti-Azərbaycan qüvvələrini “5-ci kolon”la birləşdirən hədəf
Ölkəmizə qarşı çirkin kampaniyanın pərdəarxasında nələr var? Azərbaycanın “qırmızı xətti”...
Hər bir ölkənin normal, stabil inkişafı və təhlükəsizliyinin birinci şərti, heç şübhəsiz, daxili sabitlikdir. Daxili sabitlik isə öncəliklə cəmiyyətlə hakimiyyət arasında balansı və anlaşmanı diktə edir. Sirr deyil ki, son vaxtlar prezident İlham Əliyev cəmiyyət-hakimiyyət münasibətlərinin möhkəmlənməsi yönündə bir sıra təqdiredici addımlar atıb və atmaqdadır. İctimai rəğbət doğuran bu addımlar, bütövlükdə aparılan siyasət nəticəsində əhalinin sosial rifahı yaxşılaşmaqda, ölkəmizin iqtisadi gücü artmaqdadır.

Xarici siyasət daxili siyasətin davamı olduğundan, beynəlxalq arenada ölkəmizin getdikcə daha sanballı söz sahibinə çevrilməkdə olduğunu da deyə bilərik. Hər halda, gerçəklikdir ki, son illər bir sıra transmilli enerji və nəqliyyat layihələrinin reallaşması ölkəmizin strateji mövqeyini, onun region və Qərb üçün önəmini artırıb. Azərbaycan bölgədə bir növ, arzulanan və ehtiyac duyulan dövlət statusu almaqdadır. Paralel surətdə hərbi qüdrətimiz artır. Bunu hərbi ekspertlər və xaricdəki hərbi təhlil mərkəzləri də təsdiqləyir.

Bu amil işğalçı Ermənistanın sosial-iqtisadi və hərbi göstəricilər baxımdan ilbəil geriləməsi və “izqoy” dövlətə çevrilməsi fonunda xüsusilə böyük önəm kəsb edir. Çünki işğal altındakı torpaqlarımızın müharibə yolu ilə azad edilməsi variantı həmişə masa üzərindədir. Qalibiyyətli Vətən savaşı isə düşmən üzərinə üstün iqtisadi və hərbi qüdrətlə yanaşı, milli barışı zəruri edir. Məsələ də ondadır ki, son vaxtlar dövlət başçısının sosial sahədə, struktur islahatları ilə bağlı atdığı addımlar, ümidverici qərarları əhalinin rifahının yüksəlməsinə yardımçı olmaqla yanaşı, yekun etibarilə milli vəhdəti də möhkəmlətməyə xidmət edir.

Həmçinin Azərbaycanın apardığı balanslı siyasət regionun və dünyanın aparıcı gücləri tərəfindən anlaşıqla və təqdirlə qarşılanmaqdadır. Bu siyasət qlobal güclərin geosiyasi maraqlarının toqquşduğu regionumuzda Azərbaycana faktiki, vazkeçilməz ölkə rolu qazandırıb. Azərbaycan eyni zamanda, bir sıra regional formatların və meqa-layihələrin əsas təşəbbüskarı və fəal iştirakçısıdır. Bura bəzi maneələrə rəğmən, uğurla həyata keçirilməkdə və başa çatmaqda olan “Şimal-Cənub” nəqliyyat dəhlizi, “Şəqr-Qərb” (“Dəmir İpək Yolu”) layihəsi, Cənub Qaz Dəhlizi və s. daxildir. Bütün bunlar ölkəmizi bölgədə bir növ energetik və siyasi xaba (“paylayıcı mərkəz”ə) çevirir, ona marağı və ehtiyacı artırır.

Ölkəmizin Avropa Birliyi (AB) ilə imzalamağa hazırlaşdığı strateji tərəfdaşlıq sazişi bu yöndə növbəti addım ola bilər. Çünki belə bir sənədin imzalanması ilə Azərbaycan-Avropa (Qərb) əlaqələri yeni keyfiyyət mərhələsinə keçəcək, ikitərəfli münasibətlər daha proqnoza yatımlı olacaq. Ölkəmizin suverenliyi və müstəqilliyi isə yeni və əlavə zəmanət əldə eləmiş olacaq. O cümlədən Qarabağ münaqişəsinin milli maraqlarımız çərçivəsində həlli yönündə pozitiv müəyyənlik yaranacaq.

Məlumdur ki, Azərbaycan həm də dünyanın 120-dən çox ölkəsini birləşdirən Qoşulmama Hərəkatının üzvüdür və tezliklə quruma rəhbərlik edəcək. Bakıda qurumun növbəti toplantısı nəzərdə tutulur. Bu da ölkəmizin dünyadakı nüfuzuna yeni müsbət ştrixlər əlavə edəcək, Qarabağ məsələsində haqlı mövqeyimizin dünya tərəfindən daha anlaşıqlı qarşılanmasına gətirəcək.

Təbii ki, Azərbaycanın öz daxili müvazinətini və sabitliyini saxlamaqda davam eləməsi, dinamik inkişafda olması, iqtisadi və hərbi qüdrətini artırması, son vaxtlar isə islahatlara start verilməsi ilk növbədə Ermənistanı, erməni lobbisini və xaricdəki anti-Azərbaycan çevrələrini narahat edir. O üzdən onlar Azərbaycanın dünyadakı yerini zəiflətmək, ona qarşı xarici təzyiqlərə rəvac vermək üçün dəridən-qabıqdan çıxırlar.

Azərbaycana qarşı qarayaxma, təzyiq kampaniyasının xüsusilə də böyük tədbirlər ərəfəsinə, Bakının bir sıra tədbirlərə ev sahibliyi etməyə hazırlaşdığı ərəfəyə təsadüf eləməsi ilə ikiqat diqqət çəkir. Vurğulandığı kimi, artıq Azərbaycanla AB arasında strateji tərəfdaşlıq sazişi tamamlanmaq üzrədir, Cənub Qaz Dəhlizi layihəsi yekunlaşır, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyə hazırlaşır.

Hədəf, heç şübhəsiz, Azərbaycanı beynəlxalq birliyin qınaq hədəfinə gətirib ondan hansısa siyasi dividendlər qoparmaqdır. Təəssüf ki, bu işdə ölkə daxilindəki “5-ci kolon”çular da canfəşanlıq edir, ictimai rəyi yanlış səmtə yönəltməyə çalışırlar. Ancaq cəmiyyət bu cəhdlərin arxasındakı məramı yaxşı bilir...

Məsələn, son zamanlar bəzi antimilli ünsürlər Azərbaycanla AB arasında imzalanacaq saziş layihəsi barədə əsassız fikirlər irəli sürürlər. Bu saziş, yəni Azərbaycanın AB ilə əməkdaşlığının konkret məzmun alması təbii ki, ən çox Ermənistanı narahat edir. Nə yazıq ki, “sapı özümüzdən olan baltalar” da erməni təbliğatına bu və ya başqa formada züy tutur, sazişə qarşı çıxırlar.

Söhbət hər şeydən öncə sənəddə ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı müddəanın guya yer almayacağı iddiasından gedir. Halbuki bunun üçün əsas yoxdur. Ən azı ona görə ki, AB və onun əsas orqanı olan Avropa Parlamenti indiyədək özünün qəbul elədiyi sənəd və bəyannamələrin hamısında ölkəmizin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətini dəfələrlə və birmənalı şəkildə ifadə edib.

Misal üçün, 2017-ci il tarixli “Şərq Tərəfdaşlığı” Brüssel Zirvə bəyannaməsində Azərbaycan da daxil, tərəfdaş ölkələrin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer alıb. 2018-ci ildə AB ilə Azərbaycan arasında ikitərəfli “Tərəfdaşlıq Prioritetləri” sənədində də eyni mövqe əksini tapıb. Son olaraq Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi qətnamə tərəfdaş ölkələrin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini təsdiq edir, münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsi vacibliyini vurğulayır.

Rəsmi qaynaqlardan aldığımız məlumatlar əsasında deyə bilərik ki, Azərbaycanla AB arasında müzakirə edilən sənəddə də eyni müddəa əksini tapacaq. Başqa cür ola bilməz. Çünki bu, Azərbaycan üçün “qırmızı xətt”dir.

Bunları xatırlatmaqla bir daha qeyd eləməyi vacib bilirik ki, axır vaxtlar Azərbaycana qarşı yenidən fəallaşan, bir çox hallarda məkrli erməni dairələrinə bağlı antimilli ünsürlərin hay-həşrində yeganə hədəf daxildə ictimai fikri çaşdırmaqla Azərbaycanda sabitliyi pozmaq, sonra isə “bulanıq suda balıq tutmaq”dır. Hamımızın diqqətli olmamız gərəkir...

Siyasət şöbəsi,
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.