İranla birgə layihələrin taleyi sual altında

26-04-2019, 08:34           
İranla birgə layihələrin taleyi sual altında
Fikrət Yusifov: “İran əksər beynəlxalq layihələri durdurmaq zorunda qalacaq”
Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları durmadan sərtləşdirməsi, son olaraq, 8 ölkəyə rəsmi Tehrana neft satmaqla bağlı etdiyi güzəşti aradan qaldırması cənub qonşumuzun layihələrinin taleyi barədə suallar yaradıb. Xüsusilə Azərbaycanla İran arasındakı layihələrin taleyinin necə olacağı ciddi müzakirə edilir.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov layihələrin təhlükə altında qalacağını real sayır: “İrana neftinin səkkiz ölkəyə satışına bu ilin may ayının 1-dən Amerika Birləşmiş Ştatlarının tətbiq etməyə hazırlaşdığı sanksiya iki ölkə arasında vəziyyətin son həddə qədər gərginləşməsi ilə nəticələndi. Neft ölkəsi olan İran artıq buna qədərki sanksiyalar məngənəsində hədsiz ağır bir iqtisadi və maliyyə durumuna düşüb. Səkkiz ölkəyə sanksiyaların tətbiqi isə bu vəziyyətdə olan İrana daha ciddi bir zərbənin vurulması demək olacaq. İran buna mütləq cavab verəcək. Çox güman ki, bu cavabın İran üçün ən məqbul variantı da Hörmüz boğazını bağlamaqla ABŞ və Avropanı təhdid etmək olacaq. Bu vəziyyət daha çox hərbi münaqişəyə aparan bir yoldur. Belə olarsa, İran əksər beynəlxalq layihələri durdurmaq zorunda qalacaq. Əslində müharibə vəziyyətində olan bir ölkədə birgə layihələrin hamısı müəyyən təhlükələrlə üzləşə bilər - bu, tam məntiqli bir haldır və qonşu ölkə kimi Azərbaycan da burada istisna olmayacaq”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hesab edir ki, ABŞ-ın mövqeyindən çox şey asılı olacaq: “İranın Qərblə, xüsusilə ABŞ-la münasibətlərinin gərgin qalmağı region ölkələrinə hər zaman problem yarada biləcək faktordur. Bu problemlər iqtisadi münasibətlərdə özünü göstərə bilər. Eyni zamanda proses qaynar fazaya keçərsə, region ölkələri bunun fəsadlarını özündə hiss edə bilər. Amma göründüyü kimi, məsələnin həlli digər dövlətlərdən yox, məhz iki dövlət arasında ola biləcək razılaşmadan asılı olacaq. Bu razılaşma olmayana qədər İranla iqtisadi layihələrdə iştirak etmək istəyən dövlətlərin vəziyyəti də yaxşı olmayacaq. Amma bir məsələ də var ki, əgər ABŞ birmənalı şəkildə həmin layihələrin həyata keçməsini istəməyəcəksə, o zaman bütün vasitələrlə ona mane olacaq. Yox, əgər bu layihələr onun planlarına mane olmayacaqsa, olanları görməməzlikdən gələcək, yaxud növbəti hədələrlə kifayətlənəcək. Biz belə təcrübəni yaşamışıq. Bir çox Qərb şirkətləri sanksiyalara rəğmən müxtəlif vaxtlarda İrandan neft və neft məhsulları alış-verişi həyata keçiriblər. Amma sonradan onların hamısı bu əlaqəyə görə problemlə üzləşməyib. Hesab edirəm ki, Azərbaycanın İranla həyata keçirmək istədiyi layihələr də bu qəbildəndir. Amma görünən odur ki, İranla bağlı məsələ əvvəlki illərə baxanda daha da aktuallaşıb və Ağ Ev bu istiqmətdə hədəflərinə tezliklə çatmağı qərara alıb. Bu yolda onlara mane olacaq istənilən əngəli aradan qaldırmağa çalışacaqlar. Söhbət məhz İranla iqtisadi əməkdaşlıqda marağı olan dövlətlərdən gedir. Lakin bu o demək deyil ki, həmin dövlətlər dərhal hədəfə alınacaqlar. Düşünürəm ki, hər zaman olduğu kimi ABŞ ilk növbədə İranla iş birliyində olan dövlətlərdən onların marağını təmin etmək şərtilə bu istəklərini təxirə salmağı istəyəcək. Bu yol effekt verməyincə isə fərqli təzyiqlər ediləcək. Mən hələ bilmirəm ki, Azərbaycanın İranla nəzərdə tutulan layihələrinin ABŞ-ın İran siyasətinə hər hansı təsiri olacaq ya yox. Bizlə bağlı olacaq mövqe bundan asılı olacaq. Amma düşünmürəm ki, Azərbaycan hökuməti bilə-bilə ABŞ-la münasibətləri gərginləşdirəcək iqtisadi layihələri həyata keçirməyi planlaşdırsın. Yəqin ki, bu risklər nəzərə alınıb”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.