“25 may mitinqi AXH-nin yox, İsgəndər Həmidovun mitinqidir” - QALMAQAL

9-05-2019, 09:10           
“25 may mitinqi AXH-nin yox, İsgəndər Həmidovun mitinqidir” - QALMAQAL
İsgəndər Həmidov “Yeni Müsavat”a müsahibəsində Azərbaycan Xalq Hərəkatının mayın 25-nə Yasamal rayonundakı “Məhsul” stadionuna mitinq təyin etdiyini məlumat verib. Mitinqə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktub da göndərildiyini açıqlayıb.

İsgəndər Həmidov müxalif siyasi qüvvələrin birlikdə mitinq keçirməsinin daha məqsədəuyğun olduğunu da deyib.

Bəs AXH-dəki əks tərəf 25 may mitinqinə qatılacaqmı?

AXH-dəki tərəflərdən birinin İdarə Heyətinin üzvü, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, o, hələlik qurumun İH-nin hansısa iclasında mitinq barədə qərar verildiyini xatırlamır. 25 maya təyin olunan mitinqi isə İsgəndər Həmidovun bir vətəndaş olaraq təyin etdiyi mitinq kimi qəbul edir: “Mənim təmsil olunduğum Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti 25 maya və ya başqa günə hələ mitinq təyin etməyib. Düşünürəm ki, hər bir vətəndaş kimi İsgəndər Həmidovun da sərbəst toplaşmaq azadlığından istifadə hüququ var və görünür, o, həmin hüququndan istifadə edərək mayın 25-nə mitinq təyin eləyib. 25 may mitinqini AXH-nin yox, İsgəndər Həmidovun mitinqi hesab etmək daha doğru olar. Odur ki, mən bu mitinqə Azərbaycan Xalq Hərəkatının mitinqi deməyi doğru hesab etmirəm. Əgər Azərbaycan Xalq Hərəkatının mitinq barədə qərarı yoxdursa, bizim İdarə Heyəti üzvü kimi o mitinqdə iştirakımız təbii ki, mümkün deyil”.

“25 may tarixinə mitinqi İsgəndər Həmidov yox, Azərbaycan Xalq Hərəkatı Məclisinin təyin etdiyi bildirilir. Bu vəziyyət sizin qərarınıza təsir edə bilərmi” sualına isə Tural Abbaslı belə cavab verdi: “Mən Azərbaycan Xalq Hərəkatının Məclisinin keçirildiyini xatırlamıram. AXH-nin Məclisi keçirilib ki, mitinq barədə də qərar verilsin? Məclis keçirilsəydi biz də iştirak etmiş olardıq. Bəzi insanların yığışıb toplantı keçirməsi hələ o demək deyil ki, bu, Azərbaycan Xalq Hərəkatının Məclisinin iclasıdır”.

“Ümumiyyətlə, bir müddət müxalifətin mitinq məsələsində taktikanı dəyişməsinə ehtiyac varmı? Mitinqlərə Bakı Şəhər İcra Hakimiyyəti onsuz da icazə vermir. Ona görə də mitinqlə bağlı müraciətləri bir müddət üçün dayandırmaq daha düzgün olmazmı” sualına Tural Abbaslı belə cavab verdi: “Müxalifətin mitinqlərlə bağlı taktikası məsələsində yanaşmalar müxtəlifdir. Şəxsən mənim mövqeyim bundan ibarətdir ki, mitinq, piket, kütləvi aksiyalar bizim hüququmuzdur və bizlər bu hüquqdan istədiyimiz kimi, istədiyimiz zamanda istifadə edə bilərik. Odur ki, bu gün iqtidar qanunsuz olaraq kütləvi aksiyalara razılıq vermirsə, bu o demək deyil ki, biz sərbəst toplaşmaq azadlığı hüququmuzdan imtina etməliyik. Biz qanunun bizə verdiyi hüququmuzdan sona qədər istifadə etməli və sərbəst toplaşma hüququmuzu bərpa etməliyik. Mən düşünmürəm ki, iqtidar da sona qədər hazırkı qanunsuz mövqeyini qoruya biləcək. Buna nə beynəlxalq, nə də daxili siyasi vəziyyət imkan verməyəcək. Artıq bu lüzumsuz və ziyanlı mövqedən çəkilmək, insanların sərbəst toplaşmaq hüququnu istifadə etmək lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.