Şuşaya gələn Paşinyanın helikopterini niyə vurmadıq? - Ekspertdən açıqlama

11-05-2019, 21:07           
Şuşaya gələn Paşinyanın helikopterini niyə vurmadıq? - Ekspertdən açıqlama
Biz Qarabağ müharibəsi veteranları yaxın zamanda ATƏT-in əməkdaşlarını Bakının ortasında döyəcəyik, çünkü onlar bura ancaq kef çəkməyə gəlirlər, yeyib-içirlər, adını da qoyurlar münaqişəni həll etmək. Bunu Yeniavaz.com-a açıqlamasında Qarabağ müharibəsi veteranı və hərbi ekspert Üzeyir Cəfərov Ermənistanın Baş naziri Nikol Paşinyanın Şuşaya səfərinə münasibət bildirərkən deyib.

Azərbaycan hava məkanına qanunsuz daxil olan bütün vasitələri məhv edə bilər. Bəs niyə N. Paşinyanın Şuşaya səfər etdiyi helikopter silahlı qüvvələrimiz tərəfindən məhv edilmir? Hərbi ekspert bildirib ki, burada siyasi elementlər rol oynayır, əks halda bu təxribat cavabsız qala bilməz: "Bu sual rəsmilərə ünvanlanmalıdır. Əgər o helikopterdə Azərbaycanın ərazi bütövlüyü və ya hava sərhədi üçün çox ciddi bir təhdid olarsa, sözsüz ki, o helikopteri vurmazsa, Müdafiə Nazirliyi birbaşa məsuliyyət daşıyır. Bu məsələnin bir az da siyasi tərəfləri var. Rusiya yaramazlığı ilə, Ermənistan isə həyasızlığı ilə Azərbaycanı təxribata çəkmək istəyirlər ki, bu məsələ də uzun müddət ATƏT üçün mübahisə mövzusu olsun. Əlbətdə ki, xoşa gəlməyən bir hadisədir, amma nəzərə alsaq ki, bu gün beynəlxalq hüquq ümumiyyətlə işləmir, bu mənzərə normaldır. Əlbətdə Azərbaycan xəbərdarlıq etmişdi və bu, öz qüvvəsində qalır. Sadəcə olaraq Ermənistan tərəfi bilir ki, beynəlxalq qurumlar tərəfindən onlara təminat verilib. Xüsusən də Rusiya və Amerika tərəfindən belə təminat verilib ki, Azərbaycan mülki şəxslərə atəş açmayacaq. Yox əgər biz orada görsək ki, onlar silah-sursat daşıyırlar və ya hərbi xarakterli nəsə var, mən inanmıram ki, Müdafiə Nazirliyi bunu cavabsız buraxsın. Paşinyan hər dəfə yanında bir qrup erməni ilə işğal olunmuş torpaqlara gəlir, onların yanında silah-sursat da ola bilər, mən bunu istisna etmirəm. Amma istənilən halda Azərbaycan tərəfinin xəbəri var ki, bu helikopter mülki təyinatlıdır, ya hərbi".

Onun sözlərinə görə, ATƏT-in həmsədrləri ermənipərəstdir və ermənilərin maraqlarına xidmət edirlər: "Paşinyan indi təxribat xarakter məqsədiylə bu ərazilərə gəlib-gedərkən Putindən, Makrondan və Trampdan təminat alır. Burada Azərbaycanın qeyrət və namusundan söhbət gedir və Paşinyanın bu hərəkəti hamımıza yer eliyib. Biz yaxın zamanda Qarabağ müharibəsi veteranları olaraq, mən də daxil olmaqla ATƏT-in əməkdaşlarını Bakının ortasında döyəcəyik. Çünki onlar bura ancaq kefə gəlirlər. Yesinlər-içsinlər, adını da qoysunlar münaqişəni həll etmək. Halbuki onlar bir dəfə də olsun münaqişənin həlli ilə bağlı əməli addım atmayıblar. Hələ də heç bir həmsədr Paşinyanın Şuşaya getməsi məsələsinə münasibət bildirməyib, niyə? Artıq üç gündür ki, bunlardan səs çıxmır. Bunlar elə bilirlər ki, nə etsələr biz səsimizi çıxarmayacağıq. Çünki onlar ermənipərəst, erməninin maraqlarına xidmət edirlər. Bundan sonra heç nədən çəkinmək lazım deyil. Çünki ermənilər bizim kifayət qədər vətəndaşlarımızı qətlə yetiriblər və bu təşkilatın üzvləri də buna göz yumublar. Əslində Xarici İşlər Nazirliyinin bəyənatlarını da yığışdırmaq lazımdır. Çünki bunlara söz keçmir. Azərbaycan rəhbərliyi də beynəlxalq qurumların fəaliyyətinin gərəksiz olduğunu çox gözəl başa düşür. Mən çox səmimi bir şəkildə deyirəm ki, mən ölməyə hazıram. Burada qeyrət-namus məsələsi var. Xeyir ola biz onlara güzəşt etməliyik? Azərbaycanda siyasi-hərbi rəhbərlik də çox gözəl başa düşür ki, biz beynəlxalq qurumların nazı ilə o qədər də çox oynamamalıyıq".

Şahmərdan Əhmədli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.