“Şərq Tərəfdaşlığı”: 6 ölkə içində yalnız Bakı... – Şərh

14-05-2019, 09:39           
“Şərq Tərəfdaşlığı”: 6 ölkə içində yalnız Bakı... – Şərh
Avropa Birliyinin "Şərq Tərəfdaşlığı” sammiti Azərbaycan üçün çox önəmlidir, bu sammitdə bir çox mühüm məsələlərin müzakirə olunacağı gözlənilir.

Bu sözləri Axar.az-a Avropa Birliyinin "Şərq Tərəfdaşlığı” sammiti haqqında danışan millət vəkili Asim Mollazadə bildirib. O qeyd edib ki, “Şərq Tərəfdaşlığı” sammitində Azərbaycan hər zaman fəal iştirak edib:

“Bu bizə Avropa Birliyi ilə çoxşaxəli əməkdaşlıq imkanı yaradır. Avropa ilə qurulan əlaqələr sayəsində ölkəmiz bu ölkələrlə vizaların sadələşməsi rejiminə keçib. Azərbaycanlı tələbələr AB ölkələrinə daha asan gedib və orada universitetlərdə təhsil ala bilir”.

Millət vəkili "Strateji tərəfdaşlıq haqda” olan sazişin imzalanmasının əhəmiyyətindən də bəhs edib:

“Mən ümid edirəm ki, bu sammitdə Azərbaycan üçün çox önəmli olan "Strateji tərəfdaşlıq haqda” sazişin də taleyi həll olunacaq. Bu sazişə iqtisadiyyat, ticarət və nəqliyyat sahələrinin inkişafı da daxildir. Ümumiyyətlə, Avropa Birliyi ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas istiqamətindən biridir”.

Politoloq Tofiq Zülfüqarov isə Azərbaycanın bu sammitdə əsas marağının digər ölkələrdən fərqli olaraq, yaranmış əlaqələri daha da möhkəmləndirmək olduğunu deyib:

“Azərbaycanın Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammitində iştirakı çox önəmlidir. Sammitdə iştirak edən ölkələr bu və ya digər şəkildə Avropadan kömək istəyir. Lakin Azərbaycan bu sammitə bir tərəfdaş kimi qoşulur və bu, ölkəmizin nüfuzu üçün çox əhəmiyyətlidir”.

Politoloq sammitin Azərbaycanın ərazi bütövlülüyün tanınması üçün mühüm rolundan bəhs edib:

“Sammitdə imzalanması gözlənilən "Strateji tərəfdaşlıq haqda” saziş Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq statusda tanınması üçün mühüm rol oynayır. Ermənistanın işğalçı siyasətini bütün dünyada tanıtmaq üçün Avropa əsas qapılardan biridir”.

Qeyd edək ki, ötən gün - mayın 13-də Brüsseldə Avropa Birliyinin 2009-cu ildə əsası qoyulmuş "Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin yubiley sammiti başlayıb. 2 gün çəkəcək toplantıya 6 ölkənin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusun rəhbərləri dəvətlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.