AB-nin Bakıya diqqətinin əsas səbəbləri – Şərh

18-05-2019, 08:17           
AB-nin Bakıya diqqətinin əsas səbəbləri – Şərh
Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlər hər iki tərəf üçün strateji xarakterlidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən deyib. O, Azərbaycan üçün bu münasibətlərin yüksək səviyyədə qurulmasının həm siyasi, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətli olduğunu söyləyib:

“ABirliyi hazırda dünya siyasətini müəyyənləşdirən, beynəlxalq nizamın keyfiyyətinə mühüm təsir göstərən kollektiv ittifaq olmaqla həm də hərbi-siyasi baxımdan dünya siyasətində imperativ güc mərkəzlərindən biri kimi çıxış etməyi bacarırır. Dünyanın yeni sənaye inqilabının və 21-ci əsrin innovasiyalar və yeni texnalogiyalar mərkəzindən biridir. Avropa üçünsə Azərbaycan yeni alternativ enerji təhlükəsizliyi və mühüm beynəlxalq nəqliyyat-kommunikasiya qovşağıdır. Eyni zamanda klassik Şərqə və Asiyaya doğru uzanan strateji yolda mühüm geostrateji bölgədir. Əgər bütün bunları bir də məskun olduğumuz siyasi coğrafiyanın 2011-ci ildən sonra formalaşmaqda olan yeni hərbi-siyasi reallıqları konteksində qiymətləndirsək, o zaman bir daha ölkəmizin Avropa Birliyinə üzv olan dövlətlər üçün nə qədər əhəmiyyətli olduğunu görə bilərik”.

Millət vəkilinin sözlərinə görə, hazırkı mürəkkəb beynəlxalq şərtlər və ikili standartlar siyasəti mərhələsində proqnozlaşdırıla bilinən və güvənilən tərəfdaş olmaq çox çətindir:

“Ancaq Azərbaycan öz tərəfdaşları ilə münasibətdə bunları qorumağı bacarır, öz milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir. Ona görə də Avropa Birliyi Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşərkən məhz bu məsələni önə çəkərək Azərbaycanı AB-nin etibarlı və məsuliyyətli tərəfdaşı adlandırdı. Bu fikir əslində tərəflər arasında münasibətlərin keyfiyyət göstəricisi kimi də qiymətləndirilə bilər. Hazırda AB-Azərbaycan arasında mövcud olan siyasi-iqtisadi münasibətlərin qarşılıqlı dinamizmi əməkdaşlığın daha geniş platformaya transfer olmasını şətrləndirir ki, bu da hər iki tərəfin maraqları çərçivəsindədəir. Ona görə də 2018-ci ildə tərəflər arasında gələcək münasibətləri hüquqi müstəvidə tənzimləyəcək yeni çərçivə layihəsi hesab edilə biləcək Tərəfdaşlıq Prioritetləri adlı sənəd paraflandı və bu sənəddə bir daha AB Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə etdi. Bu, ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət kursunda başlıca strateji məqsəd ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. AB kimi nüfuzlu beynəlxalq aktorun bu məsələdə dəstəyinə nail olmaq bizim üçün vacib məsələdir. Elə dövlətimizin başçısının Donald Tuskla görüşdə bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara toxunması, Azərbaycan və AB arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyəti, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsinin aparılması bir daha bu tərəfdaşlığın nə qədər əhəmiyyətli olmasından xəbər verir. Qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edən bu münasibətlər gələcək perspektivdə də hər iki tərəfə mühüm dividentlər vəd edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.