"Beş rayon Azərbaycana təhvil verilir, Qarabağ isə Rusiyanın..." - Erməni komandandan şok iddia

18-05-2019, 10:39           
"Beş rayon Azərbaycana təhvil verilir, Qarabağ isə Rusiyanın..." - Erməni komandandan şok iddia
Qondarma Qarabağ Təhlükəsizlik Şurasının rəhbəri Vitaliy Balasanyan Qarabağ silahlı qüvvələrinin keçmiş komandanı Samvel Babayanı əhali arasında məğlubiyyət əhval-ruhiyyəsi yaymaqda ittiham edib. Balasanyanın sözlərinə görə, Babayan Qarabağdakı kəndlərə gedərək, beş rayonun Azərbaycana təhvil verilməsi və Qarabağın Rusiyanın mandatına keçməsi planı haqda danışır.


Eurasia Diary Erməni KİV-nə istinadən xəbər verir ki, Babayanın iddiasına görə, Kəlbəcər və Laçından başqa, digər rayonları geri qaytarmalı olacaqlar.


Balasanyanın sözlərinə görə, Samvel Babayanın hərəkətləri "insanların öz gücünə inamsızlığına səbəb olur və qorxu yaradır". O, həmçinin Babayanı erməniləri Azərbaycan ordusunun daha güclü olduğuna inandırmağa cəhd etməkdə günahlandırıb.


"Qarabağ qəhrəmanı adını daşıyan bir adama məğluba xas davranış, eləcə də Qarabağ rəsmilərinin danışıqlar zamanı ərazi güzəştləri edəcəyi barədə yalan məlumatları yaymaq yaraşmır", Balasanyan söyləyib.

Qeyd edək ki, Babayan Şuşanı işğal edən erməni silahlı qruplarının komandanı olub və "Qarabağ qəhramanı" statusunu qazanıb.

Babayan gələn il Qarabağda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi gözlənilir.

Babayanın bu tipli çıxışlarını hələ çox görüb eşidəcəyik. Buna səbəb Babayan hazırda qondarma rejimin rəhbəri olan Bako Saakyanın növbəti seçkilərdə iştirak etməyəcəyini açıqlamasından dərhal sonra aktivliyini artırdı. O, əslində çox uğurlu bir taktikadan istifadə edir. Qarabağ ermənilərini inandırmağa çalışır ki, vəziyyət çox ağırdır və hər an Azərbaycan hücuma keçə bilər. Qarabağın isə müdafiəsi yaxşı təşkil edilməyib. Babayan bu açıqlamalarla əslində öz nüfuzunu artırmağı hədəfləyir. Çünki o ermənilərin gözündə bir çox mənfi xüsusiyyətlərə sahib olsada "qəhrəmandır" və Şuşa kimi strateji əhəmiyyətə malik ərazinin işğal edilməsində xüsusi rol oynayıb. Ona görə də o, xalqı inandırmağa çalışır ki, əgər növbəti seçkilərdə özü zəfər çalsa Qarabağın müdafiəsindəki bütün problemləri həll edəcək və ermənilər burada rahat və əminamanlıq içində yaşıya biləcək.

Görünür, Qarabağda seçkilərə qədər Qarabağdakı erməni qruplaşmalar arasında mübarizə daha da intensivləşəcək. Yeri gəlmişkən seçkilərdə Paşinyanın tərəfdarı olan namizəddən savayı bütün namizədlər keçmiş döyüşçülərdir və hər birinin "əlinin altında" müxtəlif silahlı dəstələr var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.