Laçınlı ana və kəlbəcərli idmançı “torpaqlarmıza azadlıq!” çağırışı etdi-FOTOLAR-

18-05-2019, 21:27           
Laçınlı ana və kəlbəcərli idmançı “torpaqlarmıza azadlıq!” çağırışı etdi-FOTOLAR-
“Cənab Prezident! Qoy bizim üzərimizdən “qaçqın” damğası götürülsün, Siz də tarixdə bir qəhrəman rəhbər kimi qalın!..”
“Biz, sadəcə, Sizdən torpaqlarımızın azad edilməsi üçün şərait yaradılmasını istəyirik!..”

Xəbər verdiyimiz kimi, bu gün -18 may Laçının ermənilərə işğal etdirilməsinin 27-ci ildönümündə minlərlə Azərbaycan vətəndaşı Şəhidlər Xiyabanını ziyarət edib.

Moderator.az xəbər verir ki, şəhidlərin məzarını ziyarət etdikdən sonra Şəhidlər abidəsi qarşısına toplaşaraq torpaqlarımızın azad edilməsi üçün ürək sözlərini səsləndirənlər arasında bir Laçınlı ana və kəlbəcərli idmançının çıxışları daha təsirli olub.

“Laçınımız yoxdursa, Şuşamız yoxdursa, Kəlbəcərimiz yoxdursa, biz də yoxuq...”

Laçın rayonunun Hoçaz kəndindən olan 65 yaşlı ana göz yaşları içində üzünü Azərbaycan xalqına, Azərbaycan Prezidentinə, dünya azərbaycanlılarına, türk dünyasına tutaraq torpaqlarımızın azadlığı üçün qəti tədbir görməkdən ötrü hərəkətə keçməyin vacibliyini vurğulayıb:

“Biz hələ neçə il bu Xiyabana gəlib eyni sözləri təkrarlayb, “inşallah, tezliklə torpaqlarımızı azad edəcəyik” deyib, şəkil çəkdirib gedəcəyik? Hanı o “tezliklə”?! Artıq o torpaqların, Laçının, Kəlbəcərin, Şuşanın o yurdlarda doğulmuş sakinləri bir-bir dünyadan köçür. İndiyədək neçə doğma, qohum-əqrəbanı, dostu, tanışı Laçınsız, Qarabağsız, torpaqsız haqq dünyasına yola salmışıq. Bu yaxınlarda qardaşım da “Torpaq, Qarabağ, Laçın!” deyərək gözlərini yumdu. Niyə doğmalarımız, əzizlərimiz torpaq dərdini özü ilə o dünyaya apramalıdır? Niyə?!.

Ay dünya azərbaycanlıları, xahiş edirəm, yalvarıram gəlin Prezidentimizin, dövlətimizin ətrafında birləşək, torpaqlarımızı azad edək. Öncə bizə Vətən, torpaq gərəkdir. Nə edirik o varı-dövləti, evi-eşiyi, torpağımız yoxdursa? Mənim Laçınım yoxdursa, Şuşam yoxdursa, Kəlbəcərim yoxdursa, mən də yoxam, sən də yoxsan, biz də yoxuq. Niyə bizim torpaqlarımız 30 il erməni əsarətində qalmalıdır? O torpaqlarda doğulmuş köhnə nəsillər ölüb gedəndən sonra Qarabağın dərdini kim çəkəcək?..

27 ildir mən ağlayıram, 27 ildir dərd çəkirəm, niyə axı? Nədən ötrü? Axı bu ermənilər kimdir ki, bizim torpağımıza sahib çıxsın? Niyə bizim yüz minlərimiz çöllərə səpələnməli, nəslimiz, kökümüz itməlidir? Niyə erməni mənim torpağımın havasını udmalı, suyunu içməlidir? Mən isə öz doğma torpağıma həsrət qalmalıyam?..

Niyə biz, bizə yalandan “dost” deyə-deyə ermənilərə havadarlıq edən Rusiyanın, ABŞ-ın, Fransanın dediyi ilə oturub-dururuq? Axı onlar bizə dost deyil? Niyə özümüz həll etmirik məsələmizi? Bizim güclü ordumuz, iqtisadiyyatımız, milyarderlərimiz var. Niyə çəkici bir yerə vurub torpaqlarımızı azad etmirlər? Sizdən xahiş edirəm, sizə yalvarıram, qarşınızda diz çökürəm, gəlin, bütün çəkişmələri kənara qoyub birləşin, torpaqlarımızı azad edək! Niyə mənim atamın Laçındakı məzarı 27 ildir ki, ziyarət olunmur? Niyə axı? Niyə?!.”

"Bizə heç nə verməyin, çörəkpulunu da istəmirik, ancaq torpağımızı istəyirik!,."

Kəlbəcər rayonunun Mollabayramlı kəndindən məcburi köçkün, Uşu-sando və Muay-tay üzrə federasiyalarının üzvü, bu döyüş növləri üzrə dünya ikincisi, beynəlxalq dərəcəli hakim, məşqçi Vüqar Əsədov üzünü dövlət başçısına tutaraq hər an torpaqlarımız uğrunda vuruşub ölməyə hazır olduğunu bildirib:

“Xahiş edirik, cənab Prezident bu xalqın, bu köçkünlərin, bu anaların səsini eşidin. Hamı birləşib sizin arxanızda dursun. Sizi bir bütöv xalq olaraq beynəlxalq güclərin təzyiqlərindən qoruyaq, siz də Ali Baş Komandan kimi səfərbərlik, “hücum” əmri verin, gedək torpaqlarımızı azad edək. Döyüşə atılaq, ya ölək, ya da torpaqlarımızı azad edək. Əks halda bir müddət sonra Azərbaycan deyilən torpaq qalmayacaq...

Müdafiə naziri Zakir Həsənova minnətdarıq, daim müharibədən, torpaqların azad edilməsindən danışır. Amma artıq bıçaq sümüyə dirənib, cənab general! Artıq sözdən, şüarlardan konkret əmələ keçməyin, hücuma keçməyin vaxtıdır. Hələ çox gecikmişik.

Mənim 46 yaşım var, beynəlxalq yarışların qalibi olan idmançı, məşqçiyəm. 4 il 6 ay torpaqlarımız uğrunda döyüşlərdə iştirak etmişəm. Və bu gün də bir müharibə veteranı, bir idmançı kimi yenidən döyüşlərə atılmağa hazıram. Biz dünyanın müxtəlif ölkələrindəki yarışlarda dəfələrlə erməniləri məğlub edirik. Ermənilərin iştirak etdiyi yarışlarda özümüzə, bir-birimizə söz veririk ki, öləcəyik, ancaq rinqdən məğlub çıxmayacağıq...

Mən öz torpağıma getmək istəyirəm, öz kəndimə, öz evimə getmək istəyirəm. Prezidentimiz sağ olsun, bizə, mənə ev tikib verib. Amma mən o evi də istəmirəm, onu tələbələrə, yeni ailə quranlara, bakı sakinlərinə bağışlayıram. And olsun Allaha, biz öz torpağımızda çadırda yaşamağa hazırıq. Bizə heç nə verməyin, çörəkpulunu da istəmirik. Ancaq torpağımızı, Kəlbəcərimizi, Laçınımızı, Şuşamızı, Ağdamımızı istəyirik. Biz əsl kişilərin dövrünə, öz yurdu, torpağı olan, o dağlara, yaylaqlara, meşələrə, bulaqlara sahiblənən kişilərin dövrünə qayıtmaq istəyirik...

Qoy cənab Prezidentimiz xalqı dinləsin, desin ki, ey xalqım bir günlüyə Azadlıq meydanını verirəm sənin ixtiyarına, çıx orda sözünü söylə, məndən, beynəlxalq təşkilatlardan torpağı, Qarabağın azadlığını tələb et! Cənab Prezident Sizin xalqın rifah halının az olsa da, yüksəlməsinə səbəb olan islahatlarınızı alqışlayırıq, biz veteranlar, biz idmançılar üçün xeyli işlər görmüsüz. Bunlardan razıyıq. İndi də bir vətəndaş kimi xahiş və tələb edirik, bizə şərait yaradın öz torpaqlarımıza gedək. Lap əliyalın gedək. Qoy lap bizi öldürsünlər. Amma dünya bilsin ki, bu xalq biqeyrət deyil, o, öz torpaqlarını azad etmək istəyir. Cənab prezident, biz qətiyyən Sizin hakimiyyətin əleyhinə çıxmırıq. Sadəcə, Sizdən torpaqlarımızın azad edilməsi üçün şərait yaradılmasını istəyirik. 18 yaşından 60 yaşına kimi ümumxalq səfərbərliyi elan edin, ətrafınızda birləşək, gedək torpaqlarımızı azad edək. Bizim üzərimizdən bu mənfur “qaçqın” damğası götürülsün, sizin də adınız tarixdə torpaqlarını düşməndən azad etmiş, əsl xalqsevər, vətənsevər bir qəhrəman rəhbər kimi qalsın... ”

Laçın rayonunun Çıraqlı kəndindən məcburi köçkün, Azərbaycan Uşu -sanda və Muay-tay Federasiyasının üzvü, baş məşqçi, “Laçın” döyüş klubunun rəhbəri Xəyyam Həsənov və digər idmançı gənc və yeniyetmələr də torpaqlarımızın azadlığına yönəlmiş bu çıxışlara dəstək veriblər.

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.