BP 25 ildir Bakıda neft çıxarır, təhlükə olmur, amma bir futbol matçına görə “təhlükə” yaranır... - Gərginlik

24-05-2019, 09:28           
BP 25 ildir Bakıda neft çıxarır, təhlükə olmur, amma bir futbol matçına görə “təhlükə” yaranır... - Gərginlik
Mayın 29-da paytaxt Bakı UEFA Avropa Liqasının “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək final oyununa ev sahibliyi edəcək. Beynəlxalq yarışla bağlı ən çox müzakirə olunan məsələlərdən biri də “Arsenal” klubunun erməni əsilli oyunçusu Mxitaryanın təhlükəsizlik məsələsini əsas gətirərək Bakıda keçiriləcək bu oyunda iştirak etməmək qərarı verməsidir. Erməni futbolçu Bakıda keçiriləcək oyunun onun həyatına təhlükə yaradacağını ifadə edib və ingilis həmkarlarından da dəstək alıb. Əks halda, onun özbaşına oyundan imtina etməsi ağlabatan görünmür.

Lakin bu günlərdə Mxitaryanın iddialarını əsassız çıxaran daha bir idman hadisəsi baş verib. Belə ki, mayın 24-də Bakıda start götürəcək Aerobika gimnastikası üzrə Avropa çempionatında erməni əsilli Canazyan bacı və qardaşı iştirak edəcək. Artıq erməni əsilli bacı-qardaş Qarsevan və Duxik Canazyan Rusiyanın aerobika üzrə yığmasının heyətində Bakıya gəliblər və onlar burada keçirilən qitə birinciliyində iştirak edəcəklər.

Londonun “Arsenal” klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryandan fərqli olaraq, bu bacı-qardaş öz həyatlarına görə qorxmayıblar. Onlar artıq iki gündür Bakıdadırlar və qitə birinciliyinin keçiriləcəyi Milli Gimnastika Arenasında Rusiya yığma komandasının heyətində məşq edirlər. Lakin Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final matçına gəlməməsi ətrafında yaranan hay-küyün fonunda erməni gimnastların bura gəlişi nəzərə çarpmayıb.

Bundan başqa, Azərbaycanda təhlükəsizliklə bağlı vəziyyət ingilislərə ən azı ona görə yaxşı məlumdur ki, onların dünyaca məşhur BP şirkəti 25 ildir ölkəmizdə çox rahat şəraitdə fəaliyyət göstərir, Azərbaycan neftinin hasilatını həyata keçirir.

Sözügedən məqama toxunan politoloq Arzu Nağıyev də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, burada ikili standartlarla yanaşma var: “Əgər komanda ona bu oyunun vacib olduğunu bildiribsə, Henrix Mxitaryan necə oyundan imtina edə bilər? Əgər onlar futbol yarışında iştirak edirlərsə, bu, külli miqdarda maliyyə deməkdir. Hiss olunur ki, müəyyən qüvvələr Henrix Mxitaryanın etnik mənsubiyyətindən istifadə edib, bu addımı atırlar. Burada siyasi bir məqsəd var ki, etnik erməni olan Mxitaryan Azərbaycana getsə, bundan istifadə etmək olar. Hətta ola bilər ki, buraya gələrsə, müəyyən insanlar tərəfindən ona qarşı təxribat təşkil edib, bütün dünyaya car çəksinlər.

Henrix Mxitaryan özbaşına deyil ki, oyunda iştirak etməyə. O, özü də bəyanatında qeyd etmişdi, demişdi, “mən bu oyunda iştirak etmək istəyirəm, ancaq bəzi səbəblərdən oyuna getməyəcəm”. Bunu erməni lobbisi və Ermənistanın kütləvi informasiya vasitələri böyük bir bəyanata çevirdilər. Bunun əksi olaraq Rusiyanın aerobika komandasında erməni bacı və qardaş bu gün Azərbaycana gəliblər və burada yarışda iştirak edəcəklər. Heç Azərbaycan vətəndaşları bu məqama diqqət etmədi ki, onlar ermənidir. Hazırda Bakıdadırlar və onlara qarşı hər hansı təxribat yoxdur”.

A.Nağıyev onu da vurğuladı ki, ingilis azarkeşlərin özlərinin davranışı heç zaman adekvat olmayıb: “Onlar əvvəlcədən başa düşürlər ki, özlərinin futbol fanatları hansısa problem yaradacaq. Bura Afrika deyil, normal dövlətdir. Azərbaycan müsəlman ölkəsi olsa da, multikultural dəyərlərə önəm verir, din amilinə görə də hər hansı təxribat yaşanmaz. Onlar düşünürlər ki, komandalardan hansısa qalib gəlsə, məğlub komandanın fanatları əllərindəki pivə şüşələri ilə haranısa sındıra bilərlər, mağazaları dağıda bilərlər. Təbii ki, bunlar siyasi məsələlərdir, onlar öz fanatlarına etibar etmədiklərinə görə belə açıqlamalar verirlər.

Politoloq onu da bildirdi ki, Böyük Britaniyanın “British Petrolium” (BP) şirkəti 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir, neft sektorunda böyük payı olan şirkətlərdən biridir və bu günə qədər onun fəaliyyəti ilə bağlı hər hansı təxribat yaşanmayıb: “Düşünürəm ki, Azərbaycana düşmən olan qüvvələr bu məsələdən öz məqsədləri üçün istifadə edirlər. Amma məqsədlərinə çata bilməyəcəklər”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza sözügedən məqama diqqət çəkərək bildirib ki, Mxitaryanın qərarı ağıllı seçim deyil: “Təəssüf ki, ”Arsenal" klubunun erməni əsilli oyunçusu Mxitaryan təhlükəsizlik məsələsini əsas gətirərək Bakıda keçiriləcək bu oyunda iştirak etməmək barədə qərar verib. Aydındır ki, bu onun şəxsi seçimidir. Məncə, bu oyunda iştirak etməməsi onun futboldan qazanacağı puldan məhrum olmasına səbəb olacaq. Zənnimcə, bu, ağıllı seçim deyil. Onun Bakıda yarış zamanı futbol meydançasında özünün təhlükəsizliyi ilə bağlı narahat olması üçün heç bir səbəb görmürəm. Mən ermənilər tanıyıram ki, Azərbaycana rahat səfər ediblər. Amma bu, hər halda, futbolçunun şəxsi qərarıdır. Ümid edirəm ki, bu, oyunun möhtəşəm keçməsinə, eləcə də xarici qonaqların Bakının gözəlliyindən həzz almalarına mane olmayacaq. Düşünürəm ki, həm bu oyunun, həm də Bakının gözəlliyinin nümayiş etdirilməsinin siyasətlə heç bir əlaqəsi yoxdur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.